adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Mənim müharibəm

3644 | 2015-11-28 10:23
Gördüklərim, düşündüklərim və ağrılarım (may, 1993, aprel, 1999)
Nemət VEYSƏLLİ,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyası, redaktor

(əvvəli ötən saylarımızda)

Əvvəlcə Binəqədi rayon hərbi komissarlığına getdim. Könüllü Milli Ordunun sıralarına yazılmaq istəyənlər çoxdu: könüllülər komissarın qəbuluna növbəyə dayanmışdılar. Növbə mənə çatanda komissar diqqətlə üzümə baxdı.
- Hərbi ixtisasın nədir?
- Rabitəçiyəm, teleqrafist, üçüncü dərəcəli.
- Neçə yaşın var?
- Əlli ikig
Komissar onun adına yazdığım ərizəni təzədən oxudu.
- Mən sizi Milli Ordu sıralarına yaza bilmərəm, - dedi. - Yaşınız ötüb. Sizə yeganə köməyim o ola bilər ki, gərək respublika hərbi komissarlığına müraciət edim, görək onlar nə məsləhət görürlər.
Bununla da Binəqədi rayon hərbi komissarı ilə söhbətimiz qurtardı. Bir neçə gündən sonra Milli Məclisin aparatında məsul vəzifədə çalışan həmyerlimə zəng etdim, onun qəbuluna getdim. O, özünə xas istiqanlılıqla məni dinlədi.
- Səni başa düşürəm, - dedi. - Bakıda oturub sakit işləmək çox çətindi.
Həmyerlim dövlət telefonu ilə harasa zəng etdi.
- Əzizim, necəsən? - görünür həmyerlim zəng çaldığı vəzifəli adamı yaxşı tanıyırdı, yoxsa ona belə ərkyana müraciət etməzdi.
- Mənim bir dostum var. Tanınmış jurnalistdi. Evi-eşiyi, işi. Bakıda özünə yer tapa bilmir. Könüllü Milli Orduya yazılmaq istəyir, sizdə necə deyirlər, ortalığa, yaş həddi məsələsi çıxıb. Mən sizdən bir qardaş, dost kimi çox xahiş edirəm. İndi onu sizin yanınıza göndərirəm, görün neynəmək olar.
Həmin gün, həmin günün tarixi də yadımdadır: 21 may, 1993-cü il.
Müdafiə Nazirliyinə getdim. Yerini, kabinetini soruşdum. Axtardığım vəzifəli hərbçini tapdım.
General-mayor Nurəddin Sadıqov, deyəsən, o zamanlar müvəqqəti müdafiə nazirini əvəz edirdi. General-mayorun kabinetinə girməyinə girmişdim. Amma, o, hələ məşğuldu. Məşğul idi deyəndə stolun üstündəki dərmanları xışma ilə ağzına atırdı. General dərmanlarını içəndən sonra üzünü mənə tərəf çevirdi. Mehriban və səmimi görkəm aldı.
- gSən ki, cavan adamsan. Mən də elə bildim əldən-ayaqdan düşmüş qocasan, - dedi. Bir az fikirləşəndən, kabinetdə var-gəl edəndən sonra:
- Mən səni döyüşən orduya göndərə bilmərəm, yaşlı adamsan, döyüşlərdə itib-batacaqsan, - dedi. - Gəl belə edək. Bizim Müdafiə Nazirliyinin "Azərbaycan ordusu" adlı təzə qəzeti çıxacaq. Hələ ştatlar komplektləşməyib, orada Qarabağ bölgəsi üzrə xüsusi, hərbi müxbir ştatı da var. Səni göndərirəm ora. General qabaqcadan yazdığım ərizəmin üstünə dərkənar qoydu, mənə "yaxşı yol" dilədi.
