adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Dövlət kinoya baxır

ETİBAR BABAYEV
313009 | 2015-11-28 10:15
Mədəniyyət və Turizm Nazirliyi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə birgə maraqlı bir layihənin icrasına başlayıb. "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" adlı bu tədbirlər silsiləsinin keçirilməsində məqsəd milli kinomuzu təbliğ etmək, onun müasir kino mənzərəsində yerini və dəyərini müəyyənləşdirmək, bu sahədə peşəkarlığın artırılmasına nail olmaqdır.  
Layihə təşkilatçıları medianın da gücündən istifadə etməklə ictimaiyyətin-yəni kino tamaşaçılarının diqqətini bu məsələlərə yönəltmək istəyir.

Diqqət ortadadır

Layihə çərçivəsində keçirilən tədbirlərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovla görüşüb söhbətləşmək, milli kinomuzun son illər qazandığı uğurlar barədə fikir mübadiləsi aparmaq və problemləri müzakirə etmək imkanı qazandıq.
Müşfiq Hətəmovun sözlərinə görə, 117 yaşlı Azərbaycan kinosu mürəkkəb bir yol keçib, uğurlar da qazanıb, çətinliklərlə də üzləşib. Son illər dövlətimizin milli kinematoqrafiyanın inkişafına böyük diqqət ayırdığını deyən müsahibimiz xüsusi olaraq dövlət proqramının qəbulunu mühüm hadisə adlandırır: "Tarixi bir yol keçən Azərbaycan kinosu xalqımızın estetik cəhətdən formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərib, mədəniyyətimizin, incəsənətimizin inkişafına əvəzsiz nümunələr bəxş edib. Milli kinematoqrafiyamızın yaradıcılıq məhsulu olan yüzlərlə belə bədii və sənədli film adı çəkə bilərik. Həqiqətən də həmin ekran əsərləri xalqımızı təkcə keçmiş sovet məkanında deyil, dünyanın müxtəlif guşələrində tanıdıb. Müstəqilliyimizin ilk dövrlərində bütün sahələrdə olduğu kimi, kinomuzda böhran yaşandı. Bəlli səbəblərdən yeni filmlərin çəkilməsi, prokatı çətinləşdi, mütəxəssislər bu sahədən uzaqlaşdılar.
Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra kinomuzun böhrandan çıxması üçün konkret addımlar atıldı, bu sahənin inkişafına diqqət ayrıldı. Milli Kino Gününün təsis edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyev incəsənətin ən kütləvi növü olan kinematoqrafiyanın ölkəmizdə inkişafına, milli kinomuzun dünya arenasına çıxmasına, bu sahədə gənc kadrların yetişməsinə böyük önəm verir. Dövlət başçısının sərəncamı ilə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" qəbul edilib. Mədəniyyət və Turizm Nazirliyi bu mühüm dövlət sənədinin uğurlu icrasına yönələn çox ciddi addımlar atır".
Kinostudiyanın direktoru deyir ki, son illərdə Azərbaycan filmləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib: "Artıq bizim filmlərə uzaq İndoneziyadan tutmuş yaxın Türkiyəyə, Argentinadan tutmuş Rusiyaya qədər hər yerdə baxır və qiymətləndirirlər. Təsadüfi deyil ki, bir necə ölkədən birgə əməkdaşlıq və müştərək layihələrlə bağlı təkliflər almışıq".
Müşfiq Hətəmovun sözlərinə görə, Azərbaycan istehsallı filmlərin nüfuzlu beynəlxalq kino festivallarda iştirakı və mükafatlar qazanması ilə də öyünmək olar: "Filmlərimizin ən nüfuzlu festivallara dəvət olunması, dünya şöhrətli mütəxəssislər tərəfindən qiymətləndirilməsi həqiqətən də Azərbaycan incəsənəti adına böyük bir uğurdur. Qürurverici bir haldır ki, "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan müxtəlif ekran əsərləri təkcə ötən il 52 beynəlxalq festivalda iştirak edib. Son bir neçə ildir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Kann Beynəlxalq Film Festivalında Azərbaycan pavilyonu təşkil olunur. Kinostudiyamızın istehsalı olan "Sonuncu" filmi belə nüfuzlu bir festivalın "Qısametrajlı filmlər" müsabiqəsində nümayiş etdirilib. Bu, "Azərbaycanfilm"in tarixində bir ilkdir.
Gənc rejissor Asif Rüstəmovun ilk tammetrajlı filmi olan "Axınla aşağı" ötən il 49-cu Karlovı Varı Beynəlxalq Kino Festivalında "Şərqdən Qərbə" müsabiqəsi çərçivəsində uğurla nümayiş etdirilib.
Ötən il "Azərbaycanfilm" tarixində ilk dəfə Venesiya Beynəlxalq Film Festivalında təmsil olunub. Gənc rejissor Elçin Musaoğlunun çəkdiyi "Nabat" bədii filmi bu mötəbər festivalın "Horizontlar" müsabiqə proqramında göstərilib. Xalq artisti Oqtay Mirqasımın öz ssenarisi əsasında çəkdiyi "Qisas almadan ölmə" adlı ekran əsəri X Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında "Əsas müsabiqə proqramı"nda nümayiş etdirilib və "Tammetrajlı bədii filmin ən yaxşı rejissor işi" nominasiyasında uğur qazanıb.
Rejissor Şamil Əliyevin ekranlaşdırdığı "Çölçü" bədii filmi müxtəlif ölkələrdə keçirilən 25 beynəlxalq film festivalında 9 mükafat qazanıb. 2012-ci ildə bizim kinostudiyada istehsal olunan bu film bu gün də festivallardan dəvət almaqda davam edir".
Həmsöhbətimiz qeyd edir ki, gənc və peşəkar kadrların hazırlanmasına ciddi önəm verilir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istedadlı gənclər təhsil almaq və təcrübə toplamaq üçün xarici ölkələrə göndərilir: "Ötən il kinostudiyada "Motivlər" adlı maraqlı bir layihə reallaşdırdıq. Bu almanaxda çəkilən 5 qısametrajlı filmi məhz xaricdə təhsil alan və təcrübə keçən gənclər lentə aldı. Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Anar Abbasovun, ABŞ-dakı Beyts kollecinin məzunu Rüfət Həsənovun, Niderland Film və Televiziya Akademiyasının məzunu Teymur İsmayılovun, "Rossiya" telekanalında çalışan Cəfər Axundzadənin və Sidney Kino Məktəbinin məzunu Vüqar İslamzadənin iştirak etdiyi bu layihəni kino mütəxəssisləri, tamaşaçılar maraqla qarşıladılar".

