adalet.az header logo
  • Bakı 22°C
26 Noyabr 2015 15:59
40150
MÜSAHİBƏ
A- A+

“Milli Qəhrəman adını aldığımı radiodan eşitdim” – Ehtiyatda olan Polkovnik-Leytenant

Tarix yazanlar heç vaxt unudulmur. Onlar salnamələr yazan kəslərdir. Hərçənd günümüzün reallığına çevrilən əsas məqamlardan biri odur ki, məhz bu cür şəxsiyyətlər ümumi qəhrəmanlıq təsəvvürü yaratmağı bacarsalar da fərdi şəkildə tanınmırlar. Məqsədimizi bir yerə cəmləyib bir rubrika yaratdıq: "Qarabağ qaziləri...” Bu ad nə qədər konkret görünsə də əslində bir o qədər də mücərrəd anlam daşıyır. Çünki Milli Qəhrəman Vahid Quliyev kimi bir çoxları çəkildiyi həyat filmlərinin süjetləri ilə təkcə ssenari yaratmağı yox, həm də milli-mənəvi dəyərləri yüksəltməyi bacarıblar. Milli Qəhrəman bir kitabdır, o kitabı oxuyan kəsin birbaşa hisslərinə inikas edən duyğulu anlar bu kitabın film süjetində əks olunub.

Müsahibimiz bu adın və yaşadığı qəhrəmanlıqların adı altında nə qədər sadə görünürdüsə, onunla həmsöhbət olmaq da bir o qədər stimulverici təzahür sayılırdı. Bəlkə də çoxları bu titulun sahibiylə həmsöhbət olmaq istəmiş, onunla xatirə fotosu çəkdirmək arzusunda olmuşdur. Redaksiyamıza təşrif buyurduqdan sonra iş yoldaşlarımın onunla söhbətimizə mane olmamaq jesti əslində həmkarlarımın bu fürsəti əldən itirməsinə səbəb oldu. Tam səmimi deyəcəyəm: "O bir "Qarabağ yuxusu” idi, gəldi və getdi”. Sadəliyi və gözoxşayan davranış tərzi sadə vətəndaş girişi ilə başlayıb Milli Qəhrəman çıxışı ilə sona çatdı. Bu titulu əbəs yerə tez-tez hallandırmıram. Çünki təəssüflə qeyd edilməlidir ki, Azərbaycanda belə demək düzgündürsə "Milli Qəhrəman” adından ötrü "sinoy” gedənlər və hətta bu adı əfsanəyə çevirib qondarma şəkildə sinəsinə taxanlar da olub öncələr. Sizə bir sirr də verim: "Həmin şəxslərdən biri məhz bizim rubrikanın qonağı olub bir vaxtlar...”


Vahid Quliyev çəkinmədən özünü təqdim etməyi rəva bildi. Söhbətimiz də elə buradan start götürür: 20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində doğulub. Uşaqlıq illəri Niyazqullar kəndində keçib. O, 1972-ci ildə Zəngilan rayonunda Hacallıkənd orta məktəbini bitirdikdən sonra bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışmışdır. 1974-cü ildə ordu sıralarına çağırılaraq hərbi xidmətini Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində keçirib. 1976-cı ildə hərbi xidmətini başa vurub Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil oldu. 1981-ci ildə universiteti bitirərək, təyinatla Laçın rayonunun Fərəcan kəndində üç il müəllimlik edib. Daha sonra Bakıya qayıdaraq «Azon» Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilir. 1992-ci ilə qədər bu zavodda çalışmış və öz işinin öhdəsindən layiqincə gəlmişdir.

O, 1996-cı ildə BDU-nun hərbi kafedrasında müəllim, 2000-ci ilin avqust ayından 2002-ci ilin oktyabr ayına qədər Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi fəaliyyətini davam etdirib. 26 oktyabr 2002-ci ildə isə ordudan tərxis olunub.

Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir.

Bir az da müharibədən...

