MÜQƏDDƏS AMAL

ƏBÜLFƏT MƏDƏTOĞLU
120366 | 2015-12-19 09:04
Bugünlərdə Beynəlxalq Mətbuat Mərkəzində maraqlı bir kitabın təqdimatı keçirildi. Həmin təqdimatda iştirak edən dəyərli dostlarım, xüsusilə şair-publisist Mahmud Qacar sözarası mənə bildirdi ki, maraqlı bir tədbir oldu. Kitab həm çap məhsulu kimi, həm də öz mənəvi zənginliyi baxımından cəmiyyətimiz üçün, xüsusilə gənc nəsil üçün son dərəcə vacib həm tədris, həm də təbliğat vasitəsidi. Bu kitabla tanış olsan, onda fikirlərimlə sən də razılaşacaqsan.
Təbii ki, həmkarımın bu təqdimatı məndə o kitaba qarşı bir maraq hissi yaratmışdı. Ona görə də səbirsizliklə həmin kitabı əldə edəcəyim məqamı gözləyirdim. Elə dünən səhərin ilk uğurlu xəbərindən biri mənim üçün həmin kitabı əldə etmək oldu.
Açığını deyim ki, öncə nəfis şəkildə nəşr edilmiş bu kitabı vərəqlədim. Kitabdakı başlıqlara, fotoşəkillərə diqqət yetirdim. Tanış simalar, tanıdığım insanlar gözümün önündən bir də gəlib keçdi və həmin insanların qəhrəmanlıqları da yaddaşımda təzələndi. Çünki mən bu insanların həyat yolundan hələ çox-çox illər əvvəl həm şahid kimi, həm də bir qələm adamı kimi xəbərdar idim. Ona görə də tez-tələsik gözdən keçirdiyim kitabı sonra bir xatirə dəftəri kimi səbrlə oxumağa, bilmədiklərimi yaddaşıma yazmağa başladım.
Kitab dövlət himnimizlə oxucu üzünə açılıb. Sonra Ulu Öndərimizin, daha sonra isə ölkə başçısı, Ali Baş Komandanımızın portret şəkilləri oxucuya təqdim edilir. Dəyərli yazıçı-publisist Oqtay Əliyevin Nurəddin Abbasovla birlikdə çapa hazırladıqları bu kitab Azərbaycanın Milli Qəhrəmanlarından bəhs edir. Təbii ki, kitabda bu günə qədər şəhidlik zirvəsinə yüksəlib o fərqli adı qazanmış hər bir qəhrəmanın qısa tərcümeyi-halı və döyüş yolunun bir kitabda toplanıb oxucu qarşısına çıxarılması çox təqdirəlayiq hadisədir. Müəlliflər də bu təqdirəlayiq və məsuliyyətli yükün altına ürəklə, vicdanla çiyin veriblər. Onların qəhrəmanları bir əlifba sırası ilə bu kitabda sıralanıb və hər birinin də fotoşəkilləri tərcümə hallarının, bir növü təqdimatlarının yanında yer alıbdı.
Ön söz əvəzi ilə başlayan kitabda müəlliflər "Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları" mövzusunu oxucu üçün açıqlayıblar. Onlar bu ön sözdə Ulu Öndərimizin Azərbaycan əsgərinə, onun gücünə inamını, həmçinin silahlı qüvvələrimizə güvəncini və qayğısını müxtəlif prizmalardan şərh edib işıqlandırıblar. Ulu Öndərimizin əsgərlərimizlə görüşlərindən, qəhrəmanlara olan sevgisindən, şəhid ailələrinə, xüsusilə Milli Qəhrəmanların ailələrinə, valideynlərinə münasibətindən söz açıblar. Burada həmçinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının Milli Qəhrəman ailələrinin və şəhid ailələrinin qayğıkeşi kimi, onların sosial vəziyyətlərinə xüsusi diqqət göstərməsi, həmçinin bütövlükdə Azərbaycan ordusunun diqqətini müxtəlif faktlarla oxucu yaddaşında təzələyiblər. Bu kitabda mənim üçün maraqlı məqamlardan biri də "Azərbaycanın Milli Qəhrəmanı" adının təsis olunmasından tutmuş bu ada layiq görülənlərə verilən xüsusi fərqlənmə nişanının, medalın verilməsinə qədər olan bütün rəsmi prosedurların əks edilməsi də, həmçinin onların statusları da çox məntiqli bir şəkildə təqdim edilir ki, bu da Azərbaycanın Milli Qəhrəmanı adının bizə məlum olmayan tərəflərini də göstərir. Bu kitabda Ulu Öndərimizin Milli Qəhrəmanlarla, onların valideynləri, doğmaları ilə olan görüşünün fraqmentləri, fotoşəkilləri də yer almışdı. Həmin görüşlərdəki çıxışlar, səslənən fikirlər təbii ki, onda da, indi də oxucu üçün çox önəmlidi. Üstəlik, bunlar həm də bir tarixi anın rəsmiləşmiş ifadəsidi.
Yeri gəlmişkən, elə buradaca onu da xatırladım ki, kitabda təqdim edilən materialların demək olar ki, işıq üzü görməsində, hazırlanmasında "AzərTac"ın, eləcə də MQTİ Birliyinin və Vüqar Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" məlumat kitabının da xüsusi payı var. Yəni müəlliflər bu kitabı nəşrə hazırlayanda məhz həmin mənbələrdən də yetərincə istifadə etmişdilər. Ona görə də kitabın dəyəri və necə deyərlər, sanbalı da çox önəmlidi.
Son olaraq onu da xatırladım ki, şəxsən mənim üçün qəhrəmanlarımızı tanımaq, sevmək və yaşatmaq baxımından bu kitab çox önəmlidi. Düşünürəm ki, kitabın redaktoru, millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, eləcə də kitabın məsləhətçilərinin və eləcə də bu kitabın araya-ərsəyə gəlməsində xidməti olan hər kəsin zəhməti bizlər üçün bir yaxşı nümunə olmaqla yanaşı, həm də bu günün və sabahın insanlarına bir töhfədir. Hər zaman hər birimiz bu kitabı mütləq arayıb axtaracaq, bu kitabdan yararlanacağıq. Buna mənim şübhəm yoxdu.

TƏQVİM / ARXİV