adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Yanvar 2016 01:40
102162
RUBRİKA
A- A+

11 yaşlı döyüşçü: ““Lənətlənmiş gödəkçə”də 7 nəfər şəhid olub”

Hər kəsin bir "Döyüş tarixi” var. Təbii ki, Qarabağ savaşında gəncliyini, ailəsini və həyatını arxada qoyub vuruşanlardan söhbət gedir.

Xüsusən gənclərimiz yeni tarixin köhnə döyüşçüləri haqqında kifayət qədər məlumata sahib deyillər. Ən əsası da Qarabağda döyüşən qadın cəngavərlərimiz haqqında.

"Döyüş tarixi” rubrikasının növbəti qonağı qadın oldu. 11 yaşlı döyüşçü Aişa Seyfullayeva. Onu müharibədə Çiko ləqəbi ilə çağırırdılar. Aişaya bu ayamanı silahdaşı Alik verib. Dediyinə görə, məşhur İtaliya filmində bu addan istifadə olunub.

"Anam 20 yanvar gecəsi qardaşıma görə şəhid oldu”

20 yanvar faciəsində anasını şəhid verən bu balaca daha sonra qardaşının müharibə canfəşanlığına dəstək verib və onun ardınca Qarabağa, savaşın qızğın mərhələsinin baş tutduğu bölgəyə yollanıb: "Anam öləndən sonra bircə qardaşım var idi. O da yanımda deyildi, belə olan halda qərar verdim ki, mən onun yanında, onunla çiyin- çiyinə döyüşüm”. Aişa Seyfullayevanın erkən yaşlarında nə arzuları, nə də hər hansı məqsədi vardı. Təbii ki, bu yaşda bunları düşünmək iqtidarında deyildi o. Sadəcə həssas uşaq qəlbi və kövrək amalı onu hərbi formanı geyinməyə vadar etdi. İçərisinə iki özü boyda adamın yerləşə biləcəyi kiterin qolunu çirmələmək də bir xeyli əziyyət verdi ona, amma döyüşdü, savaşdı, vətən üçün, xalqı üçün, "Qardaşları” üçün savaşdı.

"Mənim anamı 19-dan 20-nə keçən gecə evin qapısından çıxarkən öldürdülər. Onu rus əsgəri öldürmədi, saqqallı erməni əsgəri idi. İndiki kimi yadımdadı. Doğma qardaşım Pərviz Abbasov Bakıda aylardır davam edən mitinqə qatılmağa qərar verdi. Əslində onu mitinqə aparan evdəki söz-söhbətləri oldu. Evimizdən mübahisə edərək çıxdı. Nənəmlə, anamla, hamımızla. Hərçənd Pərviz sakit və təmkinli insan idi. Bəzən düşünürəm ki, qədər qapını döyəndə hadisələr insanın xarakterinə baxmır. Təbii ki, anam Fəridə xanım oğlunun hara getdiyini yaxşı dərk edirdi. Rus bolşevikləri ilə xalqın burun-buruna gəldiyi Bakı küçələrində hər an bir faciə yaşana bilərdi. Anam bundan narahat idi”.

19-u gecəsi balaca Aişanın həssas ürəyində sıxıntılar yaşanmağa başlandı. Onun çox nadir hallarda belə sıxıntıları olurdu. Fəlakət öncəsi bir küncə söykənər, oturub ağlayardı. Bu hal baş verdisə, deməli, yaxşı hadisə olmayacaq. Elə belə də olmuşdu. Doğrudur, Qanlı yanvar hadisəsi Pərvizdən yan keçdi, amma bu faciədə övlad deyil, ana qurban getdi.

