adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Fərhadın heykəli

2856 | 2015-11-28 10:33
Vağzalda - perronda rastlaşdılar. İllərin qonşusu olmuşdular. Rasim təzəliklə qəsəbənin qurtaracağında həyət evinə köçmüşdü: - Ağamusa, - dedi. - Haçandan səni görmürəm. Evdə-eşikdə salamatlıqdı?
Ağamusa qonşusunun isti sözlərindən xoşlandı, sevindi. - Şükürlər ki. - Barmaqları arasında sıxdığı siqareti yandırdı, qullab vurdu. - Xeyir ola, Rasim, sən də qatarla Bakıya? - Rasim dilləndi:
- Yox, Bakılıq işim yoxdur. - Cavab verdi. - Uşaq xəstədir, bəlkə operasiya oldu. - Bir siqaret ver, darıxdım. - Ağamusa çənəsini sıxdı, tüklü üzünü qaşıdı. - Bəs sən? Yır-yığışdan nəsə var.
- İş dalınca, nə qədər sayğacın dalında oturarlar? - Astadan dedi. - Ali təhsilli adamam.
- Çox çətin işə qoşulursan. İndi tanışsız, pulsuz adama salam da vermirlər. Başqa planetdən gəlmisən? Rasim, başını sal aşağı, barmağını oynat. - Siqaretə qullab vurub qoşa relslərin ortasına tulazladı. - Skamyada oturaq. Qılçam ağrıyır.
Ağamusa bir söz demədi, boş skamyada əyləşdi, çamadanı öz tərəfinə qoydu. - İkinci dediyin yoxumdur, birincisi şükürlər. Qohumdur, yaxındır, canlara dəyən oğlandır. Heç vaxt ona işim düşməyib. Əslində atamın qayğısı çox olub ona. - Özündənrazı birbaşa söylədi ürəyindəkiləri. Bir az rahatlandı.
Ağamusa texnikum təhsilliydi, məktəbdə təsərrüfat müdiriydi, hamı onu "Sovxoz Ağamusa" çağırırdı. Bundan həzz alırdı, öz-özünə pıçıldayırdı: "Sovetdən yadigardır, camaat unutmayıb" və çiynini oynadırdı. Sonbeşiyinin xəstələnməsi kefinə soğan doğramışdı. Xəstə deyildi, məktəbdə qıçı çatlamışdı. İdman dərsində olmuşdu. Həkim xəbərdarlıq eləmişdi ki, bıçaqlıq iş var. Amma ehtimalla nəticəyə gəlmişdi ki, bu, pul tələsidir, qıçında ciddi bir şey yoxdur. Onu xəyaldan Rasimin səsi ayırdı.
- Yaxşı yol arzula, köhnə qonşu. - Ağamusaya üzünü tutdu. - Yorulmuşam qəsəbədən, çevir tatı - vur tatı. Köhnə adamlar, köhnə binalar, köhnə yol, mənim də köhnə "Jiquli"m. Bakıdır. Bir də niyə qohumumdan istifadə etməyim. Nazir müavinidir. - Siqaretin birini də yandırdı.
- Tanıyıram onu. Bir qəsəbədən döyülük? İki-üç yaş fərqimiz var! Atası bu yaxınlarda ölmədi?!
Rasim başıyla təsdiq elədi. Ağamusanın unutmadığına sevindi, xüsusilə, diqqətliyinə: - Qohumum canlara dəyən kişidi. Mən də elə-belə adam deyiləm. Bakıda işləyənlər məndən ağıllıdılar? - Ürəyinnən keçirdi, hələ xəyali söhbət etmək istəyirdi, perrona parovozun fiti yayıldı. Yük qatarıydı gələn.
- Darıxma. - Ağamusa Rasimə sarı qanrıldı. Ayağa qalxdı, belini düzəltdi. Yavaş-yavaş perrona gələnləri süzdü. Təbii ki, əksəri tanıdıqları adamlardı. Biri müəllim idi, dissertantdı, tez-tez Bakıya yolu düşürdü. - Ağamusa bəzən bu orta yaşlı subaya sataşırdı: - Sən allah, elmə axın xatirinə gəlirsən, yoxsa həvəsinlə?
