adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Başı ciqqəli şahsan, aşıq səltənətində...

3959 | 2016-01-30 09:27

Amma nədənsə, aşağıdakı qoşa sətirlə başlayan şeir yazıldı - vallah mən düşünmədim, qulağıma səda gəldi, diktə olundu, sadəcə olaraq mən də yazdım.

Adam var ki, tanıyıb, peşmançılıq çəkərsən,
Adam var ki, iyləyib, gözlərinə çəkərsən...

Bilənlər bilir ki, havadan heç nə olmur, nə olursa, hamısı zərurətdən olur. Axı barəsində söhbət açmaq istədiyim şəxs məhz ikinci sətrdə əksi görünən əsilli-nəsilli bir kişidi, elə özündən da artıq bir türk kişisinin oğludu.
Mən bütün Azərbaycan mahallarını çox sevirəm, amma Barçalıya, borçalılara olan sevgim, ayrı bir sevgidi. Bu torpaqda yaşıyanlar bu torpağın əsilli-köklü türk övladlarıdırlar. Onların özlərinin bu qədim, əzəli-əbədi türk topağına olan sevgiləri, təəsübkeşlikləri yaradıb məndə olan sonsuz sevgini. Bəzən məclislərdə elə məni də borçalı əhli kimi təqdim edir, dioleklərində danışanda isə heç onlardan seçilmirəm də. Borçalı ünvanlı şeirlərim də az deyil.
Hələ 2010-cu ildə yazmış olduğum "Borçalı" şeirinə diqqət çəkin:

Vətən torpağının çoxdur bölgəsi,
Doğmalar üstünə düşər kölgəsi.
Hər yana yayılıb nuru-şöləsi-
bəllidir məkanı, yolu - Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Qorquddan mirasdır "Elat günləri",
Doğular at üstə bəy ərənləri.
Türkün adətidir toy-düyünləri-
uludan uludur, ulu Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Uşaq da, böyük də meyl edər saza,
Beşikdə körpəsi yatar avaza.
Şöhrətdir mərdliyi oğula, qıza-
alıb Koroğludan zoru Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Talası çəmənli, çayları qol-qol,
Göz üstə yer verər, gəlsən neçə yol.
Yayda da, qışda da ağartısı bol -
dadlıdır ayranın, şorun Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Bu yurdda göz açan yaradıb, tikib,
Bu qədim torpağa hamı göz dikib.
Əsrlər boyunca zülmlər çəkib-
gözüylə götürüb qoru Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Mahallar içində yeri, cərgəsi,
Türkün şivəsidir, şirin ləhcəsi.
Dodaqda sözünün açar qönçəsi-
"can" deyər, bəyənməz "çor"u Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Uca dağlarının yamacında gəz,
Bu yerin tarixi, yaşı bilinməz.
Dünya dağılsa da, izi silinməz-
ulu babaların goru - Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Fəxrəddin Meydanlı Şirvan elindən,
Borçalı sevgisi düşməz dilindən.
Əl ver, ikiəlli tutum əlindən-
ey qədim ölkənin qolu Borçalı,
Tarixi hikmətlə dolu Borçalı.

