POLİSƏ ATƏŞ AÇANLAR...

FAİQ QİSMƏTOĞLU
73812 | 2015-12-05 09:20
... O günü səhərə qədər gözümə yuxu getmədi. İlan vuran yatdı, mən yata bilmədim. Çünki Nardaran hadisəsində şəhid olmuş iki polisimizin - Vüqar Nəsibovun və İsmayıl Tağıyevin dəfni zamanı yaxınlarının göz yaşını görəndə ürəyimə çalın-çarpaz dağ çəkildi. Özümü saxlaya bilmədim və göz yaşlarım məni boğdu. Onların valideynlərinin, doğmalarının ah-naləsi istər-istəməz mənim ürəyimin dərinliklərində iz qoydu. Düşündüm ki, bu insanların böyüdüb boya-başa çatdırdığı hər iki Vətən oğlunun günahı nə idi ki, namərd gülləsinə tuş gəldi. Onların heç bir günahı yox idi. Onlar təpədən-dırnağa bu xalqın, bu millətin övladları idi və bu dövlət yolunda da, bu xalq uğrunda da şəhid oldular. Allah hər iki şəhidimizə rəhmət eləsin, onların ruhları şad olsun!
Biz "Ədalət" qəzeti olaraq düz 26 ildir Azərbaycan polisi ilə əməkdaşlıq edirik. Onların Vətən uğrunda, Qarabağ döyüşlərində necə döyüşdüklərinin və necə vuruşduqlarının şahidi olmuşuq. Onlarla bir səngərdə döyüş mövqeyində səhərə qədər qalmışıq və səhər açılanda həmin igid polislərimizin qəhrəmanlığı nəticəsində düşmənin mövqeyi ələ keçirilib. İnanın, hər bir polisə güllə atılanda, onlar çətin anlar yaşayanda mən o dünyanı görüb gəlmişəm. Füzulidə, Qubadlıda, Zəngilanda, Laçında... Azərbaycan polisinin necə döyüşdüyünü və şəhid olduğunu gözlərimlə görmüşəm.
Bir vaxtlar "qara polkovnik" kimi tanınan Fətulla Hüseynov, Rəşid Məmmədov, Binnət Məmmədov döyüşərkən heç vaxt nə ermənidən qorxurdular, nə də ölümdən. Onların da Azərbaycan torpaqları uğrunda necə mübarizə apardıqlarını, soyuq səngərdə çətinliyə dözərək düşmən mövqelərini ələ keçirmələrinin şahidi olmuşam. Günlərlə, həftələrlə ölümün içində çarpışmışıq və Allah bizi qoruyub saxlayıb. Allah həmişə Azərbaycan polisini bu millətin və bu dövlətin yolunda apardığı mübarizədə hifz edib. Qarabağ müharibəsinin ilk günlərindən Azərbaycan torpağını elə qoruyan da polis olub. O polis ki min cür çətinliklə üzləşsə də, min cür əzab-əziyyətə qatılaşsa da Vətən məhəbbətini, dövlət sevgisini hər şeydən üstün tutub.
Düz 26 ildir biz Azərbaycan polisinin dövlətçiliyimizə necə sadiq olmasından, torpaqlarımızı necə qorumasından, cinayətkarlara qarşı mübarizə aparmasından və ictimai-asayişi qorumasından davamlı yazılar dərc edirik. Bu 26 ildə Azərbaycan polisi nələri görməyib, nələrin şahidi olmayıb. O, hər cür çətinliklə üzləşib və bu çətinliklərdən də həmişə alnıaçıq, üzüağ çıxıb.
Dövlətin və bu xalqın yolunda onlar hamısı həmişə sadiq olublar. Son nəfəslərinə qədər mübarizə aparıblar və axırda da dövlətin və millətin başının üstünü kəsən təhlükəni aradan qaldırıblar. Buna görə Azərbaycan polisinə eşq olsun deyirik! Biz gecələr evimizdə rahat yatanda, soyuq havalarda isti yataqda olanda o polislər göz qırpmadan ictimai asayişi qoruyurlar və sabitliyi təmin edirlər.
Son hadisələr bir daha göstərdi ki, polis həqiqətən də Azərbaycan dövlətçiliyinə bir daha sədaqətlidir. Nardaran hadisəsi zamanı qanunları bərpa edərkən iki polisimiz şəhid oldu. Ancaq bu şəhidlik hər bir insanda vətənpərvərlik hissini və dövlətçiliyə sədaqəti bir daha da gücləndirdi. Hadisələr göstərdi ki, Azərbaycan polisi ölkəmizdə mövcud olan bütün təhlükəni qısa zamanda və yüksək peşəkarlıqla aradan qaldırmağı bacarır.
Biz başa düşmürük nə üçün bəzi insanlar polisə qarşı belə münasibət göstərir? Təbii ki, polisə atəş açan o qədər də normal adam deyil. Bu ən yaxşı halda kriminallaşmış və cinayətkar ünsür ola bilər. Cinayətkar ünsür isə vaxtında zərərsizləşdirilməli və yerində otuzdurulmalıdır. Şükür Allaha, polis bu gün hər şeyə qadirdir və hər şeyi də yüksək peşəkarlıqla yerinə yetirir.
