adalet.az header logo
  • Bakı 11°C
30 Noyabr 2015 15:45
263777
MODA
A- A+

Niyə moda real həyatdan uzaq olur? - ekspert cavabı

Moda dəfilələrində qəribə, hətta gülməli geyimli modellərə sıx-sıx rast gəlinir. Baxıb bir şey anlamayanda "Siz bilməzsiz, bunu ancaq bu sahənin insanları anlaya bilərlər” deyərək, eynən kətan üzərində cızma-qara edib hər hansı bir cərayan adı altında onu tamaşaçılara sırıyan rəssamlar kimi danışırlar. Əslində incəsənət hər kəs tərəfindən anlaşılmalıdır, çünki bu gözəl sənət müəyyən qrup üçün yaradılmayıb. 

Bəs moda və rahat geyim bir-biri ilə üst-üstə düşürmü? Bu suala əsrlərdir ki, cavab tapılmır.



Əsrlər öncəki korsetlər, hündür pariklər, yay-qış taxılan əlcəklər rahat geyim idimi? Əsla, təkcə o korsetlər bəs idi ki, həm sağlamlığa, həm də rahatlığa dağ çəksin. Amma "moda qurban tələb edir” klişəsi həqiqətən də bütün zamanlarda keçərli olub. Bugünkü gün də istisna deyil. Modelyerlər qışın günündə basanojka ilə kürk geyindirib, şifon ətəklə uzunboğaz çəkmə nümayiş etdirirlər. Təsəvvür edin, Bakının qışında aşağı-yuxarı nahamar səkilərdə xəz paltolu "madonna” basanojka ilə yeriyir... Görüntü kənardan məzəli şəkil alsa da, xanım üçün acınacaqlı bitər. Xoş, "madonnanın səkidə nə işi var?”- deyə burada haqlı müdaxilə edə bilərsiniz.  

Bəs niyə zövqün, gözəlliyin əyani nümayişi sayılan böyük moda real həyatdan uzaq olur? Bu sadəlövh sualın cavabını ekspertlər müxtəlif cavablandırıblar. Öncə əcnəbi ekspertin fikri ilə tanış olaq:

Beynəlxalq moda şərhçisi Aleksand Xilkeviç deyir ki, moda əsasən zəngin adamlar tərəfindən yaradılır. Onlar isə ağır torbalarla bazardan evə avtobusda getmirlər, bütün günü ayaq üstə çalışmırlar, pul qazanmaq dərdində deyillər, metroda itələşmirlər, dayanacaqlarda üşümürlər və s. Narahat paltarlar onlar üçün sadəcə müəyyən bir məkanda bir neçə saat özlərini göstərməyə lazımdır. Sonra isə lüks evlərində ayaqlarını uzadıb, xidmətçinin qulluğundan zövq alacaqlar. Bəs niyə moda zənginlər üzərində yaradılır? Aydın məsələdir: pulu kim verirsə, musiqini də o sifariş edir...    



Yerli modelyer Gülnarə Rəhimova isə fərqli fikirdədir. Onun sözlərinə görə, praktiki olmayan, anlaşılmaz moda bilərəkdən yaradılır. Sanki moda həvəskarları arasında seçim aparılır: "Məlum məsələdir ki, hər adam çılğın modaya cəsarət edə bilməz. Mavi rəngli saçla, qışda basanojka ilə, yayda kürklə gəzmək üçün modanın dəlisi olmalısan. Ətraf düşüncələrə fikir verməməlisən. Yalnız daha etinasız olanlar, çılğın təxəyüllü insanlar belə modaya hazır ola bilər ki, iri şirkətlər də əslində onlar üçün işləyir. Çünki bu modabazlar onların "ştatdankənar” işçiləridir, dünyanın hər tərəfinə səpələnmiş təmsilçiləridir. Məhz belələrinin arasından vitrin, dəfilə, dərgi fotosessiyaları üçün istifadə olunur”.

G. Rəhimova həmçinin bildirir ki, moda nə qədər orijinal və qəribə olarsa, bir o qədər onun ətrafında hay-küy yaranar. Bu zaman fərq etməz onu tərifləyib, ya tənqid edirlər: "Necə deyərlər, anti-reklam da elə reklamdır. Hər iki halda modelyerin əl işi yaddaşlarda qalacaq. Böyük modada belə bir fikir var: "Nə qədər qorxuncdursa, bir o qədər dəblidir”. Çılğın modabazlar qəribə dəblərdən həm də ona görə istifadə edirlər ki, kütlədən seçilsinlər. Daha asan yadda qalsınlar, onlardan danışılsın”.

Modelyer tövsiyə edir ki, ən yaxşısı fantaziyanı işə salıb bu qəribə modanı adi həyatla uyğunlaşdırmaqdır. Yəni müəyyən hisslərini çıxmaq şərti ilə orijinal görünmək mümkündür.


Şəfiqə ŞƏFA