adalet.az header logo
  • Bakı 11°C

SAHİBSİZLİK FACİƏSİ

FƏRİDƏ RƏHİMLİ
53472 | 2015-12-19 09:51
Heyvanların orta ömür müddəti müxtəlif səbəblərdən - saxlanma və yemlənmə şəraitindən asılıdı. Adətən ev heyvanları və zooparkda saxlanılan heyvanlar vəhşi təbiətdə yaşayan heyvanlardan çox yaşayır. Bunun da səbəbi bu heyvanlara insan qayğısının və nəzarətinin olmasıdır.
Həyətdən küçük hürüşünü eşidib aşağı boylanıram. Beş-altı küçük anasının yanında təşər-təşər gəzərək bir-biriylə oynayır, hərdən də kimisə qorxudacaqlarına əminliklə havaya hürürlər. Elə şən, sevimlidilər ki. Həm də qayğısız. Qarşıda onları gözləyən "it günündən" xəbərsizdilər. Bir az aralıda uzanıb onları gözündən qoymayan anaları isə çox narahat və qayğılıdı...
Heç itlərin gözlərinə diqqət etmisinizmi, nə qədər qayğılı, yazıq, dərdli-qəmli olduğunun fərqinə varmısınızmı? Bu an "hər dərdimiz düzəlib, qalıb bir itin dərdi, sevgisi" - deyənlər olacağını təxmin edirəm. Amma əmin olun, onlarda insanlardan daha cox sevgi hissləri var. Bildiyimə görə, insan tərəfindən ilk əhliləşdirilən heyvanlardan biri itdir ki, ilk əhliləşdirilmə tarixi on iki min il əvvələ gedib çıxır. Həmişə sahibinə sadiq, malının, evinin, lazım gəlsə canının qoruyucusu olsa da, yeri qapı ağzı, yeməyi süfrədən qalan artıqlar olub. Ən əsası isə zəncirlənərək yaşamağı da qəbul ediblər. Onları şampunla çimdirmək, daramaq kimi hərəkətlər isə əksəriyyətin gülüşünə, istehzasına səbəb ola biləcək hərəkətlər sayılıb. Küçədə it gəzdirənlərə "atasını gəzməyə çıxarıb" kimi tərbiyəsiz ifadələri isə çoxları dəfələrlə duymuş olar. Bəzi istisnalar var əlbəttə, amma çox cüzi faiz olduğundan nəzərə çarpmır.
İtlər barədə bu düşüncələr səbəbsiz yaranmadı. Gecə atəş səsləri eşidib, pəncərəyə yaxınlaşdım. Təkrar atəş səsindən sonra it zingiltisini eşidəndə hər şeyi anladım. Küçədə gəzən itləri güllələyərək "təmizlik" edirdilər. Mən heç cür anlaya bilmirəm ki, bir insan necə rahatca, vicdan əzabı çəkmədən bir canlını öldürə bilir. Axı hər bir canlını yaradan onu öldürməyi sənə həvalə etməyib...
Bəzi, "alayarımçıq dindarlar" dediklərini sübut etmək üçün hər kəlmələrini dinlə, İslamla bağlayırlar. Dində itin "nəcis" olduğunu, onu saxlamağın doğru olmadığını söyləyənlər unudurlar ki, heç bir canlı boşuna yaradılmayıb. Vacib deyil onu özünlə yatızdırasan, amma rahatca öldürməyə də haqqın yoxdu.
Heyvan hüquqlarının müdafiəsi ilə məşğul olan Mənsurə Rəsulzadə hesab edir ki, Qurani-Kərimdə göstərilməyən bəzi hallarda insan öz şüuruna əsaslanıb bu vəziyyətlərdən çıxış yolu axtarmalıdır. Axı Peyğəmbərin özü də heyvanlara qarşı qəddarlığın tərəfdarı olmayıb.
