adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

MƏMMƏD KOX

MƏMMƏD DƏMİRÇİOĞLU
30661 | 2015-11-28 09:51
Deyəsən gərdişi-dövranla barışmaq zamanı gəlmişdi. Yeni quruluş özü ilə xoş arzular, şirin vədlər gətirib, kasıb-kusubu sevindirsə də, varı-dövləti olan koxaların, bəylərin mal-mülkünü, torpaqlarını, örüş yerlərini əllərindən alır, səsini çıxaranları "Kulak" damğasıyla damğalayaraq qazamatlara salır, ziyalı və vətənpərvər kişiləri isə vətən xaini adı altında gülləyir, sürgünlərə sürürdülər.
-Allahverən, biz şükür etməliyik. Vaxtında heyvanları xırıd edə bildik. - deyərək, Qoçu Qəmnalı xəyallara dalmış Uzun Allahverəni fikrindən yayındırmağa çalışdı. - Nələrin baş verdiyini öz gözlərinlə görürsən. Annax bəyin, Məmməd koxanın, Qazax və Xanlıqlardakı bəylərin bütün var-yoxunu əlindən aldılar. O boyda kişiləri gör nə günlərə qoydular.
-Çopur Məmmədin təklif etdiyi iş heç ağlıma batmır, Qəmnalı qağa. Atryad komandiri olsam, gərək qaçaq quldur adlandırdıqları iyid oğlanlarımızın arxasınca düşüm, qırdığımı qırım, tutduğumu tub bu murdar hökumətə təslim edim. Bu mənlik deyil. - Uzun Allahverən ayağa qalxaraq, var-gəl etməyə başladı.
Getməzdən öncə, oğlu qədər sevdiyi Allahverənin pərişan halına istilik gətirə bilməyən Qoçu Qəmnalı:
-Çopur Məmməd ağıllı adamdı, Allahverən. O, sənin xasiyyətini bilir və ona görə hökumət işinə düzəldir ki, bəlalardan sovuşasan. Çalış onun sözündən çıxmayasan - deyib, sağollaşaraq atına yaxınlaşdı. Nədənsə atına minmədi, cilovundan tutub, atxasınca çəkərək enişlə aşağı düşdü. Elə onun özü də, qayğılar içində itib batmışdı.
Küləyin ağzında xışıldaşan xəzəllər payızın son pıçıltıları kimi ora-bura vurnuxurdular. Neçə gün idi dayanmadan yağan çisəkli yağış səngimişdi. Bomboz göy üzü səhər ala-toranlığı ilə süprülür, Aveyin dikdirindən burma-burma eşilən qara buludlar ağır axımla şimala doğru hərəkət edirdilər.
Əllərini arxasında çarpazlamış Allahverən, gözlərini buludlardan çəkmir, dondan-dona dəyişən qaralı-ağlı buludlara baxaraq dolaşıq fikirlərini çözələməyə çalışırdı. O, indiyə qədər buludlara bu qədər diqqətlə baxmamışdı. Buludların həyatı da çox qəribə imiş. Görəsən buludlar da canlıdırmı. Canlı olmasalar belə hərəkət edə bilərlərmi? Çox qəribə imiş bulud axını. Bayaqkı iri, qara zolaq qənşərindəki topa bulada yaxınlaşdı. Yavaş-yavaş ona qoşuldu, birləşib bir bölük əmələ gətirdilər, sonra baş tərəfdən ayrılaraq iki yerə bölündülər. Bir hissə, yun əlçimi kimi didilə-didilə zolaqlandı, yayılaraq sağ tərəflə gedən qoşuna calandı, sol tərəfə bölünən bölük isə aşağıdan onlara tərəf sürünən boz bulud axını ilə birləşərək, daha böyük bir axın əmələ gətirməyə başladı. Qısa zaman içində göy üzündə bir-birini əvəz edən mənzərələr dəyişir, qara buludlar uzaqlaşdıqca gömgöy səma durulur, xeyli zamandı yoxa çıxmış günəşin şəfəqləri hər yana sevinc nuru səpələyirdi.