Dəfələrlə onun şahidi olmuşam ki, yol polisi xidmət apararkən hansısa azğınlaşmış bir insan maşını onun üstünə sürüb. Bir neçə il bundan əvvəl dekabrın 31-də YPX-nin 6-cı tağımının stasionar postunda xidmət aparan Polad adlı polis serjantı hansısa cahil bir özündənrazı insanın avtomobili yüksək sürətlə idarə etməsinin qurbanı oldu. Hansı ki Polada bir neçə gündən sonra atası toy eləməli idi. Amma Azərbaycan polisi xidmət apararkən heç vaxt məsuliyyəti unutmur və lazım gələndə cinayətkarın qabağına çıxmağı da bacarır. Yol polisinin keçirdiyi reydlərdə iştirak edərkən bunların şahidi olmuşam. Görmüşəm ki, gecə saatlarında hansısa sərxoş və narkoman sürücü qəsdən gəlib yol polisinin maşınını vurub aradan çıxmaq istəyib. Sanki bəzi insanlarda polisə qarşı bir aqressiya var. Balam, bu polis də Azərbaycan oğludur, Azərbaycan vətəndaşıdır. Sənin, mənim, bizim həyatımızı qoruyur. Nə üçün onun üstünə maşın sürürsən, silah çəkirsən və hətta atəş açmaqdan belə çəkinmirsən...
Bilmək olmur niyə bəzilərimiz belə mövqe tuturuq. Əksinə, biz ictimai asayiş pozulanda, qanunlar tapdananda onu icra edən polisə arxa durmalı, kömək göstərməliyik. Gözümüzün qabağında bir piyadanı əhlikef bir sürücü vurub qaçır və aradan çıxmaq istəyir. Amma onu görən bir vətəndaş həmin maşının nömrəsini polisə demək istəmir. Guya bu "işverənlikdir". Bəs o maşın sabah sənin özünü və doğmalarını vurub qaçanda nə edəcəksən? Onda doğmalarının qanın batanda hər şeyi anlayacaqsan və görəcəksən ki, o biri insanlar da sənin kimi cinayəti görüb gizlədirlər və deməyiblər. Bunun isə axırı yoxdur, çünki cinayət edən adam qaçıb gizlənsə də, o qanunla cəzasını ala bilməsə də, amma Allah tərəfdən nə vaxtsa cəzalanacağı şübhəsizdir.
Bu dövləti təkcə ölkə prezidenti və hüquq-mühafizə orqanları qorumalı deyil. Bu dövləti və dövlətçiliyi bizim hamımız qorumalıyıq və müdafiə etməliyik. Harda dövlətə xəyanət varsa, o xəyanətin qarşısı elə həmin an alınmalıdır. Bu gün Azərbaycan uzaqdan daha möhtəşəm, daha gözəl görünür. Bir həftə Bakıdan çıxın hər hansı xarici ölkəyə gedin. Görün burnunuzun ucu məmləkət üçün necə göynəyəcək. Çünki hara baxırsan orda aləm bir-birinə qarışıb, şəhərlər od tutub yanır, bombalanır. Loru dildə desək, it yiyəsini tanımır. Amma bizim məmləkətdə isə sabitlikdir və əmin-amanlıq hökm sürür. Məgər bu az söz deyir? Bu əmin-amanlığı, bu rahatlığı qoruyan dövlətə və oğullara Allaha kömək olsun!
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Nardaran hadisələri ilə bağlı danışarkən deyib ki, təəssüf ki, bu günədək Nardaranda bir ədəd belə silah könüllü surətdə təhvil verilməyib. Bu cənab nazirin sözləridir. Görün bizim polisimiz nə qədər humanistdir ki, hələ də gözləyir ki, Nardaranda olan kriminal qüvvələr silahı könüllü surətdə təhvil versin. Çünki silah könüllü suərtdə təhvil verərsə, buna görə həmin insanlara cinayət işi açılmayacaq. Bundan da böyük güzəşt olarmı? Bunu kimsə başa düşmürsə, təbii ki, başqa metodlardan istifadə olunmalıdır.
Gəlin bu dövləti, bu xalqı, bu milləti sevdiyimiz kimi Azərbaycan polisini də sevək və qoruyaq. Onlara atəş açmaq yox, sevgilərimizi və istəklərimizi göstərək. Axı o polislər də bayaq dediyimiz kimi, bizim qardaşlarımız, övladlarımız və yaxınlarımızdır. Azərbaycan polisi həmişə qüdrətli olub, güclü olub və bundan sonra da güclü olacaq. Çünki nazir kreslosunda dövlətə və dövlətçiliyə son dərəcə sədaqətli olan general-polkovnik Ramil Usubov əyləşib.

TƏQVİM / ARXİV