Maraq mənə güc gəldi. Elə MN-nin həyətindəcə ərizəmin üstündəki dərkənarı oxudum: "N.Veysəlliyə leytenant rütbəsi verilsin, "Azərbaycan ordusu" qəzetinin xüsusi müxbiri təyin edilsin. İmza: N.Sadıqov". Üstündə generalın dərkənarı olan ərizə ilə kadrlar idarəsinə yollandım. Döyüş bölgəsinə yollanacağıma görə silah və texnika idarəsi tabel silahı, hərbi-səhra geyimi, zabitlərə məxsus, çöl şəraiti pal-paltarlarını yığmaq üçün çanta verdilər. İş yerimdə, Yazıçılar İttifaqında, evimdə bir növ işlərimi sahmana saldım. İyunun ortalarında harada yerləşdiyi yadımdan çıxan hərbi meydançadan vertolyotla Füzuliyə uçdum. Mənimlə eyni vaxtda, təhlükəli bölgələrə uçan hərbiçilər - müxtəlif yerlərdə, tələm-tələsik vertolyotdan düşdülər. Bu ətrafları yaxşı tanıdığımdan təyyarəçilər məni Füzuli rayon ərazisində, dərələrin birində yerə düşürdülər və uçub getdilər.
Əynimdə hərbi forma ilk səfərim (26 iyun, 1993) qoşunlarımızın Qozluçayda yerləşən mövqelərinə düşdü. Doğrudur, 88-ci ilin fevralından mülki şəxs, "Azərbaycan" və "Ulduz" jurnallarının əməkdaşı (1976-1993) kimi bundan qabaqlar da tez-tez bu yerlərə gəlmişdim. O təhlükəli illərdə dəfələrlə Cəbrayıla, Zəngilana, Qubadlı və Laçına getmişdim. Laçının Ermənistanla sərhədlərində baş verən münaqişələrdən, rus-sovet əsgərlərinin diplomatik hərəkətlərindən, Sadınlı, Hacılar və Kamallıda yaşayan həmyerlilərimizin həyatından bəhs edən "Səbrin sonu görünür" adlı iri həcmli oçerk yazmışdım. Zabux körpüsünün üstündəki kafenin həyətindəki tut ağacından ağ tut, kabab yemişdim. Sadınlıdan bir az aralı, dağların, göylüyün qoynunda, iri-iri sal daşların dibindən qaynayan, sözün həqiqi mənasında buz kimi sudan içmişdim. Görməmişlik, naşılıqdan sudan o qədər çox içmişdim ki, Bakıya gəldim. Şəhərdə neçə gün qaldım - hələ də dişlərim sızıldayırdı. Sadınlı və Quşçular, Qarıqışlaq kənd yollarında qabağıma çıxan alma, armud və gilas ağaclarından meyvə dərib yemişdim. Nə isəg bütün bunlar artıq arxada qalmışdı. İndi 93-cü ilin iyununda artıq Füzuli rayonunun dağlıq hissəsi, Yuxarı Divanalılar, Qacar, Yuxarı və Aşağı Veysəlli - bir sözlə, strateji baxımdan əhəmiyyətli mövqelərimiz erməni silahlı birləşmələrinin əlindəydi. Qozluçay istiqamətində - Sarıcallı, Qarakollu, Xatınbulaq və Gorazalıda deyim ki, nizami, vahid komandaya tabe olan ordu vardı, yox! Yarı könüllü, yarı nizami ordu ayrı-ayrı kəndlərdə, kənd klublarında, inzibati binalarda yerləşdirilmişdi. Bütün günü məni "N" saylı taborun komandiri mayor Vaqif Əliyev müşayiət edirdi. Söhbət zamanı məlum oldu ki, o, Bakıdan Füzuliyə bu yaxınlarda gəlib. Mayorun, əliavtomatlı əsgərlərin müşayiəti ilə Gorazili kəndin üstündəki Hacı Şükür kəhrizinə çıxdıq. Kəhrizin ətrafındakı ağacların dibində, sıx kölgəlikdə dayanıb Hadrut istiqamətinə baxırdıq. Ətraf ap-açıq görünürdü. Hava bərk isti olduğundan, görünür, hər iki tərəfdə sakitlikdi. Amma bu zahiri sakitliyin içində bir ilan vahiməsi vardı. Əsgərlərin, zabitlərin üzü gülmürdü. Onlar ətrafda, düşmən tərəfdə baş verənləri, hazırlanan əməliyyatların təfərrüatlarını dəqiqliyilə bilməsələr də, yaxınlaşan faciələri, gözəgörünməz təhlükəni hiss edirdilər. Bu tərəflərə təzəcə gəlmiş mayorun eyni sözləri tez-tez təkrarlaması da məni lap hövsələdən çıxarırdı. "Məni gətirib atıblar bura. Kömək edən də yoxdur. Qalmışam tək-tənha". Bəlkə də mayoru başa düşmək olardı. Amma döyüş gedən zaman, əsgər və gizirlərin yanında belə sözləri demək zabitə yaraşan hal deyildi. Hadisələri qabaqlayaraq onu da deyim ki, mən heç sonralar, Füzulidə gedən gərgin döyüşlər zamanı o zabiti bir daha görmədim.