Hər yanı dolaşan "Dolu", mükafatdan
bol "Nabat"

Kinematoqrafçılarımız Qarabağ mövzusunu daim diqqətdə saxlayır. Bunun nəticəsində "Fəryad", "Haray", "Girov", "Yalan", "Biz qayıdacağıq", "Qala", "Dolu", "Nabat" kimi ekran əsərləri ərsəyə gəlib. "Azərbaycanfilm"in direktoru kino xadimlərimizin bu mövzuya müraciət etməsini təbii sayır: "Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan kinosunun əsas mövzusunu vətənpərvərlik, xalqımızın keçmişi, bu günü və gələcəyi təşkil etməli, Qarabağ mövzusu kinematoqrafçılar üçün hər zaman aktual olmalıdır.
Son illərdə bizim kinostudiyada Qarabağ mövzusundan bəhs edən, gənclərdə vətənpərvərlik hisslərini gücləndirən filmlər lentə alınıb. Görkəmli yazıçı, millət vəkili Aqil Abbasın eyni adlı əsəri əsasında istedadlı rejissor Elxan Cəfərovun ekranlaşdırdığı "Dolu" bədii filmi böyük uğur qazandı. "Dolu" demək olar ki, Azərbaycanın hər bir bölgəsində böyük anşlaqla nümayiş etdirildi, bu maraqlı ekran əsərinin müxtəlif xarici ölkələrdə təqdimatı keçirildi.
"Dolu"dan sonra Elxan Cəfərov bu mövzuda daha bir film çəkib tamaşaçıların mühakiməsinə verdi. Onun Konstantin Vorobyev və Yavər Rzayevin ssenarisi ilə çəkdiyi "Əsgərin şücaəti" filmi İkinci Dünya savaşında Brest qalasında döyüşən, 50 il sonra isə Qarabağda yenidən əlinə silah alan əsgər haqqındadır.
Söhbətimizin gedişində adını çəkdiyim "Nabat" filmi də Qarabağ müharibəsi, insanların doğma torpağa bağlılığından bəhs edir. Elçin Musaoğlunun lentə aldığı bu film müxtəlif beynəlxalq kino festivalında 10-dan çox mükafat almaqla yanaşı, dünya tamaşaçısının diqqətini Qarabağ müharibəsi ilə bağlı mövzuya yönəldib".


"Bizim kino günləri"

Yazının əvvəlində vurğuladığımız kimi, "Azərbaycanfilm" kinostudiyası "Bizim kino günləri-Audiovizual məkanda peşəkarlıq" adlı layihəyə start verib. Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən bu tədbirlər silsiləsində "Azərbaycanfilm"də son illər istehsal olunan filmlər nümayiş etdirilir, həmin ekran əsərlərinin yaradıcı heyəti ilə görüşlər keçirilir və müzakirələr aparılır. Müşfiq Hətəmov layihənin maraqla qarşılandığını deyir: "Əsas məqsədimiz milli kinomuzu təbliğ etmək, müasir kino mənzərəsində onun yerini və dəyərini müəyyənləşdirmək, dünya kino sənayesinə inteqrasiyasını təhlil etmək, bu sahədə peşəkarlıq məsələlərini müzakirəyə çıxarmaqdır. Layihə çərçivəsində artıq Asif Rüstəmovun lentə aldığı "Axınla aşağı", Rafiq Əliyevlə Cavid Təvəkkülün birgə çəkdikləri "Dərs" filmlərinin "Nizami" Kino Mərkəzində nümayişi, yaradıcı heyətlə görüş, mətbuatın iştirakı ilə müxtəlif mövzularda müzakirələr təşkil edilib. Yeni filmlərimiz paytaxtın digər kinoteatrlarında da göstərilir və ilkin məlumatlara görə maraqla qarşılanır. Deməli, həmişə olduğu kimi, bu gün də tamaşaçılar milli kinomuza böyük maraq göstərir".
Sonda xatırladaq ki, "Bizim kino günləri-Audiovizual məkanda peşəkarlıq" layihəsi çərçivəsində növbəti tədbir noyabrın 30-da olacaq. Həmin gün "Nabat" bədii filmi nümayiş etdiriləcək, ekran əsərinin yaradıcı heyəti ilə görüş və müzakirə keçiriləcək. Layihəyə dekabrın 8-də yekun vurulacaq.





TƏQVİM / ARXİV