adalet.az header logo
  • Bakı 13°C
01 Dekabr 2015 18:11
37903
MÜSAHİBƏ
A- A+

“Jurnalistika insana öz duyğularının, fikirlərinin tərcümanı kimi lazımlı bir sənətdir”

"Qələmdən bir gün ayrı dursam, sanki dünyam qaralar”. Bu fikirləri bizimlə söhbətində tanınmış jurnalist, yazıçı-publisist Zemfira Məhərrəmli dedi. Ömrünün 60-cı baharını qarşılamağa hazırlaşan Zemfira xanımla 70-80-cı illərin jurnalistikasına, daha sonra Qarabağ müharibəsinin ağrılı, acılı günlərinə səyahət etdik.

-Zemfira xanım, yubiley ərəfəsində özünüzü necə hiss edirsiniz?

-60 yaş artıq ömrün müdriklik çağıdır. Hərdən özüm-özümə sual edirəm: bu illər necə keçib? İllər elə sürətlə gəlib keçib ki... Bir də gördüm ki, 60-ı haqlamışam. Çevrilib arxaya baxırsan. Düşünürsən ki, məndən nə qaldı? Nəyəsə nail ola bilmisənmi?

Kiçik yaşlarımda hər doğum günümdə qonaq-qara gedəndən sonra özüm-özümlə tək qalırdım. Fikirləşirdim ki, bir il də keçdi. Gözüm yaşarırdı. Ümumən nikbinliklə yanaşı, kövrək notlar da mənim üçün xarakterikdir. Nikbinliyimlə kövrəkliyimin arasında çox yaxın məsafə var. Çox yazılarımda da həzin kədər hiss olunur. Bilmirəm bu kövrəklik hardan gəlib çıxdı? Bəlkə, yaralı yerimiz olan Qarabağ mövzusunda çox yazdım deyə? Bilmirəm.

-Qarabağ mövzusuna müraciət etməyinizə səbəb nə idi?

-Bu elə bir mövzudur ki, ondan yan keçmək olmazdı. İllər boyu bədxah, bədnam qonşumuzun azğınlığı, xainliyi ilə üzləşmişdik. Keçən ərsin sonlarında təkrarən bu ağrılı, yaralı günlərə qayıtmağımız, yəni Qarabağ problemini yaşamağımız hər bir azərbaycanlını düşündürürdü. Qələm əhli də yazıları ilə öz sözünü deyirdi. Düşündüm ki, cəbhədə baş verən hadisələri olduğu kimi geniş ictimaiyyətə çatdırmaqla bu tale yüklü işimizə bir töhfə vermiş olaram.

-İdealınız vardımı?

-Təbii idealım var idi. Mən hər zaman səmimi etiraf edirəm ki, həmkarımız Salatın Əsgərovanın atdığı addımı o illərdə çoxları ata bilməzdi. Çox güclü bir psixoloji hiss var idi ki, getsən, qayıtmaya bilərsən, şəhid ola bilərsən. Amma qarşımızda bir Salatın nümunəsi, cəsarəti də vardı.

Ustad jurnalist, universitetin Jurnalistika fakültəsində müəllimim olmuş Nəsir İmanquliyevin yaratdığı "Bakı” və Baku" qəzetlərində çalışırdım. Düşünmək olar ki, şəhər qəzetləridir, kənara çıxmadan elə paytaxtın həyatından nəsə yazmaq olar. Ancaq o dövrdə hər gün cəbhədən həyəcan dolu xəbərlər gəlirdi. Belə gərgin anlarda çox düşünürdüm və ilk addımlarımı atdım.

O vaxtlar "Baku”da çalışan Pənah Rüstəmzadə adlı həmkarım da qaynar nöqtələrə səfər edir, mövzular gətirirdi. O illərdə mən Ağdam, Ağdərə, Tərtər, Cəbrayıldakı hərbi hissələrdə oldum. Cəbhə xəttində olarkən nədənsə gözüm çiyni paqonlu qızları axtarırdı. Hərbi geyimli qızlar məni o qədər cəlb edirdi ki... Təsəvvür edin, döyüşçü qızların əllərində avtomat, əyinlərində buşlat. Hər cür kosmetikadan uzaq, saçları çox qısa kəsilmiş(düşmən tanımasın deyə) bu qızlar oğlana oxşayırdılar.

