SƏNƏ GÜVƏNDİYİM DAĞLAR

FAİQ QİSMƏTOĞLU
91564 | 2015-12-12 00:03
Bir kişi çətin vəziyyətə düşür. O dost qalmır ki, ağız açmasın və kömək istəməsin. Hamısı da bir bəhanə ilə aradan çıxır və kişinin başının altına yastıq qoyurlar. Kişinin də ürəyi dərddən partlayırmış. Bilmirmiş ürəyini kimə boşaltsın. Çox düşünüb-daşınır axırda gəlib çıxır qırx il dostluq elədiyi adamın evinə. Dostu bunu görəndə təəccüblənir və qaşları çatılır:
- Xeyir ola, gecənin bu vaxtında bizim qapımızı döymüsən?
Həmin kişi dillənir:
- Xeyirdi, inşallah. Bir balaca çətinliyə düşmüşəm, kimə ağız açmışam hamı məndən üz döndərib. Fikirləşdim ki, bəlkə sən mənə əl atasan.
Köhnə dostu dərindən nəfəs alır:
- Mən sənə nə nömək eləməliyəm? - deyir.
Kişi fikirli-fikirli dillənir:
- Bilirsən ki, uzun müddət mənim hər şeyim olub: evim-eşiyim, varım-dövlətim. İndi hamısı əlimdən çıxıb, özümə bir balaca koma düzəltmək üçün mənə pul lazımdır. Bu pulu da kimdən istəyirəm hamı mənim ağzımı günə verir. Ümid yeri kimi sənin yanına gəldim.
Dostunun çöhrəsinə təbəssüm qonur:
- Kişi kişiyə nə gündə lazımdır? Əgər bir dostuqsa, çörək kəsmişiksə, deməli, sənə kömək eləmirəmsə Allah bunu bağışlamaz. Heç ürəyini sıxma, bir dəqiqə gözlə, o biri otağa keçib gəlirəm. Ürəyin nə qədər istəyir sənə pul verəcəm.
Dostluğa sədaqətli olan ağsaqqal o biri otaqdan sandıqdan parçaya bükülmüş bir bağlama gətirir və kişiyə sarı uzadır:
- Bax, bu pulla ev də tikə bilərsən, hələ üstəlik əməlli-başlı bazarlıq da edərsən. Heç darıxıb-eləmə, imkanın nə vaxt olsa qaytararsan, imkanın da olmasa istəmirəm. Çünki sənin atan vaxtilə mənim dədəmi ermənilərin əlindən alıb və sağ-salamat ailəmizə qaytarıb. Heç vaxt yadımdan çıxan deyil. Bax onda atan Qriqoryana atamı qaytarmaq üçün bir ətək pul vermişdi. Qriqoryan da elə köpəyoğlu idi ki, anasının əmcəyini kəsən idi, o pulu almasaydı çətin ki, atamı geri qaytarardı.
Kişi parçaya bükülmüş pulları dostuna verdi. Dostu da qəribə bir görkəm aldı:
- Mən bilirdim ki, sən saf adamsan və bulaq kimi də təmizsən. Sadəcə olaraq səni imtahana çəkirdim ki, görüm dar gündə mənə hansı dostum arxa duracaq. Əlliyə qədər yaxın dostumu sınadım, qırx doqquzu etibarsız çıxdı və onların içərisində yeganə səni mərd gördüm. Bu pulları da götür evinə qoy. Bir daha bildim ki, sən çətin günün, ağır günün dostusan. Səninlə ölümə də getmək olar.
Təzədən dostlar süfrə arxasında əyləşdilər, çörək kəsdilər və bir-birilərinin şəninə xoş sözlər dedilər. Dedilər ki, kişini tanıdan onun mərdliyi və çörəyidir. Çox adam özünə kişi deyə bilər. Amma gərək kişi öz əməliylə təsdiq eləsin ki, o dostluğa necə sədaqətlidir. Beləcə uzun illər hər iki dostun münasibətləri və çörək kəsmələri davam elədi. Əvvəl babaları, ataları çörək kəsdilər və dostluq elədilər, sonra da övladları və nəvələri bir-biriylə münasibət qurdular, çətin və ağır gündə söykək oldularg
Bu hadisəni mənə vaxtilə rəhmətlik atam danışıb. Çünki o kişinin də çox sədaqətli dostları vardı. O dostlar ki, bir-biriylə təmənnasız və heç bir şey ummadan çörək kəsmişdilər. Amma indi zəmanə elə dəyişib ki, bu gün dostluq və qohumluq da hansısa təmənna üzərində qurulur. Varlı və imkanlı adamlar bir-biriylə kirvə olurlar, qız verib qız alırlar. Yəni qudalıq əlaqələri yaradırlar. Hamısı da təmənna üzərində. Elə ki vəzifədən gedirlər, bax o qohumluq da çox vaxtı pozulur.
İndi hər adama söykənmək və güvənmək olmur. Uzun illər yaxşılıq elədiyin, əl tutduğun adama bir dəfə ağız açırsan ağzını büzür, üzünü döndərib gedir. Düşünürsən ki, balam, mən buna nə yamanlıq eləmişəm? Çörək vermişəm, kömək eləmişəm. Yaxşılığın cavabı isə bəzən belə olur. Bax, onda adamın ürəyi əsəbindən partlamaq istəyir, amma nahaq yerə. Bu insan ki var, çiy süd əmib. Çünki ondan hər şey gözləmək mümkündür. Bu gün sənə qardaş deyən, sabah düşmən deyir və özün də məəttəl qalırsan ki, verdiyim çörəyin duzu yoxuymuş ki belə oldu. Bir də adamın gərək çörəyinin duzu olsun. İnsan var ki, birinə bir stəkan çay alırsan ömrü boyu bunu yaddan çıxarmır. Adam da var barmağının beşini bala batırıb ağzına dürtürsən, deyir ki, zəhərdi.
Bax, onda adam bilmir ki, necə çıxış yolu tapsın. Sadəcə olaraq burda qəribə heç bir şey yoxdur. Sənin güvəndiyin, arxa bildiyin dağa qar yağıb. Deməli, güvəndiyin, arxa bildiyin dağa qar yağıbsa, heç o dağa arxalanmağa və söykənməyə dəyməz...

FAİQ QİSMƏTOĞLU

TƏQVİM / ARXİV