adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
23 Noyabr 2015 11:47
50402
MƏMLƏKƏT
A- A+

Maldiv adalarına səyahət, yüksək əyarlı qızıllar – Şəbəkə biznesi bizə nələr vəd edir?

Yəqin ki, çoxlarınız "Network marketing”, yaxud Şəbəkə biznesi haqqında eşitmisiniz. Qızıl, gümüş və yaxud titan tərkibli bəzək əşyaları almaqla bu marketinqə sərmayə qoyulur. Səyahət və sağlamlığa aid bir neçə məhsulları da var. Bu məhsullardan almaqla (qiymət min. 750 $ ) üzv olursan və daha sonra bir neçə nəfəri də bura dəvət edirsən, beləliklə "qollar" açılır və hər gətirdiyin yaxınlarının aldığı məhsullardan da gəlir götürürsən. Şirkətin ofisləri bir neçə yerdə var. Sayları isə getdikcə çoxalır. Deyilənə görə, təməli Malayziyada qurulmuş olan bu şəbəkə biznesinin gövdəsi uzanaraq dünyanın fərqli ölkələrinə, budaqlar şaxələyib. Malayziya mafiyasının oyunu kimi də qələmə verilən Quess Net(QNet) "Network marketing” adlı geniş bir biznes şəbəkəsinin bir parçası olub, təsisçisi hal-hazırda axtarışda olan Mijay Esvarandır.

«QNet» deyilən məfhum əslində bir düşüncə tərzidir, insanları gözlənilməz mübarizəyə səsləyən, psixoloji bir haldır. Bəziləri ondan qorxur, bəziləri isə əksinə ona yoldaş olur və həyatının dəyişdiyini zənn edir. Əslində doğrudur, həyatı, çevrəsi tamamilə yeni insanlarla əhatələnir. «QNet» bir məkandır, "Network marketing” məkanı…

Şəbəkə biznesinin qonağı olduğum bir il ərzində məni bura dəvət edən dostum mənə əsl «QNet» dərsi öyrətdi. Ancaq necə deyərlər, müəllimin məqsədli zəhmətini yerə vurdum və ali məktəbə daxil ola bilmədim. Görünür buna biliyim yox, pulum çatmadı. Azərbaycanda özəl bir universitetdə təhsil alan tələbənin bir illik ödənişi qədər məbləğ lazım idi mənə. Amma əvəzində zamanla bunun qat-qat artığını qazanacaqdım. Görünür gözüm tox, qarnım tox, arxamda isə kasıb ailəmin məni qane edən imkanı dayanmışdı. Adətən söhbətimizin davam etdiyi müddətdə onun yaşının üzərinə on il daha əlavə edirdim. Həyatı mənə elə başa salırdı ki, ağzım açıq qalırdı. Bu qədər dünyagörüşlü olmaq yəqin ki, biznesin təsirindəndir. Sonradan dərk elədim ki, məsələnin əsas məğzi cəsarətdir. O məndən daha cəsarətlidir, çünki, «QNet» adlı kiçik "cəmiyyət”də insanlar cəsarət prinsipini yürüdürlər. Orada heç kimin müdiri, rəhbəri yoxdur. "Quess net”i adi həyatımızdan fərqləndirən məqamlardan biri də budur. Yəni gündəlik həyatımızda istər müəllim, istər mühasib, istərsə də fəhlənin başında rəhbəri dayanır. (Ona çörəkpulu verən birisi olur hər halda). Ancaq burada "Öz rəhbərin özünsən” prinsipi reallığa çevrilib. Hələ bu harasıdır. İlk dəfə binaya daxil olan zaman bu "cəmiyyət” haqqında ilk yaranan təəssüratım isə etik davranış norması ilə bağlı olmuşdu. Belə ki, içəri daxil olarkən işçilərdən biri eləcə həmin anda bayıra çıxırdı və üz-üzə gəldiyimiz zaman onun ayağını tapdaladım. Özü də yağmurlu havada küçənin simvolik məhsulu-palçığı yaxmışdım güzgü kimi ayaqqabısının üstünə. İstəmədən olmuşdu təbii ki. Ancaq üzr diləmək özünərəva bilinən etik haldır deyə qısa anlıq narazılığa görə üzr istəməyə hazırlaşırdım. Və bu zaman əksinə oldu və məndən qarşı tərəfin özü üzr istədi... İndi siz buna qiymət verin! Göründüyü kimi «QNet» belə bir məkandır. Orada yaşamaq da olar, sevməkdə olar, nişanlanmaq da, evlənməkdə, orada namus-qeyrətini də qoruya bilərsən, orada insanlığın sabit, mənliyin daha da möhkəm olur. «QNet» bir evə kənardan səs keçirməyən keyfiyyətli plastik pəncərəli yaşayış binasını xatırladır. İçəridə isə mənzillər var, hər mənzildə valideynlərlə birlikdə uşaqları, ya da iki gənc evli çütlük, bir neçə dost, rəfiqələr, tək bir insan da (düzü bu çox az hallarda olur, ancaq sonradan onun evində yaxın insanlar peyda olmağa başlayırlar) yaşaya bilər. «QNet»ə nə qədər nifrət etsəm də, orada yaxın dostum olduğu üçün nifrətimi yalançı mehribançılıqla örtməyə çalışırdım. Yalnız sonda hər kəsin bu şəbəkə biznesinə qoşulacağı ümidi və inamı ilə "candostum”a yalançı varlanmaq arzusu vermişdilər. Yalandır dostum! Məni qınamağa dəyməz, ancaq sənin böyük bir biznesmen olacağına inanmıram. Ancaq məsələ orasındadır ki, sənin əsil cəmiyyətdən kənarlaşmağın doğru deyil. Özünü təcrid etmə əzizim. Şəbəkə biznesinin öz qanunları var, özlərinə məxsus dırnaqarası idealları, "afirist”ləri və yaxud da əsl "maşennikləri” var. «QNet»də ətalət qanunu işləmir, zamana önəm verilmir. Həyata baxış yaxşı yaşamağa yönəlib, beləliklə, insanlar yaxşı yaşamaq üçün doğru yaşamağı belə unudurlar. Bu məkana yaxın tanışlarımdan biri də gəlmişdi, oradakıları dinlədi, qoşuldu, hətta bir müddət işlədi, sonra çıxıb getdi. Niyə? Çünki cansıxıcıdır, yorucu və maraqsız, pessimisto bir fəaliyyətdir, bax buna görə. Başa düşürsən, «QNet» xarici cəmiyyətdə - yəni bildiyimiz bu həyatda özfəaliyyətlərinə güvənc və inamsızların məskənidir. Orada cəsarətlər yığışır, güclər yığışır, insanlar sınaqdan keçirilir. Bəs elə düşünürsən ki, əvvəlki illərdə yaşadığın «QNet»siz həyat sənə bunları öyrətməmişdi? Daha artığın hətta...