Günəşin ilıq şüaları onun da əhvalına istilik gətirdi, dodağı səyridi, üzünə təbəssüm qondu. Arxasında çarpazladığı qollarını açdı, sağ əlində tutduğu qamçısını kəmərinə sancaraq doqqaza yaxınlaşdı. Dərədən tələsik onlara tərəf qalxan Mizini (Mirzalını) tanıdı. Onlara gəlirdi.
-Uzaxdan gördüm ki, evdəsən. Çox sevindim, Allahverən əmi- Həfəsini dərməyə çalışan Mirzalı, tövşüyə-tövşüyə nəfəsini dərdiyindən, sözünü axıracan deyə bilmədi.
- Eşidirəm, bacıoğlu, - deyərək gənc Mirzalını evə dəvət etdi. -Xeyirdimi, yaman tənginəfəs gəlmisən?
-Xeyir olmayanda nə olasıdı, Allahverən əmi. Bir balaca çətinə düşmüşəm.
-Nədi, olmaya xətrinə dəyən olub?
-Düz tapıbsan, əmi, - deyərək başını qaldırıb, Uzun Allahverənin gözünün içinə baxdı. Gözlərində ümid çırağı yandı. - Beş-on davarım var, Allahverən əmi, Gözümü onlaraca dikmişəm. Üzülmüşlər dünən Qaymaqlı, İsarafil bəyin qoruğuna düşüblər. Onlar da heyvanları aparın salıb tövləsinə. Nə qədər yalvardım vermədi. Dedi vurduqları ziyanlığa ödəkdilər. Qalmışam belə. Onlara mənim gücümmü çatar. Çox zorlu adamdılar.
- Neçə baş heyvandı?
-Qoyunlu-quzulu on beş başdı, əmi. Fikirləşdim ki, onlardan heyvanlarımı ancaq sən ala bilərsən. Ona görə gəldim yanına. Məni naümüd yola salma.
-Tanıyıram onları. Çox tərs, həm də mərd adamdılar. Rahatlıqla get, sabah özləri gətirəcəklər heyvanlarını.
Sevinə-sevinə geri qayıdan Mizinın arxasınca xeyli baxıb, çalanın altında fınxıran atına yaxınlaşdı. Sağrısına, boynuna sığal çəkdi. Məmməd Koxanı xatırladı və astadan pıçıldadı: "Sabah Qazağa gedim, kef əhval tutum. Xeyli vaxtdı görüşmürük. O boyda kişini necə fağırlatdı şura hökuməti", - deyərək həyətdə oynaşan qızlarına yaxınlaşdı. Dünyadan bixəbər bacılar cəhrə əyirən analarının yanında oynaşır, gülüşə-gülüşə ora-bura qaçışırdılar.
Elə sözlər olur ki, onu dillə demək olmur. Belə zamanlarda aşıqlar sözünü sazla dediyi kimi, Uzun Allahverən də beşaçılanı ilə deyirdi. Qarşı təpənin üstündə yaşayan yeznəsinə də günahını beşaçılanla qandırmışdı. Sən demə, bacısı Mələyə zülm edirmiş yeznəsi.
Mələk isə evin sirrini çölə dağıtmır, qardaşından gizlədirdi ki, araya ziddiyyət düşməsin. Amma onun sirrini bilən gəlin Mələk, bir gün məsələni əri Allahverənə danışır ki, onlara təpin, bacının günü göy əskiyə düyüblər.