"Pərviz də yaxşı bilirdi ki, anam ona görə həyatını tapşırıb. Qardaşım sonradan çox sarsıntılar keçirdi və bir gün məni öpüb evdən çıxdı, uzun müddət ondan xəbər tutmadıq. 2-3 ay çəkdiyim nisgilə Şuşa batalyonundan xəbər gəldi. Xəbəri göndərən qardaşımın komandiri idi. Dedi burda, Şuşa batalyonunda xidmət edir. Anam şəhid olandan sonra mən bir müddət atamın ikinci həyat yoldaşının himayəsində yaşadım. Ögey anam olsa da, doğma anam kimi mənə baxırdı. Hətta məndən başqa iki övladı da vardı. Həmin ögey bacı və qardaşımı isə heç vaxt bağışlamayacam. Çünki uşaq vaxtı mənə dəhşətli zülmlər çəkdirirdilər. Evdən qaçmağıma bir də onlar səbəb oldu. Artıq başa düşürdüm ki, Pərvizin yanında olmalıyam, məhz bu amalım məni evdən qaçmağıma səbəb oldu. Bakıda yaşadığımız yerdən bölgələrə avtobuslar gedirdi. Evdən çıxan kimi onlardan birinə minib getdim. Avtobusdan enəndə artıq düşünürdüm ki, buradan başqa bir yerə yol yoxdu. Ümidim Allaha qalmışdı. Amma bilirdim ki, Pərvizin döyüşdüyü batalyonun yaxınlığındayam. Elə onun komandiri İslamın  rastına düşdüm. Mən söyləyəndəki qardaşım Pərvizin yanına gəlmişəm, İslam dedi ki, o, Bakıya gedib. Təbii ki, buna inanmırdım, onlar mənim inadcıl olduğumu görüb nəhayət Şuşa batalyonuna apardılar”.


Bundan sonra Çiko ləqəbli bu qadın həm qardaşına qovuşdu, həm də özünə mənəvi qardaşlar qazandı. Müsahibə zamanı söylədi ki, Samir adlı əsgər yoldaşının bütün batalyonda onun doğma qardaşı olduğuna hər kəs inanırdı. Halbuki o mənəvi qardaşına sığınmışdı. Çiko deyir ki, orada çoxları ilə doğma idim. Yaşım az olduğu üçün hər kəs məni çox istəyirdi. Hətta orada mənim ləqəbim Malış olub. Daha sonra isə məni Çiko deyə çağırmağa başladılar. Lakin batalyondan gizlədilən bu yalanın üstü Samir şəhid olduqdan sonra açıldı. Çiko şəhidin cəsədini ona təhvil verilən zaman etiraf etdi ki, o mənim doğma qardaşım deyil. Lakin balaca Aişanın bunu gizlətdiyi kimi, Samirin də ölümündən əvvəl ondan gizlətdiyi bir şey olub. O da onun əsl adının Səməd olması idi.

"Samir mənə adını yalan demişdi, hətta bu ölümündən sonra yaxınlarını tapmaq yolunda mənə problemlər yaratdı. 23 ildən sonra onun məzarını axtararkən belə Samir olduğuna inanırdım. Qazaxın Daş Salahlı kəndindəki şəhid məzarının çatlamış mərmərindəki əsl adını görənə kimi...” (kövrəlir)

Abbasova Aişa Məmmədcəfər qızı 1990-cı ildə 11 yaşında Şuşa batalyonu tərkibində Ağdamın Qarakənd, Mərzili kəndləri istiqamətində, həmçinin Xoramort və Şuşada döyüşlərdə iştirak edib. Ön cəbhədə keçirdiyi 4 ilinin ağır illər kimi həyatının kitabına yazan qazi bəzilərinin gəncliyini döyüşlərdə hədər etdiyini deyərkən bir də öz ömrünün ondan da gözəl çağını – uşaqlıq illərini səngərlərdə keçirdiyini qeyd edir.


Lənətlənmiş gödəkcə

Çikonun ağır həyat hekayəsində müsahibimiz bir də qanlı gödəkcədən bəhs edirdi. Onu lənətlənmiş gödəkcə adlandırmışdılar. Çünki onun geyinən 7 fədai azadlıq və vətəni uğrunda şəhid olub.

