Unutmağa kimsə yox...

ETİBAR CƏBRAYILOĞLU
79338 | 2012-12-29 01:41
İlandakı fərasətə bax e, Əjdahanı necə küncə sıxışdırdısa heç xəbərimiz olmadı. Bir də ayılıb gördük ki, İlan qapımızın kandarını kəsdirib.

"Ədalət"in səhifələri həmişəki kimi Əjdaha ilində də qonaq-qaralı oldu. Ənənəyə sadiq qalaraq ilin sonuncu "Ədalət"ində həmin qonaqlarımızla olan söhbətlərimizi yada salırıq.

Əjdaha da, İlan da gəldi gedərdi, bizə qalan dostlarımız, həmsöhbətlərimiz olacaq...

Qiraətdən bədii danışmaq...

Tanınmış bədii qiraətçi, nadir ustad, ustad Nadir - Nadir Hüseynov Əjdaha ilində 60 illik yubileyini qeyd etdi. "Yaşa kişi kimi, öl kişi kimi" prinsipini həyatda özü üçün kredo seçən Nadir bəy son dövrlərdə tamadaların özlərini bədii qiraət ustası kimi təqdim etmələrindən narahatdı: "Bu gün hay-küyçülər, şoumenlər hər yanı zəbt edib. Bacardıqları qədər insanların zövqünü korlayır, sözü, şeiri urvatdan salırlar. Hərə də özünə bir ad qoyur. Lakin onların özlərini təqdim etmələrilə deyil ki... Şablon səslənməsin, xalqın gözü tərəzidi, insanlar özləri tamada ilə bədii qiraətçini yaxşı ayıra bilir".

Bəzilərindən fərqli olaraq Nadir Hüseynov yaşa dolmasını özü üçün dərd eləmir və deyir ki, hər yaşın öz gözəlliyi var. Zəngin repertuarına Füzulidən, Seyid Əzimdən, Sabirdən, Məmməd Arazdan, Musa Yaqubdan, Ramiz Rövşəndən əsərlər daxil edən bədii qiraət ustasının sözlərinə görə, bu günümüzü böyük Məmməd Arazın "Ya Rəbbim, bu dünya sən quran deyil" şeiri daha yaxşı göstərir.

"Dolu" başlayanda Komandirə baxıb düzlənək

Yola saldığımız 2012-ci ildə ekranlara çıxan "Dolu" filmi əsl hadisəyə çevrilə bildi. Artıq bəzi xarici ölkələrdə də baxılan "Dolu" tamaşaçıların rəğbətini qazanıb. Bu ekran əsəri Qarabağ uğrunda apardığımız savaşı real əks etdirdiyindən və ustalıqla çəkildiyindən maraqla izlənilir. Aqil Abbasın eyniadlı əsəri əsasında çəkilən bu filmdə rol alan bəzi aktyorlar da Əjdaha ilində bizimlə həmsöhbət oldular.

Əməkdar artist, "Yuğ"Dövlət Teatrının aktyoru Məmməd Səfa "Dolu"da Komandir obrazını canlandırıb: "Bu günə kimi teatrda və kinoda irili-xırdalı müxtəlif səpkili rollar oynamışam. "Dolu"dakı Komandir xarakterinə, daşıdığı yükünə görə çox mürəkkəb bir obrazdı. Maraqlıdı ki, əsərdə baş rol yoxdu. Həcmindən asılı olmayaraq, "Dolu"dakı bütün rollar elə baş roldu".

Məmməd Səfa belə hesab edir ki, insanlarda qələbə ruhu aşılamaq üçün "Dolu" kimi filmlərin çəkilməsinə ehtiyac var: "Qarabağ hamımızın yaralı yeridi. Biz bu gün torpaqlarımızın müəyyən hissəsini düşməndən qoruya bilməmişik. Amma gec-tez ərazimizi erməni yaraqlılarından azad edəcəyik. Çalışmalıyıq ki, bu işi özümüz həll edək, problemin həllini övladlarımıza buraxmayaq. Vətəni, torpağı işğal edən düşməni ya əzərlər, ya da elə... əzərlər. Romanın özü də məhz bu ruhu aşılayır. Aqil Abbasla bu barədə çox söhbətlərimiz olub. Aqil bəy "Dolu"nu sadəcə, yazmayıb, romanda baş verənləri yaşayıb. Həm də təkcə öz dərdini yox, hamımızın dərdini yazıb. Bütün bunları qələmə almaq qələm adamından böyük bacarıq istəyir".

Rəis olmaq çətin işdi

"Dolu"ya tamaşa edənlər filmdəki Rəis obrazını xüsusi qeyd edirlər. Milli kinomuzda tanınmış sima olan əməkdar artist Fərhad İsrafilov "Ədalət"in qonağı olarkən fikirlərini belə bölüşmüşdü: "Aqil Abbas müəllif kimi əsərdə çox dolğun obrazlar yaradıb. Quruluşçu rejissor Elxan Cəfərov da filmin inandırıcı alınması üçün çalışıb. Şəxsən mənim kinoda belə rolum olmayıb. Çalışmışam ki, obrazı təbii, inandırıcı oynayım. Bu mənim prinsipimdi. Onsuz da"artistlik" etməyi bacarmıram".