O zamanlar belə hallar tez-tez baş verirdi. Cəbhədə, döyüşlərin qızğın çağında bir də baxıb görürdün, filan hərbi hissədən, filan zabit qəflətən yoxa çıxdı. Yaralanmışdımı, şəhid olmuşdumu, bilinmirdi. Soruşurdun, maraqlanırdın, məlum olurdu ki, sağ və salamatdı, amma cəbhədə görünmürdü. Zabitinmi, gizir və çavuşlarınmı qəflətən cəbhə xəttindən yoxa çıxması, fərariliyi döyüşən orduya çox pis təsir edirdi.
Bəzən belə insidentlər kütləvi hal alırdı. Qəribə mənzərə yaranmışdı: hadisələrin gedişi, hərbi üstünlük ermənilərin əlindəydi. Füzuli rayonunun, ümumiyyətlə, o tərəflərin əhəmiyyətli, əlverişli mövqeləri düşmənin nəzarəti altındaydı. İstər hərbiçilərdə, istərsə də mülki adamlar arasında ruh düşkünlüyü vardı. Bakıda ictimai ab-hava aydın deyildi. Gəncədə də aləm bir-birinə qarışmışdı. Naxçıvan Muxtar Respublikası heç nə olmamış kimi çəkilib durmusan bir qıraqda. Respublikanın cənub, Şirvan və Qərb zonasından Qarabağa, Qarabağda gedən qanlı döyüşlərdə kifayət qədər hərbiçi, hərbi mükəlləfiyyətli adamlar, çağırışçılar olduğu halda, Naxçıvandan Qarabağa çağırışçı kimi gələnləri barmaqla saymaq olardı. Respublika miqyasında bu tarazlıq niyə pozulmuşdu, bilmirəm.
Həmin illərdə ön cəbhədə olanlar bunu çox yaxşı bilirlər və mən neçə dəfələrlə deyilən fikirlərə yenilik gətirmək niyyətində deyiləm. Əllərində silah olanlara, soyuq, palçıqlı və narahat səngərlərdə dayanan hərbiçilərə, elə mülki adamlara da hər şey məlum olmalıydı. Düşmən tərəfin məqsədi məlumdu. Məlumdu ki, erməni silahlıları düşməndi və onları məhv etmək lazımdı. Bəs arxa, arxa cəbhə nə vəziyyətdəydi? Arxada, Bakıda, Gəncədə və nə bilim haralarda baş verənlər, o yerlərdən alınan məlumatlar onu göstərirdi ki, xalqın, ölkənin, millətin taleyi yaddan çıxmışdı. Şəxsi mənafe, hakimiyyət ehtirasıg Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə ötürülən, dədə-babalarımızın əvəz istəmədən bizə qoyub getdikləri torpaqlar, şəhər və kəndlər, adətlərimiz, meşə və çaylarımız qumara qoyulmuşdu. Ön cəbhədə, səngərdə dayanan zabit və əsgərlər çönüb arxaya baxırdılar - arxada boşluqdu, hərki-hərkilikdi, qızğın şahmat oyunu gedirdi. Moskvada, Gəncədə, Naxçıvanda oturan başbilənlərimiz sığallı-sığallı, bəzəkli-bəzəkli, gözəl-gözəl sözlər işlədirdilər, dəyərli məsləhətlər verirdilər və bu qəbilli adamlar heç biri ön cəbhəyə gəlmirdi, müxtəlif bəhanələrlə övladlarını respublikadan kənara çıxarırdılar. Bəhanələr, söz-söhbətlər havayı şeydi, cəfəngiyatdı - bu adamların heç birini Qarabağ düşündürmürdü, onlar hakimiyyətə gəlmək üçün fürsət gözləyirdilər. Vətənin hayına hay verməmək, gözlərinin qabağında torpaqları işğala məruz qalan və bunlara əks-səda verməmək - dünyanın ən böyük alçağıdı, tərbiyəsizliyidi.
