adalet.az header logo
  • Bakı 11°C
02 Fevral 2016 16:35
17674
İDMAN
A- A+

Gözü arxada qalan idmançılar

İdman aləmində bir çox nüfuzlu turnirlər keçirilsə də, sirr deyil ki, idmançı karyerasını analiz edərkən ilk nəzərə çarpan olimpiya oyunları və qitə, dünya çempionatlarındakı nəticələrdir. İdmançılarımız arasında bu turnirlərdə, əsasən də olimpiya oyunlarında uğursuzluğa düçar olanlar, bir növ gözü arxada qalanlar yetərincədir. Kimisinin kolleksiyasında bunlardan ikisinin, kimisində isə birindən yetərli sayda olsa da, digər ikisinin çempionluğu, mükafatı çatışmır. Bu baxımdan xüsusi diqqət çəkən veteran və hazırda mübarizə aparan idmançılardan bir neçəsi ilə bağlı təfərrüatları nəzərinizə çatdıraq.


Nizami Paşayev - Bu gün 35 yaşını qeyd edən məşhur ağırlıqqaldıran Avropa və iki dəfə dünya çempionatının qalibi olsa da, iştirak etdiyi iki zirvə yarışında uğursuzluğa düçar olub. O, 2004-cü ildə Afinada zədə səbəbindən ilk hərəkəti yerinə yetirə bilməyərək nəticəsiz qalmış, 2008-ci ildə isə beşinci yerlə kifayətlənmişdi. 2011-ci ildə karyerasını bitirən Paşayev həmin ildən müxtəlif yaş qruplarında yığma komandanın məşqçisi vəzifəsini yerinə yetirib. Hazırda əsas yığmada baş məşqçinin köməkçisidir.



Rəşad Əhmədov - Ölkəmizi ilk dəfə olimpiadada təmsil edən taekvondoçu adına sahib olan Əhmədov da Nizami kimi iki dəfə sözügedən turnirdə iştirak edib. O, hər iki halda medalın bir addımlığında dayanıb. Hərçənd, bunlarda hakim haqsızlığının da payı az deyil. Belə ki, 2004-cü ildə yarımfinalda Bahri Tanrıqulu, Pekində isə üçüncü yer uğrunda məşhur ABŞ taekvondoçusu Stiven Lopezlə görüşlədə verilən qərarlar hələ də müzakirə mövzusudur. 

Nəzərinizə çatdıraq ki, Rəşad Əhmədov dünya çempionatında iki dəfə üçüncü olub. Avropa çempionatının iki dəfə gümüş, eyni sayda bürünc mükafatçısıdır.


 Namiq Sevdimov - Sevdimovun karyerasının ilk illəri məşhur adaşı Abdullayevlə bir dövrə təsadüf etdiyindən özünü göstərmək üçün imkanları bir qədər məhdud idi. Əsas yarışlarda iştirak hüququ daha təcrübəli komanda yoldaşına verildiyindən Sevdimov əsasən Qran pri-lərdə və hərbçilər arasında keçirilən yarışlarda iştirak edir, adından söz etdirirdi. 2008-ci ildə paytaxtımızda təşkil olunan ənənəvi Qızıl qran pri turnirində birinci olan Namiq sonradan lisenziya vəzifəsinin də öhdəsindən gəldi. Həmin ilin yazında sparinq xarakterli görüşdə Abdullayevi üstələyərək olimpiadada iştirak hüququna yiyələndi. Namiq Abdullayevdən sonra sərbəst güləş üzrə ekstra-yüngül çəkidə olimpiadada mübarizə aparan ilk və hələlik son idmançımız adına sahib Sevdimov yarımfinala kimi gəlmiş, burada ABŞ pəhləvanı, beynəlxalq arenada o qədər də tanınmayan Henri Sexudoya gərgin mübarizə sonrası yenilərək ümidini bürüncə bağlamalı olmuşdu. Bu görüşdə isə onun yolunu Abdullayevin üçüncü olduğu Quançjou mundialının çempionu bolqar Radoslav Velikov kəsmişdi. Bir il sonra Herninqdə dünya çempionatında təmsil olunan 28 yaşlı pəhləvan burada da medalın bir addımlığında dayanmışdı. Onun medal arzusunu Azərbaycan güləşçiləri üçün hələ də keçilməz olan Viktor Lebedev gözündə qoymuşdu. Növbəti illərdə müxtəlif beynəlxalq turnirlərdə fərqlənən veteran güləşçinin son nəticəsi 2012-ci ildə Qızıl Qran pri-də birincilikdir.



 Elçin İsmayılov - Cüdo növündə Avropa çempionluqlarının sayına görə rekord müəyyənləşdirən idmançı olimpiya oyunları və dünya çempionatlarında nəticəsiz qalıb. Bu çempionluqları iki çəki dərəcəsində - 60 və 66 kiloqramda qazanan İsmayılov Sidneydə finala gedən yolda Özbəkistan, bürünc medalın iki addımlığında isə Qazaxıstan təmsilçisinə məğlub olaraq yeddinci yerlə kifayətlənmişdi. Növbəti il dünya çempionatında medalın bir addımlığında dayanan cüdoçu 2003-cü ildə yeddinci olmuşdu. 

Qeyd edək ki, Elçin İsmayılov hazırda gənclərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisidir. 


 Elxan Məmmədov - O, Azərbaycan cüdosunun yeganə dünya çempionudur. Bundan başqa 6 il əvvəl turnirin bürünc medalını, müxtəlif illərdə isə qitə mücadiləsinin gümüş, bürünc medallarını boynundan asan, dəfələlə "World masters", "Böyük dəbilqə" və Qran pri seriyasından olan turnirlərin qalib və mükafatçısı olan təcrübəli idmançımızın kolleksiyasında bir medal çatışmır ki, bu da olimpiya medalıdır. 2008-ci ildə 1/4 finaladək gələn Elxan gürcü İrakli Tsirekidze, təsəlliverici mərhələdə misirli Heşam Mesbaha, Londonda isə 1/8 finalda koreyalı Song Dae-Nama məğlub olaraq mübarizəni əliboş başa vurub. 

Bir maraqlı məqamı nəzərinizə çatdıraq ki, Elxanın hər iki yarışda məğlub olduğu idmançılar sonradan çempion olublar. Hazırda karyerasını davam etdirən Elxan Məmmədov üçüncü dəfə olimpiadaya yollanmaq iddiasındadır. Reytinq mövqeyi buna tam imkan versə də, onunla eyni çəkidə mübarizə aparan Elmar Qasımovun son vaxtlar göstərdiyi nəticələr və sıralamaya başçılıq etməsi Elxanın iştirakını böyük sual altında qoyur.



 Rövşən Bayramov - Bayramov hər üç mötəbər turnirin mükafatına layiq görülsə də, iki dəfə olimpiya çempionluğunun bir addımlığında dayanan güləşçimizi gözü arxada qalan idmançılar sırasına aid etmək olar. Azərbaycan idman azarkeşlərinin xüsusi pərəstiş etdiyi 29 yaşlı pəhləvan son dünya çempionatında qazandığı gümüş medalla həmçinin builki olimpiadaya da vəsiqə məsələsini həll etdi.
 Necə deyərlər, atalar üçdən deyib. Rövşənin üçüncü cəhddən olimpiya zirvəsini fəth edəcəyinə inam böyükdür.


Sahib ƏSƏDBƏYLİ