Fikrimcə, Borçalı bu şeir-portretdə göründüyündəndaha yuxarıdadır...
Təbii ki, dostlarım da çıxdur Borçalı soylu, Borçalı köklü insanlar sırasında. Borçalıda elə kənd var ki, onu öz doğma kəndim Boyatdan seçmirəm də. Belə kəndlərdən biri də ağır batmanlı, şaqqallı oğulları ilə seçilən, ziyalılar məkanı Faxralı kəndidi. Mən Borçalıda dəfələrlə olmağıma baxmayaraq, Faxralıda cəmi iki dəfə olmuşam. Birində dəyərli Azərbaycan ziyalısı, şəxsiyyətinə dərin hörmət və rəğbət bəslədiyim, yaxın dostum Süleyman Qasımovun atası Mehrəli əminin (yeri behiştlik olsun) qırx məclisində, biri də "Armudlu" yaylasında "Elat günləri"ninkeçiriləciyi mərasimdə iştirak edən zaman (hər ikisi 2011-ci ildə).
Amma Faxralıya getməmişdən qabaq tanımışam Faxralını, Faxralının ziyalı təbəqəsini. Bu köy soylu dostlarım çoxdur-onlara görə və bundan başqa bu elin, bu köyün ağsaqqal ziyalılarından olan professor Hüseynqulu Məmmədlinin (Allah rəhmət eləsin) "Görüm Faxralının biri olsun beş..." kitabından. Müəllifin yazdığına görə, ötən əsrin iyirminci illərində Faxralıda 35 tayfa (nəsil) yaşamışdır ki, onlardan biri də elə Hüseyinqulu müəllimin əcdadına mənsub olan "Alqazaxlar" tayfasıdır.
Müəllifə görə "Faxralı" sözünün etmologiyası vaxtiylə bu kənddə yaşamış kasıb bir kişinin-Fəqir Əlinin adına "Fəqir Əli"və ya İslamın dirəyi olan İmam Əlinin şərəfinə "Fəxr Əli" adlanmış, sonradan isə Faxralı kimi formalaşmışdır (məncə ikinci variant daha məntiqlidir)...
Elə bu yazını yazmaqda da fikrim-məramım, "Alqazaxlar"ın-Borçalınınvə eləcə də Azərbaycanın tanınmışziyalılarından olanHüseyinqulu müəllimin böyük oğlu - Azərbaycan ictimaiyyəti tərəfindən yaxşı tanınan Elxan Məmmədli barəsində düşüncələrimi bölüşmək istəyindən qaynaqlanır.
Milyonlarla dinləyici kimi mən də Elxan Məmmədlini hələ gənclik çağlarımdan "Ana radio"muzun (105 FM) efirində səslənən qaltanlı səsindən, davamlı olaraq uzun illər müəllifi və aparıcısı olduğu "Bulaq", "Gözəlləmə" və "Sarıtel" - radio verlişlri, "Ustadnamə" və "Sazın sözün sehrində" televiziya verlişlərindən tanımışam və dərin hörmət və rəğbət bəsləmişəm, real həyatda tanış olmasaq da.
Hələ Sovetlər dönəmində-folklorumuza, milli adət-ənənələrimizə, milli dəyərlərimizə qadağalar tətbiq olunan zamanlarda belə, Elxan müəllim əlində ağır və namünasib səsyazan avadanlıqlarıdaşıya-daşıya obalarımızı-ellərimizi oymaq-oymaq gəzərək, dünya görmüş ağbirçəklərin və ağsaqqalların könül yaddaşında ulularımızdan süzülə-süzülə, saflaşa-saflaşa günümüzədək gəlib çatmış folklor nümunələrini - el deyimlərini, bayatıları, qoşmaları, el havacatlarını - çoxböyük əzmkarlıqkla lentin yaddaşına köçürər, radiomuzun efirindən bütün dünyaya car edərdi.
Yuxarıda adını çəkdiyım verlişlərin birini də buraxmazdım, həvəs və diqqətlə dinləyər, Elxan Məmmədli xəzinəsindən özümə də pay götürər, bəhrələnər, yeri gələndə isə yaradıcılığımda istifadə edərdim.
Xüsusən də "Bulaq"ın səslədiriciləri respublikamızın müqtədir sənətkarları- mərhum (yatdıqlar yer nurlu-işıqlı olsun) Məhluqə Sadıqova və Səməndər Rzayev danışanda, adam elə gəlirdi ki, elə indicə oturmusan nənənin yeddi taxtalı tumanının balağının üstündə və məst olmusan nənə nəvazişiylə...
Elxan Məmmədli bu verlişləri araya-ərsiyə gətirməklə, müasir gəncliyimizə milli dəyərlərimizi çox böyük peşəkarlıqla aşılamaqla, eyni zamanda Azərbaycan folklorunun, bütövlükdə Azərbaycan dilinin (elə ədəbiyyatının da) təbliği istiqamətində dəyəri heç bir şeylə ölçüyə gəlməyən xidmətlər göstərmiş və göstərməkdə davam edir ki, Azərbaycan televiziyasınn "Mədəniyyət" kanalında hər həftənin cümə günləri efir yerini alan "Sehrli simlər" layihəsi fikrimin parlaq nümunəsi ola bilər.
O, sağlığında heykəlləşən Azərbaycan ziyalılarındandır. O yüz, ikiyüz,.. il sonra bu fani dünyada olmayanda belə, "Qızıl fond"da özünə böyük bir arxiv yaratmış ölməz efir nümunələri səsləndikcə, o yaşayacaq, yeni nəslin yaddaşlarına həkk olunacaqdır...
Elxan Məmmədli həm də Azərbaycan Aşıq sənətinin nadir bilicilərindən olmaqla, o "Azərbaycan aşıq poeziyasında təcnis" mövzusunda disertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almış və Respublika Prezidentinin Sərəncamı ilə "əməkdar mədəniyyət işçisi" adına layiq görüımüşdür.
