adalet.az header logo
  • Bakı 20°C

BİZİM DÜNYAMIZ

SEYFƏDDİN ALTAYLI
68263 | 2015-12-26 09:38
Mərhum sənət çinarımız Qədir Rüstəm ilə bağlı qardaşım Əbülfət Mədədoğlunun yazısını dönə-dönə oxudum. Şuşada olduğum anlar, Cıdır Düzündə, İsa Bulağında oturub dostlarımla etdiyim söhbətlər, Xankəndi, Əsgəran, Ağdam, Ağdamda yolun qırağındakı o çayxana, insanların sel kimi bir o yana, bir bu yana axdığı o izdihamlı küçələr və xalqın tərk etdiyi, sadəcə olaraq əsgərlərin olduğu tənha Ağdam, Komandir Allahverdi Bəy, Qatır Məmməd, İcra Hakimi, gecəni mənimlə birlikdə keçirən Azərbaycanlı qardaşım toppuş Məhmədçik, tələbəm Zaurun atası, aynabəndli evləri. Bütün bunlar gəlib gözlərimin qabağında dayandı. Şəhriyar demişkən, "Bir sinəma pərdəsi kimi tək oturub seyr etdim özümdə".
Avrasiya Universitetində dərs dediyim tələbələrimlə bəzən dərdləşirik. Mən millətimizin böyüklüyündən, şanlı-şərəfli tarixindən, ədəbiyyatından, dilindən söhbət açdıqca sual verirlər ki, "Müəllim, madəm biz belə bir millətik, bəs niyə indi bu kökə düşmüşük?"
Çox düzgün və yerinə düşən bir sualdır. Bu sual, milli şairimiz Məmməd Arazın ruhlarını qıyma-qıyma doğradığı ulu babalarımızın təmbəlliyi, laqeydliyi, taxta hərisliyi ucbatından düşdüyümüz tarixi məğlubiyyət çuxurunu göstərir. Və ondan xilas olmağın yolunu da müəyyənləşdirir.
Bəli, biz məğlubuq, düşmənlərimizə yox, öz təmbəlliyimizə, elmə laqeydliyimizə, taxta hərisliyimizə... Biz haçan ki, bu üç caynaqdan yaxamızı xilas etdik, o vaxt ulu hökmdarımız Oğuz Kaqanın yuxusu çin olacaqdı.
"Yay çəkən xalqları birləşdirdim, hamısı Hun oldular!.."
Əbülfət qardaşım yazısında 1988-ci ildən tanıdığım, dostlaşdığım, qardaşlaşdığım Zəlimxan Yaqubla bağlı da yazıb. Zəlimxan bəyi o ildə bura gəldikdə əziz dostum Sabir Rüstəmxanlının evində görmüş, tanış olmuşdum. Sazını kökləyib çalıb-oxumuşdu.
Zəlimxan bəy mənə görə xalqımızın əvəzsiz oğludur, gözəl dostdur, qardaşdır, təəssüf ki, taleyi, Güneyli qardaşlarımızın diliylə desək qəzov-qədəri onu dönə-dönə sınağa çəksə də yaxasından əl çəkməyib. Tanrıya inanan bizlərin dünyası belədir. Neyləyək, bizdən aldıqlarına görə kədərlənməyib, bizə buraxdıqlarına görə Tanrıya şükür etməliyik. Zəlimxan bəy Əbülfət bəyə elə bu düşüncə ilə nə gözəl cavab verib:
"Allah məni gəncliyimdə sınadı. Hər çətinliklərdən keçirdi. Gördü ki, dözürəm, asi deyiləm. Sonra başladı mükafatlandırmağa, istedadımı cilalamağa, şan-şöhrət verməyə, xalq sevgisinə bələməyə. Bir də yaşımın bu çağında Allah dedi ki, təkrar səni sınayıram, görüm o mükafatlardan sonra dəyişməmisən? Dözümün, iradən azalmayıb ki? Sevinci çəkdiyin kimi, bu sınağı da, bu ağrını da çək!.."
