Qarabağ dərdi və yazıçı mövqeyi

ETİBAR CƏBRAYILOĞLU
62448 | 2016-01-23 10:12
Camal Zeynaloğlu roman və povestləri, publisistik yazıları, ingilis dilindən etdiyi tərcümələrlə yaxşı tanınan qələm adamlarındandır. İstedadlı yazıçının müxtəlif illərdə işıq üzü görən "Məni qınamayın", "Uğursuz nikah", "Qanlı fevral gecəsi", "Ölümlə üz-üzə", "Tanrı cəzası", "Ölüm doğmalığı", "Həqiqət işığında", "Gecikmiş sevgi" kitablarını ədəbi ictimaiyyət və oxucular maraqla qarşılayıb. Tanınmış alim və tənqidçilər mətbuatda müəllifin yaradıcılığı barədə dəyərli fikirlər səsləndiriblər.
O zamankı Pedaqoji Xarici Dillər İnstitutunun ingilis-alman dilləri fakültəsində təhsil aldığı illərdə dünya ədəbiyyatının ölməz nümunələrinə dərin maraq göstərən Camal Zeynaloğlu sonralar bacarıqlı tərcüməçi kimi də tanındı. Dünya şöhrətli yazıçılar Aqata Kristinin "Baş nazirin oğurlanması", "Mavi kuzənin sirri", Artur Konan Doylın "Brilyant tac", "Göy yaqut", Cek Londonun "Meksikalı", Ernest Heminqueyin "Qatillər", Somerset Moemin "Muzdlu tərəfdaşlar" əsərlərini orijinaldan Azərbaycan dilinə tərcümə edib.
Camal Zeynaloğlunun maraqla oxunan kitablarından biri də "Qarabağ dərdi-erməni vandalizmi" adlanır. Bu yazıda müəllifin həmin kitabı barədə ətrafı söhbət açacağıq.
Yazıçının
qəhrəmanları...