O, Azərbaycan Milli Elmlər Akademiyasının "Folklor İnstitutu"nun "Aşıq yaradıcılığı" şöbəsinin müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədr müavinidir.
Elxan müəllimCənub, Şimal,Qərb, Şirvan, hətta Anadolu aşıq məktəblərinin səriştəli tədqiqatçısı və təbliğatçısıdır ki, onun "Təcnis"in yaranma tarixindən bəhs edən "Təcnis sənətkarlığı" və "Şair Nəbi Borçalının həyatı-mühiti-sənəti" kitabları bu sahədə dəyərli elmi tətqiqat monoqrafiyalarıdır.
Bundan başqa, Elxan Məmmədli 30-a yaxın el şairinin şeirlərini toplayaraqkitab şəklində tərtib etmiş, 50-yə yaxın kitabın redaktru, 80-nə yaxın elmi-bədii publisistik yazının və "Azərbaycan folkloru külliyatı" seriyasından 3 cildlik "Borçalı folkloru"-nun isə müəllifidir.
Elxan Məmmədlitərəfindənbir çox Azərbaycan aşığının yubiley tədbirinin təşkil edilməsi və bu tədbirlərinaparıcısı olması, hər dəfəqədirbilən izləyicilərin hörmət və rəğbətinə səbəb olmuşdur.
Onun el sənətkarları barədə müfəssəl çıxışları isə hər zaman diqqətlə dinlənilən və təqdirəlayiq çıxışlar kimi yadda qalmışdır...
Elə hörmətli Elxan müəllimlə əyani tanışlığımız da, belə bir yubiley mərasimində gerçəkləşmişdir.
2000-ci illərin ikinci yarısı idi. Şirvan Aşıq məktəbinin dəyərli nümayəndələrindən olan Aşıq Şakirin yaşayıb-yaratdığı Kürdəmir şəhərində keçiriləcək yubiley tədbirinə dəvət almışdım.
Aşıq Şakirin adına layiq səviyyədə keçirilən tədbirdə çox çıxışlar oldu, mübaliğəli-mübaliğəsiz...
Elxan Məmmədlinin çıxışı isə tamam fərqli bir çıxış idi. O Aşıq Şakirin sənət dünyasına işıq salaraq, onun həyat və yaradıcılığını lokanik, lakin çatımlı şəkildə təhlil edərək, sözləri və havacatı sənətkarın özünə məxsus olan çoxsaylı aşıq musiqisi nümunələrindən tutmuş, dastançılığından, meydangirliyindən, onun el şənliklərini hansı şövq ilə aparmasından, saatlarla meydan sulayaraq val-gəl eləməsindən, köynəyindən tər axsa da, yorulmadan oxumasından və s. söhbət açdı...
Yubiley tədbirindən sonra isə, təklifimi qəbul edən ağsaqqal şairimiz İlyas Tapdıq, Elxan müəllim və Aşıq Şakirin tədqiqatçılarından olan Tofiq Abdullayev mənim maşınımla Bakıya yol aldıq. Yolboyu bir-birini əvəz edən müxtəlif mövzulu söhbətlər nərdivan qoydu üç saatlıq zaman məsafəsinə...
Bax beləcə başladı Fəxrəddin Meydanlı-Elxan Məmmədli tanışlığı və o vaxtan keçən zaman ərzində formalaşan səmimi dostluğu...
Elxan müəllim, həm də ictimai-siyasixadimdir. O Gürcüstan-Azəribaycan münasibətlərinin formalaşmasında, Borçalı türklərinin gürcü cəmiyyətinə inteqrasiya edərək mədəniyyətlərarası dioloqun yaranmasında, sədrinin müavini olduğu "Borçalı" cəmiyyətinin müxtəlif mövzulu tədbirlərinin ərsəyə gəlməsində, adı çəkilən cəmiyyətin xətti ilə hər ilin iyul ayının 3-cü ongünlüyündə Borçalı mahalının Baş keçid (Dmanisi) bölgəsinin "Armudlu" yaylasında keçirilən "Elat günləri"nin təşkilatçılığında xüsusi rolu vardır.
2011-ci ilin iyul ayının 26-da keçiriləcək "Elat günləri"nə qatılmaq üçün mən də Borçalıya getməli idim. Hələ iki gün əvvəl Elxan müəllim Borçalıya-Faxralıya gedərkən, mənim əvvəlcə Faxralıya gəlməyimi və oradan bir yerdə Armudluya gedərik deyə-dilbədil tapşırmışdı.
Təbii ki, mən də onun tövsiyyəsinə əməl etməli idim.
Mən 25 iyul tarixində Faxralıya çatanda gün günorta idi. Kənd küçələrində hərəkətdə olan avtomobillər tozu dumana döndərmişdi. Elxan müəllimin verdiyi ünvana - "Alqazaxlar"məhləsində Bayram oğlu Rəşidin həyətində Nərgiz xaladan, qonşu həyətdə isə dini kitablar oxuyan iki qızcığaz-iki bacı Nuranə və Rəqsanədən başqa bir kimsə yox idi. Telefon bağlantısından sonra isə, Elxan müəllim arxamca maşın göndərdiyini və gəlib məni onun olduğu yerə aparacağını bildirdi. Maşın gələnə qədər isə, fürsəti fota verməyib, kəndin imkanlıları tərəfindən inşa edilən (Allah razı olsun) - son tamamlama işləri görülən qoşaminarəli məscidi ziyarət edib şəklini fotoaparatınyadaşına köçürə bildim...
Məni aparmağa gələn ağsaqqalın VAZ 2104 markaklı avtomobili tozlu dağ-yamac yolları ilə hərəkət etdikcə, yamacda, örüşdə olan mal-qaranın ecazkar görüntüsü hələ də gözümün önündədi...