"Yaxşı ki, bunu məndən geniş şəkildə istəmədiniz (gülür). Əslində müharibə həyatı çox uzun çəksə də bunları danışaraq yaddaşınızda ərsəyə gətirmək bir neçə saata başa gələ bilər. Əsasən izlədiyimiz döyüş filmləri o dövrdə bizim kimi gənclərin vətənparəvərlik hisslərinin formalşmasında müstəsna rol oynayıb. Biz film qəhrəmanlarını özümüzə kumir seçmişdik. Nə vaxtsa qəhrəman olacağımı düşünməmişəm, sadəcə daxilimdə döyüş və vətəni müdafiə əzmi formalaşıb. Məni ön cəbhəyə aparan səbəb da bu olsa gərək. Müharibələrin qızğın dövründə mən ilk addımımı atmalı oldum. Təəssüf ki, ilk addım nə qədər məsuliyyət və risk, o cümlədən səriştə tələb edirsə, bir o qədər də çətin, bəzən uğursuz olur. Məni ilk dəfəsində müraciət etdiyim hərbi komissarlıq qəbul etmədi. O zaman Bakının Yasamal rayonunda yaşayırdım və həmin rayonda yerləşən hərbi komissarlığa müraciət etdim. Özüm hərbi təhsil almışam və ehtiyatda olan "Baş leytenant” idim. İndiki Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş olsam da, əslində o dönəmlərdə Azərbaycanın əksər ali məktəblərində hərbi kafedralar fəaliyyət göstərirdi. Bizdə də həmçinin. Bu kafedraların tədris prinsipi ondan ibarət idi ki, müxtəlif fakültə tələbələrinin bu sahəyə maraqları təmin olunurdu. Mən də onlardan biri olaraq burada hərbi dərs almış və ehtiyata buraxılmışam. Bu rütbəni almaq da asan olmayıb. Qaydalara görə imtahan əsasında rütbə verildiyindən kəsilənlər həmin dövrdə birbaşa əsgər kimi hərbi xidmətə göndərirlər”.

Xülasə! Hərbi komissarlıq məni zabit kimi orduya qəbul etmədi. Səbəbi isə orada bu işlə məşğul olan Kapitan Cəfərovun məndən müəyyən miqdarda pul istəməsi idi.


- Könüllülərdən pul istəmək hansı məntiqə söykənir?

- Məsələ onda deyildi. Əsas məğzin açıqlaması ondan ibarətdir ki, müharibə dövründə zabit xidmətə görə yüksək maaş alırdı, sözügedən kapitan isə məndən müəyyən məbləğdə pul alıb xidməti yerimi şəhər zonasına salmaq təklifi vermişdi. Dedi hörmət etsən səni Badamdarda və ya Biləcəridə yerləşən hərbi hissəyə göndərəcəm. Orada rahat işləyərsən. Əslində onun bilmədiyi bir nüans var idi: "Mən ön cəbhədə vuruşmaq istəyirdim”.

Ora gedişim məqsədi də elə bu idi. Uzun söhbətlərdən sonra ona dedim ki, mənim elə mülküdə kifayət qədər qazancım var. Əgər dolanışıqdan söhbət gedirsə, hərbidə qazanacağım məvacib mülki gəlirlərimdən azdı. Təəssüf ki, cəhdim uğursuz alındı. Lakin həmin ilin avqust ayında yenidən hərbi komissarlığa baş çəkdim. Bu səfər də analoji halla rastlaşmağım açığı məni təəccübləndirmirdi. Dedilər hörmət et, təyinatını verək Bakıya. Yoxsa müharibə gedir, daha cəbhədən meyit gətirməkdən bezmişik. Əslində anlamışdım ki, komissarlıqdakı rütbəlilər öz bildiklərini təklif edəcəklər, nə qədər özümü dağa-daşa vursam da xeyri olmayacaq. Ona görə razılaşmış kimi məni göndərmək istədikləri Badamdarda yerləşən hərbi hissənin yerini öyrəndim. Hərbi hissəyə çatanda orada söylədim ki, ehtiyatda olan zabitəm. Artilleriya hərbi hissələrinin formalaşdırılması həmin hərbi hissənin komandiri polkovnik Bağırova tapşırıldığı üçün məni onunla görüşdürdülər”.

