adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Noyabr 2015 14:26
4199
SİYASƏT
A- A+

Rövnəq Abdullayev İranda görüşlər keçirib

Noyabrın 28-də SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri İran İslam Respublikasında səfərdə olub. Adalet.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, heyət bu ölkənin neft müqavilələri ilə əlaqədar Tehranda keçirilmiş konfransda iştirak edib. Tədbirdə İranın neft naziri Bijən Namdar Zəngəne, prezidentin hüquqi məsələlər üzrə müavini xanım Elham Əminzadə, neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi açılış nitqləri ilə çıxış ediblər. 

Daha sonra konfransda İranın neft-qaz yataqlarının işlənilməsi proqramlarının həyata keçirilməsi və hasilatın artırılması, neft-qaz sənayesində investisiya imkanları məsələləri ətrafında çıxışlar dinlənilib, təqdimatlar olub. İran neft sənayesinin mövcud vəziyyətini, imkanlarını və potensialını əhatə edən 50-dən artıq yeni neft-qaz layihəsinin təqdimatı keçirilib. Konfransın işində SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. 

SOCAR prezidenti Rövnəq Abdullayev İran İslam Respublikasına səfəri çərçivəsində İranın neft naziri Bijən Namdar Zəngəne və neft nazirinin müavini, Milli Neft Şirkətinin (NİOC) prezidenti Röknəddin Cavadi ilə görüşlər keçirmib. Hər iki görüşdə İran tərəfi SOCAR nümayəndə heyətinin konfransda iştirakından məmnunluq duyduğunu qeyd edib. İranın neft naziri ölkəsinin qonşu ölkələrlə və xüsusən, Azərbaycanla əlaqələrinin genişləndirilməsinin ümdə əhəmiyyət daşıdığını vurğulayıb. SOCAR prezidenti Rövnəq Abdullayev şirkətin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi layihələr, o cümlədən, "Şahdəniz” layihəsinin işlənməsinin ikinci mərhələsi üzrə aparılan işlər barədə məlumat verib. Görüşlər zamanı İranda həyata keçirilməsi planlaşdırılan potensial layihələr haqqında fikirlər səsləndirilib, müzakirələr aparılıb. Layihələrin həyata keçirilməsi üçün müvafiq hüquqi və kommersiya şərtlərinin vacibliyi, sərmayələrin qorunmasının, münbit investisiya mühitinin təmin olması və s. məsələlər ətrafında fikir mübadiləsi olub. SOCAR və NİOC arasında bir sıra istiqamətlər üzrə, o cümlədən, əlverişli coğrafi mövqeyi nəzərə almaqla neft-qaz həcmlərinin svap əməliyyatları, neft-qaz treydinqi məsələləri, hər iki ölkədə və üçüncü ölkələrdə kəşfiyyat və hasilat layihələri, neft-kimya layihələri və s. sahələr üzrə mümkün əməkdaşlıq istiqamətləri geniş müzakirə edilib. 

SOCAR prezidenti Rövnəq Abdullayev İrana səfəri çərçivəsində konfransda iştirak edən Malaziyanın "Petronas” şirkətinin prezidenti Datuk van Zulkiflee van Ariffin ilə də görüşüb. Görüşdə "Petronas” şirkətinin iştirakçı olduğu "Şahdəniz” layihəsi çərçivəsində görülən işlər və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.