adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

GƏLİNƏ AYIRAN DEMƏDİM...

8296 | 2015-11-28 09:13
...Dünyagörmüş və müdrik bir kişinin üç oğlu varmış. Kişi hər gün onlara baxıb mehribanlığını görərək sevinərmiş. Görürmüş ki, uşaqları bir-birinə can deyir və can eşidir. Günlərin bir günü də kişi hər üç oğlunu yanına çağırır və onlardan soruşur:
- Deyin görüm, siz mehriban qardaşsınız?
Üç oğlun hər biri bir ağızdan dillənir:
- Ata, biz çox mehribanıq və bu mehribanlığı da ömrümüzün sonuna qədər qoruyub saxlayacağıq!..
Kişi qaşlarını çatır və deyir:
- Mən sizin mehriban olmağınızı arvadınız olandan sonra biləcəm. Əgər ailə quranda da bu səmimiyyəti və mehribanlığı qoruya bilsəniz, day sizə zaval yoxdur.
Ağsaqqal bir müddətdən sonra böyük oğlunu evləndirir. Üç il keçəndən sonra ortancıl oğluna toy edir, bir-iki il də ötəndə sonuncu oğluna toy çaldırır. İllər keçir, görür ki, balam, qardaşlar arasında bir az soyuqluq yaranıb. O dəqiqə barmağını dişləyir və tapır ki, bu soyuqluğu yaradan ocağa gəlmiş gəlinlərdi. Kişinin sağ vaxtı birtəhər onların arasında istilik yaratmaq mümkün olur. Elə ki kişi və həyat yoldaşı dünyasını dəyişir və qardaşlar arasında da münasibət get-gedə soyuyur. Hətta o vəziyyətə çatır ki, illərlə üç qardaşın heç biri bir-biriylə görüşmür və bir-birinin qapısını belə açmırlar...
Mənim də tanıdığım iki qardaş var. Onlar da bir vaxtlar çox mehriban idilər. Hər gün bir yerdə çörək yeyər, bir yerdə dərdləşər və bir yerdə də xeyir-şərə gedərdilər. Böyük qardaşın həyat yoldaşı şirindil və mehriban bir xanımıydı. Ancaq ortancıl qardaşın arvadı isə atlını atdan salardı, piyadanın da vurub qılçını sındırardı. Yəni bu xanım heç kimlə yola gedən deyildi. Gəlin gələndən bir il sonra hər iki qardaş bir-biriylə küsülü çıxdı. Dedilər iti görək, qurdu görək, bir-birimizi görməyək...
Mənim yazım heç də onu deməyə əsas vermir ki, mehriban qardaşlar yoxdur və bu gün də istənilən qədər mehriban qardaşlar var. Allah onların canını sağ eləsin, keflərini də kök! Amma əksər qardaşlar ailə qurandan sonra tamamilə dəyişir, nə anasına üz verir, nə atasına, nə də bacı-qardaşına. Və bunlar da olur yad bir adam. Onun evinə gəlib-gedənlər ancaq arvadın qohum-əqrəbası olur. O adam da qayınatasına "ata", qayınanasına "mama" deyir. Pir kimi yapışır ondan. Heç elə bil ki, onu əkən kişi və doğan arvad olmayıb.
Bəzən analar da oğullarını gəlinlərinə qısqanırlar. Yəni ana görür ki, oğlu əvvəlki kimi onun üçün əldən-ayaqdan getmir və əziyyətini belə çəkmək istəmir. Axı ana da anadı. Bu vəziyyəti görəndən sonra oğlunun rahatlığı və xoşbəxtliyi üçün onları narahat etmir. Və hətta qohum-qonşu ona deyəndə ki, ay filankəs, oğlunla sənin aranda niyə soyuqluq yaranıb, o buna qətiyyən əhəmiyyət vermir və evin sirrini də kimlərəsə demək istəmir. Elə düz də edir. Bu daha yaxşıdı...
Bir qadın var ərini 22 yaşında itirib, yəni onun 22 yaşı olanda ərinin də 23 yaşı vardı. Amma iki övladları böyüyürdü. Həmin qadın çox çətinliklə uşaqlarını böyütdü, oxutdu, qızını ərə verdi və ocağına da gəlin gətirdi. Gəlin gələn gündən o arvadın gününü göy əskiyə bükdü. Hansı ki o arvad iki-üç yaşından atadan yetim qalan oğluna və qızına gözünün yağını yedirtmişdi. Qışın oğlan çağında, şaxta adamı qılınc kimi kəsəndə, yayın istisində göydən "od yağanda" o qadın bir tikə çörək üçün olmazın əzab-əziyyətini çəkmişdi. Bunlar heç cürə yad qızına çatmazdı, amma oğlu yaxşı bilirdi ki, anası hansı əzab-əziyyətlə onları böyüdüb boya -başa çatdırıb. Oğlu onu da yaxşı bilirdi ki, anası gecələr bir küncə çəkilib göz yaşlarını onlara göstərməyib balalarına korluq verməyib. Oğul nə illah eləsə də həyat yoldaşının ürəyini yumşalda bilmədi. Həyat yoldaşı iki ayağını bir başmağa dirəyib dedi: "Ya ananı seç, ya da məni". Hansı ki onların iki övladı vardı və iki gül parçası kimi oğlanları böyüyürdü. Oğlan bu təpkidən sonra həmin qadından üz döndərdi və ayrıldı. Daha doğrusu, anasını seçdi. Dedi ki, sənin kimi yüz arvad taparam, amma anamı bir də tapmaram. İndi onlar xeyli vaxtdı ayrılıblar və iki oğlunu da yaddan çıxarmır. Bir qadının hikkəsi bir ailənin dağılmasına gətirib çıxartdı.
Bu mövzu ilə bağlı təbii ki, çoxlarının fikirləri bəlkə də mənimki ilə üst-üstə düşməyəcək. Çünki ən azından indiki dövrdə yaxşı gəlinlər də var, yaxşı oğullar da və yaxşı qayınanalar da. Amma yaxşı olmayanlar da var və yaxşı olmayanlar da yaxşılardan nümunə götürməlidir. Çünki sirkə nə qədər tünd olsa, birinci öz qabını çartladacaq. Deyilənlərə görə hər şeyə ad verən Dədə Qorqud olub. O da deyib ki, mən dörd şeyə düz ad verməmişəm:

Gəlinə ayıran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud.
Tikana sökən demədim mən Dədə Qorqud,

Bilmirəm bu fikir nə dərəcədə doğrudur, düzdür. Ancaq bir onu bilirəm ki, bu məsələlər o qədər də sadə və aydın məsələ deyil. Yəni bu fikrin tərsini də deyən tapıla bilər. Amma hər halda gəlinlərin əksəriyyəti ocağa gələndən sonra orda bir ayrılıq, soyuqluq və nigarançılıq yaranır...

TƏQVİM / ARXİV