adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Yanvar 2016 15:09
59919
MÜSAHİBƏ
A- A+

“Allah üzümə baxıb ki, möhürü evdə saxlamışam” - Millət vəkili - Müsahibə

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli Adalet.az-a müsahibə verib.

 Müsahibəsində ölkədəki ictimai-siyasi vəziyyəti dəyərləndirən Tahir Kərimli rəhbəri olduğu partiya ilə bağlı bir sıra önəmli məqamlara toxunub. Eyni zamanda devalvasiyanın qarşısını almaq üçün bir sıra təkliflər səsləndirib.

-Tahir müəllim, növbəti devalvasiyadan sonra ölkədəki sosial-iqtisadi vəziyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Ancaq narahatedicidir. Böyük dövlətlərdə xarici siyasət daxili siyasətdən asılı olur. Ancaq Azərbaycan kimi kiçik dövlətlərdə xarici siyasət daxili siyasətin davamıdır. Bu gün ABŞ və onun müttəfiqlərinin Rusiyanı çökdürmək planı dünya iqtisadiyyatına mənfi təsir göstərir. Neftin qiyməti durmadan aşağı düşür. Belə olan halda Azərbaycan iqtisadiyyatı da müəyyən beynəlxalq təsirlərə məruz qalıb. Nəticədə manat 2 dəfə devalvasiyaya uğradı. Milli valyutanın dəyərdən düşməsi hər kəsə öz təsirini göstərir. Məhsulların, əsasən də kənd təsərrüfatı məhsullarının, ərzağın qiyməti qalxıb. İxtisarlar başlayıb. Eyni zamanda süni qiymət artımı var. Bütün bunlar isə narahatedici vəziyyət yaradıb. Mən deməzdim ki, Azərbaycanda böhran var. Ancaq iraq olsun, müəyyən tədbirlər görülməsə, böhrana giriş mümkündür. Ona görə də, hökumət addımlar atır. Heç bir dövlətdə olmayan əməkhaqqı artımı təmin olunur. Bu məsələlər düzdür, kompensasiya etmir. Ancaq bunun özü yüksək təəssürat yaradır. Başqa addımların da atılması gözlənilir. Heç bir ölkə rəhbəri istəməz ki, xalq ondan narazı olsun.

-Büdcədə neftin qiymətinin 25-30 dollar arasında götürüləcəyi deyilir. Sizcə bu qiymət bugünkü reallığı özündə nə dərəcədə əks etdirir?

-Azərbaycanın 2 il bundan öncəki icmal büdcəsi 25 milyard dollar idi. İndi təbii ki, 10 milyard dollar civarına düşüb. Azərbaycan öz milli valyutasını qorumaq üçün maliyyə resurslarını xərclədi ki, bəlkə neftin qiymətini 50 dollar civarında saxlaya bildi. Ancaq bu gün neftin qiyməti düşür. Neftin qiyməti 10 dollar olsa, Azərbaycanda növbəti devalvasiya qaçılmaz olar. SSRİ-nin çöküşü zamanı neftin qiyməti hətta 8 dollara qədər düşmüşdü. Bu artıq neftin çıxarılma xərclərini belə ödəmir. Güman etmirəm ki, o səviyyəyə düşsün. 25-30 dollar səviyyəsində götürülsə, bu real olar. Ancaq ümumən neftin bu qiymətdə götürülməsi büdcə xərclərinin ixtisarına səbəb olacaq. Sosial xərclər azaldılmayacaq. Mövcud vəziyyətlə bağlı bir sıra təkliflərimiz var. Artıq bu təklifləri hökumətə göndərmişik. Təklif edirik ki, hazırkı şəraitdə Azərbaycanın xaricdə olan maliyyə ehtiyatları ölkəyə gətirilməlidir. Həmin vəsait güzəştli şərtlərlə sahibkarlara verilməlidir. Sahibkarlar 3-5 il müddətinə bütün vergilərdən azad olmalıdır. Çox ciddi addımlar atmaq lazımdır. Gömrükdə mal-idxal-ixracı zamanı rüsumların tutulması dayandırılmalıdır. Azərbaycan xalqı ticarəti bacarır. Bu addım atılarsa, o zaman 3 ay sonra ucuzlaşmaya nail olarıq. Böhran dərinləşməsin deyə, buna getmək lazımdır. Onsuz da bu pul əriyir. Mən belə düşünürəm ki, əgər həmin vəsait ölkəyə gətirilsə, 1 ilə 3 il müddətinə Azərbaycan özünü düzəldə bilər.