Söz dissertanta toxunmurdu, cavabında deyirdi ki, əlbəttə, marağımla, rəhbərim tanınan professordur. - Ağamusa soruşurdu ki, subaylığına günahkar elmindir, sonra peşman olarsan. Ailə qur, yenə yaz-poz da! - İnsafən susurdu. Ağamusa güldü öz-özünə, yazığı gəldi ona, amma son sözü təsir eləmişdi dissertanta: - Alimlər tamadalıq eləyir restoranlarda, sünnət məclislərində. Bizim qəsəbəmizin əməkdar tamadasını sən də tanıyırsan. - Söz onu tutmuşdu.
Rasim də ayağa qalxdı, üst-başını çırpdı. Perronun başlanğıcında dayanmış elektrovoza nəzər saldı. Lap uşaqdı, qara, düdkeşindən ağ tüstü havaya buraxan parovoz gözünün qabağına gəldi. Təkərləri relsləri əvvəlcə sürtürdü, döyəcləyirdi, sonra nazik fit verirdi. Qırmızı furaşkalı stansiya növbətçisi qırmızı lülə kolbasaya oxşar bayraqcığı yuxarı qaldırırdı, maşinist bunu görüb qatarı hərəkətə gətirirdi. Nimdaş vaqonlar bir-birinnən yapışıb, parovozun dalısınca qaçırdılar mazuta bulaşmış qoyunlar kimi. Uşaqlıq yaddaşı onu kövrəltdi. Evləri stansiyaya yaxın olduğu üçün qatarlar ona doğma görünürdü. Evlərinin hər gün "qonağı" olurdu, parovozların fit səsi, relslərin ah-nalə ilə qışqırması.
- Rasim. - Ağamusa əvvəlki söhbətə qayıtdı. Bakıda baş çıxarmaq asan deyil, yaşamaq mənasında. Qaçqınlar dolub şəhərə. Amma yerli əhalidən yaxşı yaşayırlar, dükan-bazarları öz yerində. - Ağamusanın çiyinləri titrədi. Rasim köhnə qonşusunun bu adətinə bələddi. - Gülməli bir şey yoxdu, əllərini torpaqdan üzəndə nəsə iş görməlidilər. Asan dərd deyil, Ağamusa. - Rasim oturdu, saatına baxdı. - Qonşu stansiyadan çıxıb qatar, - dedi.
Dissertant onları görüb yaxınlaşdı, salam verdi. Qara qovluğunu skamyada boş yerə qoydu. Ağamusa ərkyana dilləndi:
- Dissertasiyadır, eləmi? - Əliylə qara qovluğu əlləşdirdi. - Hə, doludur. Müdafiəndə bizi dəvət edəcəksən. Bütün kollektiv gül dəstəsiylə hüzurunda hazır olar. - Susdu. - Amma evlənmirsən də, bilmirəm səbəbi nədir? - Şübhəli eyhamla Rasimə baxdı. - Alimlik mənimçin ailədən üstündür! - Yarıciddi, yarızarafat dissertant cavab verdi.
Söhbət uzanardı, qəfil fit perrona yığışmış sərnişinləri diksindirdi. Elə bir "trevoqa" idi. Ağamusayla Rasim özlərini qaydaya saldılar. Rasim çamodanı sol əliylə qaldırdı. - Vaqonumuz birdir. - Yol yoldaşıyıq. Dissertant onlardan ayrıldı, Ağamusa ilə görüşəcəyini dedi.
Qatar sürətini artırırdı. Qəsəbə arxada qalmışdı. Kəndlərin dəmir yoluna yaxın süni göllərin üzərində qutanlar aman vermirdi. Bu qarınqulu quşlar suya cumur, standart ölçülü balıqları bir andaca uzun, enli dimdiklərinə keçirib boğazlarına ötürürdülər. Ağamusa bu ziyankar quşlara heyrətlənirdi və özlüyündə bəzi adamların iştahı ilə müqayisə aparırdı: - "Dinc, zəhmətkeşlərə aman vermirlər. Bunlar bir yana, bələdiyyə, sahə müvəkkili də bir tərəfdən sökürlər. Hələ rayon icraiyyəsinə gedib çıxır". - Ürəyindən keçirdi, dodaqaltı pıçıltısına Rasim reaksiya verdi. - Nə danışırsan öz-özünə, ay Ağamusa. Köhnə yuristsən. - Pəncərənin ağ pərdəsini öz tərəfində düyünlədi. - Qutanlar bəladı, qarınları doymur, hey otururlar. Amma qorxacaqları var ey. Vurub göldə asanda bir gün yaxına gəlmirlər. Sonra başa düşürlər ki, aldadırlar onları.