Biz "Təhməz bulaq"a çatanda, kabablar artıq közün üstündə bişməkdə idi. Elxan müəllim bir neçə dostları ilə birgə məni elə istliklə qarşıladı ki, qızmar yay günəşinin istisi kölgədə qaldı...
Bu təm-təraqdan sonra isə Bayram oğlu Rəşidgildə çay süfrəsində, elə həmən gün yarandı aşağıda göstərilən şeirim.

Yay günündə, qızmar çağda,
"Təhməz" adlı bir bulağda,
Türk nəfəsli bir ocaqda,
Qonaq oldum Faxralıda.

Dostlar məni çəkdi başa,
Şişlər gəldi qoşa-qoşa.
Şeir döndü bir yarışa,
Havalandım Faxralıda.
Yol eylədim "Qasımlı"ya,
El içində ad-sanlıya.
Sinə gərib yadcanlıya,
İgid adlım Faxralıda.

Dost yurdunda dayananda,
Adın andım mən bu anda.
Abad yola yol alanda,
Lap duruldum Faxralıda.

"Alqazaxlar" - bir nəsildə,
Bayram oğlu Rəşidgildə -
Hər baxışda, hər könüldə,
Bir yurd saldım Faxralıda.

Dostum Elxan Məmmədliyə,
Əl uzatdım gülə-gülə.
Xalasından bilə-bilə,
Öpüş aldım Faxralıda.

