HƏYATIMDAKI BİR AN

ƏBÜLFƏT MƏDƏTOĞLU
55376 | 2015-11-26 09:48
Onda qış idi. Daha doğrusu, 1982-ci ilin yanvar ayının 25-i indiki kimi yadımdadır. Çünki qış tətilinə getmişdim kəndimizə. Sessiya başa çatmışdı və mən də digər tələbə yoldaşlarım kimi sessiyanın ağırlıq yükünü çiynimdən atmaq üçün üz tutmuşdum doğulduğum kəndə. Adətən kənddə adamların toplaşan yeri olur. Bizdə də daha çox Mədəniyyət evinin qarşısına yığışardılar, ya da kolxoz idarə heyətinin binasının önünə...

Həmin gün tay-tuşlarla görüşüb günortanı kiminsə boynuna yükləmək üçün saat 12 ərəfələrində kəndin ortasına çıxdım. Hamı, yəni yaşlılar ortalıqda durub nəyisə müzakirə edirdi. Onu da xatırladım ki, dağ kəndlərində, qış aylarında adətən təsərrüfat işləri az olur. Adamlar günün çoxunu daha çox bir-birinin evinə gedib-gəlməklə keçirirlər. Belə məqamlarda söhbət uzanır və vaxtın necə ötüb-keçdiyini hiss etmirsən. Həmin gün də söhbət ordan-burdan düşdü və elə bu zaman yanımızda bir maşın dayandı. Bu kolxoz sədrinin "Villis"i idi. Maşından 4 nəfər düşdü, üçünü dərhal tanıdım, amma gözlərimə inanmadım. Çünki maşın kəndin, qonaqlar isə Bakıdan. Ona görə də öncə bir tərəddüd etdim. Amma gələn qonaqların maşından düşən kimi bizə, yəni topamıza bir salam verməsi məni yanılmadığıma inandırdı. Ona görə də qonaqlara tərəf getdim...g

Kəndimizə gələn qonaqlar Azərbaycanın dəyərli ziyalıları, şairləri Ağa Laçınlı, Tofiq Bayram, Əli Vəkil və bir də tanımadığım başqa bir nəfər idi. Mən Ağa müəllimi və Tofiq Bayramı əvvəlcədən də tanıdığım üçün öncə onlara yaxınlaşdım. Təbii ki, Əli müəllim köhnə tanışını, yəni məni görüb özünəməxsus təbəssümlə:

- Ay şair, sən də burdasan, xoş gördük, - dedi.
Onun bu səmimiyyəti məni əməlli-başlı qanadlandırdı. Çünki kəndimdə tay-tuşlarımın yanında ilk dəfəydi ki, Bakıdan gələn və onların çoxunun tanımadığı bir qonaq mənə "ay şair" deyə müraciət edirdi. Mən də bir az loru dildə desək, forslanıb Ağa müəllimlə və Tofiq Bayramla qucaqlaşdım. Sonra Əli Vəkillə görüşdüm. Onlar da mənə özləri ilə birlikdə gələn və Bakıda erməni dilində nəşr olunan "Azərbaycan" jurnalının əməkdaşını təqdim etdilər. Məlum oldu ki, Yazıçılar İttifaqının Ədəbiyyat Fondunun xətti ilə bizim rayona ezam olunan bu ziyalılarımız kənd sakinləri ilə, əməkçiləri ilə görüşə gəliblər.

Mən də qonaqları tay-tuşlarıma, kəndçilərimə təqdim etdim, ayaqüstü də olsa qonaqlarla yerlilərim arasında bir söhbət alındı. Ağa müəllim gülə-gülə dedi ki, bu bizim görüşün birinci hissəsidi. Onun nə dediyini mən də özüməməxsus şəkildə yozdum:

- İkinci hissəsini də bizim evdə davam etdirərik, - dedim.
Elə bu vaxtı idarə binasından çıxıb qonaqları qarşılamağa gələn, milliyyətcə erməni olan kolxoz sədri bildirdi ki, qonaqlar mənimlə gedəcəklər. Süfrə hazırlatmışam, istəyirsən sən də gəl.
Təbii ki, mən onlara minnətdarlığımı bildirdim və bir daha Ağa müəllimdən bir istəyi olub-olmadığını soruşdum. O da yenə həminki təbəssümlə dedi:

- Bu boyda sədr durub burda, onu qoyub bir tələbənin çiyninə nəyisə yükləmək günah olar. Sən narahat olma.

Bəli, beləcə Ağa Laçınla Tuğda görüşdüm. Sonra həyat elə gətirdi ki, Ağa müəllim dəfələrlə "Ədalət"in redaksiyasına gəldi. Hər gəlişində də özünün təzə bir yazısını bizə təqdim edirdi. Görüşlərimizin birində dedi ki:

- Əbülfət, mən tanıdığım, yoldaş olduğum adamlar barəsində balaca məktublar yazıram. Sən də o məktubların içində varsan. İnşallah, ömür aman versə, o məktubları çap etdirəcəm.
Hə, artıq Ağa müəllim Tanrı dərgahındadı. O, Laçın nisgilini yer üzündə çəkə bilmədi, dözmədi və yığışıb getdi Allahın dərgahına. Düşünürəm ki, indi ordan o, rahatlıqla Laçını seyr edir. İstəyəndə gəzib dolaşır. Bizim əlimiz çatmayan Laçını. Mən isə bu günlərdə Ağa müəllimin layiqli ciyər-parası Fəxri Uğurlu ilə qarşılaşdım. Sözarası Ağa müəllimi xatırladı. Həmin an ağlımdan gəlib keçdi ki, həyatımın bir anı olan o şirin xatirəni Ağa müəllimi sevərlərlə, oxucularla bölüşüm.


TƏQVİM / ARXİV