QƏDİRİN QƏDR GECƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
61476 | 2015-12-19 09:24
Yazımı çox götür-qoy etdikdən sonra böyük Səməd Vurğunun məşhur poemalarından birindəki misralarla başlamaq istəyirəm. Yəqin ki, Vurğunsevənlər o poemanı oxuyub və o misraları da əzbər bilirlər.

Ayazlı, şaxtalı bir qış axşamı...

Hə, biz yeddi yoldaş deyildik. Say hesabı desəm, ikicə nəfər idik. Və biz iki nəfər həqiqətən ayazlı bir qış axşamı bir tədbirə tələsirdik. Şəhərin tıxacı bizi darıxdırsa da, sonra gördük ki, nahaq tıncıxmışıq. Çünki saat 19-da başlamalı olan tədbir nə az, nə çox düz yarım saat gecikdi. Və biz də düz 40 dəqiqə tədbirə gələnlərin arasındakı dostlarla, tanışlarla görüşmək, hal-əhval tutmaq imkanı qazandıq. Bu görüşün, bu hal-əhval tutmanın özü artıq bizi o tədbirə hazırlamışdı, kökləmişdi. Xüsusilə mən foyedə qoyulmuş xüsusi lövhənin üzərindəki fotoşəkillərə baxdıqca xəyalən Bakıdan çıxıb Qarabağa - Ağdama, Şuşaya getmişdim. Çünki o şəkillərin çoxu məhz həmin yerlərdə çəkilmişdi. Özü də çox-çox illər bundan öncə...

Ayazlı-şaxtalı bir gecə idi. Və bu gecənin ayazını, şaxtasını əridən, onun buzunu sındıran bir hərarət ruhuma hakim kəsilmişdi. İnanın ki, o səs bütün oduyla, alovuyla təkcə tədbirin möhtəşəm zalını deyil, bu zalda əyləşənlərin deyil, həm də foyedə gəzişənlərin, qarderobda dayananların, binanın önündə müştəri gözləyən sürücülərin də canından soyuğu qovub çıxarmışdı. Hamı havalı kimi idi... hamı bir havaya köklənmişdi... hamı bu havanın üstündə danışırdı... hamı bu havanın yaratdığı ovqatda idi və bir də hamı bu səsin sahibini xatırlayırdı. Daha doğrusu, bu səsin sahibindən xatirələr danışırdı...
Öncə tədbiri aparan dəyərli yazıçı-publisistimiz, samballı kitablar müəllifi Mustafa Çəmənli danışdı. Mustafa müəllim danışdıqca haldan-hala düşür, səsinin titrəyişindən tutmuş yanğısına qədər hər şey elə səbəbkarın öz səsinə qovuşub onu bir az da cilalayırdı. Və mən Mustafa müəllimin dediyi bir sözü obrazlı desəm, havada tutdum. Bu söz mənim üçün göydəndüşmə oldu. Mustafa müəllim dedi ki, Qədir hamıya, hər kəsə səsiylə baxırdı!.. İlahi, bu nə gözəl deyimdi. Mən ilk dəfə eşitdim bunu və o deyimin izinə düşüb getdim... getdim. Və gördüm ki, o səs olan hər yerdə Qədir var və Qədir olan hər yerdə də o səs var... Elə bu məqamda da Qədirin səsi gördü bizi. İlahi, bu səs adamın içini necə ayağa qaldırır, adamın ruhunu necə çəkib varlığından çıxarır... Bunu təsəvvür edə bilirsinizmi? Və o səsin həmin o zalda hamını bir-bir gördüyünə and içə bilərəm. O səs həmin o zalda təkcə işıq kimi, hava kimi, su kimi deyil, həm də bir qeyri-adi güc kimi sıraları gəzib hər kəslə əl tuturdu, hər kəsə "necəsən?" deyirdi və hər kəsdən də yanımızdasan, canımızdasan cavabını alırdı...

Mən orda Qədiri sözüylə, qələmiylə bütün Azərbaycana tanıdan, təqdim edən, Qədirin səsinin Allahın yanında olduğunu isbat edən yazıçı, millət vəkili Aqil Abbasın söylədiyi bir kəlməni də yaddaşıma əbədi mismarladım, yazdım, hopdurdum. Aqil Abbas Qədirdən kövrələ-kövrələ və mənim heç vaxt görmədiyim, şahidi olmadığım bir həyəcanla danışdı. Vurğuladı ki, İstanbulda xəstəxanada Qədiri ziyarət edəndə əyilib Qədirin qalığına qışqırdım, bağırdım və dedim ki:

- Qədir, Ağdamı almışıq dur gedək!

