adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Noyabr 2015 18:27
9201
GÜNDƏM
A- A+

Daha hansı xidmət sahələri ASAN xidmətə verilə bilər?

2013-cü il yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi(ASAN xidmət) fəaliyyətə başladı. İlk vaxtlardan uğurlu fəaliyyəti ilə böyük rəğbət qazanan bu qurum paytaxtda və bölgələrdə əhalinin etimadını doğrultdu. Fəaliyyət istiqamətini daha da genişləndirən ASAN xidmətə verilən səlahiyyətlər də getdikcə artmaqdadır.

Bu il də bir neçə nazirlik və dövlət komitələrinin icra etdiyi bəzi xidmət sahələri ASAN xidmətə verilib. Bu yaxınlarda qurumun fəaliyyət sferasını daha da genişləndirəcəyi gözlənilir.


Daha hansı sahələrin ASAN xidmətə verilməsi zəruridir?

Adalet.az bu sualla ictimaiyyət nümayəndələrinə müraciət edib.

Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli dövlət qulluğuna qəbulun da ASAN xidmətə verilməsinin tərəfdarıdır: "ASAN xidməti Azərbaycan dövlətinin çox gözəl və uğurlu layihəsidir. İnanıram ki, bu projedən dünyanın bir çox dövlətləri faydalanacaqlar. Korrupsioner və süründürməçi məmurlardan bir fayda olmayacağı məlum idi. Bu layihəni düşünüb ortaya qoyan şəxslər Azərbaycan dövlətçiliyi və onun Prezidenti qarşısında böyük iş gördülər. Bu günə qədər ASAN-a verilən sahələrdən vətəndaş o qədər məmnundur ki, insanlar az qala ən kiçik səlahiyyətlərin belə bu xidmətə verilməsini arzu edərlər.
Mən hesab edirəm, bu xidmət üzərinə düşən vəzifəni şərəflə yerinə yetirir. Gələcəkdə, məsələn, Dövlət qulluğuna qəbul, tenderlərə sənədlərin qəbulu və s. də bu xidmətə verilə bilər. Açığı, mənə qalsa bir çox sahələri tərəddüd etmədən verməyi təklif edərdim".

İqtisadçı- ekspert Nazim Məmmədov bu qəbildən olan bir neçə alternativ göstərdi: "ASAN xidmətə nazirlik və komitələrin əhaliyə xidmət sahəsində olan funksiyaların verilməsinə müsbət yanaşsam da, həmin dövlət orqanında paralel olaraq xidmətlərin qalmasını müsbət qiymətləndirmirəm. Hesab edirəm ki, tez bir zamanda müxtəlif dövlət orqanlarındakı həmin ştatlar ləğv olunmalı və təkrarçılıq funksiyaları aradan qaldırılmalıdır. Yeni xidmətlərə gəlincə isə, Nazirlər Kabinetinin tərkibində olan Gömrük komitəsi, Əmlak məsələləri üzrə dövlət komitəsi kimi qurumlar, həmçinin DSMF kimi qurumlar ləğv olunmalı, onların vergiyığma funksiyaları Vergilər Nazirliyinə, prosedur funksiyaları isə ASAN xidmətə verilə bilər. Bundan əlavə bir birinin funksiyalarını təkrar edən nazirliklər birləşdirilməlidir, ümumiyyətlə Nazirlər Kabineti daha dinamik olması üçün həm say etibarı ilə, həm də funksiyalar etibarı ilə optimallaşdırılmalıdır ki, dövlət büdcəsinə qənaət edilsin. Məsələn, Təhsil Nazirliyinə TQDK və Elmlər Akademiyasını birləşdirmək, ƏƏSMN-ə Səhiyyə və DSMF-i birləşdirmək, KTN-nə Ekologiya nazirliyini, ƏMDK-nə verilmiş Torpaq komitəsinin strukturlarını və Meliorasiya ASC-ni birləşdirmək olar. ƏMDK-dən reyestr xidmətlərini alıb Ədliyyə nazirliyinə və ya ASAN xidmətə vermək daha məqsədəuyğun olar".

Hüquqşunas İlqar Altay DİN-in pasport və DYP qeydiyyatı sahəsinin qurumun səlahiyyətinə verilməsini zəruri hesab edir: "ASAN xidmət idarəçilik və xūsusən insanlara xidmət uçun mūtərəqqi yenilikdir. Ancaq, zənnimcə būtūn sahələri ucdantutma "asanlaşdırma" təbii ki, mūəyyən fəsadlar verə bilər. Elə sahələr var ki, onların yalnız mūəyyən hissəsi ASAN xidmətin ixtiyarına verilə bilər. Bu da o deməkdir ki, hər hansı bir nazirlik, komitə və ya digər icra orqanının əhali ilə daha cox təmasda olan kəsimi Asan xidmətə verilməlidir. Məsələn, DİN-in pasport və DYP qeydiyyatı sahəsi ASAN xidmətlə əlaqələndirilə bilər. Ancaq təbii ki, būtūn sahələri, məsələn, silah qeydiyyatı sahəsini yox. Būtūn digər strukturlarin da əhaliyə birbaşa təmas və xidmət üçün nəzərdə tutulmuş sahələri də bu qaydada.
Dövlət rəhbərliyi dövlət orqanları ilə vətəndaş mūnasibətlərinin asanlaşması məqsədi ilə bu analoqsuz addımı atıb. Bu, strateji addimdır. Amma bu məsələnin detallarını gərək aidiyyatı mūtəxəssislər ayırd etsinlər ki, hansı sahəni və ya sahənin sahəsini ASAN xidmətin ixtiyarına vermək məqsədəuygun və fəsadsız olar".

Sahib Əsədbəyli