Həyatın həssas bir məqamı var: Bir şeyi çox istərkən gözəgörünməz mistik qüvvələr sənə təsadüflər zəminində yardım etməyə başlayır. Elə veteranın müraciət etdiyi vaxt həmin hərbi hissənin artilleriya bazasına zabit tələb olunması buna sübutdur.

"Polkovnik Bağırov mənim tank əleyhinə minaatan artilleriya zabiti olduğumu öyrənəndə Qobuda yerləşən hərbi hissəyə göndərəcəyini söylədi. Daha sonra məni tələbnamə ilə ora yazdılar. İlk günlər mülki geyimdə bir neçə gün orada qaldım. Daha sonra Tabor komandiri Polkovnik Seçenov bizimlə tanış oldu. Onu deyim ki,Qobuda yerləşən hərbi hissəni komandiri Polkovnik Seçenov qatı "alkaş” biri idi. Çox içən olduğu üçün demək olar ki, hər səhər düzülüşdə onu içkili vəziyyətdə və müvazinətini itirmiş halda görmək olardı”.


"Şturmes - "İzdeli 9PE149 məmulatı””

"Qobuda bizim tank əleyhinə qurğularımız vardı. Həmin vaxt ən çox diqqətçəkən hadisə də onlarla bağlı təəssüratlarımı yada salır. Bildiyiniz kimi əvvəllər Bakıda "Azon” zavodunda elektrik vəzifəsində işlədiyimə görə həmin qurğuların işləmə prinsiplərini bilirdim. Mənim təşəbbüsüm qədər qurğulara toxunan olmamışdı. Nəzərə alsaq ki, hərbi hissə cəbhədən yüzlərlə kilometr arxadadır, bu o deməkdir ki, onların istifadəsinə ehtiyac yox idi”. Konversiya olunmuş bu tank əleyhinə maşınların işıq üzü görməsində və ərsəyə gəlməsində Milli Qəhrəman böyük rolu olduğunu söyləyib: "Bir müddətdən sonra Polkovnik Seçonovun icazəsi ilə bu qurğunun blomlarını açdıq. Tank Əleyhinə Şturmes qurğularını bir-bir açmağa başladıq. Başlanğıcda onların birbaşa işə salmağı düşünsək də, sonradan rastlaşdığımız mənzərə bizə ruh düşkünlüyü yaratmaya bilməzdi: Qurğuların bütün blok sxemləri doğranmışdı. Bəs bunlar kim etmişdi? Kimin sifarişi ilə?

Deyilənə görə hərbi hissəni bazasına yerləşdirərkən bu qurğular Qorbaçovun göstərişi ilə zavodun mütəxəssisləri tərəfindən blok sxemləri kəsilərək blomlanıb. Maşınların bəzilərinin içərisində təlimatlandırıcı kitabçalara da rast gəlmək olardı. Doğrudur, onların iş rejimini bərpa etmək üçün bu kitabçaların böyük əhəmiyyəti var, lakin sxemlərin yarasız hala salınması bizi Şturmeslərə ekspanat kimi baxmağa vadar edirdi. Lakin bu tamaşa çox davam etmədi, ehtiyat hissə və ləvazimatlar yeşiyi qarşımıza çıxana qədər. Həmin yeşiklər qurğuların daxilində yerləşirdi. Artıq məmulatların icrasına başlaya bilərdik. Yeşikdə yeni blok sxemləri, lampalar və s. kimi əsas qurğuların olması bizi sevindirməyə bilməzdi. Bir texnik kimi bunları yada salmaq anbaan yaddaşımı təzələyir. Bir neçə gün iş prosesindən sonra artıq gözlədiyimiz "Qatov k boyu” yazısı işıqlandı...”