Allahverən də arada olan qohumluq pərdəsini pozmasın deyə, yeznəsini eyhamla başa salmağı qərara alır. Bir gün yeznə, ailəliklə çalanın altındakı buxarının başında oturmuşdular. Allahverən beşaçılanı sinəsinə qaldırıb, o toya - yeznəsi gilin buxarısına iki güllə atır. Kösövlər buxarının içindən yan-yörəyə vızıldanır, qığılcımlar ətrafa səpələnir. İşarəni başa düşən yeznə, o gündən özünü yığışdırır...
Axşamın düşməsini gözləyən Allahverən, bu dəfə də sözünü beşaçılanla demək qərarına gəldi, şər qarışan kimi boz ayğırın belinə sıçradı. Qaymaqlıya qalxıb, İsrafil gilin öyünün yanından keçəndə, atını şahə qaldırdı. Belə anlarda boz ayğır eyni zamanda kişnəyirdi. Atın səsinə səs verən beşaçılan şaqqıldadı. Dalbadal on beş güllə ataraq, geri qayıtdı. Vahiməyə düşən İsrafil gil bayıra çıxsalar da, heç kimi görə bilmədilər.
İgid olduğu qədər də arif adam idi İsrafil bəy. Evə girib böyük oğlunu yanına çağırdı:
-Oğlum, atan Uzun Allahverən idi. On beş güllə atmaqla girovda olan heyvanların sayına işarə etdi, andırdı ki, heyvanları yiyəsinə qaytar. Sabah tezdən Mizinın heyvanlarını apar qaytar.
***

Zaman axarı da təbiət hadisəsidir və göy üzündəki buludlar kimi hadisələr də dayanmadan formasını dəyişir, ağıla gəlməyənlər adamın başına gəlir.
Nikolayın devrilməsi, yeni hökumətin qurulması, Sovetlər deyilən quruluşun yaranması adamın heç ağlına da gəlməzdi.
Uzun Allahverənin bu quruluşdan gözü su içmirdi. Gözünün qarşısındaca baş verənləri seyr etməkdən başqa əlacı qalmamışdı.
Bir zamanlar Qazax mahalının qubernatoru olub, canı-qanı bahasına Gürcü menşeviklərinə sinə gərərək, Gürcüstana bir qarış da olsa torpaq payı verməyən Məmməd koxanı vəzifəsindən uzaqlaşdırmış, özünü isə nəzarətdə saxlayırdılar. Uzun Allahverən çox etibarlı insan olduğundan tez-tez Daş Salahlıya gələr, Dağ zəhmli dostuna təskinlik verər, səbirli olmağa çağırardı.
Daş Salahlıya getməzdən öncə Qazağa dəyməyi məsləhət bilib, atını iri parkın yanındakı çayxanaya tərəf sürdü. Uzaqdan Məmməd Koxanın ağaca bağlanmış atını gözü almışdı. Ağ ata iki göz istəyirdi tamaşa etsin. Təpədən dırnağa dümağ olan ata, tamaşa etməyə iki göz azlıq edirdi. Dimdik sivri qulaqları, saçaq-saçaq yalmanı və quyruğu o qədər yaraşıqlı idi ki, adam tamaşa etməkdən doymur, Tanrının yaratdığı gözəlliyə heyran qalırdı. Sinəsi enli, beli isə incə olan bu atın sağrıları günəş işığında par-par yanırdı. Tündqırmızı məxmərlə tikilmiş yəhərinin gümüş qaşları, yəhər altı örtüyün ətəklərindən sallanan qızılı zərli qotazlar ona xüsusi cazibə verirdi.
Uzun Allahverən atından düşüb, çayxanaya girdi. Dostları ilə çay içən Məmməd koxa, onu görəndə ayağa durdu, gülümsəyərək yanındakı boş stulu ona tərəf itələdi.
-Xoş gəldin, oğlum, - Məmməd koxa tanış edəcəyi adam yox idi. Oturanların hamısını tanıyam Uzun Allahverən, dostlarıyla da əl verib görüşdü və söhbətə qoşuldu.