Bu sözü eşidəndə özümdən asılı olmadan çevrilib zala baxdım. Yanımda əyləşmiş çox dəyərli hocam Seyfəddin Altaylı və onun xanımı, bütövlükdə zaldakı hər kəs barmağının ucu ilə gözünü silirdi. Mən ovcumun içiylə. İnanın, Aqil Abbas həmin sözü deyəndən sonra içimdən qəribə bir hava axını keçdi. Elə bildlim ki, həmin o, İstanbulda Qədirə Aqil Abbasın, Ağdamı almışıq, deməsi Qədirin ruhunu götürüb aparıb Ağdama. İndi də həmin sözü təkrar eşidən ruh Ağdamdan qayıdıb gəldi bu zala, gəlib hamımızın içindən keçdi və dedi ki, "mən Ağdamdayam, Şuşadayam, bəs siz niyə gəlmirsiniz?"...
Elə bu yerdə bayaqdan bəri dinlədiyim və Azərbaycanın gənc muğam ifaçılarının etdiyi ifalarını tamamlayan bir səs də məni silkələdi. Bu da gənc xanəndə Mustafa Mustafayevin, o İsmayıllı balasının Qədir Rüstəmova bənzəyən səsi, görkəmi, davranışı və bir də "Sona bülbül"ləri idi. Mustafa Mustafayev oxuduğu "Sona bülbül"lərlə sanki bu zalda olan hər kəsə deyirdi ki, mən sizləri Ağdam-Bakı arasındakı məsafəni daha tez keçib getməyə səsləyirəm. Bunu mən belə duydum. Və bir də onu duydum ki, həmin axşamda çıxış edən hər kəs istəyir ziyalı, istəyir gənc xanəndə, hətta respublikanın adlı-sanlı ifaçıları belə Qədirin səsindən daldalana bilmirdilər. Hamının üstündə Qədir səsinin nəzərləri var idi. Mən də Qədir Rüstəmovla etdiyim söhbətləri, ondan aldığım müsahibələri, ondan yazdığım məqalələri, onun "Ədalət"in baş redaktorunun otağındakı ifalarını, bir sözlə Qədirli günləri, anları xatırlaya-xatırlaya o səsə qoşulub Qarabağa gedirdim. Yol yoldaşım olan səs həm də mənə deyirdi ki, niyyət tut. Axı bu gecə Qədir gecəsidi. Mən bu sözü eşidəndə, bu sözü içimdə göyərdəndə Aqil Abbas söylədi ki, bəli Qədirin qədr gecəsidi!..

Hə, Muğam Mərkəzində Qədirin qədr gecəsi xüsusilə Fikrət Verdiyevin rəhbərlik etdiyi ansamblın müşayəti ilə səslənən ifalarla da yaddaşıma yazıldı. Həmin gecə xalq artisti Nəzakət Teymurovanın, gənc xanəndələr İlkin Əhmədovun, Eldəniz Məmmədovun, Babək Niftəliyeviin, Sevinc Sarıyevanın, Təyyar Bayramovun və daha kimlərin, kimlərin ifaları Qədir Rüstəmova olan böyük sevginin ayrı-ayrı ləçəkləri, ayrı-ayrı rəngləri idi. Mən bu rəngarəngliyin içərisində öz-özümə bir şeir pıçıldadım.

Bir ümid ağacım var,
Yarpağı hələ yaşıl.
Sən də öz ümidinlə -
Gəl, dərib bələ yaşıl...

Uymadan fitnə-fəndə
Öyünsün saçda dən də!..
Bu dünyada heç bəndə -
Görməyib belə yaşıl!

Bəxt öncədən yazılıb
Sinəmizdən asılıb...
Üzümüzə açılıb -
Hər səhər gələ yaşıl!..

***

Adətən qəmli, kədərli, acı xəbərlər daha yüyrək olur. Sanki xəbər daşıyıcıları adamın qulağının dibində əyləşiblər. Dərhal həmin o acılı, kədərli, üzüntülü xəbərləri adamın qulağına pıçıldayırlar. İki gündü ki, saytlar, simsiz teleqraflar və bir də şeiri və şeirin simasında həm də onu sevənlər bir az kövrək, kədərli durumdadılar. Sözləri, söhbətləri, mövzuları ondandı. Ondan danışırlar, onun poeziyamızdakı yerindən söz açırlar, onun şəxsiyyətini, onun xidmətlərini dilə gətirirlər, onun şeirlərindən sitatlar gətirib nümunələr səsləndirirlər. Mən də onu çox sevirəm, özü də lap çox. Ustadım olan Zəlimxan Yaqubun ürəyinə də bələdəm, sözünə də, özünə də, evinə də bələdəm. Dəfələrlə ərklə döymüşəm qapısını. Həyatda boynumda haqqı olan söz adamlarının ən böyüklərindən biri də odu. Ona görə də xalq şairinin, hamının və mənim sevdiyim ustadım Zəlimxan Yaqubun sağlıq durumu məni də çox narahat edir. Eşitdiyim hər xəbər məni də sarsıdır, üzür...

