adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
26 Noyabr 2015 09:27
4068
GÜNDƏM
A- A+

Kişi hünərli qadın


Tarix boyu həmişə belə olub. Qanlı döyüşlərdə qadınlar da ər və qardaşlarından geri qalmayıblar. Əllərinə silah alıb kişilərlə çiyin-çiyinə vuruşub, döyüşüblər. Adlarını tarixin pozulmaz səhifələrinə yazıblar. İgidlik və hünər göstəriblər. 1993-cü ilin ilk günlərində Ağdam rayonunun Yuxarı Cinli kəndində şahidi olduğum hadisə zamanı bir qadının necə şir ürəkli, kişi hünərli olduğunu, ölümün gözünə qorxmadan, dik baxdığını gördüm. Həmin qadın əlinə silah alıb döyüşməsə də, hünəri, qeyrəti və cəsarəti ilə ermənilərə meydan oxuyurdu.
...Səngərlərdən geri qayıtmağa hazırlaşırdıq. Komandir dedi ki, Fərrux dağının zirvəsindən duman çəkiləndə yola çıxmaq təhlükəlidir, belə havada düşmən bizi asanlıqla vurar. Bir az gözləməli olduq. Deyəsən, Fərrux dağı zirvəsindən dumanı qəsdən qovub, getməyimizə mane olur, bizim həmişəlik burada qalmağımızı istəyirdi.
Vaxt hiss olunmadan ötüb keçir, saniyələr, dəqiqələr tələm-tələsik zamanın axarına qovuşmağa can atırdı. Fərrux dağının zirvəsi dumana bürünəndə komandir yola çıxmağa göstəriş verdi. Sürücü maşının mühərrikini işə saldı. Ətrafdakı gözəlliyi pəncərədən seyr edə-edə Yuxarı Cinli kəndinin məhəllələrindən keçib qarşıdakı səngərlərə tələsdik. Üzümlüklərin arası ilə üzüaşağı gedirdik. Bu vaxt yarpaqları çoxdan tökülmüş üzümlüyün arasında arıq, balacaboy, ortayaşlı bir qadını tənəklərin qol-budağını vuran gördük. Onun işlədiyi sahə düşmən səngərlərindən əl içi kimi aydın görünürdü. Ermənilər yüksəklikdəki mövqelərindən hər an qadını vura bilərdilər. Amma o, heç nəyə məhəl qoymadan tənəkləri artıq qol-budaqdan təmizləyirdi. Biz hərbçilər isə əlimizdə silah bayaqdan Fərruxun zirvəsinə duman-çən gəlməsini gözləyirdik. Amma bu qeyrətli azərbaycanlı qadın düşmənin top-tüfəngindən qorxmadan üzümlükdə budama işləri aparırdı.
Maşını bir anlıq qadının yanında saxladıq. Komandir onu tanıdı. Dedi ki, bir neçə gün əvvəl qardaşı şəhid olub, çoxları kəndi tərk etsə də, bu qadın qardaşının məzarını qoyub heç yerə getməyib. Onunla tanış olub ayaqüstü söhbət etdim.
Elyana Novruzova qardaşının şəhid olduğundan yanıqlı-yanıqlı danışdı:
- Ermənilər torpaqlarımıza hücum çəkən ilk günlərdən kəndin başqa cavanları kimi qardaşım da silaha sarılıb doğma yurdumuzun müdafiəsinə qalxdı, neçə-neçə döyüşdə iştirak etdi. Son damla qanınadək yurdumuzun müdafiəsində dayandı. Bir neçə gün əvvəl isə düşmən hücumunu dəf edərkən şəhid oldu. Göz yaşları içində onu kənd qəbiristanlığında torpağa tapşırdıq. Ermənilərə nifrətim sonsuzdur. Düşməndən heç bir qorxum yoxdur. Qoy ermənilər görsünlər ki, Azərbaycan qadınının qeyrəti onun topundan, tüfəngindən güclüdür.
Yuxarı Cinli kəndinin sakinindən bu sözləri eşidəndə bir anlıq fikirləşdim ki, yəqin Elyananın damarlarından hünər və qəhrəmanlıqları ilə adlarını tariximizin səhifələrinə böyük hərflərə yazmış anamız Tomrisin, Həcərin qanı axır. Qeyrəti, hünəri ilə erməni işğalçılarına meydan oxuyan Elyana Novruzovanın cəsarəti çoxları üçün bir örnəkdir.
Çox sonralar erməni qəsbkarları bu qeyrətli, kişi hünərli qadının qoynunda dünyaya göz açıb böyüdüyü, yaşa dolduğu dədə-baba yurdunu da işğal etdilər. Başqa ərazilərimiz kimi Fərrux dağı da, Ağdam rayonu da, Yuxarı Cinli kəndi də, Elyananın işlədiyi üzümlüklər də, qardaşının məzarı da düşmən tapdağında qaldı. Ermənilər o yerləri ələ keçirib darmadağın etdilər, odlara qaladılar. İndi hamı kimi Elyana da yenidən Ağdama, başı qarlı Fərrux dağına, onun ətəklərində yerləşən doğma kəndlərinə - Yuxarı Cinliyə dönmək istəyir.g
Kişi hünərli Elyana Novruzova bu gün doğma yurdun həsrətini, xiffətini çəkə-çəkə ağrı-acılılarla dolu qaçqınlıq həyatı yaşayır. Doğma yerlərə dönəcəyi, qardaşının məzarını ziyarət edəcəyi, sönmüş ocaqlarını yandıracağı günü intizarla gözləyir. Göylərə ucalan Fərrux dağı üçün, evləri üçün, düşməndən qorxmadan budama işləri apardığı üzümlüklər üçün darıxır. Gecəli, gündüzlü gözləri yol çəkir.
Bir gün həsrət sona yetəcək, yol çəkən həsrətli, nisgilli gözlərə sevinc qonacaq...
Yanvar, 1993.