Ağamusa qatladığı qəzeti açdı. Əliylə üzünə sığal çəkdi. Məqalə başlıqları aydınca oxundu. İşə bax ki, bir fotoşəkildə qutanlar insanlara, yəni gölün ətrafına toplaşan balıqçılara hücum edirlər. Fotonun altında yazılıb ki, göldən balıqları sahibləri torla yığışdırıb, öz müştərilərinə satırlar. Bunu hiss edən qutanların başqa çarələri qalmayıb.
Rasim yaxşıca güldü. Qəzetin bu yerini özünə tərəf fırladı, gözucu baxdı. - Bunlar xarici qutanlardır, onlar öz hüquqlarını müdafiəyə elə bilirlər. Balıqçıları da demokratikdir. Yoxsa bizim qutanlar! Mağmındılar, birini öldürəndə qaçırlar, bir sutka gözə dəymirlər.
Ağamusa belə müqayisəni Rasimdən gözləmirdi. Və ona ləzzət verdi. Amma ev-eşiyi buraxıb Bakıya qohumuna pənah gətirməsini qəbul etmirdi: - Başı əhləd daşına dəyəndə başa düşəcək. Sadəlövhdür, məktəbdə oxuyanda da onu asanca aldadırdılar. Hara üz tutursan, ay mənim keçmiş qonşum. Başını salıb aşağı, çak-çukunu eləsənə. Uşaqlarını pis-yaxşı böyütsənə. - Ürəyi çırpındı.
Göllər qurtarmışdı. Rasimi yuxu basırdı, başı əsirdi. Və birdən onu yuxu apardı. Ağamusa qərara gəldi ki, onun tək buraxmasın, yazıqdı. Bakını yaxşı tanımır, həyan olar, Allah eləsin işi alınsın. Balaca vəzifə döyül. Əslində su içmək kimidi. O da bir-iki şey alar evə. Uşağın həkiminə deyər, gələsi olmadım, bir bəhanə tapar. Uşaqdan vacibi köhnə qonşusunu müşayiət etməkdi. Yatmağı lap yerinə düşdü. O da yatar, ayılanda deyər ki, yatıb qaldım. Olar da, Ələt stansiyasını keçirik. Və bu proqnoz özünü doğrultdu. Qatar Bakıya yaxınlaşanda səhər açılırdı. Vaqondakı sərnişinlər yuyunur, bələdçi qadının dəmlədiyi çaydan içirdilər. O da iki stəkan sifariş verdi. Rasimi dümsüklədi, oyatdı. Rasim gözlərinə inanmırdı. Ağamusa çaydan hortdadırdı.
- Yatıb qalmısan? - Sual verdi.
- Hə, keçib, səninlə gəzərəm, bir qayıdarıq. İşin alınar muştuluğu mən alaram. Çayını iç. Biləcəridir. Burda həmişə gecikir.
Rasim yuyunub yerində əyləşdi. Qara milçək onu hövsələdən çıxarmışdı. Hey üzünə ilişirdi. Qəzeti bürmələdi, milçəyin gəlişini gözlədi. Milçək duymuşdu təhlükəni. Pəncərəyə qonmuşdu, Rasim qəzetlə onu qaraladı. Zərbədən milçək şüşəyə yapışdı. - Budur canın. - Ağır bir işin öhdəsindən gələn adam həvəsiylə dilləndi. - Zəhrimar, evdə də imkan vermirlər. - Ağamusa, - dedi Rasim. - Bu milçək səncə şəhərlidir? - Söz Ağamusaya toxunmadı.
- Bizim qəsəbədə minib, - dedi. - Biletsizdir, ona görə öldürdüm. Yoxsa pravadnik onu Biləcəridə düşürəcəkdi.
Elektrik qatarı Bakının yoluna keçdi, sürətini azaltdı, nəfəsini sıxdı və dayandı.
