adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Nifrətg Nifrətg Nifrət

2950 | 2015-11-28 10:05

Günortaya yaxın xəbər verdilər ki, bir neçə gün əvvəl şəhidlərin döyüş meydanında qalmış meyitlərini Ağdərədən Tərtər rayonuna gətiriblər. Döyüşlərdə oğul itirmiş və neçə gündən bəri hərbi hissənin qarşısında övladlarının öldüsünü-qaldısını öyrənmək istəyən valideynlərlə birlikdə Ağdamdan Tərtərə yola düşdük. Yol boyu valideynlər elə hey Allaha yalvarırdılar ki, kaş övladlarının meyiti tapılmış olsun, döyüş meydanında qalıb qurd-quşa yem olmasın.
Düşmən arxasından qayıdan kəşfiyyatçılar məlumat gətirmişdilər ki, ermənilər şəhid olmuş əsgərlərimizin meyitlərini təhqir edib, üzlərini bıçağın ucu ilə cızıb tanınmaz hala salıb, çoxunun qulağını, burnunu kəsib gözlərini oyublar. Valideynlərlə birlikdə Tərtərə getməkdə məqsədim ermənilərin vəhşiliyini, insanlığa sığmayan hərəkətlərini - meyitləri necə təhqir etdiklərini fotoaparatın yaddaşına köçürüb mətbuat səhifələrində dərc etməklə, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq idi.
Rayon mərkəzinə günortadan sonra çatdıq. Xəstəxananın baş həkimi bizi qəbul edib dinləyəndən sonra bildirdi ki, rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin icazəsi olmasa, meyitləri valideynlərə göstərə bilməz. İcazə almaq çətin olmadı. Ən çətini tabutları açıb meyitlərə baxmaq idi. Ürək buna necə dözəcəkdi? Gözlər buna necə baxacaqdı?
Xəstəxananın həyətinə düşdük. Bir küncdə 9 tabut yanaşı qoyulmuşdu. Bir vaxtlar özləri cərgədə dayanan oğulların indi qarşımızda tabutları sıralanmışdı. Sanki qışın soyuğundan, şaxtasından üşüyən 9 tabut bir-birinə söykənib qızınaraq dərin sükuta dalmışdı. Bu tabutların içində 9 insan həyatı donub qalmışdı. Eyni ölçülü olan bu tabutlar 9 evin işığını söndürmüşdü. Haradasa uzaqlarda 9 ana saçını yolub dağlara, daşlara haray salıb, göz yaşları axıdıb oğul soraqlayırdı. Tabutlara baxmağa ürəyimiz gəlmirdi. Övladını itirmiş atalar əlləri titrəyə-titrəyə, üzlərində kədər həyəcanla tabutların qapağını açıb üzgün-üzgün onun içində uyuyan şəhidlərə baxırdılar. Torpaq uğrunda canlarından keçmiş bu oğulların həyatı tabutun içində donub qalmışdı. Meyitlərə baxan valideynlərin gözlərində yaş görünmürdü. Elə bil soyuq fevral küləyi onların gözlərindəki yaşı da dondurmuşdu. Nə bilim, bəlkə də onların göz yaşları ağlamaqdan qurumuşdu.
Valideynlər öz övladlarını ölənlərin arasında tapmaq ümidi ilə meyitlərə diqqətlə baxırdılar. Amma onların oğulları şəhidlərin arasında yox idi. Haradasa ataların ürəyinin dərinliyində oğullarının sağ qaldığına bir ümid közərir, bir inam ocağı yanırdı. İndi bu anlarda valideynləri yaşadan, soyuq ürəklərini isidən bu ocaq, bu közərti idi. Öz oğulları olmasa da, 18-20 yaşlı bu cavanların ölümü onların ürəklərini kədərə, qəmə bələmişdi. Bu dəhşətli səhnə heç vaxt nə ataların, nə də mənim yaddaşımdan silinməyəcək. Soyuq bir qış günündə gördüklərimiz həmişə ürəyimizi yandırıb yaxacaq. Bu üzüntülü və gərgin anlarda valideynlərin üzündən ermənilərə qarşı bircə ifadə oxunurdu: Nifrət...g Nifrət...g Nifrət...g
Mən də onlarla yanaşı addımlayıb, tabutda uyuyan şəhidlərin donmuş sifətlərinə baxırdım. Şəhid olmuş 18-20 yaşlı əsgərlərin meyitlərinin yan-yörəsindəki boş yerləri pambıqla doldurmuşdular. Dördüncü tabutdakı şəhidin boyu uzun olduğundan, deyəsən, yeri ona darısqallıq edirdi. Tabuta sığmayan bu əsgərlər Ağdərəni erməni işğalçılarından qoruyarkən şəhid olmuşdular. Düşmən güllələri ən çox onların baş nahiyəsindən dəymişdi. Şəhid olan oğullardan birinin başının yarısını qəlpə aparmışdı. Onun meyitinə baxmaq olmurdu. Offf! Müharibə, müharibə! Dəhşətə bax, dünənə qədər danışan, düşünən, sevən, sevilən, torpaq uğrunda vuruşan insan qəfil atılan odlu bir güllədən həyatını itirib həmişəlik susmuşdu. Əbədi yuxuya getmiş şəhidlərin üzündən onları gülləbaran etmiş erməni qəsbkarlarına bircə ifadə oxunurdu: Nifrət...g Nifrət...g Nifrət...g
Kədərdən yaşarmış gözlərimi silib səmanın ənginliklərinə baxdım. Soyuq fevral günündə göy də qaşqabaqlı görsənir, bu ağrılı, üzücü mənzərəni görməmək üçün sanki gözlərini qara buludlarla bağlamışdı. Bu dəhşətə, bu vəhşiliyə baxıb göz yaşları axıtmaqdan deyəsən, göy də kor olmuşdu. Ağlamaqdan buludların da göz yaşları qurumuşdu. Səmanın tutqun baxışından da oğullarımızı amansızcasına güllələmiş erməni işğalçılarına bircə ifadə oxunurdu: Nifrət...g Nifrət...g Nifrət...g
Meyitləri yuyub kəfənləmiş əsgər göz yaşları içində tabutların qapaqlarını bir-bir bağladı. Bu üzüntülü, ürəkdağlayan mənzərədən addım-addım uzaqlaşdıq. Kədər dolu hisslərlə xəstəxananın həyətini tərk etdik. 9 naməlum şəhid isə tabut içində qaldı. Sabah başqa valideynlər övladlarının meyitlərini tapmaq ümidi ilə yenə də bu ünvana üz tutacaqdılar.
1993-cü ilin soyuq bir fevral günündə şahidi olduğum bu dəhşətli hadisəni hələ də unuda bilmirəm. Ürək dağlayan bu qəmli, kədərli səhnə gözlərim önündən getmir. Elə bil bütün bunlar heç uzun illər əvvəl yox, lap elə dünən olub. Şahidi olduğum bu qəmli hadisəni ağ vərəqlər üzərinə köçürdükcə son olaraq qələmim bir necə söz yazmaq istəyir: Nifrət...g Nifrət...g Nifrət...g Qisas...g Qisas...g Qisas...g
Qisas qiyamətə qalmaz!..

TƏQVİM / ARXİV