-Bahalaşma sizə necə təsir göstərib?

-Cəmiyyətdə baş verən hallar topluma, qrupa, hər kəsə təsir edir. Bu gün bahalaşmaz var və bu təbii ki, mənə də təsirsiz ötüşməyib. Bir məsələni də deyim ki, qonşusunda çətinlik olanda inanmıram ki, kimsə özünü xoşbəxt hesab edə bilər. Biz bu bahalaşmadan qurtulmaq üçün aqrar sahəni inkişaf etdirməliyik. SSRİ dövründə dövlət büdcəsinin 40 faizi kənd təsərrüfatından olan gəlirlər hesabına formalaşırdı. İndi üzümçülük sahələri bərpa olmalıdır. Pambıq və digər kənd təsərrüfatı məhsullarının istehsalına maraq artırılmalıdır.

-Ağsuda da sahibkarların etirazları oldu...

-Onların tələbi ölkənin hər yerində olduğu kimi süni bahalaşma və işsizlik idi. Onlarla görüş keçirdik. Dərdlərini dedilər. Problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verildi. Yeri gəlmişkən, bizim təkliflərimizdən biri də Dövlət Tədarük Kontorlarının yaradılmasıdır. Biz hesablama aparmışıq. Məlum olub ki, Azərbaycanda əhalinin 1 illik ərzaq ehtiyacını qarşılamaq üçün 400 milyon manat vəsait kifayət edir. İndiki şəraitdə belə kontorların yaradılması ilə vətəndaşlara ucuz məhsullar təklif olunar. Bununla yanaşı Ümumdünya Ticarət Təşkilatına üzv olunmalıdır. Burda müəyyən şərtlər var, o şərtləri yerinə yetirmək lazımdır. Eyni zamanda beynəlxalq maliyyə qurumlarının ayırdığı güzəştli maliyyə vəsaitindən yararlanmaq lazımdır ki, ölkəyə valyuta daxil olsun.

-Özəlləşmə məsələsi gündəmdədir...

-Bütün sahələrdə sistemli islahatlar getməlidir. Bu yaxınlarda korrupsionerlər ifşa olundu. Bunların əlindən alınan pullar birbaşa dövlət büdcəsinə yönəldilməlidir. Özəlləşdirmə məsələsinə gəlincə, bəli, indiki halda bu mümkündür. Bu yolla dövlət müəyyən maliyyə resursu əldə edə bilər ki, bu da ümumi ölkə iqtisadiyyatının inkişafına gətirib çıxaracaq.

-Tahir müəllim, nədənsə Milli Məclisdə cari məsələlərin müzakirəsində sizi aktiv görmürük...

-Gəncliyində inqilabçı, orta yaşında islahatçı, daha yaşlı olanda mühafizəkar olmayan müdrik deyil. Bu, mənim yanaşmamdır. 90-cı illərdə Milli Məclisdə aktiv idim. Çünki o zaman gənc idim. İndi isə müəyyən məsələlər var ki, o məsələlərin müzakirəsində iştirak edirəm. Hüquqi normativ aktların qəbulunda öz fikrimi, təkliflərimi bildirirəm. Cari məsələlərin iştirakına gəlincə isə, o qədər cavan həmkarım var ki, onlar məndən öncə yazılırlar. Mənə növbə çatmır...

-Gələk Vəhdət Partiyasına. 2000-ci illərdə partiyada müəyyən parçalanmalar oldu. O zamandan bu yana mətbuatda və o cümlədən ayrı-ayrı KİV-lərdə sizin fəaliyyətiniz o dərəcədə nəzərə çarpmır. Partiyanın neçə rayon təşkilatı var?