Ürəyində Tanrı sevgisi olmayan insanlar mənə görə şoran bir bədəndən ibarətdilər. Onların dostluğu da, sevgisi də, sözü-söhbəti də şordur, orda heç nə bitməz, öz torpaqlarının üstündə yağışdan sonra qaysaqlanıb günəşdə işıldayan zəhərli duzlardan savayı.
Ulu Tanrı, Qalübəlada ruhları yaradarkən taleyimizə nə yazıbsa onlarla üzləşirik. Dünyamız, özümüzün təyin etdiyimiz yoldan ibarətdir. Tanrı həmişə bizim qabağımıza iki yol qoyub, bizim hansı yola gedəcəyimizi Qalübəlada bildiyindən taleyimizə də həmin nəqşəni çəkib. Bir sözlə, öz taleyimizi özümüz müəyyənləşdirmişik, təbii ki, genlərimizlə bizə miras qalan xarakterimizdən, malik olduğumuz anlayışımızdan, idrakımızın gücündən yola düşərək.
Yevlaxlı bir dostum universitetə kimi gəlib məni tapmışdı. Daimi olaraq məqalələrimi oxuduğunu, İslam dini ilə bağlı düşüncələrimi bölüşdüyünü söyləmiş və Mirzə Fətəli Axundovun İslamla bağlı düşüncələrinin həyata keçirilməsinin vacib bir məsələ olduğunu dilə gətirmişdi. Ötən günlərdə təkrar zəng çalıb, bu məsələni məqaləmdə niyə vurğulamadığımı sordu. Mən də onun xahişini yerə salmadım və dilə gətirdim.
İndi bizim dünyamızda at izi ilə it izi bir-birinə qarışıb. Nə imamın tərəfini saxlayırıq ağlayalar, nə yezidi dəstəkləyirik dağlayalar. Müsəlman deyirik, müsəlmanlıqdan xəbərimiz yoxdu, Türkük deyirik, Türkə yaraşmayan rəftarlar sərgiləyirik.
İngilis İmperiyasının Hemphaire adlı casusunun nəqşəsini çəkib Əbdülvahhab adlı ərəbin vasitəsi ilə yaratdığı Vəhhabiliyin İslam olduğuna inanırıq.
Vəhhabilikdə, onlardan olmayan müsəlmanların malı da, canı da, namusu da onlara halal imiş... Bu faktı Vəhhabiliyə inanan qardaşlarımız bilirlər, yoxsa bilmirlər, inşallah bilmirlər.
İçimizdən İŞİD adlı təpəgözləri çıxarırıq, Allahu-əkbər nidalarıyla öz dindaşlarının başını kəsirlər.
Qanunlarımızı ümumiyyətlə avropalılardan götürmüşük, onların hüquq anlayışını özümüzə uydurmağa çalışmışıq, əsrlər boyu. Bizim dünyamızla onlarınkı bir deyil axı?!
Nə başınızı ağrıdım, nə dəvəyik, nə də quş, qəribə bir məxluq olub çıxmışıq vəssalam.
Yenə də şükürlər olsun ki, bəzi dəyərlərimiz itməyib, o dəyərləri qoruyan xarakter abidəsi şəxsiyyətlərimiz var. Zəlimxan qardaşım demişkən, Tanrı bizi sınağa çəkir. Biz də bu sınaqdan üzü ağ çıxacayıq. Şuşanı təkrar görəcəyəm, Ağdama təkrar gedəcəyəm, Tanrıma necə inanıramsa, buna da o cür inanıram...
Orxon abidələrində Bilgə Kaqan demirmi; "Türkün tanrısı, müqəddəs yer və su ruhları Türk xalqı yox olmasın deyə".
 

TƏQVİM / ARXİV