Əslində rəhbəri, başbilənləri, siyasətçiləri belə ucuz hisslərlə yaşayan, maddi dəyərləri mənəvi dəyərlərdən üstün tutan millətə heç kəs hörmət etməzdi. Hörmət etməzdi niyə, heç hörmət də etmirlər. Ermənilər bir az xaçpərəst həmrəyliyi üstündə birləşmişdilər, bir az qızlarını-gəlinlərini qabağa vermişdilər, tut araqlarını, şöhrətini saqqız kimi elə hey çeynədikləri konyaklarınıg işə salmışdılar. Sadaladığım və başqa-başqa şirnikdirici amillərin hesabına, muzdlu rusların, kazakların, zənciləri səfərbər edib gətirib tökmüşdülər güllü-çiçəkli Qarabağa. İbtidai hiss və duyğuları aşıb-daşan adamlar gecə-gündüz Bakıda, Gəncədə, Naxçıvanda oyun-oynayırdılar, vətəni, onun taleyini yaş mal gönü kimi gah o tərəfə, gah da bu tərəfə çəkirdilər. Vallah, billah cəbhədə, səngərlərdə oyun yox idi. Əlahəzrət Azərbaycan əsgəri düşmənlə ölüm-dirim savaşına qalxmışdı.
O qarışıq, ən iti, aydın ağılı olan insanlar belə baş çıxara bilmədiyi o günlərdə Füzulidə, Əhmədbəyli, Horadiz magistral asfalt yolunda gördüyüm bir səhnə heç cür yadımdan çıxmır. Milli Ordunun o tərəflərdə olan hərbi hissələrində formalaşma, komplektləşmə prosesi yekunlaşanı da vardı, yarımçıq ştatları tam olmayanlar da. Yolun tən ortası ilə on beş, iyirmiyə yaxın boylu-buxunlu, dolu bədənli cavanlar hərəkət edirdilər. Hamısı da mülki formada idilər. Kənardan baxanda onlar yorğun-ağrın, əldən düşmüş insanlar təsiri bağışlayırdılar. Əyin-başları da pinti, səliqəsizdi. Çəkmələrinin ipi bağlanmamışdı, köynəklərinin yaxası açıqdı. Başlarını, üzlərini tük basmışdı. Onlar yollarda, yarımçıq tikililərdə yerləşən hərbi hissəyə, həmin hissələrin komandirlərinə müraciət edirdilər.
- Bizi hissəmizə yazın. Döyüşməyə gəlmişik.
Zabitləri tərəddüd içindəydilər, necə hərəkət edəcəklərini bilmirdilər. Digər tərəfdən də düşmən qabağına əsgər, igid çıxmalıydı. Ordunun canlı qüvvəyə böyük ehtiyacı vardı.
Onlar müraciətlərinə müsbət cavab almadıqda yollarına davam edirdilər.
Gərgin və dolaşıq zamandı. Bəlkə də təpər, qeyrət hissi bu cavanları evlərindən, ocaqlarından uzaq salmışdı. Bəlkə də bu adamların sırasında əsl cəngavər, igidlər vardı. Bəlkə də tərsinə: casusdu, təxribatçıydı, başkəsəndi. Nə isəg yaman qarışıq zaman idig
***
Hamı onun yolunu gözləyirdi...