Burada sizi "Hipnoz” edə bilərlər

Maraqlıdır ki, sizin cəmiyyətdə olmaya-olmaya artıq oranın sakinləri, kafedəki ofisiantlara qədər məni tanıyırdılar. Hətta bəzilərilə yoldaşlıq münasibəti saxlayırdım. Görürsən, sənin cəmiyyətinlə mənim həyatım arasında heç bir fərq yoxdur. Əslində doğru deyirsən, hər bir Muxtar Respublikanı tabe olduğu dövlətdən xəyalı səddi ayırdığı kimi, burada da müəyyən sərhəd nəzərə çarpır. Bunun sadəcə bir adı var: "Çəkinmək”. Siz bizdən, biz isə sizdən çəkinirik. Dostuna inanıb ora gələn bir bəndə, məzlum qul kafedə "Network Marketing”in işçiləriylə oturub. Yanında isə həmin dostu onlarla söhbət edir. Sizcə, yeni gələn nə reaksiya verir? İcazə verin deyim: O gözünü döyəcləyib anlamır ki, saat yarımdır kafedə nəyə görə oturub və dinləməyə məcbur olduğu bu qeyri-adi təkliflərdən və təşviqlərdən hansı nəticə çıxaracaq. Söhbət uzanır, «QNet»in "Upliner”ləri əlindən gələni əsirgəməyərək, boğazlarını nəyi var qurudub səhraya döndərirlər ki, yeni müştərini bu biznesə gətirsinlər, çünki yeni «QNet»çinin peyda olması köhnələrə gəlir verir. Bu zaman ortalarda hərlənən ofisiantlar gözə dəyir və yeni müştərilərinə çay təklif edirlər. Əziz oxucular, işdir sizi də belə, yaxud buna oxşar bir yerə dəvət edən yaxınlarınız olsa, çəkinməyin gedin. Ola bilər ki, nəsə alınar. Ancaq ilk gündə sizdə hətta o çayı içməkdən yayınma halları da baş verə bilər. Dostunuz sizə «QNet»ə dəvət edərkən heç bir məlumat vermədiyi kimi, sizə təklif edilən o çayı da içməyə ehtiyat edəcəksiniz. Bundan qəti narahat olmayın, mən bir ildən çoxdur orada eyni çayı içirəm. Bunun isə heç bir hipnozoloji təsiri olmayıb. Gördüyünüz kimi nə aldanmışam, nə də sonradan şikəstliyim yaranıb. Hələ üstəlik növbəti günlər də gələsi olsanız çaydan əlavə kofe, şirə, yaxud kokteyl də sifariş verə bilərsiniz. Yayda işçilər və yeni müştərilər əksər vaxt həyətdə açıq hava kafesində əyləşib söhbət edirlər. Yuxarıda çox isti olur. Buna baxmayaraq eyvanı da var, orada əyləşib biznesmen sevgilinlə romantik danışıqlardan küçədə hərəkət edən kənar cəmiyyət üzərində bolluca rişğəndli təzahürlərə qədər hər mövzuda söhbət etmək sərbəstdir.


