TÜRK MƏSƏLƏSİ

İRADƏ TUNCAY
98069 | 2015-11-25 14:34

Antik filosoflar deyirlər ki, eyni çaya iki dəfə girmək olmaz. Yəni axır gedir, gedəni də tutmaq mümkün deyil. Oktyabr ayı bitir və bir də geri qayıtmayacaq. Ayrı illərin oktyabrları olacaq (o da kiminçünsə ola da bilər, olmaya da), amma bu ilin bu təzadlı, bu qanlı-qadalı ayı artıq qovuşur öz çayına.

Kimsə düşünürsə ki, dünyada baş verənlərin ona dəxli yoxdu, oturub xımır-xımır öz çörəyini yeyəcək, böyük səhv edir. Biz də bu dünyanın bir zərrəsiyik, atılan toplar bizi də diksindirməlidir. Onsuz da balacayıq, bir az da xırdalanmaq qorxumuz var.

Dünya çalxalanır. Dünyanın baş amiri bəyan eləyir ki, III Cahan savaşı başlana bilər. Təzə xəbər deyil, mən bilən Şərq ölkələrində bu müharibənin məşqləri artıq başlanıb. İraq və Əfqanıstan yerlə-yeksan olub, Pakistanda buna hazırlıq gedir, İranda hər kəs gözünü səmaya dikib Buşun "sülh göyərçinlərini” gözləyir. Türkiyədə isə... Hə, əsas məsələ budur, bütün oyunlar bu məmləkətin başında fırlanır...

Cümhuriyyətinin qurulmasının 84-cü ildönümü ərəfəsində ölkədə elə bir durum yaranıb ki, gözlər görməsin. Bir tərəfdə şəhid cənazələri, bir tərəfdə siyasi qarşıdurma, bir tərəfdə mətbuata qoyulan qadağalar, lap böyük tərəfdə də (ən böyük strateji müttəfiq tərəfdə) çox böyük ürək ağrısı ilə (hər halda Buş belə deyir) erməni məsələsi gündəmdədir. Tarixə təkrar-təkrar qayıdanda belə qənaətə gəlirsən ki, elə bil bütün dünya müharibələri Türkiyəni parçalayıb zəiflətmək üçün aparılıb. Baxırsan ki, bütün savaşların ortasında bir türk məsələsi var. Yada salaq...

Birinci dünya müharibəsinin başlanğıcında Osmanlı imperiyası artıq çökməkdə olan (amma hər halda nəhəng olan) bir səltənət idi. Almaniyanın müttəfiqi kimi savaşa girməsi ilk vaxtlar ümidverici olsa da sonralar Antantaya uduzan Almaniya kimi Osmanlını da çıxılmaz vəziyyətə saldı. İmperiya torpaqlarının itirilməsi bir yana, hətta paytaxtı işğal olunub ərazisində müxtəlif dövlətlərin yaranması da nəzərdə tutulmuşdu. Yunan, erməni və kürd. Yenidən tarixə baxanda Atatürkün dəmir iradəsini xatırlamaq gərəkəcək. Həmin dövrü öyrənib-bilənlər Sevr anlaşmasının, Qurtuluş savaşının, Lozann anlaşmasının nə olduğundan xəbərdardırlar. Birinci dünya müharibəsində osmanlılar özlərinin apardıqları heç bir savaşda uduzmamışdılar, sadəcə müttəfiqin məğlubiyyəti onları da alçaldıcı şərtlərə imza atmağa məcbur eləmişdi. Təkrar-təkrar deyək ki, Atatürkün siyasi iradəsi və parlaq hərbi istedadı bu gün Türkiyə Cümhuriyyəti dediyimiz əraziləri qoruyub saxlaya bildi.