Rasim çemodanı sol əlinə götürdü. Bələdçi dayanan yerə gəldilər. Sıxlıq yoxuydu. Yuxulu gözlər çoxuydu. Perrona düşdülər. Hambalların dəmir arabacıqlarının səsi eşidilirdi. Bir hambal Rasimə tərəf yaxınlaşdı, arıq, ixtiyar kişiydi. - Xidmətimizdən istifadə etmək istəsəniz, hazırıq. - Çox quru və ədəbi dildə bu sözləri dedi. Sərnişindən bir reaksiya görməyib uzaqlaşdıg
Nazirlik məşhur Hökumət Evində yerləşirdi. Bunu Rasim bildirdi. İş vaxtilə qatarın Bakıya çatması təxminən eyni vaxta düşürdü. Bu, yaxşı idi, birbaşa gəldilər. Polis onları sorğu-suala tutdu, gəlişlərinin səbəblərini soruşdu, kimliklərinə baxandan sonra içəri buraxdı. Sağ tərəfdə iri yeməkxana hələ yerindəydi. Quruluşu dəyişmişdi. - Gəl baxaq, Rasim, - dedi Ağamusa. - Xatirələrim var. - Bir addım içəri girdi. Səhər yeməyinə bir-iki nəfər oturmuşdu. - Tələbə olanda texnikumumuz bura yaxın idi. Stolların üstündə təzə ağ qalac bol-bol. Havayı. Nahara özümüzü yetirirdik. Bir porsiya ya sup, ya da borş alırdıq adama. Çörəkdən o ki var yeyib doyurduq. İndi çörəyi yığışdırıblar. Onsuz da xörəyin üstündədir qiyməti.
Lift dayandı. Onlar qalxdılar.
Rasim ora-bura baxdı. Nazirliyin adını oxudu. - Ağamusa, - astadan dilləndi. - Sən var-gəl elə, mən katibəyə tanışlıq verim ki, gələn filankəsdir. - Əlini cibinə atdı. Çamodanın qarderobdan verilmiş kauçuk nömrəsini yoxladı.
Rasim səliqəli geyinmişdi. Qara qalstuk bağlamışdı. Qara ayaqqabısı parıldayırdı. Katibəyə salam verdi. Könülsüz aldı. Qabağına qoyduğu güzgünün yerini dəyişdi. Qıyğacı və əsəbi vəziyyət aldı:
- Səhərin gözü açılmayıb, yoldaş, qəbula gəlmisiz. Bir otursun də yerində.
Rasimdə rəsmiyyətçilik sifəti vardı. O biri yandan qəbuluna gəldiyi şəxs onun yaxını, ərk etdiyi adamdı. Dünənəcən atasının evinə gəlib-gedəndi. - Ani düşündü bunnarı, katibəni ürəyində qınadı. - Rayondan gəlmişəm. İş vaxtı hamı üçün birdir. - Astadan dedi ki, nazir müavini eşidər, amma peşimanladı ki, gərək qəsdən ucadan danışaydı, onun səsini tanısın.
- Cavan da deyilsiz, yoldaş. - Katibə ayağa durdu. Pəncərənin gözlüyünü qapadı. - Bura nazirlikdi, anarxiya deyil. Hər şeyin vaxtı var. Yoldaş Mürvətov iç telefonla danışır belə vaxtı. Tapşırıqlarını verir. Siz də bu səhər. - Yerində oturmuşdu ki, qırmızı telefon cingildədi. Katibə götürdü, sifətinə təbəssüm yayıldı, "hm, hm. Yaxşı. Yaxşı. Paka". "Paka"dan savayı bir söz ağzından çıxmadı. Və "qonağa" üzünü çevirdi: - Ayaq üstə durmayın, gəlib-gedənə pis təsir edir. Mürvət Mürvətoviçin belə işlərdən xoşu gəlmir.
Rasim az qaldı pıçıldasın ki, Mürvət müəllim sadə aparırdı özünü. "Oviç" hardan yapışdı. Görünür, vəzifəsi bunu tələb edir. - Sağ olun. - Rasim razılığını bildirdi. - Sizdən xahişim var. - Boğazını arıtladı. - Mürvət müəllimə deyin ki, Rasim rayondan gəlib, onu görmək istəyir. Çatdırın.