Şəbəkə biznesində "Doğmalıq” prinsipi

Burada hər hansı bir məhdudiyyət yalnız işçilərə - artıq şəbəkəyə daxil olmuş köhnə müştərilərə qadağan oluna bilər. Məsələn, sevdiyin biri varsa, mütləq o da burada sənin yanında olmalıdır.

-Səbəb?

Cavab: Sən onu sevirsənsə, hər an onun yanında olacağını sübut etməlisən. "Axı mən bunu qətiyyən istəmirəm və sevgilimin də burada işləməsinə qəti razı deyiləm”. Bu zaman sənə «QNet»in "Upliner”i cavab vermir. Onun "Adam”ı yəni sənin öz doğmaca sevgilin: "Əzizim ya, mən ya da özün bilərsən!” Gördünüz ki, o bir anda aranızdakı bağlılığı və sevgini məhv edə bilər. Fərqi yoxdur, istər bir illik sevgi olsun, istərsə də beş illik. Bu şəbəkənin strukturu təkcə maliyyə, hesabat, riyazi büdcə ölçmələri falan - bu tip mexanizmlərlə qurulmayıb. Burada insanların həyatına birbaşa müdaxilə var. Müdaxilə nədədir bilirsiniz? Bu marketinq işinin inam və etibar üzərində qurulmasında. Siz olsanız, normalda inandığınız və güvəndiyiniz insanlar hansı kateqoriyadan ola bilər? Ən başda ailənin hər hansı bir üzvü, sonra ən yaxın dostun (rəfiqən), ardınca qohum (əmiuşağı, bibinəvəsi və s), sevgili, ən çıxılmaz halda qalanda isə artıq qarşılıqlı olaraq heç bir inamın olmadığı sıradan tanışlarınız. Həyata birbaşa müdaxilə insanların hisslərilə oynamaqdır. Pul üzərində duyğular əzilir. İllərdir gəzib dolaşdığın sevgilin və ya dostun bir anda doğmalığın pərdəsi arxasında yox olub gedir. Burada qadınların yalançı ağ atlı şahzadələri formalaşır. Elə onlarda özlərinə geydirmə kukla bisnesMAN axtarır. «QNet» bilinmədən təsəvvürlərdəki saf və təmiz rəsmləri bir anda cırıb ata bilir.


Film aktyorları da şəbəkə biznesi ilə məşğul olub

Düşünürəm ki, burada «QNet»in bu siyasətinə yardımçı olan kiçik bir məqamlar da var. Belə ki, uşaq ikən baxdığımız filmlərdə iki sevgili rahatca ölkələr gəzirlər, evli və ya sərbəst əlaqədə olduqları haqqında heç bir məlumat yoxdur. Kef edirlər, yaşayırlar, qısaca həyatın hər gözəlliyini dadırlar. Yəni tərəflərin ideaları nədən ibarətdir? Onu nədənsə hər filmdə rejissorlar yeniyetmə izləyicilərə xatırlatmaq istəmirlər. Axı niyə ortaya bir fakt qoymurlar ki, ay bala burada bir məqama diqqət edin - pulun çoxluğuna. Uşaq da düşünür ki, yəqin böyük məbləğli CEKPOT qazanıblar, bir az böyüyəndə biznes anlayışı yaranır. Artıq qarşılarına dünyanı lərzəyə gətirməyi məqsəd qoymuş bu balaca cəmiyyət və «QNET»çilər özlərinin gerçək həyatlarını tapmış olduqlarını düşünürlər. Baxın, bu sözlərimin altından xətt çəkərək qeyd edirəm: «QNet»də olan və özünü xoşbəxt hesab edən "gələcəyin biznesmeni” əsl həyatı burada tapdığını dilə gətirsə, o zaman ona belə deyin: Elə isə sənə pul lazım deyil, ver onu mənə!..