Artıq 93-cü ilin əvvəlindən, ta avqustun 23-nə kimi silahlı qüvvələrimiz, mülkü əhali Füzulini, yurd-yuvasını tərk etmişdilər. 88-ci ildən üzü bəri bəlkə də bu geriçəkilmə, ölüm-itim, məğlubiyyətlər Füzuli cəbhəsində gedən ən ağır, faciəvi prosesdi. 93-cü ilin may-iyun aylarından, təkrar edirəm, avqustun axırlarına qədər bu ətrafda gedən prosesləri - böyük bir elatın yollardakı acınacaqlı həyatını, qız-gəlinlərimizin, körpələrin, uşaqların kədərli və irilmiş gözlərini görmüş bir şəxs - çətin ki, sonrakı illər üçün sağlamlığını, ürəyini qoruyub saxlaya bilsin. Artıq o zamanlar yaşım əllini keçmişdi. Adi insanın çiyninə düşə bilən kifayət qədər faciə və sarsıntılar yaşamışdım. Atam, subay dayım İkinci Dünya müharibəsində həlak olmuşdular. Lap cavan yaşından köməksiz qalmış anam avtobus qəzasında faciəli şəkildə həlak olmuşdu. Dörd nəfər azyaşlı uşaqlarımı, ailəmi, istisini, qayğısını çox da qabarıq hiss etmədiyim soyuq şəhərdə qoyub getmişdim. İlin müxtəlif vaxtlarında Laçında, Hacılarda, Qubadlıda, Haramı düzündə olan zaman düşünürdüm: "İlahi, görəsən körpələrim nə vəziyyətdədir, yemək-içməkləri varmı? Dərsə gedirlərmi, əyin-başları necədi? Mən atasız böyümüşdüm, üç aylıq olanda atam Bayramalı cəbhəyə getmişdi və geri qayıtmamışdı. Atasız böyüməyin necə ağır yük olduğunu öz taleyimdə hiss etmişdim və hesab edirdim ki, bütün bunlar insan üçün böyük faciədi, sarsıntılardı. Amma böyük bir elatın, Zəngilan, Qubadlı və Cəbrayılın, sonralar isə Füzuli rayonunun yüz on min əhalisinin, onların yollarda, çay kənarlarında, ağacların dibində haraya gedəcəklərini, nə edəcəklərini - bu səhnələri görəndən sonra öz faciələrimi, sarsıntılarımı büsbütün unutdum. Ümumiyyətlə, sünilikdən, pafosdan uzaq onu demək istəyirəm ki, şəxsi faciələr ümumxalq, vətənin faciələri fonunda tamam başqa şkalada, ölçüdə görünür. Vətənin və xalqın faciəsi sözə, ifadəyə gəlməyən duyğudu, hissdi.
Hadisələr gəlib elə bir mərhələyə çatmışdı ki, artıq top-tüfəng səsləri Beyləqanda da eşidilirdi. Hətta bunu o günlərdə Beyləqanda yaşayanlar yaxşı xatırlayırlar, erməni zenitçiləri fürsət tapıb şəhərin mərkəzinə, şəhər xəstəxanasına mərmi də atmışdılar. Ölən və yaralananlar da olmuşdu.
Döyüşlərin, hadisələrin belə vaxtında əhali təşviş içindəydi. Məsələ burasında idi ki, Beyləqanın, yerli əhalinin narahatlığı, qorxu içində yaşamaları ilə yanaşı, yuxarı bölgələrin - Füzuli, Cəbrayıl və Xocavənd camaatının böyük bir qismi Beyləqan rayonunun ərazilərinə sığınmışdılar. Haramı istiqamətindən ermənilər "Qrad" mərmilərinin düz şəhərin mərkəzinə düşməsi bu narahatlığı, stressi bir az da artırmışdı.
Neçə gündən bəri idi ki, şəhərdə xəbər dolaşırdı: əfsanəvi yüksək vəzifəli şəxs Beyləqana gələcək, aylarla yığılıb qalan problemlər yerindəcə həll ediləcək. Bütövlükdə Azərbaycanın, konkret olaraq Beyləqanın başının üstünü alan təhlükə Baş nazirin sehrli çubuğu ilə uzaqlaşacaq, nəhayət, mülki əhali rahat nəfəs alacaqdı. İlahi, o illərdə insanlar təhlükədən, ölümdən xilas olmaq üçün nələrə, hansı ağılasığmaz vasitələrə əl atmırdılar? Gözləri qorxmuş, dara düşmüş əhalinin təsəvvüründə yüksək vəzifəli şəxs ağatlı oğlan idi, Məlikməmmədi qırx arşın quyudan xilas edən qüvvə idi.
Beyləqanın icra hakimiyyəti inzibati binasının geniş həyətində, böyük meydanda insan əlindən tərpənmək mümkün deyildi. Qorxmuş, illər uzunu düzəltdiyi evini-eşiyini beş-on günün içindəcə itirmiş, başdan-ayağa təlaş və intizar içində olan əhali meydana toplaşıb xilaskarlarını gözləyirdilər. Camaat düşünürdü, görəsən yüksək vəzifəli şəxs nə kimi tədbirlərlə gəlib, hər gün respublikanın içərilərinə doğru irəliləyən düşmən ordusunu geriyə, Martuniyə tərəf geri ata biləcəkmi? Maraqlıdı, görəsən Baş nazir özü ilə yeni, effektli silah-sursat gətirəcəkmi? Neçə vaxtdan bəri gözlənilən, nəhayət bu gün reallaşan səfər, hansı nəticələrlə yadda qalacaq?

(ardı var)

TƏQVİM / ARXİV