adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YIXILANA BALTA ÇALANLAR...

FAİQ QİSMƏTOĞLU
72857 | 2016-01-23 08:08
...Ayağımız büdrəyəndə, işlərimiz tərs gətirəndə bir də hiss edirik ki, artıq həmin yerdə deyilik. Yəni ucalıqda, zirvədə heç bir təhlükəni və qorxunu hiss etmirik. Hiss etmirik ki, əsən külək, yağan qar, düşən şaxta nə vaxt bizi də burdan tərpədə bilər. Hiss eləməyə-eləməyə hər şeyə yuxarıdan aşağı baxırıq və günlərin bir günündə də o yuxarıdan təpəsi üstə yerə düşürük...
Elə bir adam olmaz ki, onun hansısa qohumu, yaxını və əzizi yüksək bir vəzifə kreslosunda əyləşməsin. Hamının nəslində, nəcabətində və tayfasında belə vəzifə kreslosunda əyləşən nə qədər sayılıb-seçilən insanlar var. O şəxslər ki, vəzifə kreslosunda olanda özünü dartıb göyün yeddinci qatına qoymur, camaatın içində olur, xeyrinə-şərinə yarıyır, onlar zirvədən düşəndə, vəzifə olmayanda özlərini bir o qədər də kimsəsiz hiss etmirlər. Ən azından elədiyi yaxşılıqlar bir-bir onun özünə qayıdır...
Bir gün yaxın adamlardan biri gəlib vəzifəli qohumunun idarəsinin qarşısında durur. Vəzifəli qohumu da işdən çıxıb evə gedəndə başını qaldırıb heç vaxt ətrafa baxmır. İmkansız qohum nə az, nə çox otuz-qırx dəfə həmin idarənin qabağında mıx kimi durub dayanır. Ancaq yenə qohumu ona tərəf baxıb-eləmədən çıxıb gedir. Və bir gün də vəzifəli qohumu işdən azad olunur. Bax, onda vəzifəsini itirən adam necə olursa yas məclisində onun qəbuluna gələn qohumu ilə görüşür. Deyir ki, ay filankəs, mən vəzifədə olanda bir dəfə gəlib məndən xahiş eləmədin ki, sənə bir gün ağlayım. Qohumu da dillənir ki, rəhmətliyin oğlu, nəinki bir dəfə, otuz-qırx dəfə gəlib durdum idarənin qabağında mən tərəfə baxmadın. İdarənin qarşısında uca çinar ağacı vardı ha, bax, onun yanında durub səni gözləyirdim. Vəzifədən çıxmış qohumu isə bildirir ki, o vaxt mən çox havalı idim. Nəinki səni, heç o uca çinar ağacını belə görmürdüm...
Belə bir deyim var: "Sən vəzifədə olanda camaat səni tanıyır, sən vəzifədən çıxandan sonra sən camaatı tanıyırsan". Yəni kimin hansı qabiliyyətin sahibi olduğunu müəyyən zamandan sonra bilmək və anlamaq o qədər də çətin deyil. Bizdə belədir ki, birinin bir balaca vəzifədə olanda ayağı sürüşdü, o dəqiqə başlayırlar hamısı ona dodaq büzməyə və balta çalmağa. Elə ki balta çaldılar, həmin adam yıxılır və gendən baxanlar da bundan ləzzət alırlar. Hansı ki vəzifədə olanda çoxları ona "sən kişisən, ağsaqqalsan, mərd adamsın" deyirdilər.
Bir yaxın dostum çoxdan olmuş əhvalatı danışdı. Dedi ki, raykomun vaxtında bir kolxoz sədrinin məsələsini müzakirə edirlər. Çoxları bilmir ki, onun məsələsini niyə büroya çıxarıblar. Həmin kolxoz sədrinin çörəyini yeyən, qatığını, qaymağını gözünə təpən bir kişi durub onun barəsində o ki var tərif deyir. Raykomun katibi həmin kişiyə gözünü ağardır və bildirir ki, Əhməd kişi, biz kolxoz sədrini böyütmürük ey, vəzifədən çıxarmaq istəyirik. Bayaqdan kolxoz sədrinin şəninə təriflər yağdıran Əhməd kişi "valı" dəyişir. Bax, dediklərim sədrin yaxşı cəhətləri, amma onun kimi mərdməzar, çörəyi dizi üstə olan, yuxarılara xəyanət edən adam tanımıram. Ona görə də belələrinin vəzifədə qalması məqsədəuyğun deyil. Yəqin yoldaş katib də mənim fikrimlə razılaşar...
Bax, biz beləyik. Bir balaca görürük ki, kimsə yuxarıdan başqa birisini silkələyir, o dəqiqə həmin abu-havaya uyğun olaraq çıxış yolu tapırıq və hansı mahnı səslənsə ona da oynayırıq. Siz elə bilirsiniz bu gün bizim aramızda belələri azdır? Allaha and olsun ki, çörək verdiyin, yaxşılıq elədiyin və dar gündə arxa durduğun adamların çoxu ayağın büdrəyən kimi bütün yaxşıları unudacaq və yuxarıların xoşuna gəlmək üçün səni yuyub sərəcək və elə günə qoyacaq ki, səndən təhlükəli adam yoxuymuş.
Sovet dönəmində bir müəssisə müdiri vardı, hamıya da əl atırdı, kömək dururdu. Onun da yaddaqalan bir deyimi vardı: "Qardaşlar, çalışın yıxılmayın, yıxıldınız heç kim sizi qaldırmayacaq". Bir müddətdən sonra eşitdik ki, həmin müəssisənin o yaxşı rəhbərini həbs ediblər. Nə az, nə çox 13 il də iş veriblər. Düzdür, 13 il türmədə yatmadı, çünki pulu-pənəsi və yaxşı imkanları vardı. Hardasa 8 ildən sonra azadlığa çıxdı və bir dəfə elə oldu ki, onunla "Gənclik"də, indiki Atatürk parkında rastlaşdıq. Öpüşüb-görüşdük və əyləşib çayxanada bir stəkan çay içdik. Kişi ötən günlərini xatırladı, dedi ki, mənim üzümə duranlar çörək verdiyim, çətin gündə arxa durduğum adamlar oldu. İnanın, dədələrinin eləmədiklərini onlara mən eləmişdim, amma axırda çox pis yol tutdular və mənə şər atdılar. Azadlığa çıxdım, onlar isə utandıqlarından gözümə görünmürlər. Biri evimə gəldi, "ağsaqqalımsan" deyəndə sözünü kəsdim və bir daha mənim qapımı açmamağını bildirdim.
Gördünüzmü, yıxılan adama balta çalanlar nə qədərdi və bu gün də belələri aramızda o qədərdi ki, heç tanımaq da mümkün deyil. Çünki danışanda elə şirin, elə qəşəng söhbət eləyirlər ki, ürəyini də çıxarıb onlara vermək istəyirsən. Amma adamları tanımaq çox çətin, müşkül məsələdir. Ən azından ona görə ki, onların bəziləri şeytan kimi bir şeydilər. O vaxt sifətləri üzə çıxır ki, sən vəzifədən gedirsən, imkanların azalır. Bax, onda da belələrini tanımağa heç ehtiyac qalmır. Hər şey gec olur...

TƏQVİM / ARXİV