adalet.az header logo
  • Bakı 19°C

Bu dəfə hənanın yeridi

ŞƏFİQƏ ŞƏFA
76209 | 2015-11-28 09:24

Müharibə isti, soyuq - hansı müstəvidə aparılırsa-aparılsın, ilk növbədə həmin ölkələrin iqtisadiyyatına ziyan dəyəcək. İqtisadiyyatın çöküşü isə sadə xalqı öz toz-torpağına bələyir. Hətta qalib dövlətlərin xalqları da qələbənin dadını alanacan hələ çox dağıntılar arasında eşələnməli olurlar. Nəinki müharibə, dövlətlərarası gərginlik belə bəsdir ki, insanların illər boyu qazandıqlarının bəhrəsi, arzusu, gələcəyi sual altına düşsün. Budur: Rusiyanın Baş naziri Dmitri Medvedev Türkiyəyə qarşı iqtisadi-humanitar sanksiyalara hazırlıq üçün aidiyyəti qurumlara işarə verən kimi yerlərdəki məmurlar qollarını çırmaladılar. Nə sirdisə, əhalinin xeyrinə olan məsələlərdə heç belə aktivlik göstərməzlər. Bundan sonra rus camaatı türk mətbəxindən, qəhvəsindən dada, türk paltarı, ayaqqabısı geyinə bilməz. Türk iş adamlarının fəaliyyəti də bu ölkədə dondurulub, malları yolda qalıb, ya da üstünə məmur əli dəyib. Bağlanmış iş yerlərində nə qədər rus çalışırdı? İndi onların qarnını doyuracaqmı bu sanksiyalar? Hələ eyni addımı da Türkiyə atarsa, illərin qonşuluğuna güvənib birgə iş quran nə qədər rus-türk bu zərbədən pay alacaq? Maraqlıdır, görəsən, rus qızları almış türklər neyləyəcək? Arvadlar da sanksiyanın planına düşürmü? Ən azından türk qadınlarının canı dincələcək, təhlükəli rus qızlarından bir müddətlik ərlərini xilas edəcəklər, daha doğrusu nikahlarını... Çünki ərlər belə təhlükəyə könüllü meyillənirlər.
Rusiyanın kənd təsərrüfatı naziri Tkaçev çox optimist bəyanat verib: "Türkiyədən gələn məhsullara embarqo qoyulsa, ruslar bazarda türk əskikliyini hiss etməyəcəklər". Qəribədir, Rusiyaya gələn kənd təsərrüfatı məhsullarının 20 faizini türk məhsulları təşkil edirsə, importun hər beşindən birinin yoxluğu necə hiss olunmaya bilər? Amma nazir söz verir ki, bu yoxluq Asiya və Afrikadan gələn məhsulların hesabına çoxluq təşkil edəcək.
Gömrük dünəndən hazırmış kimi postunu qurub marıta durub. Didik-didik etdiyi türk mallarında nə desən tapıblar. Türk toyuqlarında qrip tapıldı, ətdə mikrob aşkarlandı, paltarlar keyfiyyətsiz çıxdı, "naməlum mənşəli" oyuncaqlar uşaqlar üçün təhlükə mənbəyinə çevrildi, kosmetik, məişət avadanlıqları risk qrupuna düşdü... Türk karvanının başında gələn sarvanlara da əyri baxıldı ki, birdən İŞİD-çi olar...
Türkiyəyə turizm təşkil edən şirkətlərə də rəsmi qadağa qoyulub. Aylardır işləyib Türkiyəyə məzuniyyətə getmək istəyən rusların arzusu ürəyində, bileti əlində qaldı. Bundan sonra Türkiyənin dilbər guşələrinə kompyuter arxasından baxmalı olacaqlar. İndi kef almanlarındı. Antalya, Bodrum, Quş adası ruslardan "təmizləndiyi" üçün bomboş qaldığından qiymətlər xeyli ucuzlaşıb. Nə əlaqəsi var? - deyə sual edənlərə məlumat verim ki, Türkiyənin turistik məkanları ruslardan sonra almanların hesabına qazanırdı.
Bir sözlə, bütün sahələrdə aparılan "islahat"lar rus-türk insanının xeyrinə deyil, bu zərərin gətirdiyi sevinc elə o qazananların payına düşəcək. İqtisadi, siyasi, mədəni, hərbi, elmi gərginliyi aradan qaldırmaq, soyuq başla düşünmək yerinə qızmış gözlərlə məsələyə baxmaq hər iki ölkənin ziyanınadır. Bunu özləri də bilir, düşmən sevindirəcəklərindən də xəbərdardırlar. Düşmən də bir deyil, iki deyil... Hərəsi yaxşı bir İran xınası alıb, yığışıblar Amerikagilə... Dəmə qoyulmuş xınanı əllərinə yaxmağa məqam axtarırlar. Heç hənanın yeridi? - deyib durmayın. Bu dəfə yeridi! Hadisələrə elə baxırlar ki, sanki əfqan çətənəsini çırtlaya-çırtlaya çoxillik rus proqramlarını, ya da çoxbölümlü türk seriallarını izləyirlər... Bir sözlə, başqalarına ziyan vermək istəyən görəvlilər əslində özünküləri incidirlər. Amma mənim fikrim orda qaldı e... Görəsən rus qızlarını kim əvəzləyəcək? Bəs təzəcə "russkiy vkus" görmüş türk kişiləri neyləyəcək?! Nə isə bir xına da mən saxlayım əl altında...

TƏQVİM / ARXİV