"Uğur gətirmədi bizə, indi 24 ildir həmin gödəkcəni axtarıram. Mənim yaxın bir silahdaşım vardı - Üzeyir. Sonuncu dəfə həmin gödəkcə onda qaldı. İndi isə nə Üzeyiri tapa bilmişəm, nə də gödəkcəni”.

Anasına məxsus olan həmin gödəkcə ilk dəfə məhz elə Fəridə Abbasovanın əynində ikən qana bulandı. Daha sonra şəhid olan silahdaşları arasında qardaşı dediyi Samirdən həmin lənətlənmiş gödəkcədə növbəti qan ləkələri, bir də deşilmiş güllə izləri qaldı. Çiko deyir ki, sonuncu dəfə əsgər yoldaşım Üzeyir onu götürdü: "Üzeyirin bir xasiyyəti vardı, o ölmüş cəsədlərin üzərindən onlara məxsus olan bir əmanət götürməli idi. Adətən onun qəniməti sümüklər olurdu. Ona hətta Sümük yığan Üzeyir də deyirdik. Lənətlənmiş gödəkcə isə onun sonuncu qəniməti oldu. Aldı və getdi”.

Kliniki ölüm

Malışın müharibədə aldığı yaraların da sayı-hesabı yoxdur. Bunlara həm mənəvi, həm də sağlamlıqla bağlı yaralar daxil idi. Hətta bir dəfə savaşın ortasında BMP maşını hərəkətdə olarkən ona cəld bir şəkildə minməli idi. Əks təqdirdə güllələrin səmada uçduğu, minaların gözlənilmədən partladığı bir ərəfədə bu qızın tək çarəsi kortəbii şəkildə ona minmək idi, əks təqdirdə bu ağır texnika onu əzib məhv edəcəkdi. Lakin onun BMP-də olmağı uğurlu iş olsa da, o, bu texnikada özünü ağır vəziyyətdə tapmışdı. Bu hadisə beyni kontuziyalı, ağız nahiyəsi parçalanmış bir məsum uşaq əsgər mənzərəsi bəxş edir insana. Onu Qospitala aparmadılar, çünki döyüşdən sonra Samirin ölüm xəbərini duyanda artıq Çiko heç nə düşünmürdü. Özündən bixəbər balacanın nə qan dərdi vardı, nə də can dərdi. Bəlkə illər sonra cəsədinin basdırılmadığı Səmədin (Samirin) məzarlığına baş çəkəcəyi heç ağlına da gəlmirdi. Onun məzarı belə Çikonu kliniki ölümə sürüklədi. Ayılanda heç nədən xəbəri yox idi. Yanında olan silahdaşları deyir ki, o dünyanı görüb gəlmisən, nəbzin vurmurdu, nəfəsin gəlmirdi, şükür tanrıya, sən qayıtdın...


Anasını, qardaşını, həyat yoldaşını, mənəvi qardaşlarını itirən və illər sonra övlad ağrısı görən, indi isə öz içindəki balaca AİŞA İLƏ TƏK YAŞAYAN bir döyüşçüdən söhbət açdıq. Onu unutmayanlar, bir də onun unutmadığı silahdaşları yanında idi: "Day-day” ləqəbli Amon, "Ciqan” ləqəbli Mahir və başqaları. Əhatəsinə düşdüyüm bu qazilərin mənə aşıladığı birlik müsahibəsi, elə birlik savaşı kimi həm yazımda, həm də beynimdə həkk olundu. Buna sevinirəm, sevinirəm ki, Azərbaycanın müharibədə çiynində silah, texnika idarə edən qadın mübarizləri olub. Bu Azərbaycanın qürur abidəsini formalaşdıran qadın döyüşçülərimizin vətənə sədaqətidir. Aişa Seyfullayeva əslən yəhudi olsa da, vəsiqəsində milliyyətini azərbaycanlı olaraq qeyd etdirib. Bircə kəlmə dedi: "Mən azərbaycanlıyam”. Başqa da heç nə demədi...

Rüfət Soltan