Həmsöhbətim Nərgiz xala,
Çarşabını atıb dala.
Sual etdi: - "Sən ay bala,
darıxmadın Faxralıda?"

Nuranə də, Rəqsanə də,
Din kitabı əllərində-
min bir dua dillərində,
Heyran qaldım Faxralıda.

Məscid gördüm, minarəli,
Azan səsi təranəli.
Ətir duydum, tər nanəli,
Xoşallandım Faxralıda.

Faxralılar, əkin, biçin,
Bir gün hərə çəkər köçün.
Bəlkə burda bir ev tikim,
Qalsın adım Faxralıda.

Türk elimdir doğma diyar,
Borçalıda öz yeri var.
Ay Meydanlı, xoşdur güzar,
Bəlkə qaldım Faxralıda.

Elxan Məmmədli el qayğısını, el təəssübünü çəkən, xeyrə-şərə yarayan, gərəkli olmağı bacaran, ona əl uzadanın əlini havadan asılı qoymayan, könlü-gözü dolu ağsaqqal, səmimi insan, dəyərli ziyalımızdır.
Mən onun diqqət və qayğısını hər zaman hiss etmişəm üzərimdə - mənim ona bir istiliyim keçməsə belə. O, bütün dostları üçün bu münasibətdə, bu mövqeydədir. Elə başını həyatda uca edən də bu insani keyfiyyətləridir Elxan Hüseynqulu oğlunun.
Doğrusu Elxan Məmmədli ilə eyni zəmanəni bölüşdüyümdən, eyni dövrün ədəbiyyat tarixinə düşəcəyimdən çox məmnunam...
İstər xarici görkəminə, istərsə də ruhuna-könlünə nəzər salsan, ona 50-dən artıq yaş da vermək olmaz, amma təqvimə görə 01 yavar 2016-cı il tarixində 70 yaşı tamam oldu əziz dostum Elxan Məmmədlinin.
Təbii ki, ona arzularım da var bu yubiley münasibətilə.
Əziz Elxan Hüseynqulu oğlu!
Ömrü Allah verir, sağlamlığı insan özü qoruyur - ona görə də bu şablon arzulardan vaz keçmək məcburiyyətindəm.
Amma arzu edirəm ki, bizi yaradan Uca Allahın Sizə ayırmış olduğu ömür kəsiyini hər zaman beləcə şərafətlə, ləyaqətlə, ədalətlə, mərifətlə yaşayaraq, doğmalarınızın, biz dostlarınızın gözündə çırağa, ədəbiyyatımızda isə silinməz yazısı olan varağa çevriləsiniz! Amin!
Tanrımız Sizi özünüzə və özündən başqa heç kimə möhtac etməsin, İnşallah! Amin!
Gözü-könlü yaşayın işıqlı həyat dünyasını! Amin!

Faxralıda adın var, Bakıdasa əməlin,
Sal qayanın üstündə tökülübdür təməlin,
Hüseynqulu əlindən, hərarət alıb əlin-
o üzlü, bu üzlüsən, amma torpaqdı sədli,
Yəqin bir gün açılar sərhəd, Elxan Məmmədli.

Səriştən çox böyükdür, sənin el sənətində,
Başı ciqqəli şahsan, aşıq səltənətində.
Doğma dili bişirdin sən öz təravətində-
nə çoxdur yazan-pozan, qalaq-qalaq sənədli,
Yerin başda görünür sənin Elxan Məmmədli.

Sən neçə unudulmuş şairə verdin həyat,
Şeirlərin toplayıb, etdin xalqa sən barat.
Bir işi baş edincən, oldun üzgün, narahat-
heç əlindən düşməsin, qələmin iti-qədli,
Yaşa, yaz-yarat qağa, dostum Elxan Məmmədli.

Sən Borçalı elindən, mən də Şirvan boyluyam,
Sən Faxralı soylusan, mənsə Boyat soyluyam.
Sizin eldə sevinc var, mən düyünlü-toyluyam-
70-i vurdun başa, amandı, olma dərdli,
Meydanlı ilə fərqin azdır, Elxan Məmmədli.

