adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Noyabr 2015 16:32
4811
ƏDƏBİYYAT
A- A+

Tanınmış yazıçı Fazil Güneyin 70 illik yublieyi qeyd olundu

Noyabrın 25-də tanınmış yazıçı, əməkdar jurnalist Fazil Güneyin (Abbasov) 70 illik yubileyi qeyd olundu. Adalet.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının və Ahıl Jurnalistlər Məclisinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə yazıçının qələm dostları, ölkənin tanınmış siyasi-ictimai şəxsləri və mətbuat işçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazıçının həyat yolu və yaradıcılığından geniş söz açdı. Bildirdi ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb. "Qara qan" kitabı ilə böyük oxucu məhəbbətini qazanan yazıçı bu gün də öz əqidəsinə sadiq qalaraq yeni əsərləri ilə xalqımızın başına gətirilən müsibətləri işıqlandırır. Bundan başqa "Yalanın gerçəkliyi" adlı kitabı ABŞ-da "Reality in Lie" adı ilə çap olunub.

Ə. Amaşov yubilyarın jurnalistlik fəaliyyətinə də toxunaraq diqqətə çatdırdı ki, Azərbaycanda ilk beynəlxalq agentliyin açılmasında xidmətləri olan Fazil Güney ölkəmizin ən çətin günlərində haqq səsimizin dünyaya çatdırılmasında əlindən gələni edib. Dövlətimiz qarşısında əməyi və jurnalistikanın inkişafındakı rolu nəzərə alınaraq "Əməkdar Jurnalist" fəxri adı ilə təltif olunub.

Çıxışın sonunda Ə.Amaşov uğurlu fəaliyyətinə və milli mətbuata verdiyi töhfələrə görə Mətbuat Şurası adından yubilyara diplom təqdim etdi.



Daha sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, Fazil Güney əslində şərqşünas olsa da ədəbiyyat onu həmişə özünə çəkib: "Azərbaycanın ən qanlı-qadalı günlərində fəaliyyət göstərib, dünyaya açılmaq heç də asan deyil. Fazil Güney Azərbaycanı informasiya blokadasından çıxaran jurnalistlərdəndir. Onun Qarabağ münaqişəsindən bəhs edən üç cildlik "Qara qan" tarixi romanı, ədəbiyyat tariximizdə öz layiqli yerini tutmağa iddialı ədəbi yaradıcılıq nümunəsidir. Qarabağ müharibəsi haqda, demək olar ki, ciddi tarixi-ədəbi əsərlərin olmadığı bir vaxtda üç cildlik trilogiya yazmaq böyük cəsarət tələb edir. Qarabağ savaşı bitməyib. Məğlubiyyətdən yazmaq hər yazıçının işi deyil, çünki bizim ədəbiyyatımız qələbələr üzərində köklənib. Amma Fazil Güneyin cəsarətli qələmi hadisələri olduğu kimi gələcək nəsillər üçün bədiiləşdirib”.

Tədbirdə Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, "İrşad” İslam Araşdırmalar Mərkəzinin rəhbəri  Rafiq Əliyev, "Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, politoloq Mübariz Əhmədoğlu, publisist Reyhan Mirzəzadə, Türk Xalqları Ümumdünya Assambleyasının rəhbəri, polkovnik Yəhya Əliyev və başqaları çıxış edərək yubilyarı təbrik etdilər, ona yeni-yeni yaradıcılıq uğurları arzuladılar. Çıxış edənlər Fazil Güneyin özünəməxsus yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışdılar. Onun bir alim kimi fəaliyyətini qeyd edərək,  "Müasir Suriya romanı" və "Suriya qadın yazıçılarının əsərlərində qadın emansipasiyası" adlı monoqrafiyasını nümunə göstərdilər.

Sonda Fazil Güney tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi. Azərbaycan həqiqətlərinin geniş oxucu kütləsinə çatdırılmasında, gənc nəslin milli təfəkkürünün formalaşmasında bundan sonra da əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı.

Şəfiqə ŞƏFA