"Erməniyə" alqış?

İrəvan Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorlarından sayılan Əjdər Zeynalov öz istedadını kinoda da sübut etdi. Özü də erməni obrazı ilə. "Dolu" filmindəki erməni Levon Əjdər Zeynalovun təqdimatında dolğun və inandırıcı alındı: "Aktyor sənəti elədir ki, hamı müsbət qəhrəmanları oynamaq, teatrda, kinoda belə obrazlarla tanınmaq istəyir. Erməni roluna gəlincə... Son 20 ildə siyasi proseslər elə cərəyan etdi ki, bu məsələyə baxış bir qədər də sərtləşdi. İndi tamaşaçı səhnədə və ekranda mənfi obraz görən kimi söyməyə başlayır. "Dolu"nun quruluşçu rejissoru Elxan Cəfərovun təklifini qəbul edəndə bütün bunları nəzərə almışdım. Elə ilk söhbətimizdə Elxan bəyin Levonla bağlı fikirləri ürəyimdən oldu. Anladım ki, istedadlı rejissor ermənini karikatura kimi göstərmək istəmir. Levon da insandı, amma qəddar, azərbaycanlılara qarşı amansız olan ermənidi. O, müharibədə heç kimə, hətta öz əsgərinə də rəhm etmir".

Aktyor söyüş "payını"elə filmin premyerası zamanı alıb: "Filmin premyerası zamanı "Nizami"kinoteatrında məndən arxada oturan tamaşaçının necə söyüş söydüyünü eşitdim. Dərhal quruluşçu rejissora dedim ki, Elxan bəy, başladı, Allah sonrakından saxlasın".

Qatarın altına atılmaq bacarığı

Əjdaha ilində maraqlı həmsöhbətlərimizdən biri də əməkdar artist Kəmalə Hüseynova oldu. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Akademik Milli Dram Teatrının səhnəsinə oynadığı Gültəkin Sarabskaya obrazı ilə sözün əsl mənasında bir mədəniyyət hadisəsi yaratdı. Təsadüfi deyil ki, Afaq Məsudun "Qatarın altına atılan qadın" əsəri əsasında Mehriban Ələkbərzadənin hazırladığı tamaşa son illərin ən uğurlu səhnə işlərindən biri sayılır.

Kəmalə xanım belə hesab edir ki, bu obrazı ölkənin baş teatrının səhnəsində məhz o oynamalı idi: "İllər idi həmin qadını daxilimdə gəzdirirdim. Belə deyək də, qalırdı bircə doğmaq. Hansısa aktrisa bəlkə də ayrı-ayrı epizodları məndən yaxşı oynayardı. Amma bitkin obraz halında Gültəkini məndən yaxşı yarada bilməzdi".

Tamaşadakı Gültəkin Sarabskaya aktrisa olduğu üçün Kəmalə Hüseynova deyir ki, obrazı özünə yaxın hesab edib: "Oynamaq istədiyi rolları Gültəkinə verməyiblər. Bir aktrisa kimi Gültəkini gözəl başa düşürəm. Çünki içimdə oynamaq istədiyim obrazların qəbiristanlığı var".

Napoleonun sevgisini düşünən adam

İstedadlı rejissor Namiq Ağayevi isə həm 50 yaşı tamam olduğu üçün, həm də Akademik Milli Dram Teatrında Ferdinand Bruknerin "Napoleon" pyesinə uğurlu quruluş verdiyinə görə həmsöhbət seçmişdik. Uşaq yaşlarından Napoleonun həyatı ilə maraqlanan Namiq bəy görkəmli sərkərdənin sevgi hisslərini ön plana çəkib: "Bu gün məni Napoleonun sevgi hissləri, münasibətləri daha çox maraqlandırır. Bir rejissor kimi bu məsələyə həmişə önəm vermişəm. Sevgi yeganə hissdir ki, onu səhnədə tam göstərmək olur. Napoleonla Jozefina arasında olan sevgi macəraları bütün dünyada bir əfsanə kimi dolaşır. Napoleon sərkərdə kimi qazandığı bütün uğurlara görə bu qadına borcludu. Çünki o, ən güclü impulsu məhz Jozefinadan alıb".

2013-cü ildə də oxucularımızı maraqlı həmsöhbətlərlə görüşdürəcəyik. "Ədalət" inşallah öz ənənəsinə sadiq qalmağı bacaracaq.

Qarşıdan İlan ili gəlsə belə...

Etibar CƏBRAYILOĞLU

TƏQVİM / ARXİV