Mən Zəlimxan Yaqubun həyatın hansı döngələrindən dözümlə, mübarizə əzmi ilə keçib gəldiyini, sınaqlardan necə çıxdığını özündən də eşitmişəm, dostlarından da və təbii ki, özüm də görmüşəm. Ona görə də ustadın sağlıq durumu məni bir sualla üz-üzə gətirir. Görəsən həyatının bütün sərt sınaqlarından keçmiş, bütün ağrı-acısına qatlaşmış bir şair, bir söz adamı, bir ozan, bir başdan ayağa işıq olan insan niyə ömrünün bu çağında da yaşamaq uğrunda vuruşmaq sınağından keçir? Doğrusunu deyim ki, bu sualı mən ustadın özünə də vermişəm. O da özünəməxsus təbəssümü ilə mənə bildirib ki:

- Əbülfət, Allah məni gəncliyimdə sınadı. Hər çətinliklərdən keçirdi. Gördü ki, dözürəm, asi deyiləm. Sonra başladı mükafatlandırmağa, istedadımı cilalamağa, şan-şöhrət verməyə, xalq sevgisinə bələməyə və nəhayət müqəddəs ziyarətə, daha neçə-neçə rəsmi adlara layiq gördü. Və bir də yaşımın bu çağında Allah dedi ki, təkrar səni sınayıram, görüm o mükafatlardan sonra dəyişməmisən? Dözümün, iradən azalmayıb ki? Sevinci çəkdiyin kimi, bu sınağı da, bu ağrını da çək!..

Bəli, mən ustadın bu cavabını onunla bağlı yazdığım bir müsahibədə də qeyd etmişəm. İndi həmin sözü təkrar ona görə vurğulayıram ki, Qədir səsiylə dünyanı gördüyü kimi, Zəlimxan Yaqub da sözüylə, qələmyilə dünyanı gördüyünü çoxdan sübut edib. Onun təkrar sübuta ehtiyacı yoxdu və Allahın da onu hər məqamda sevə-sevə sınaması o istedadlı, güclü, qüdrətli qələmə və sözə yeni bir nəfəsdi, yeni bir şeirdi, yeni bir kitabdı. Bax, bu mənada mənə elə gəlir ki, sözü, şeiri, ümumiyyətlə müqəddəs, ali olan nələr varsa onları qiymətləndirməyi bacaran hər bir Allah bəndəsi içində bir Zəlimxan Yaqub da yaşadır. Bu da xoşbəxtliyin bir nişanəsidi, bir misqalıdı, bir nümunəsidi...

Nə qədər görmək, düşünmək istəməsən də həyatın içindəsənsə, onun nəfəsi üzündən, gözündən gəlib keçəcək. Onun iynə sancağı və yaxud da ipək kimi zərif əli səni oxşayacaq. Deməli, bütün bunları yaşamaq, bütün bunları canından keçirmək üçün köməyinə musiqi və söz çatacaq. Onda Qədirin səsi və bir də Zəlimxanın sözü ayrı-ayrı nöqtələrdən bir-birinə doğru uçacaq, bir-birinə doğru havalanacaq. Mən bu iki, bir-birinə qovuşmağa tələsən işığın altında nələri görəcəyimi indidən təxmin etməyə çalışıram və deyəsən görürəm. Zəlimxan özünəməxsus şəkildə Mövlanəsayağı deyəcək:

Bu gecə yuxumda gördüm Şuşanı ...Qədirin səsi:

Neyçün gəlməz, neyçün gəlməz...

Hə, hər iki səs bizi Şuşaya çağıracaq... bizi Qarabağa səsləyəcək. Və biz yerimizdən qalxıb gedəcəyik. 

Gedəcəyik... Gedəcəyik səsin, sözün işığında... Gedəcəyik getməli olduğumuz yerə!..

***

Bəli, inanclı insanlar müqəddəs Ramazan ayının müəyyən günlərində gecəni diri gözlə açırlar. Buna Qədr gecəsi deyirlər. Həmin gecənin mənası da, mahiyyəti də bəlli olduğundan mən çox geniş şərh vermək istəmirəm. Necə deyərlər, bilənlər bilir. Amma mən bu yazımın sonunda içimdən gələn bir istəyi də ifadə etmək niyətindəyəm. Bu da mənim niyətimdi, bu da mənim ürəyin, iç dünyamın pıçıltısıdı...

Elə istəyirəm ki, Qarabağda, Şuşada bir məclis qurulsun. Qədirin səsiylə bu məclis havalansın, unutsun Şuşasız günləri və biz orda ustadım, xalq şairi Zəlimxan Yaqubun o havalanmış məclisi necə idarə etdiyini gözlərimizlə görək və havalandığımız bir durumda da onu alqışlayaq. Bu da mənim Qədirli gecəmin bir niyəti, bir arzusudu. Allah çin etsin!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV