adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
30 Noyabr 2015 18:00
3970
MƏDƏNİYYƏT
A- A+

Muzey işçilərinin ümumrespublika müşavirəsi keçirilib

Muğam Mərkəzində muzey işçilərinin ümumrespublika müşavirəsi keçirilib. 

Adalet.az-ın məlumatına görə, tədbirdə muzey sahəsində görülmüş işlər, mövcud çatışmazlıqlar və qarşıda duran vəzifələr müzakirə olunub. 
 
Müşavirədə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasının bölgələrin mədəni həyatına müsbət təsir göstərdiyini, yerlərdə yeni muzeylər, musiqi məktəbləri, mədəniyyət mərkəzləri və kitabxanaların istifadəyə verildiyini bildirib.
 
Qeyd olunub ki, muzey işinin inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir: "Bu gün ölkəmizdə mövcud olan muzey işinin müasir standartlar səviyyəsində qurulması üçün müvafiq tədbirlər görülür. Paytaxtımızın yeni rəmzlərindən olan Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi kimi möhtəşəm binalar inşa olunub. Bu müasir mədəniyyət və memarlıq incilərimiz paytaxtımıza gələn turistləri də özünə cəlb edir. Bundan başqa, paytaxtımızdakı Milli İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyi, eləcə də regionlarda olan tarix-diyarşünaslıq muzeyləri də turistlər üçün maraqlı məkanlardır. Onları bu məkanlara cəlb etmək üçün işləmək lazımdır. Muzey işi günün müasir tələblərinə uyğun qurulmalı, mədəni turizmin tərkib hissəsi kimi inkişaf etməlidir”.
 
Müşavirədə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylər, onların fondları, görülən işlər, qarşıda duran vəzifələr haqqında geniş məlumat verib. Bildirib ki, hazırda nazirliyin tabeliyində 219 muzey fəaliyyət göstərir. Burada 13 incəsənət, 7 ədəbiyyat, 71 tarix-diyarşünaslıq, 6 döyüş şöhrəti muzeyi, 60 Heydər Əliyev Mərkəzi, 48 ev-muzeyi, 13 ictimai profilli muzey və bir alman irsi mərkəzi daxildir.
 
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxışında bildirib ki, muzeylər turizm sənayesinin inkişafına öz töhfələrini verməlidir. Mədəni turizmin inkişafında muzeylər bir neçə istiqamətdə iş apara bilər. Turizm xidmətlərinin keyfiyyəti və turizm məhsullarının mövcudluğu baxımından işlərin həyata keçirilməsi muzeyin maddi-texniki bazasının səviyyəsi, işçi heyətin peşəkarlığından asılıdır.
 
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Samux rayonunda yerləşən Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, Beyləqan rayonu Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova çıxış edərək görülən işlər, əldə olunan nəticələr və mövcud problemlərdən danışıblar.
 
Müşavirəyə yekun vuran Ə. Qarayev qarşıda duran vəzifələr və mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.