- Yoldaş, Mürvət Mürvətoviç sizin tay-tuşunuzdur bəgəm? "Mürvət müəllim" nə sözdür, xoşlamır belə müraciəti. - Güzgünü özünə yaxınlaşdırdı. Bir tərəfi sarı, bir tərəfi şabalıdı saçlarına ağappaq əliylə tumar çəkdi. Telefonun dəstəyini qaldırdı, düymələri astaca basdı. Cavab verən olmadı, dəstəyi yerinə qoydu. - Düşün aşağıda stolovada çay için. Sifarişinizi çatdıraramg
Bu ara 25-30 yaşlarında bir qadın içəri girdi. Katibə dərhal ayağa durub, salamladı: - Əziz oxuyanımız xoş gəlib bizə. - Sanki əzizi gəlmişdi. - "Əməkdar artist" adınızı təbrik eləyirəm. Səsiniz var olsun.
Artist xanım bədənini güzgünün qarşısında yellətdi, dolu ayaqlarına həsrətlə baxdı. (Elə Rasim də fürsəti qaçırmadı). Boynunda düyünlədiyi rəngbərəng saçını da nəzarətsiz buraxmadı. - Mürvət müəllimi görməliyəm. - Lap nazir müavininin kabinetinin qapısına yaxınlaşdı. Bu anlarda telefon cingildədi. Katibə dəstəyi qaldırdı:
- Bəli, xalq artist İxtiyar Salmanovdur. - Gözləməsin? Baş üstə. Çatdıraram.
Xalq artisti bu sözləri eşitdi və suyu süzülə-süzülə otağı tərk elədi.
Rasim əsəbiləşirdi. Saat yarımdı katibəylə çənə vururdu. Bu ara Ağamusa hövsələdən çıxmışdı, Rasimin gözlədiyi otağa gəldi. Katibə Quba almasını dilimləmişdi. Nazir müavini üçündü, gümanladı.
- Siz bu yoldaşla gəlmisiz? - Katibə ədayla Ağamusaya baxdı. - Bu yoldaşı aparın stolovaya, - dedi. - Bizim stolovada yaxşı xidmət olur. - Saata baxdı, - hə vaxt yetişir nahara. Mürvət Mürvətoviç hələ boşalmamışdır.
Ağamusa Rasimə baxdı. Rasim onu anladı.
- Xahişimi almanı verəndə çatdırın ona. O, elə adam deyil, vallah.
Katibə çımxırdı:
- Bu, mənim şəxsi işimdir, - cavab verdi.
Ağamusa taktikanı dəyişdirmək istədi. - Qızım, - dedi. - Ümidliyəm ki, siz alicənablıqla Rasim müəllimin ricasını qohumuna çatdıracaqsız. Və Rasimə göz vurdu.
- Bu başqa məsələ. Bu yoldaş müraciət etməyi də bacarmır. - Ayağa qalxdı. Almalı nəlbəkini götürdü və içəri girdi. Beş-altı dəqiqə çəkdi. Pörtmüşdü katibə. Sözlü adama oxşayırdı, yaxud danlanmışa. O isə büruzə verməməyə çalışırdı:
- Bəlkə sizə çay süzüm? - Üzünü Ağamusaya tutdu. - Bu yoldaş idmançıdır deyəsən, siz müəllimsiz yəqin. - Təxmin etdi. - Fasilədən sonra çatdıraram. İmkan olmadı.
İki armudu stəkanı hazırladı, lakin Ağamusa qoymadı, təşəkkürünü bildirdi. - Fasiləyə çox qalmayıb, bizi utandırdın, xanım qız.
Rasim pərt olmuşdu. Köhnə qonşusunun yanaşma priyomlarını xatırlatdı, ürəyində alqışladı.
- Rasim müəllim. - Ağamusa dilləndi. - Qızımıza əziyyət verməyək, fasilədir, düşək aşağı. Saat birə işləyir.
Ağamusa Rasimlə otaqdan çıxdı. Birbaşa dəniz kənarına getdilər. Dəniz qağayıların ixtiyarında idi.

- 0 -
Nazir müavini teleekrana nəzər yetirdi, Rasim otaqdan çıxmışdı: - Rasim, hansı zamanadır, yenə uşaqlığını tərgitməmisən. İş üçün gəlmisən, bunu duydum. Çox nahaq. Dədəm Gülverdinin dükanıdır məyər? Nazirlikdir, Allah yolumu bu mərtəbəyə salıb, daha deməzlər qohum-əqrabanı yerləşdirir. Sən kənd üçün yaranmısan. Başını fırlat. Necə gəlmisən, o yolla da qayıt qəsəbənə. Yaxşılığınızı başıma qaxmayın. Atanın canı sağ olsun, ölübsə Allah rəhmət eləsin! Katibə də elə Rasimin tayıdır. Sərt cavab ver, sürüşüb getsin.