Bizim yaratmadığımızı öldürməyə ixtiyarımız yoxdu. İnsan bu məsələdə iki qəddar üsuldan daha yüngül olanını seçə bilər. Bütün dinlərdə canlı aləmə mərhəmət hissi öndə durur, qəddar rəftarlara yox deyir. Doğrudan da deyəsən, hər bir cəmiyyətin sivil və mənəvi inkişafının göstəricisi - heyvanlar aləminə verdiyi dəyərdi.
"İt günündə yaşamaq" ifadəsi bizdə tez-tez işlənən sözdür və bu ifadə çoxdan bizdə pis yaşayış formasının etalonuna çevrilib. İfadədən göründüyü kimi, itlərə o günü yaşadan bizlər bu yaşayış formasını qəbuledilməz sayırıq və belə paradoksları həyatımızda nə qədər desən tapmaq olar. İtlərin sadiqliyi barədə ekranlaşdırılmış filmləri maraqla seyr edirik, hətta o filmin "qəhrəmanı" olan itə qarşı yanlış hərəkət edənləri qınayırıq, amma gözümüzün önündə güllələnən itlərin taleyinə laqeyd qalırıq, etirazımızı bildirmirik. Başqa ölkələrdə iti görəndə bunu sığallaya bilərəmmi? - soruşurlar və böyüklərin bu hərəkəti uşaqlarda heyvanlara sevgi yaradır. Bizdə isə ən çox rast gəldiyimiz haldır ki, uşaqlar it, pişik görəndə daşlamaq, təpikləmək həvəsinə düşürlər. Çünki böyüklərindən o təpkini görürlər.
Bir neçə il əvvəl soyuq qış günlərinin birində binamızın balaca uşaqları itlər donmasın deyə, onlara daldanacaq yer tikmək üçün hardansa kubik daşlar, sement, qum tapıb gətirmişdilər. Elə həvəslə işləyirdilər ki. Başqa vaxt bir-birinin sözünü "udmayan" uşaqlar indi sakitliklə başçılarının sözünü dinləyir su, sement, qum daşıyıb gətirirdilər. Evdən, anasından gizli çörək, kolbasa gətirən də olmuşdu. Bunu izləmək çok gözəldi. Itlər üşüyən heyvanlardı. Xəzləri olsa da soyuğa davamlı deyillər. Uşaqlardakı bu mərhəmət hissi məni sevindirirdi. Amma bu çox uzun sürmədi, anaları duyuq düşən kimi uşaqları döyə-döyə evə aparıb yuyundurdular və kənardan uşaqları seyr edən itlər soyuqdan büzüşərək künc-bucağa qısıldılar, ancaq o yarımçıq dama yaxınlaşmadılar...
Bakı küçələrində və ətraf rayonlarda sahibsiz heyvanlaın sayı günbəgün çoxalmaqda davam edir. Sahibsiz itlər arasında quduzluğa tutulma təhlükəsi çox ola biləcək itlər üstünlük təşkil edir. Sahibsiz it-pişiklərlə bağlı problemin həlli üçün müxtəlif yollar var ki, onlardan ən əsası bu yiyəsiz heyvanlar üçün xüsusi sığınacaq-bəsləmə məntəqələridir. Belə məntəqələr dünyanın bir çox ölkələrində fəaliyyət göstərir. Aldığım məlumata görə 2009-cu ildən etibarən isə ölkəmizdə "Vəfalı Dostlar" Baytar Klinikası fəaliyyət göstərir. Bu ilin may ayından etibarən klinika daha geniş bir əraziyə köçüb. Bu yerdə it və pişiklər üçün hər cür şərait yaradılıb. Mərkəz şəxsi təşəbbüslə yaradılıb. Azərbaycanda yaşayan iş adamı Hədiyyə xanım Rovşanzamirin təşəbbüsü ilə. Elə isə, nədən bu itləri o sığınacağa yerləşdirmir, amansızcasına güllələyirlər. Heç olmasa, məhv etməyin də hər kəsin gözü qarşısında və bu qədər amansız olmayan üsulu seçilməlidi.
Kim olursan ol, it olsan belə, sahibsizlik ən böyük faciədir.

Fəridə RƏHİMLİ

TƏQVİM / ARXİV