«QNet» haqqında vətəndaşların da fikirlərini öyrəndim

Qəhrəmanımız 40 yaşlı Ziba adlı qadındır. Onun daimi rahat işi var - ayda 500 manat maaş alır. Bir gün çoxdan görmədiyi rəfiqələrindən biri ona zəng edib ofisinə dəvət etdi, görüşdükdən sonra nə qədər maaş aldığını soruşdu, sonra təəccübləndi ki: "Bu nə maaşdır alırsan, gəl yanıma həftədə ən azı 500 manat qazanacaqsan”. Sonra məlum oldu ki, qəhrəmanımız həmin işə daxil olmaq üçün 1800 manatlıq tur paket və ya bəzək əşyaları almalıdır. Özü də tur paket Fransanın hansısa bir limanından başlayır və onun reallaşması üçün qəhrəmanımız viza əldə etməli, Fransaya gediş-gəliş bileti almalıdır. Rəfiqəsinin təklif etdiyi bəzək əşyaları da şübhəli idi - təklif olunan 1800 manatlıq cəvahiratlar hətta qızıl olsa belə, toplam qiymətləri 150 manatdan artıq olmazdı. Amma rəfiqəsi bundan narahat olmamağı bildirdi: "Bunlar özəl mallardır. Sadə əşyalar deyil, hərəsinin bir cür şəfaverici xüsusiyyəti var, Avropadan xüsusi olaraq gətizdirmişik”.

Səbuhi adlı gənc isə bu iş üçün rayondan Bakıya gəldiyini bildirib: "Mən 18 ay «QNet»də işləmişəm. Şəbəkəm də var idi. Orada dözmüş olduğum günlərə, ac qaldığım anlara sadəcə heyfsilənirəm. Fikirləşə bilirsiz, 1 il 6 ay "full time” vaxt qoymaq… Qısası, aldanmayın!..”

Nazim adlı tələbə isə onu dəfələrlə dəvət etsələr də bu biznesə qoşulmadığını söyləyib: "Eyni taktikadan"dostum" da (köhnə iş yoldaşım idi. Bir ildir nə zəng vururdu, nə də ki axtarırdı, sonra birdən yadına düşdüm) istifadə edərək məni cəlb etmək istəyirdi. Bütün bu danışmalardan sonra mən dedim ki, problem deyil, qoşulacağam, amma bir şərtlə ki, təşkilatın etibarını qazanmaq üçün istənilən 750 dolları o mənim yerimə ödəyəcək, bir dost kimi. Təbii ki, dostum bu təklifdən sonra pis vəziyyətə düşdü və bir daha məni axtarmadı”.

Sözügedən qurumla bağlı mənfi fikirlər, hətta ağır tənqidə keçənlər də oldu. Ancaq adını açıqlamaq istəməyən bir oxucumuz apardığımız sorğuda iştirak edərək "«QNet»”çi olduğundan qürur duyduğunu bildirib: "Bu yazıda doğru məqamlar yalnız aşağıdakılardır: Çoxlu insanlar fəaliyyət göstərir, səmimi münasibət var, qarşılıqlı hörmət var və şirkətin fəaliyyət, gəlir potensialından başqa yazılan hər bir cümlə yalandır, cəfəngiyatdır. Mən özüm 4 aydır ki, Quesnet («QNet») şirkətində fəaliyyət göstərirəm və hərtərəfli xeyrin görürəm. Öz işimlə də qurur duyuram”.

Sahilə xanım əvvəllər bir neçə ay bu sahədə fəaliyyət göstərsə də, biznesmenlik barədə arzularının puç olduğunu söyləyib: "Onların ofisləri bütün binanı bürüyüb. Binanın 7 mərtəbəsinin hamısı onlarındır. Axşam o tərəfə yolunuz düşəsi olsa, görərsiniz ki, otaqlar ağzına kimi doludur. Hərəsi əlinə bir dəftər alıb hey yazıb-pozur. Gülməlidir: "Necə edək ki, filankəsibura gətirə bilək, hansı yollara əl ataq ki, sayımızı artırmağa nail olaq, camaata baxıb ürəyim yanır”. Söz yox, bu marketinqdə qazanan var. Amma bir nəfər qazanırsa, bəlkə bunun müqabilində 10 nəfər itirir. Bu qazanc kimlərinsə itirməyinin hesabına olur.Çoxusu inanıb qoşulur və sonra başını atıb gedir. Ən azı 750 kağızından olur (maksimim isə bu rəqəm 2000 dollara çata bilər). Əvəzində isə dəyəri 200$ olmayan bir əşya alır (heç onu da ala bilmir). Allah hamının köməyi olsun!”

Pula nahaqdan əlçirki deyilmir. Əgər belə olmasaydı insanlar bu əskinazı itirməyə razı olmazdı. Bəli, bəzən 750 dolların, hətta onun iki qatı əlindən gedəcək deyə dünyanı dağıtmaq emosiyasına qapılmırsan. Onlarla, hətta yüzlərlə insan bu biznesə sərmayə qoyub, amma bu cəhd uğursuzluğa düçar olub. Həmin insanlar artıq «QNet»ə dönüb sənin "upliner”lərinə yedizdirdiyi pulları almaq iqtidarında olduğunu düşünmür. Hələ qızıl və biodisklərin gələcəyi ümidindən danışmağa dəyməz…

Rüfət SOLTAN