Rasim düşünürdü ki, katibə onun xahişini çatdırmamışdır. O, belə əxlaqın sahibi olmayıb. Atamı görəndə min bir dil tökürdü. Kişi də tələbə kimi cibinə pul salırdı. Qəsəbədə nə qədər ona qonaqlıq vermişəm. Yox, nankorluq eləməz. Nahardan sonra qəbul edər. Ağamusanın yanında məni utandırmaz.
- Rasim. - Ağamusa astadan dilləndi. - Rasim, gəl gedək. Nazir müavinidir, vaxtı hardandır? Başqa vaxtı gələrsən. Atana da deyərsən ki, kişinin imkanı olmadı. Yaşlı adamdır, ürəyinə pis fikir gələr, əsəbiləşər.
Ağamusanın sözlərini qəbul etmək istəmədi:
- Yox, elə qanacağın sahibi deyil. Katibədən şübhələnirəm. İnan mənə. - Susdu, hannan-hana dedi: - Bir cəhd edək, mütləq məni qəbul edəcək. Hər şey o yana, kəndçiyik.
Rasimi bu dəfə katibə pis qarşılamadı. Ağamusanı xəbər aldı. Rasim aşağıda onu gözlədiyini dedi. Katibənin nazir müavininin qohumuna yazığı gəldi. Haradan basa-basa gəldiyini düşündü, rəhbərinə haqq qazandırmadı: - "Necə yola salsın, inciməsin. İnandırım gərək. Ən yaxşısı fasilədən qayıtmadığını anladım". - Ürəyində götür-qoy elədi. Başqa çıxış yolu görmədi.
Rasim xeyli sükutdan sonra katibənin boyalı üzünə baxdı, heç nə anlamadı. Katibə də eyni jestlə Rasimin sifətinə nəzər saldı, bir şey başa düşdü: - Ümidini itirməmişdir. İsrarından dönməmişdir. Bunlar kənd havasındandır. - Katibə özünü ələ aldı, Rasimə dedi:
- Təəssüf ki, nazirin yanında müşavirədir. - Soyumuş çaydan ehtiyatla içdi. - Dedi ki, heyifslənirəm Rasim müəllimi qəbul edəmmədim. Məndən salamlar çatdır ona. Əlaqəsini itirməsin. - Katibə ayağa qalxdı. - Siz iş telefonunuzu verin, mən sizə zəng çalaram. Boş gəlib qayıtmayasız. Dostunuza da mənim salamımı çatdırın.
Rasimin ürəyi sancdı, əliylə sinəsini tutdu. Gözü torlaşdı, qorxdu, amma bu, uzun çəkmədi.
- Darıxmayın, Rasim müəllim. - Katibə bir stəkan mineral suyu əlüstü ona uzatdı. - İlahi, yoldaş qohumunuz bunu görsə halı pisləşər. O, son dərəcə ürəyiyumşaq, alicənab insandır. Xahiş edirəm çox yubanmayın. Halınız ona bir dərd olar, Rasim müəllim.
Qoluna girdi və dəhlizə ötürdü. Nazik ağ barmağını yellətdi: - Yaxşı yol, Rasim müəllim! Və qaçaraq otağa girdi. Əllərini göyə qaldırdı: - Bu ütüdən də qurtardıq! Bu ütü istiydi. - Güzgünün qarşısında deyirdi.
Ağamusa Rasimi qarşıladı. Hər şeyi oxudu sifətindən. Pərişanladı. Bir söz belə soruşmadı. Onlara yaxınlaşan "taksi"yə əl qaldırdı. İkisi də arxada əyləşdilər, birbaşa "Azneft"ə gəldilər. Bəhram heykəlləşmiş görkəmiylə əlində qılınc əgdahaya zərbə endirmişdi:
- Nə yaxşı zəmanələr varmış. - Rasim ucadan dedi bu sözləri. - Hökmdarlar varmış əjdahaların başını kəsirmiş...

30.09.09

TƏQVİM / ARXİV