Tank əleyhinə minaatan qurğularla ön cəbhədə

"1992-ci ilin sentyabr ayında bizi Bakının Biləcəri qəsəbəsindən qatarla yola saldılar. Əsas ünvanımız Ağdam idi. Bərdəyə kimi getdik, daha sonra oradan Uzundərəyə istiqamət aldıq. Həmin vaxt Uzundərə hələ işğal olunmamışdı. Əsas döyüşlərim Ağdamda keçsə də, döyüş tariximin bir hissəsi də Qubadlıda keçib. Tank əleyhinə qurğuları ilk dəfə istifadə edildiyi üçün onların sınaq məqsədilə bizə təhvil vermişdilər. Müharibə dövründə kadr çatışmazlığı olduğu üçün bu qurğular bir zabit və bir əsgərin öhdəsinə buraxılmışdı. Tank əleyhinə qurğuları əslində Çavuş rütbəli hərbçilər istifadə etməlidir. Beləliklə iki qurğunu 2 zabit və 2 əsgərə həvalə etdilər. Artıq növbəli keşik xidmətinə start verilmişdi. Məkanımız Uzundərədə yerləşən qəbirstanlıq ərazisində idi ki, həmin ərazidən kanal keçirdi. Əgər buna sərhəd demək olarsa, erməni tankları ilə bizi təxminən iyirmi metrlik kanal sədd ayırırdı”.


İlk zərbəm həm də ilk sınağım oldu

"Düşmən tankları Ağdamın üzümlük deyilən ərazisində, kanalın o tayında yerləşirdi. Dəfələrlə həmin tankları və üstündə ekipajı müşahidə etmək olurdu. Onları hədəf alıb vurmaq isə işin əsas özülü sayılırdı. Bakıda bizdən xəbər gözləyirdilər. Çünki yeni qurğuların ilk sınağı və düşmənin itki vermə potensialı döyüşün əsas prioriteti hesab olunurdu.

- Hədəf almaq çətin idi?

- Asan deyildi təbii ki. Dəfələrlə fürsət olsa da bunu dəyərləndirməkdə bir sıra maneələrə rast gəlmişəm. Bu əsasən qurğunun iş prinsipi ilə bağlı idi. Belə ki, Şturmes qurğularının işlək vəziyyətdə 30 dəqiqədən artıq vaxtda dayana bilmirdi. Digər tərəfdən isə onların işə düşməsi üçün daha 30 dəqiqə vaxt lazım idi. Bir necə dəfə olub ki, erməni tankları kanalın o tayında bizə atıblar, dəqiq yerlərini təyin etdiyim halda maşının işə düşməməsi məni məyus edib. Təbii ki, bu xoşagəlməz halla barışmalı olurdum. Çünki barışmasam bu mənə stimul və optimistlik verə bilməzdi. Hər halda ümidlər tükənməz idi. İnanırdım ki, vuracağam. Bu inamım sonda qələbəyə və sevincə gətirdi. Sentyabrın 25-ində ilk zərbəm düşmən tankını partlatmışdı. Tankın içərisindəki 3 nəfər ekipaj heyəti ilə birlikdə məhvinə tamaşa edirdik. İçi dolu mərmi və üstəlik yanacaqla dolmuş çən "Göbələk” partlayışını əmələ gətirdi. Hadisənin ardınca bizim əsgərlərimizin sevinc sədaları məni də sevindirməyə bilməzdi”.

-Neçə tank vurmusunuz?

-Ümumilikdə 14 tank hədəfim olub. Ancaq olanı deyəcəyəm. Mənə verilən arayışda daha az tank sayı göstərirlir. Yəni rəsmi məlumata görə 10 tank vurmuşam.

-Necə bir hisdir?