30-cu illərin lap əvvəllərində artıq havadan barış qoxusu gəldiyi bir vaxtda ikinci böyük savaşın başlanğıcının işarələri görünməkdə idi. Atatürkün yaxın ətrafında nasist Almaniyasına rəğbət bəsləyib, dövlət siyasətini də bu yönə çəkməyə çalışanların sayı artırdı. Faşist yönətim sistemindən faydalanmağı məsləhət görənlərə isə Mustafa Kamal paşa "yalnız məndən sonra” demişdi. O, dünyada gedən prosesləri diqqətlə izləyirdi və Türkiyənin savaşa cəlb olunarsa nə faciələrlə üzləşəcəyini çox gözəl anlayırdı. 1935-ci ildə Mussolini Efiopiyanı işğal edəndə "bu əsgər geyimli təlxəyi öz xalqı dara çəkəcək” də söyləmişdi. Və qonaqlıqda italyan səfiri Atatürkə ərazi iddialarını bildirəndə, bir neçə dəqiqəlik qonaqları tərk edib, yenidən otağa daxil olanda (amma bu dəfə marşal uniformasında və bütün ordenlərini taxmış vəziyyətdə), səfir onun nə demək istədiyini çox gözəl anlamış və tez-tələsik ziyafətdən ayrılmışdı. Mussolininin siyasəti Atatürkü ciddi narahat edirdi. Və Millətlər Liqasının İtaliyaya uyğuladığı sanksiyalara Türkiyə də qoşulmuşdu.

Birinci dünya müharibəsində olduğu kimi, 30-cu illərdə də Yaxın Şərqdə vəziyyət gərginləşirdi. Boğazlar, yəni Dardanel və Bosfor problemi isə Türkiyə üçün əməlli baş ağrısı idi. Lozann anlaşmasına görə, bu boğazlara nəzarət Qərb dövlətlərinin əlində idi. 1936-cı ilin aprelində Montre danışıqlarında Sovet İttifaqı ilə Qərb dövlətlərinin qarşıdurmasından istifadə edən Türkiyə Cümhuriyyəti boğazlara hakim duruma gəlir. Bu cəbhədəki savaşlardan da parlaq qələbə idi. Qarşıda isə Hatay məsələsi qalırdı. O vaxt Aleksandretta adlanan Hatay. Aleksandretta Suriyanın ərazisində, fransız mandatı altında idi. Havadan barış və qan iyi gəldiyi bir vaxtda fransızlarla danışıqlar aparan Atatürk qərarlı idi. "Orda (Hatayda) bağımsız türk dövləti olacaq”. Ordu hissələrini ölkənin cənubuna yeritməyə başlayırlar. Bundan narahat olan Millətlər Liqası (oxu-ağa dövlətlər) güzəştə gedib Hatay sancağına daxili məsələlərdə müstəqillik təklif edir. Amma orda yaşayan türklər Suriya parlamentinə seçkilərdə iştirakdan imtina edir və hətta hakimiyyətlə qarşıdurmaya da gedirdilər. Fransızlar isə borclu qalmırdılar - Türkiyə Cümhuriyyəti milli ədavəti qızışdırmaqda və digər icmalara hücumlarda ittiham olunurdu. Belə gərgin bir zamanda çox nümayişkaranə bir şəkildə baş ştabda toplantı keçirir və Suriya sərhədlərində ordu hissələrinin gözə çarpacaq dərəcədə artması müşahidə olunur. 1938-ci ilin yayında Hatayda türklər və başqa millətlər arasında toqquşmalar olur. Fransızlar münaqişəni alovlandırır, Millətlər Liqası isə seyrçi mövqedədir. Ancaq həmin vaxt fransızların ağlı hər halda indikindən daha yaxşı işləyirmiş. Bir vilayəti itirməyi böyük bir dəstəyi itirməkdən üstün tuturlar. 1938-ci ilin iyulunda türk ordusu Hataya daxil olur. Seçkilər keçirilir, "müstəqil Hatay” dövləti yaradılır, bir il sonra isə Türkiyənin ərazi vahidi sayılmağa başlayır. Bu vaxt Atatürk artıq həyatda yox idi. Ölümündən sonra da onun siyasətindən bəhrələnirdilər. Hataya ordu yeridəndə onu ehtiyatlı davranmağa çağıran İsmət İnönüyə "Kölgəsindən qorxan dövlət yönətə bilməz” demişdi. Və "Nə olursa-olsun Türkiyəni ikinci dünya müharibəsinə girməkdən qoruyun" demişdi...