Hamısı gözəl bilirdi ki, hökumət əleyhinə danışmaq olmaz. Ən adi səhv söz, adama ölüm və sürgün cəzası gətirə bilərdi. Odur ki, siyasi söhbətlərə qarışmadan məişət söhbətləri edir, arada eyhamla dərdlərini də dilə gətirirdilər. Məmməd koxa, dostlara özlərini necə qorumalı haqda məsləhətlər verməyə başladı .
- Oğlum, Allahverən, bu beşaçılanın zamanı getdi. Artıq bunu özünlə gəzdirmə, başına bəla gətirə bilər.
- Məmməd qağa, Çopur Məmməd məni atrayad komandiri olaraq işə təyin etdirib. Tək bu silahdan aralı düşməyim deyə razılıq vermişəm.
-Kişinin silahı olar. - Annax bəy də silahını yerə qoymamışdı. Mauzeri həmişə kəmərindən asılı olardı. - Sovet hökuməti torpağımızı alır, var-dövlətimizi kolxozlara paylayır, silahımızı da aldılarsa, bir papağımız qalır. Belə çıxır ki, papağımızı da istəsələr onu da verək.
Qaşları çatılmış Məmməd koxa, hökumət və dövlət işlərini yaxşı bildiyindən, quruluşun əksinə getməyin nələrlə nəticələnə biləcəyini gözəl bilirdi. Odur ki, Annax bəyə təsəlli verdi:
- Annax bəy, Niqalıyın hökuməti nə vermişdi bizə? İndi də bu dövlətə xidmət etməliyik. Eşşək həmin eşşəkdi, sadəcə palan dəyişib. Buna da vərdiş edəcəyik, səbirli olmaq lazımdı.
-Bu hökumət ermənilərə yaman voj verir. Qazaxda yaranmış üçlükdən xəbəriniz varmı? - deyərək Uzun Allahverən Çopur Məmməddən eşitdiklərini onlara söylədi.
-Doğrudur, Allahverən, at ölüb, itin kefidir. Bu ermənilər qədər bic millət yoxdur. İndi də bu hökumətin saqqızını oğurlayırlar - deyib, Məmməd koxa çayını dodağına yaxınlaşdırdı. Gözü pəncərə tərəfə sataşanda, atının yanında vurnuxan cavan zabiti gözü aldı.
Çayçını yanına çağırdı:
-A bala, get gör o cavan oğlan kimdi? Atın həndəvərində çox fırlanır.
Çayçı oğlan gənc zabitə yaxınlaşdı və nə mətləb sahibi olduğunu soruşdu.
- Bu ata gözüm düşüb, almaq istəyirəm. Bunun sahibi hardadı, məni yanına apara bilərsənmi?
Çayçı:
-Çayxanada çay içirlər - deyib, pəncərədən onlara baxan Məmməd koxa gili göstərdi.
İçəri daxil olub, ədəblə salam verən gənc zabit onlara yaxınlaşdı. Məmməd koxa onu çay süfrəsinə dəvət etdi:
-Kimsən, ay oğul? Bura adamlarına oxşamırsan. Otur, bir stəkan çayımızı iç.
- Çox təşəkkür edirəm. Düz buyurdunuz. Özüm Qarabağ əhliyəm. Tiflisdə ali hərbi kursu bitirib, mərkəzə gedirəm. O ağ atı görüb, dayandım. Biz, nəsillikcə at həvəskarı olmuşuq. Amma ömrümdə bu gözəllikdə at görməmişəm. Bu atı almaq istəyirəm.
Məmməd koxa bir anlıq fikrə getdi. Nə deyəcəyini düşünürdü.
- Oğlum, səncə bu gözəllikdə atı sahibi satarmı? - Annax bəyin uca səsi Məmməd koxanı fikrindən ayırdı.
- Annax bəy düz buyurdu, gənc zabit. Bu atın qiyməti yoxdur.
(Ardı gələn sənbə sayımızda)

TƏQVİM / ARXİV