-Döyüşməkdən söhbət gedirsə, çətin və böyük səbr, o cümlədən psixoloji güc tələb edən bir vəzifədir. Vətən yolunda zabit kimi döyüşmək qürur hissi vəd etdiyi qədər, Ağdamda keçirdiyim bir il ərzində həm sevinc, həm də kadərli anlara şahid olmuşam. Düşmən ekipajını məhv etmək nə qədər sevindirici hal olsa da bundan qat-qat kədərli anlar yaşamışıq. Torpaqlarımızın işğalına canlı şahid olmaq qədər ağır situasiyanın şahidinə çevrilmək buna sübutdur. Bir dəfəsində hətta atdığım mərmi düşmən tankınının əsgərlərini məhv etsə də texnikaya elə böyük zərər vurmadı. Təbi ki, meyitləri kənara atıb tankı ələ keçirdik. Bu da böyük bir uğur idi. Həmçinin bri neçə ağır texnikaları ələ keçirmişik. 1993-cü ilin avqust ayında Bakıdan hərbçilər göndərdilər ki, bizi əvəz etsinlər. Əslində bunu çoxdan etməli idilər, görünür yaddan çıxmışdıq. Bir il ərzində məninlə eyni səngərdə vuruşan bir çox zabit belə demək mümkündürsə bu cəhənnəmdən yaxasına qurtarıb. Bəziləri müxtəlif bəhanələrlə Bakıya qayıda biliblər. Ümumiyyətlə bir şeyi qeyd edim ki, mənə rütbəni də gec veriblər. O vaxtı Qubadlıda döyüşərkən artıq Kapitan idim. Rütbə zabitin səriştə və təcrübəsini əks etdirir, gec verilən rütbə isə onun daha artıq dünya görüşü və daha çox təcrübəyə sahib oldğunun göstəricisidir. Bakıda məni əvəz edən yeni kadrların qorxusu mənim diqqtimdən yayınmırdı. Təbii ki, Bakıdan ön cəbhəyə təyinat alanlar bu ana kimi canlı atışma, silah səsləri, başının üstündən qığılcım saçan trasilləri müşahidə etməyiblər. Belə olan halda onları tək qoya bilməzdim. Bakıya döndükdən sora yenidən cəbhəyə qayıtdım. Bir müddət əvəzləyicilərimin üstündə dayandım. Onlar müharibə şəraitənə vərdiş edənədək.. Çünki bir vaxtlar. mənim özüm üçün də çətin olub.

Qubadlı sərgüzəştlərim çox çəkmədi. Ancaq vurduğum tankların siyahısında 2 tank məhz Qubadlıda məhv olub. Həm Ağdamda həm də Qubadlıda gözümün önündə düşmən tanklarının hədəfinə tuş gələn bir neçə əsgərimiz şəhid olub. Təbii ki, bunları qəbul etmək ağır idi. Müharibənin acınacaqlı yönlərində biri də o idi ki, burada qida təminatı müşkül məsələyə çevrilmişdi. Əslində qida bazamızda yemək var idi. Lakin onları əldə etmək çətin və risklə müşaiyət onurdu. Çünki, həmin baza başqa kənddə yerləşdiyindən oraya gedən yol dəfələrlə düşmən atəşlərinə məruz qalıb. Mən Bakıya qayıdanda özümüə bir motosiklet aldım. Bu motsiklet mənə ön cəbhədə çox kömək oldu. Çünki, kiçik ölçülü olduğundan düşmən sezmədən azuqə gətirə bilirdim. Bunda əvvəl isə hərbi kamazla gətirirməli olurduq. Buna baxmayaraq hər bir yerdə olduğumu kimi burada da təhlükə qaçılmazdır.


Milli Qəhraman adını aldığımı radiodan eşitdim

"Özüm haqqımda danışmağı çox da xoşlamıram. Sadəcə bu adın mənə verilməsini onunla əsaslandıra bilərəm ki, Bakıdan müharibənin gedişatını izləyənlər məlumatlar əsasında buradakı gedişatı qiymətləndiridilər. Təbii ki, ilk sınaq atəşini mənim həyata keçirməyim və bunun uğurula başa çatması, bir neçə düşmən tankı vurmağım haqqında məlumatlar rabitə qovşağı vasitəsilə Bakıya gedib çatırdı. Görünür diqqətdə olmuşam. 1994-cü ilin Oktyabr ayının 9-da axşam saatlarında fasilə vaxtı idi. Bizim radiomuz vardı. Onunla kənarda baş verən hadisələrdən xəbər tuturduq. Lakin həmin gün Dövlət Radio Kanalında prezidentin bir neçə döyüşçüyə Milli Qəhrəman adı verildiyi açıqlandı. Təbii ki, daha sonra siyahıdakı şəxslərin adlarını səsləndirməyə başladılar. Mənim adım çıxanda əvvəlcə inanmamışdım, hətta soyadımın da səslənməsi məndə əminlik yatatmırdı. Hər an düşünürdüm ki, başqa bir insan ola bilər. Sabahsı gün mənə xəbrə göndərdilər ki, Bakıya qayıdırsan...”

Rüfət Soltan