adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Yanvar 2016 11:53
45520
AVTOMABİL
A- A+

Bütün MMX radarlar bir aydan sonra ləğv olunacaq

Mayın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində inzibati məsuliyyətə cəlb etmə müddətləri ilə bağlı maraqlı yeniliklər var. Bu yenilik daha çox yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara aiddir. İki yenilik daha maraqlıdır.Birinci yenilik odur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cəlbetmə müddəti bir ilə qaldırılır. Məlumdur ki, hazırda bu müddət iki aydır. Yalnız icraatı dayandırmaq üçün əsaslar olduqda həmin müddət dayandırmadan sonra bir ilədək davam edə bilər. Yeni layihə isə hər bir halda cəlbetmə müddətini bir il müəyyən edir. Yəni yol hərəkəti qaydasını pozmuş sürücüyə, piyadaya və ya başqa hərəkət iştirakçısına cərimə və digər tənbehlər qayda pozuntusundan sonrakı bir il ərzində tətbiq oluna bilər.

İkinci yenilik isə daha maraqlıdır. Məcəllənin layihəsində qeyd olunur ki, sürücünün törətdiyi və xüsusi texniki vasitələrlə (kameralarla və ya radarla) qeydə alınmış qayda pozuntuları elektron protokolla rəsmiləşdirildikdən sonra həmin elektron protokol hər bir sürücünün elektron kabinetinə 1 aydan gec olmayaraq yerləşdirilməzsə, sürücü həmin qayda pozuntusuna görə məsuliyyətdən azad olunur. Başqa sözlə, sürücünün törətdiyi qayda pozuntuları cəmiyyətdə "MMX protokol” kimi tanınan elektron protokolla rəsmiləşdirilibsə, həmin protokol xətanın törədildiyi gündən bir ay müddətində sürücünün özünün, bankın, poçtun görə biləcəyi sistemdə yerləşdirilməlidir. Əks təqdirdə, yəni MMX protokol qayda pozuntusundam sonrakı bir ay müddətində «elektron kabinet»də yerləşdirilmədikdə həmin sürücü bu qayda pozuntusuna görə cərimə oluna bilməz.

Qanunvericiliyin belə yanaşması DYP-nin Mərkəzi İnformasiya Sisteminin tərtib etdiyi elektron protokolların aylarla, bəzən illərlə virtual aləmdə heç kəsin xəbəri olmadan dolaşmasının qarşını almağa yönəlib. Qanunvericiliyin tələbinə əsasən, xüsusi texniki vasitələrinin qeydə aldığı qayda pozuntusu real vaxt rejimində avtomatik olaraq elektron protokolla rəsmiləşdirilməlidir, daha sonra həmin protokol dərhal "ASAN ödəniş” sisteminə ötürülməli və sürücünün fərdi elektron kabinetinə yerləşdirilməlidir. Amma təcrübədən məlumdur ki, bu heç də həmişə belə edilmir. Bəzən sürücülər hətta bir neçə ildən sonra yolda saxlanıldıqda onlara məlum olur ki, barələrində elektron MMX protokol var. Bəzən də elektron protokol sürücüyə göndərilmiş olsa da, sürücü aylarla banka gedərək onu ödəyə bilmir. Çünki həmin protokol bankın və sürücünün özünün görə biləcəyi sistemə yerləşdirilmir. Belə vəziyyətlərin istisnası üçün yeni Məcəllədə konkret müddət müəyyən edilir.

Şübhəsiz ki, belə yanaşma qayda pozuntularının sənədləşməsi ilə bağlı işləri sürətləndirməyə və operativliyi artırmağa yönəlib.