Tural Cəfərlinin şeirlərini öncə hörmətli professorumuz Nizami Cəfərovun xeyri-duası ilə oxumuşdum. Və həmin xeyir-duadan da mənə bəlli olmuşdu ki, istedadlı bir gənc ömrünü sözə həsr edir...g
Bugünlərdə onun redaksiyamıza təqdim etdiyi yeni şeirləri ilə tanış oldum. Şeirlərdəki duyğu və özünüifadə xoşuma gəldi. Ona görə də Tural Cəfərlinin bir neçə şeirini sizə də təqdim etmək istədim. Və elə həmin istəklə də indi oxuyacağınız misraları qəzet səhifəsinə çıxardım. Yəqin ki:
Ayrılığı qova-qova
Gəlib çatdıq həsrətgilə.
Gözlərindən axan yaşmı?!
İnci tökür gilə-gilə
- deyən bu cavan müəllifin pıçıltılarını maraqla qarşılayacaqsınız.

Əbülfət Mədətoğlu

Daha yoxsan ürəyimdə...

Səni soyuq baxışından tanıdım,
Buz tutmuşdu ürəyin.
Kirpiyindən asılmışdı
Həsrət dolu gileyin.

Səsin üzündən yorğun,
"Salam" dedin sadəcə.
Ünvanımı dəyişmişəm,
Daha yoxsan ürəyimdə.

Alışmışam yoxluğuna,
Ölüm kimi həqiqət bu.
Get yolun açıq olsun,
Məndə olan son istək bu...

Eşqimizin İşarəsi

Vergül qoydun ümidlərə,
Həsrət böyük nida idi.
İşarələr eşqimizin,
Ən səmimi yeri idi.

Gün batırıb pəncərədə,
Qaranlığı düşünmüşük.
Uzaqlarda külə dönüb,
Yalqız qalıb üşümüşük.

Saat donub otağımda,
Evdə süküt can ağrıdır.
Hicran döyür qapımı,
Deyir vida çağıdır...
Adsız Qəlb

Şeh damlası yanağında,
Süzülübdü kirpiyindən.
Nura dönüb ürəyimdə,
Eşqimizi öpməyindən.

Göz yaşıdır içdiyimiz,
Saflıq bizi göyə çəkir.
Tikan batır əllərimə,
Gözün qəlbdə çiçək əkir.

Ayrılığı qova-qova,
Gəlib çatdıq həsrətgilə.
Gözlərindən axan yaşmı?!
İnci tökür gilə-gilə.

Daş düzülüb yolumuza,
Ayağımız yorulmasın.
Nəfəs verək eşqimizə,
Yas çadırı qurulmasın.

Üzülmə sən, hər nə olsa,
Mən ki sənsiz yaşamaram.
Adın olmayan qəlbi,
Mən özümlə daşımaram...

Adam olan insanlar

Salam vermək istəyirəm,
"Əlvida" deyənlərə...
Dik sağlayıb başını,
Özünü öyənlərə...

Gül vermək istəyirəm,
Tikanlı ürəklərə.
Şeytan donu geyinmiş,
Üzə gülən mələklərə...

"Sag ol" demək istəyirəm,
Adam olan insanlara.
Söz tapmayıb söyləməyə,
Gülə-gülə susanlara...
Elə şeir yazasan

Elə şeir yazasan
Hesabını ödəməyə
Ən varlı adamların
Pulu çata bilməyə.

Sən də sıxıb əlini,
"Canın sag olsun" deyib.
Yazdığın o şeiri
Hədiyyə tək verəsən.

Elə şeir yazasan,
Müharibə dayana.
Aclıq bolluğa dönə,
Haqsızlıq odda yana.

Elə şeir yazasan,
Ayrılıq utanaraq
Göz yaşlarını tökə,
Həsrət vüsala dönə.

Elə şeir yazasan,
İnsanlar asılmasın,
Xoşbəxtliyə qafiyəni,
Uzun uzun axtarmasın.

TƏQVİM / ARXİV