Qəribə bir hiss yaranırdı. Kişilərin döyüşməsi başa düşüləndir. Qadınlar səngərə atılıb döyüşürsə, bu, ikiqat qəhrəmanlıqdır. Hər dəfə o qadınları görəndə onlarla söhbət etmək üçün can atırdım, söhbətləşirdik. Yaralı qızlarla hospitallarda görüşürdüm. "Döyüşə qızlar gedir”, "Qarabağda savaş var” və "Qırx qız dastanı” belə yarandı.

-İndi də həmin xanımlarla əlaqəniz varmı?

-Mən Qarabağ Veteran Qadınlar Təşkilatının fəxri üzvüyəm. İllər öncə, ilk təsis konfranslarında mənə üzvlük biletini təqdim etdilər. "Haqqımızda yazan, bizi tanıdan sizsiniz”,--deyirdilər. Bu sözlər mənim üçün qürurverici idi.

Bayramlarda, həyatımın hansısa əlamətdar günündə, bəzən isə çətinlikləri olanda zəng edirlər. Kömək edə biləndə sevinirəm. Bizim üçün xüsusi bir gün var. 8 Mart Qadınlar Bayramı günü biz şənlik keçirmirik. Bir qucaq al qərənfillə Şəhidlər Xiyabanına gedir, bu müqəddəs məkanda uyuyan şəhid qızlarımızı yad edirik.

-Ailədə sizin cəbhəyə getməyiniz necə qarşılanırdı?

-Bizim ailədə iki nəfər yaradıcı insan var. Elə olurdu ki, həyat yoldaşım Qulu Məhərrəmli çalışdığı Dövlət Televiziyasının xətti ilə, mən də, necə deyərlər, elə öz xəttimlə, ən əsası isə ürəyimizin istəyi ilə qaynar nöqtələrə yollanırdıq. Məni heç kim məcbur eləmirdi cəbhəyə getməyə. Uşaqlara baxan anam deyirdi ki, Zemfira, bəlkə getməyəsən, balaca uşaqların var. Deyirdim tez gələcəm, yazılarımla gələcəm..Sonra xahiş edirdi ki, Qulu gedəndə sən evdə qal. İkinizdə eyni zamanda getməyin.

-Qadın kimi hansı problemlərlə qarşılaşırdınız?

-Mənim o illərdən də əvvəl, gənc yaşlarımdan qadınlar təşkilatlarında təmsil olunmuşam. Onlardan biri Azərbaycan Qadınlar Cəmiyyətidir. Bu təşkilata professor Zemfira Verdiyeva rəhbərlik edirdi. O təşkilata biz Ana cəmiyyət deyirdik. Yəni sonrakı qadın cəmiyyətləri bu təşkilatdan törəyib, yaranıb. SonralarElmira Süleymanovanın yaratdığı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin üzvü oldum. BU təşkilatın mətbuatla əlaqələrini qururdum. İndiki işimin ilk cığırları sanki oradan başlamışdı.

-Elmira xanımla o vaxt tanış olmuşdunuz?

-Elmira xanımla tanışlıq ondan da əvvəl olub. Bu tanışlıq jurnalistika fəaliyyətimlə bağlıdır. O zaman Elmira xanım AMEA-nın Neft və Kimya Prosesləri İnstitutunda çalışırdı. Alim qadınlar haqqında yazı hazrlamağa getmişdim. Onunla ilk dəfə orda tanış oldum. 8 mart bayramı ərəfəsi idi. Mən o zamana kimi Elmira xanım haqqında çox eşitmişdim. Onun yanına gələndə dedi ki, bizdə 3 elmlər doktoru xanım var. Əgər onlar haqqında da yazacaqsınızsa, mən sizə müsahibə verərəm. Mən hər üç alim xanım haqqında yazaraq qəzetimizdə dərc etdirdim. Elmira xanımla xoş ünsiyyətimiz belə yarandı.

