adalet.az header logo
  • Bakı 22°C
28 Noyabr 2015 10:30
15118
ƏDƏBİYYAT
A- A+

Nəbi Xəzri

"Həyatım" deyə sevirsən.
Sevirsən... sevinir gözündə cahan.
- De görüm sən onu niyə sevirsən?
- Sev onu, o sənin, sən də onunsan!
Sevmirsən....
Yuxun da çəkilir göyə,
Xəyala çevrilir o illər, o qız.
- De niyə sevmişdin, o qızı niyə?
- Yaxşı ki, o qızla siz ayrıldınız!

Yazırsan...

Alnında tər gilə-gilə...
Dost kimi əlindən yapışır ilham!
- Söylə, niyə yazdın, o şeri niyə?
- Yaxşı ki, o şeri yazdın bu axşam!
Yazmırsan...
Qəlbində qalır sözlərin,
Arzu dərin olur, misralar dayaz.
- De niyə axşamın boş keçir sənin?
- Gündə yazmaq olmaz... dincəl də bir az.

İki səs...
Mənalı bir aləm kimi
Keçirsən beləcə dünya üzündən.
Bir səs ittihamçı,
Bir səs vəkilmi?
Arada əbədi müqəssir də sən...

Təkcə ümid qalsın

İstəsən sükuta bürünsün cahan,
Heç nə yox, al məndən gülüşlərini...
Al məndən ömrümlə əbədi qalan
O ani, o ani görüşlərini.

İstəsən, qoy olsun! Nə danış, nə din!
Al indi o əziz günləri məndən.
İstəsən bir sabah mənə verdiyin
Sədaqət andını al geri məndən.

İstəsən, al məndən düşəndə kölgə
Yaşıl meşələrin pıçıltısını.
Bizimçün darıxan sahillə birgə,
Al məndən dənizin parıltısını.

Fəqət, soyuq baxma sən gendən, gözəl!
Sənsiz günəşsizdir bu göy, bu torpaq.
Hər şeyi, hər şeyi al məndən, gözəl,
Təkcə ümid qalsın qoy məndə ancaq.

Ümid - bir dünyalıq sükut içində,
Bir dünyaya dəyən gülüşlərindir.
Ümid - bir şimşəkdir bulud içində,
O ani, əbədi görüşlərindir...

Gözəllik alınıb satılan zaman

Sevgilər itirib zərurətini,
İçilən andlar da həqiqət deyil!
Müəllim tələbə bekarətini,
Dollara alırsa fəlakət deyil?
Kimsə güdür ciblər səxavətini,
Onu düşündürən məhəbbət deyil!
Nazir katibənin od şəhvətini,
Zorla söndürürsə cəsarət deyil!

Dubaya satılan nadir gözəllər,
Məgər ki, dünyada rəzalət deyil?!
Zərif bədənləri didən cod əllər,
Tanrı qarşısında cinayət deyil?

Çirkin girdablarda boğulur insan,
Onun köməyinə sən yetmə, Allah!
Sevgilər alınıb satılan zaman,
Belə günahları əfv etmə, Allah!

İkilikdə

Gəl bölək dünyanı ikilikdə biz
Dərə mənə düşsün
Dağı sən götür.
Qalsın yer üzündə qoşa izimiz
Qara mənə düşsün
Ağı sən götür.

İlin evladıyıq yayla qış kimi
Fəsillər yaşasın yanaşı məndə
Birgə bir yerdəyik gözlə qaş kimi
Gözlər səndə qalsın
Göz yaşı məndə.

Gündüzü, gecəni əziz saxlayaq
Günəş sənə düşsün
Ay mənə qalsın
Coşğun sellər kimi birgə şağlayaq
Dəniz sənin olsun çay mənə qalsın.

Bizik bu dünyadan sənilə şərik
Bizsiz nə qış gülər, nədə ki bahar
Həyatda hər şeyi bölə bilərik
Amma bölünməyən:
Bir sevgimiz var...
Dəniz... Göy... Məhəbbət

- Dənizi hədiyyə verirəm sənə...
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
- Mən isə... göyləri verirəm, - dedin...

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.

- Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!.

II
Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.
Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.
Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
"Sevirəm" söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.

Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.

Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.

Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.

Hələlik və əlvida...

Min əsrin nəfəsi
Axdı qoynuna,
Min əsrin sözünü
Ürək dinlədi....
Mən "salam" söylədim
Səhərlər ona...
O mənə axşamlar
"Hələlik" dedi!

Gəzdim buludlarda
Göy qatında mən...
Gördüm dağ yolları
Cətindən cətin...
Onun dünya boyda sükütunda mən..
Eşitdim səsini əbədiyyətin..
Sevindim dost kimi
Danışdıq hər gün.
Mən gördüm günəşdə
Qarda, covğunda
Kecdi yuxu kimi bir ayı ömrün...
Görmədən bilmədən kecdi beləcə...
Bəlkə görüşmədik dünyada dedim...
O susdu...
Vuqarla məni dinlədi...
Ona dost dilində
ƏLVİDA dedim...
O isə öz dilində
HƏLƏLİK dedi...