adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Dekabr 2016 09:17
21571
ƏDƏBİYYAT
A- A+

Xalq şairi Məmməd Arazın anım günüdür

Dekabrın 1-i Azərbaycanın Xalq şairi, tərcüməçi-publisisti, Əməkdar incəsənət xadimi Məmməd Arazın anım günüdür. Azərbaycan oxucusu tərəfindən ən çox müraciət olunan, sevilən şairlərindən biri, ən əsası həqiqətən də ümumxalq şairi olan Məmməd Arazın bu gün haqq dünyasına qovuşduğu gündür: şair 2004-cü il, qışın ilk günündə 71 yaşındaykən aramızdan cismani olaraq ayrıldı, adı, yaradıcılığı, məktəbi isə bu dünyada, ədəbiyyatımızda, tariximizdə qaldı.  

Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini işləyib. 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.

Məmməd Araz vətənə, xalqına bağlı olan və bu məhəbbətini ürək yanğısı ilə qələmə alan sənətkarlardan idi. Xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları, Azərbaycan Respublikasının İstiqlal ordeni (1995) ilə təltif edilib. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatı olub (1992). Onun adına "Məmməd Araz" mükafatı təsis olunub (1993-cü ildən). Amma bütün yaradıcılığı boyu xalqına, adət-ənənələrinə, dərd-sərinə söykənən şeiriyyatı dəfələrlə yüksək səviyyədə mükafatlandırılsa da, onun qəlbən ən böyük mükafatı aid olduğu millətinin sevgisi, sayğısı idi:

Heç bir mükafatın yetmədi mənə,

Bircə "sağ olun" da bəsimdi, Vətən!

Bəsimdi, hər səhər təltif yerinə,

Qapımda küləyin əsibdi, Vətən!

 

Allah rəhmət eləsin!