-Ombusman Aparatındakı işinizdən razısınızmı?

-Əlbəttə. 2002-ci ilin 2 iyulunda Elmira Süleymanova Milli Məclisdə üç namizəd arasından ölkənin ilk Ombudsmanı seçildi. Təsisat yarananda Elmira xanım məni Mətbuat xidmətinin rəhbəri vəzifəsinə dəvət etdi, mən düşündüm və qərar qəbul etdim. Az sonra işə başladım.

Ombudsman çox işlək bir qurumdur. Ölkənin ilk Ombudsmanı çalışır ki, insan hüquqlarının müdafiəsi sahəsində daha çox irəliləyiş olsun. Təsisatımızda əhalinin bütün quruplarının hüquqlarının təmin olunmasına diqqətlə yanaşılır. . Mən bu işə başlayanda Mətbuat xidməti institutu yenicə yaranırdı. Örnək axtarırdıq. Yoxdan var yaradırdıq.

Ən çevik KİV-lə əməkdaşlıq edirik. Hər zaman çevikləri axtarıb tapırıq ki, yaydığımız məlumatlar daha çox çatımlı olsun. Digər Mətbuat xidmətlərindən bir özəlliyimiz də var. Sayı az qala dörd minə çatan press relizlərimiz əməkdaşlarımız tərəfindən ingilis dilinə çevrilərək nüfuzlu beynəlxalq qurumlara göndərilir.

-Niyə məhz jurnalistika?

- Süleyman Rəhimovun "Mehman" povestini oxuyandan sonra düşünürdüm ki, hüquqşünas olum. Hər zaman haqq-ədalətin bərqərar olmasını istəmişəm. Ancaq sonradan ədəbiyyata olan həvəsim, bu yöndə bilgilərim artdı. Qərara gəldim ki, jurnalist sənətini seçim. Jurnalist olmaq arzum önə keçdi. Hər zaman düşünürdüm

ki, jurnalistika insan duyğularının, fikirlərinin tərcümanı kimi lazımlı bir sənətdir. Çox kiçik siniflərdən məqalələr yazmağa başladım. 9-10-cu siniflərdə artıq yazılarım çap olunurdu. "Baki” və "Azərbaycan gəncləri” qəzetlərində. Sizə deyim ki, bu sahəyə var gücümlə istəyib gəlmişəm. Son nəfəsimə qədər, lap pensiyaya çıxsam, nə bilim başqa işlə məşğul olsam da, o yazı-pozudan kənarda qala bilmərəm.

-Yaradıcılığınızla bağlı məlumat verərdiniz..

-"Oyuncaq" kitabım çap olunub. Povest və hekayələrim, esselərim və mənsur şerlərimdən seçmələr bu kitabda yer alıb. Bir gün yazılarımı görkəmli tənqidçi Vaqif Yusifliyə göstərdim. Onun fikirlərini öyrənmək mənim üçün olduqca vacib idi. Vaqif müəllim yazılara baxandan sonra mənə müsbət cavab verdi.

Səmimi etiraf edim ki, ədəbi yaradıcılığımda bir telefon zəngi mühüm rol oynayıb. "Bakı” qəzetində işlədiyim zaman xalq şairi Hüseyn Abbaszadə mənə zəng etdi. 1997-ci ilin aprel ayı idi. Dedi ki, qızım mən sizin telefonunuzu xalq şairi Qabildən almışam. Onun əlində mənim ”Döyüşə qızlar gedir” kitabımı görübmüş. Sonradan bu kitabdakı sənədli hekayələrimi oxuyub və bəyənib. Böyük Vətən Müharibəsinin odlu yollarından keçən, sonradan "General” və "Qayıdanlardan biri” romanlarını qələmə alan yazıçımız məsləhət gördü ki, bədii yaradıcılığa başlayım. İnanın, məni əmin elədi ki, sizdə gözəl alınacaq. Ondan sonra bədii yaradıcılıqla məşğul olmağa başladım. "Ulduz", "Azərbaycan”,”Yazıçı qadınlar” jurnallarında, "Söz”dərgisındə,"Ədəbiyyat", "525-ci qəzet”, "Kaspi" və "Mir literaturı” qəzetlərində yazılarım dərc edilirdi.