"Qarabağ dərdi-erməni vandalizmi" kitabının birinci hissəsində Camal Zeynaloğlunun "Qaniçənlər" sənədli povesti, "Ölüm düşərgəsindən qaçış", "Qanlı məktub", "Xeyirxah düşmən" hekayələri, "Erməni faşizmi" və "Siz kimsiniz "General Əli bəy?"" adlı publisistik məqalələri yer alıb.
"Qaniçənlər" real hadisələr əsasında qələmə alınan povestdir. Azər doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun işğal olunması xəbərini Bakıda eşidir. Yaxınlarının taleyindən narahat olan Azər doğma rayona qayıtmaq istəyərkən yolda ermənilərə əsir düşür. Əsir düşərgəsinə gətirilən Azər oradakı azərbaycanlıların başına açılan vəhşiliklərin şahidi olur. İnsanlıq hissindən məhrum olan ermənilər Rəhimə və onun arvadı Gülgəzə, ağsaqqal Nizami kişiyə olmasın işgəncələr verirlər. Bu cəhənnəm əzabından qurtulmağa çalışan Rövşən düşərgədən qaçmağa cəhd göstərdiyinə görə güllələnir. Müəllifin əsərdə yaratdığı obrazlardan biri isə İlham Qurbanovdur. İlham azərbaycanlı olsa da ermənilərə nökərçilik edən xaindir. O, öz millətindən olan insanlara zülm edir, işgəncə verir və bu "qəhrəmanlıqda" ermənilərdən heç də geri qalmır. Yazıçı bu obrazı inandırıcı boyalarla təsvir etdiyindən povesti oxuyan hər kəsdə satqına qarşı sonsuz kin yaranır.
"Qaniçənlər" povestində erməni vəhşilərinin bütün səylərinə baxmayaraq üç rəngli bayrağımızı öpüb gözünün üstünə qoyan, düşmən ölkənin bayrağını isə ayaqları altına atıb təpikləyən İlqar, hər an ölümlə üz-üzə qalan Azər əsl azərbaycanlı qəhrəman, gənclərimizə nümunə kimi təsvir olunub. Torpaqlarımızı işğal edən ermənilərin törətdiyi insanlığa zidd hərəkətləri olduğu kimi çatdırmaq, gənclərimizdə vətənpərvərlik hissini daha da gücləndirmək baxımından "Qaniçənlər" povestinin əhəmiyyəti böyükdür.
Camal Zeynaloğlunun "Ölüm düşərgəsindən qaçış" hekayəsinin qəhrəmanları da igid, ermənilərə boyun əyməyən Azərbaycan övladlarıdır. Müəllif on altı aylıq əsirlik həyatından sonra doğmalarının yanına qayıda bilən Mikayılı, işgəncələrlə dolu erməni əsirliyindən qaçmağa çalışarkən həlak olan Rahibi, ayağının birini itirən Aydını oxuculara nümunə kimi göstərir.
"Qanlı məktub" hekayəsi isə Qarabağ uğrunda savaşda qəhrəman kimi vuruşan, sonda isə düşmən gülləsinə tuş gələn Zaurun yarımçıq qalan həyatı, vəfasız sevgilisi haqqındadır.
Camal Zeynaloğlunun bu kitabında yer alan povest və hekayələri həcmcə kiçik olsalar da, bu əsərlərdə erməni işğalçılarının törətdiyi vəhşiliklər, bütün çətinliklərə rəğmən qaniçən düşmənə qarşı müqavimət göstərən, vətəni işğaldan azad etmək üçün ölümə belə getməyə hazır insanlar haqqında çox dolğun məlumat verilir.
Kitaba "Ön söz" yazan fəlsəfə elmləri namizədi, dosent Həqiqət Kərimovanın qeyd etdiyi kimi, bu qəhrəmanlar uydurulmuş, mübaliğəli şəkildə şişirdilmiş sadə adamlar olmayıb erməni vəhşiliyindən əzab çəkən insanlardır: "Camal Zeynaloğlunun vətənpərvərlik hissi və can yanğısı ilə yazdığı kitablar real həyat hadisələrinin bədii təcəssümüdür".
Oxucular bu bədii əsərlərdə xalqımızın Qarabağ boyda dərdinə Camal Zeynaloğlunun bir yazıçı kimi baxışını öyrənir, mövqeyi ilə tanış olurlar.

... və tarixi faktları

"Qarabağ dərdi-erməni vandalizmi" kitabının ikinci hissəsi isə "Tarixi həqiqətlər, faktlar..." adlanır. Bu bölümdə müəllif ermənilərin təkcə Azərbaycana deyil, bütün Türk dünyasına qarşı zaman-zaman həyata keçirdikləri cinayətlər və vandalizm haqqında ətraflı məlumat verir.
"Birinci Dünya müharibəsi ərəfəsində erməni terror dəstələrinin yaradılması və Rusiya tərəfindən ermənilərin Türkiyə əleyhinə silahlandırılması", "Türklərə qarşı erməni terroru", "Azərbaycanlılara qarşı erməni terroru", "Qarabağ: ən qədim zamanlardan xanlıqlar dövrünədək", "Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə", "Əsrin faciəsi", "Erməni vandalizmi", "Xocalı soyqırımı beynəlxalq cinayət kimi", "Şeyxülislamdan bütün dünyaya müraciət" kimi yazılar müəllifin uzun illər boyu apardığı araşdırmaların, gərgin axtarışların məhsuludur.
Kitabın "Ön söz"ündə qeyd edildiyi kimi, yazıçının gənclərə çatdırmaq istədiyi acı həqiqətlər tarixi keçmişimizi unutmamaq üçün yazdığı bu kitabda öz cavabını tapıb.
Əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən Camal Zeynaloğlu kitabın sonunda Xocalı soyqırımını tanıyan ölkələr barədə məlumat verib, əsrin faciəsini real əks etdirən şəkillərə də geniş yer ayırıb.
 

TƏQVİM / ARXİV