-Vəhdət Partiyası o zaman 7 partiyanın əsasında yarandı. Yarandığı gündən ölkənin ən aparıcı müxalifət partiyasına çevrilməyi bacardı. Hətta cəbhə-müsavatın hökumətə yumşaqlıqları, gedib parlamentdə oturmalarını qəbul etmirdik. Vəziyyət belə olanda təkcə iqtidar deyil, müxalifət də düşdü üstümüzə və partiya parçalandı. Ancaq bütün baş verən parçalanmaya baxmayaraq partiyanın sədr və aparatı heç vaxt parçalanmaya məruz qalmayıb. Daim işlək olub. Özü də bizim maliyyə resurslarımız elə də ciddi deyildi. Öz şəxsi vəsaitimiz hesabına bu partiyanı saxladıq. Partiya var ki, cəmi 1-2 nəfərdən ibarətdir. Ancaq görürsən ki, hər gün KİV-lərdə məsələlərə münasibət bildirirlər. Aktivdirlər. Bizim KİV-lə işimiz elə də ürəkaçan səviyyədə deyil. Bu bəlkə də mənim yumşaqlığımdan irəli gəlir. Çünki mən mətbuatla əlaqə qurmağa maraqlı olmamışam. Vəhdət Partiyası ideoloji cəhətdən müsavatçılığın davamıdır. Dövlətə münasibətdə milli, cəmiyyətə münasibətdə sosial, fərdə münasibətdə liberal dəyərləri biososioloji uyarlığı ilə optimal yanaşmanı nəzərdə tutub. Bir növ Müsavatı müasirləşdirmişik. 72 rayon təşkilatımız var idi, Şuşa, Xankəndi, eləcə də işğal altında olan rayon təşkilatlarımız var idi. Bəşir Səfəroğluda bir ofis icarə etmişdik. Əmlak komitəsi ilə müqavilə bağlayıb icarə haqqını aybaay ödəyirdik. Bir gün nazirliklərdən birinin rəsmisi (adını çəkmək istəmədi – Ə.Ə.) gəldi ki, bu bina bizimdir, çıxmalısınız. Onlar Partiyanın bütün sənədlərini apardılar. Allah üzümə baxıb ki, möhürü evdə saxlamışam. İndi də bir dostumuzun köməkliyi ilə özümüzə qərargah yaratmışıq.

- Üzvləriniz nə qədərdir?

-Vallah bilmirəm. Sənədlərimizin 30-40 faizini hələ bərpa edə bilməmişik.

-Bir çox açıqlamalarınızda sosial yönümlülüyünüzlə seçilirsiniz...

-Doğru deyirsiniz. Özüm milli olsam da, xasiyyətcə sosialam. Varlıları sevməmişəm. Qorbaçova ölüm hökmündən sonra İsmayıllıda hakim kimi işləməyimə müəyyən problemlər yaradılırdı. O zaman İsmayıllı camaatı 11 minə yaxın imza toplanmışdı. Tofiq İsmayılova təqdim etmişdilər. 38 min də pul toplandı. Həmin pulla İsmayıllıda mənə bir ev aldılar. İndi mənim şəxsi mənzilim təkcə o evdir. Mən o zaman pulumu Qarabağ müharibəsinə qoymuşdum. Bilən bilir. Heç nəyim yox idi. Kimlərsə o zaman Xalq Cəbhəsinə qoşulurdu ki, vəzifə, pul qazansın. Ancaq mən deyirdim ki, nəyə görə mən yaxşı yaşamalıyam xalq pis? Xalq da o zaman pis yaşamırdı. Məndən dəfələrlə şikayət edirdilər ki, Tahir xalqın içində dayanır.

-Partiya yarananda belə sizin sədrlikdə dəyişiklik olacağı gözlənirdi. Parçalanmanın bir səbəbi də bu göstərilir.

-Əvvəla onu deyim ki, mən sədr olmaq istəməmişəm. Məcburi sədr olmuşam. Vəhdət Partiyasında təmsil olunan partiyaların böyük hissəsi mənim sədr olmağımı istədilər. Razılaşma da belə idi ki, müəyyən dövrdən sonra sədr dəyişikliyi olacaq. Şərt kimi qoyulmuşdu. Ancaq sonradan elə oldu ki, o şərti qoyan insanla aramızda bağladığımız müqaviləni özü cırdı atdı.

-Ağsuda qərargahınız varmı?

-Yaxın gələcəkdə düzəlməlidir. Mən əvvəlki deputatın əziyyətlə qurduğu qərargaha yaxın durmaq istəmirəm. İstəyirəm yeni qərargah olsun. Ağsuda, eləcə də İsmayıllıda camaat məni çox yaxşı qarşılayırlar. Düzdür, bir çoxları narazılıq edir. Mən dəfələrlə demişəm, 20 faiz desə ki, Tahir Kərimli deputat seçilməyib, başqasıdır, mən dərhal istefa verərəm. Camaat seçib. İndi mən neyləyim, imtina edim bundan??

Ədil Ədilzadə