adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Noyabr 2015 17:30
5330
ƏDƏBİYYAT
A- A+

Səlim Babullaoğlunun “Ədəbi yuxular”ı gerçəkləşəcək

Yaxın vaxtlarda tanınmış şair-esseist Səlim Babullaoğlunun "Ədəbi yuxular” adlı yeni kitabı çap olunacaq. Səlim Babullaoğlunun Adalet.az-a verdiyi məlumata görə, hazırda toplu halında təqdim etdiyi kitab onun ayrı-ayrı vaxtlarda gördüyü, bir neçə il əvvəl yazaraq tək-tək çap etdirdiyi ədəbi yuxulardan ibarətdir.  

Kitabda "Brodski niyə əsəbi idi?”, "Xaqani ilə Nizami yenə bir yerdəydilər...”, "Nazim Hikmət şeirindən vaz keçdimi?”,  "Şimborska ilə şəkil çəkdirə bilmədik...”, "Pamuk mənə hansı kitabları və niyə verdi?”, "Borxes sual gözləmədən danışır, Brodski isə susurdu...” adlı altı ədəbi yuxu toplanıb. 

Müəllif kitabla bağlı bunları deyib: "On yeddi il əvvəl böyük yapon kinorejissoru Akira Kurosavanın (yuxu atmosferini kinoda Bunuyel, Tarkovski, Fellini və Kurosava qədər gözəl göstərməyi bacaran başqalarını tanımıram) yuxuları əsasında çəkdiyi qısa filmlərə baxmışdım. Rusca səsləndirilən hər bir film bu cümləylə başlayırdı: "Я видел такой сон.” Bunları, yəqin, ona görə yazıram ki, oxuculara danışmaq qərarını verdiyim "ədəbi yuxular”ımın "bəraətini” ifadə edə bilim, şəxsi səciyyəli olmamasını çatdırım, deyim ki, "belə bir yuxu gördüm…””

Qeyd edək ki, kitabın naşiri Elçin İskəndərzadə, redaktoru və ön sözün müəllifi Seyfəddin Hüseynlidir.  Üz qabığında Əlirza Dərvişin əsərindən istifadə edilib.

Seyfəddin Hüseynli "Ədəbi yuxular”ın aydınlığı”” adlı ön sözündə qeyd edir ki, yaradıcı şəxs yuxularını yazıya almaqla, çap etdirib ədəbi-tarixi sənədə çevirməklə risk edir: "Belə böyük riskə qol qoymaq ən azı özü boyda cəsarət, səmimiyyət istəyir. Bu iki kəlmənin önünə bir "ədəbi” təyini də qoymaq olardı bəlkə. Amma belə keyfiyyətlər üçün əlahiddə təyinat axtarmaq, istənilən halda, uğursuz cəhddir. Çünki adamda - hər bir ali insani keyfiyyət kimi - cəsarət də, səmimiyyət də ya olur, ya olmur: yarımçıqlıq, adda-buddalıq, "istisnaçılıq” burda işə keçmir.

S. Babullaoğlunun indiyədək  «Tənha» (Bakı, 1996), «İyunda oxunan nəğmələr» (İstanbul, Türkiyə, 2006), «Ürək döyüntüsünə ithaf» (Vroslav, Polşa, 2007), «On» / E.Zalla birlikdə (Bakı, 2008), «Küləyə qarşı gedən qadın» / (Təbriz, İran, 2009), «Kapellhausda bir axşam»/ E.Zal və E.Hüseynbəyli ilə birlikdə (Bakı, 2009), «İlyas Göçmənin şəkil dəftəri» (Bakı, 2009), «Maskalı adamların himni» (Kiyev, Ukrayna, 2009), «Qarın şərhi» (Tiflis, Gürcüstan, 2010), «Polkovnikə heç kim yazmır» (Bakı, 2013, 2014) adlı kitabları işıq üzü görüb.  


Şəfiqə ŞƏFA