 

***

 

Bu günlərdə Tehranda Xəzəryanı dövlət başçılarının zirvə toplantısı keçirildi. Görünən tərəfləri qoyaq bir tərəfə, hər danışığın görünməyən, bilinməyən tərəfləri də olur. Durumun belə gərgindirsə və dünyanın bugünki sahibi dünya müharibəsiylə hədələyirsə başqa dövlətlərin narahatlığı təbiidir. Amma bu toplantı mənim yadıma başqa bir tarixi saldı. Vaxtilə bir kitab oxumuşdum - 1943-cü ildə Tehran konfransında Stalinin tərcüməçisi olmuş Valentin Berejkovun xatirələrini. Sovet dövründə çap olunduğu üçün, təbii burda gizli olan, üstüörtülü yazılan çox məqamlar var. Amma Türkiyə məsələsi, türk məsələsi açıq-aydın görünür: 28 noyabr - 1 dekabr arası gedən danışıqların önəmli payı nə yolla olur-olsun Türkiyənin müharibəyə cəlb edilməsi məsələsinə düşür. Böyük Britaniyanın baş naziri Uinston Çerçill:

"Türkiyəni müharibəyə girməyə necə məcbur edəcəyik? Nə gözləyə bilərik? Bolqarıstana hücum edib, Almaniyaya müharibə elan edəcəkmi? Hərbi əməliyyatlarda iştirak etsinmi və ya Frakiya ərazisində qalsınmı? Rusların türk zülmündən qurtardığı bolqarlara münasibətdə Rusiya hansı mövqeni tutacaq? Müharibədən çıxmağa hazırlaşan rumınlarla nə edəcəyik?"

Stalin: "Türkiyə müharibəyə girməyə razı olsa hansı tədbirlər nəzərdə tutulub?”

Çerçill: "Türkiyənin qərb sahillərini tutmaq üçün iki-üç diviziya kifayət edər. Onda yük gəmiləri Türkiyə və Qara dənizə rahatlıqla gedə biləcək. İlkin olaraq 20 eskadriya və bir neçə hava hücumundan müdafiə polku da göndərə bilərik".

Stalin: "Mənim fikrim belədir ki, Türkiyə müharibəyə girməyəcək”.

Çerçill: "Biz düşünürük ki, Sovetlər də bu işdə maraqlı tərəfdir ki, Türkiyəni məcbur edə bilək”.

ABŞ prezidenti Franklin Ruzvelt: "Əlbəttə, mən də bunun tərəfdarıyam, amma Türkiyə prezidentinin yerinə olsaydım bunun müqabilində çox böyük bir qiymətə razılaşardım".

Bu həmin kitabdan bəzi xatırlatmalar. O dövrün hərbi mənzərəsində türk məsələsi çox əhəmiyyətli məsələdir. Türkiyənin müharibəyə cəlb olunması müttəfiqlərə böyük imkanlar aça bilərdi. Su yolları daşınan yüklərin qısa marşrutla gəlməsini təmin edər, ölkənin ərazisindəki avtobazalar almanların hərbi obyektlərinin və Rumıniyada almanlara lazımlı neft mənbələrinin bombalanmasına rahat şərait yarada bilərdi. Ancaq Türkiyə bunun müqabilində nə qazanacaqdı? İngiltərənin göndərəcəyi bir-iki polk.

Uinston Çerçill: "İngilislər türklərə ordu vəd etmir. Onların özlərinin 50 diviziyası var. Türklər yaxşı döyüşçüdürlər, ancaq müasir silahları yoxdur. Hələ ki, biz heç bir təklifdə bulunmamışıq və həm də bilmirik ki, İnönü bunu qəbul edəcəkmi? Qahirədə görüşməliyik".

Stalin ironiya ilə: "Bəlkə xəstələndi, gəlmədi?"

Çerçill: "O gəlməsə, mən Adanaya gedəcəyəm. Bütün olar-olmazları anladacağam".

Bu da tərcüməçinin xatirələrindəndi. Yəni anladınız. Hədə-qorxu. Raysın və Geytsin bugünki bəyanatları kimi. Əslində tarix məzmun və mahiyyət etibarıyla dəyişmir. Tarixin sükanı əldən-ələ keçir. İndi dünya səhnəsində nə Stalin, nə Çerçill, nə də Ruzvelt var. Ən önəmlisi Atatürk də yoxdu. Amma türk məsələsi var...

Oktyabr, 2007

 

TƏQVİM / ARXİV