adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Dekabr 2015 18:02
40807
MÜSAHİBƏ
A- A+

“Düşünmürəm ki, YAP Azərbaycan xalqının düşmənidir”

 


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayevin adalet.az-a müsahibəsi

 -Razi bəy, Ədliyyə naziri sənədlərinizi geri qaytardı. Bundan sonra hansı addımlar atacaqsınız?

-Təbii ki, gözləyirdik. Artıq məsələ məhkəmə müstəvisinə çıxıb və məhkəmə prosesinin vaxtı dekabrın 28-nə təyin olunub. Düşünürəm ki, ilk məhkəmə prosesi, bizim üçün uğurla nəticələnəcək. Təbii ki, əgər Əli Kərimli tərəfinin sənədləri qaytarılıbsa və məhkəməyə müraciət üçün əsas qoyulubsa, deməli bu, bizim üçün də mümkündür. Sevindirici haldır ki, artıq həm Ədliyyə nazirliyi, həm də məhkəmə səviyyəsində hüquqi təmsilçilik üçün iki təşkilat var. Artıq AXCP-nin varlığı təsdiq olunub ki, bu, bizim uğurumuzdur, ən əsası ona görə bunu uğur hesab edirəm ki, təşkilat Əli Kərimlinin yaxasından canını qurtarıb.

-Yaxın vaxtlarda mitinq keçirməyi düşünürsüzmü?

-Yox, hələki bu barədə düşünmürük. Çünki insanları boş- boşuna küçələrə çıxarıb "Azadlıq" və s. şüarlar səsləndirməklə Azərbaycanda hansısa nəticəyə nail olunacağına inanmıram. Bu, sadəcə insanlara əziyyət verməkdir. Əgər vətəndaşlardan barış mitinqi təklifi gələrsə, o zaman biz bunu nəzərdən keçirəcəyik.

-Qurultaydan sonra partiyaya axın varmı?

-Təbii ki, qarşı cəbhədən bizə gələn insanlar da var. O cümlədən marağımızdadır ki, kənardan gələn insanlar da bizə qoşulsun.

-Siz partiyanı yaradanda demişdiniz ki, biz radikal müxalifət olmayacayıq, ana müxalifət istiqamətini götürəcəyik və Azərbaycanda tamlığı təbliğ edəcəyik. Lakin sosial şəbəkələrdə sizin fikirləriniz paylaşılarkən bir növ radikal fikirlər hiss olunur. Sizin radikal müxalifətdən fərqiniz nədir?

-Təbii ki, biz ana müxalifəti təmsil edirik, lakin dünyanın bütün ölkələrində müxalifətin ritorikası yumşaq ola bilməz. O cümlədən bizim də ritorikamız radikaldır. Sadəcə faktsız heç kimə qarşı tənqid və təhqirlərə yol vermirik, heç kimi günahkar adlandırmırıq. Biz çalışırıq ki, etdiyimiz tənqid obyektiv və hüquqi çərçivədən kənara çıxmasın. Lakin hər bir tənqidin arxasında müəyyən qədər təkliflər yer alır. Çünki tənqid etmək başqadır, tənqid edib çıxış yolunu göstərmək başqa. Təbii ki, tənqidlərimizin arxasında müxtəlif təkliflərimiz də olur. Bunların sayı getdikcə artmaqdadır. Gələn ildən başlayaraq müxtəlif sahələr üzrə proqramlarımızı da təqdim edəcəyik. Məsələn, deyəcəyik ki, YAP-ın hər hansı bir sahə üzrə fəaliyyəti yarıtmazdır və biz öz radikal mövqeyimizi ortaya qoyaraq bunu qəbul etmirik. Biz istəyirik ki, başqa cür olsun və bunun üçün öz proqramımızı irəli sürəcəyik.

-Sizin sıralarınızda YAP-ıın uğurlu siyasətini dəstəkləyən insanlar varmı?

-Bilirsiniz, biz heç vaxt deməmişik ki, YAP-çılar xalqı məhv edən insanlardır, korrupsionerdirlər, Azərbaycan müstəqilliyini istəmirlər, oğrudurlar və s. Təbii ki, bunlar boğazdan yuxarı deyilmiş sözlərdir. Mən düşünürəm ki, istər YAP olsun, istərsə də qeyri-təşkilat olsun, onlar hamısı Azərbaycanı təmsil edən qurumlardır. İqtidarda olanlarla müxalifətdə olanlar hətta bir-birinə qohumdurlar. O cəhətdən bir neçə nəfərə görə, insanları tam olaraq sıradan çıxarmaq olmaz. Sadəcə iqtidarın problemi siyasi sistemin korrupsiyalaşması və oturuşmuş olmamasıdır. Buna görə mən düşünmürəm ki, YAP Azərbaycan xalqının düşmənidir. Amma YAP-ın apardığı siyasət həm də iqtisadi problemlərin yaranmasına dəlalət edir.

-Bu siyasi sistemi sizin addımlarınızla dəyişmək mümkün olacaqmı?

-İlk öncə prezident siyasi iradə ortaya qoymalıdır. Düşünürəm ki, siyasi iradə olmasa çətin ki, biz nələrəsə nail ola bilək. Müəyyən işartılar görünür ki, islahatlar vasitəsilə insanlarla məmurların təmasının aradan qaldırılması müstəvisində müəyyən işlər var. Son zamanlarda prezidentin imzaladığı sərəncamlar da onu göstərir ki, insanlarla məmurların arasındakı təmasın aşağı salınmasına çalışılır. Amma bu tam olaraq problemləri həll etmir. Ölkədə çox ciddi problemlər var. Torpaq islahatı, insanların ev tikməsi ilə bağlı sənədləşmə çox gərgin vəziyyətdədir. Məhkəmələr ədalətsiz qərarlar verirlər. Bu yaxınlarda mətbuatda oxudum ki, bir neçə məhkəmə hakimləri MTN generallarının sifarişləri ilə biznesmenlər haqqında yalnış qərarlar çıxarırlar. Bax bu siyasi sistemin özünün bəlasıdır. Hər kəsi öz partiyasına uyğun icra hakimiyyətinə rəhbər təyin edirlər. Dövlətin içərisində kifayət qədər qeyri-qanunu yolla, o cümlədən iqtidarın razılığı ilə monopoliyalar yaradılıb. Bütün bunlar ölkədə siyasi sistemin çökməsinə şərait yaradır.

-Beynəlxalq Təşkilatlar adətən ölkəyə gələndə müxalifət təmsilçisi kimi Əli Kərimlini görüşlərə dəvət edirlər. Siz həmin beynəlxalq qurumlarla görüşlərdə iştirakla bağlı nə kimi işlər görürsünüz?

-Mən deməzdim ki, Əli Kərimlinin beynəlxalq əlaqələri güclüdür. Əli Kərimlinin görüşlərdə iştirak etməsi onun uzun illər AXCP-yə rəhbərlik etməsindən irəli gəlir. Biz də hüquq təmsilçisi kimi fəaliyyətimizi artırırıq və yaxın gələcəkdə getdikcə əlaqələrimiz güclənəcək. Amma bunlardan əlavə bizim özümüzün müəyyən əlaqələrimiz var. 2016-cı ildə görəcəksiniz ki, bizim ikitərəfli hansı görüşlərimiz var, hansı müqavilələri imzalayırıq, hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, hansı beynəlxalq koalisiyalara və ya hansı siyasi bloklara üzvlüyümüz var və s. Bunlardan xəbər tutacaqsınız. Gələn ildən etibarən məlumatları ötürməyə başlayacağıq.