-Siz həyatda daha çox nəyə sevinirsiniz?

- Mən nəyə sevinirəm? Hansısa kiçik uğuruma çevrəmdəki insanlar sevinəndə mənim ömrüm uzanır. Ümumiyyətlə, insana dəyər verilməsi mühüm amildir. İnsan hər zaman öz dəyərini almalıdır.

-Qulu müəllim sizin yaradıcılığınızda baryer rolunu oynayıbmı?

-Tələbə yoldaşım, ömür-gün yoldaşım Qulu Məhərrəmlinin böyük dəstəyini həmişə hiss etmişəm. Xüsusən ilk kitabım çap olunanda mənə yardımçı oldu.

və mənəvi cəhətdən hər zaman mənə dəstək olub. Kitablarım Türkiyədə və Rusiyada nəşr ediləndə də çox böyük köməyi olub. Onu da deyim ki, Sank-Peterburqda kitabımın çapı zamanı böyük çətinliklərlə qarşılaşdıq. Deyirdilər ki, bu kitab Qarabağ müharibəsi barədədir, konflikt yarada bilər. Sanki erməni şovinistlərinin qəzəbinə tuş gəlməkdən çəkinirdilər. Ancaq bu işdə diasporumuz bizə çox kömək etdi.

-Zemfira xanım, hər bir yaradıcı insanın ilham pərisi olur. Sizin ilham pəriniz nədir?

- O barədə xüsusi düşünməmişəm.Gözəl musiqini, mütaliəni sevənəm. Mübariz ruhlu musiqi məni qələmi götürüb yazmağa vadar edir.

-Müasir jurnalistikanı necə dəyərləndirirsiniz?

-Jurnalistika təhsili məni düşündürür. Bu məsələ diqqətimizdə olan məsələdir. Bəzən gənclərin "hüquqşünas olmaq istəyirdim, balım çatmadı, jurnalist oldum” kimi fikirlərinə rast gəlirik. Bu, günümüzün həqiqətləridir.

Azərbaycan Dövlət Universitetinə(indiki BDU) qəbul olunduğumuz 1973-cü ili göz önünə gətirirəm. 50 yer uğrunda 1000-dən çox abituriyent mübarizə aparırdı. O vaxtlar test üsulu yox idi. 4 imtahanın hər birindən 4 qiymət alan neçə gənc bu fakültəyə qəbul oluna bilmədi. Bu müsabiqəyə qanı- canı ilə jurnalist olmaq istəyənlər qatılmışdı.

Fəxr edirəm ki, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Qulu Xəlilli, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Yalçın Əlizadə, Cahangir Məmmədli kimi müəllimlərdən dərs almışam.

Qeyd edim ki, bu gün jurnalistikamızda ümid verən gənclər çoxdur. Bütün bunlara baxmayaraq, problemlər də qalmaqdadır. O zaman baş redaktorumuz N. İmanquliyevin yaxşı bir sözü var idi. Deyirdi ki, yazını gərək elə yazasan ki, sim kimi cingildəsin. İndi isə dil qaydalarının pozulması yaralı yerimizdir. Özüm təmiz üslubun tərəfdarı olduğumdan bəsit, cılız, qrammatik qaydalara riayət edilməyən yazılara düşmənəm. İnanın bütün yazılarıma divan tuturam.

-Son olaraq nə demək istəyərdiniz?

-Müsahibə üçün təşəkkür edir,  "Ədalət” qəzetinin kollektivinə yaradıcılıq uğurları arzulayıram.     

 Ədil Ədilzadə