adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

VAHİDİMİZ - ƏZİZİMİZ

3932 | 2015-11-21 01:43
Bizlər 60-cılar deyilən ədəbi nəsildən sonra gələnlərdən sayılırdıq. Bizlər deyəndə bir neçəmizin adın çəkim ki, bilinsin kimlərdən söhbət gedir. Məsələn, Ələkbər Slahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə, Tofiq Məhərrəmoğlu, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Seyran Səxavət, Vidadi Paşayev, Mövlud Süleymanlı, Vidadi Məmmədov, Nüsrət Kəsəmənli və s. Adları ədəbi dairələrdə çox hallanmasa da, mətbuat səhifələrində çox görünməsələr də, bir-birilərini axtarıb tapır, dost olur, dünyadan görüb götürdüklərini bölüşürdülər. 60-cı illərin ədəbi atmosferindəki nisbi oksigen bolluğu bu sahəyə marağı o qədər artırmışdı ki, hətta dəqiq elmlər sahəsində, eləcə də qeyri- humanitar təhsil ocaqlarında belə şairlər, yazıçılar peyda olurdu. Onlardan biri də Vahid Əziz oldu.
Politexnik institutunun tələbəsi olsa da bir də gördük aramızdadır. Təbii ki, öz yaş dərəcəsindən olanlarla daha çox yaxınlıq edər, onların ədəbiyyat, şeir, sənət barədə danışıqlarına dinşək kəsilər, oxuduğu institutda tamarzı qaldığı bir sıra mətləblərdən agah olardı. Hələ çoxumuz bilmirdik ki, bu gələcək mühəndisin batinində nələr var, şairliyimi qədərincədi, nasirliyimi, aşıqlığımı, rəssamlığımı. Sonralar hamımız kimi onun da ilk, kövrək şeirləri o zaman məhdud sayda olan ədəbi dərgilərdə görünəndə, bir ovuca sığan ilk kitabı çıxanda bildik ki, aramızdakı bu gələcək mühəndis həm də söz, könül adamıdı. Oxuduğu ali məktəb auditoriyalarında əsasən fizika, riyaziyyat, həndəsə kimi dəqiq elmlərdən bəhrələnə-bəhrələnə həm də klassik şairələrimizə el-ağız ədəbiyyatına, ən çox da ustad aşıqlarımıza bələdliyi ilə bizləri təəccübləndirərdi. Aşıq Ələsgərin, Növrəs İmanın, Abbas Tufarqanlının qoşmalarından elə məqamları, özü də kövrələ-kövrələ elə açıqlayardı ki, doğrusu bizləri o yerlər o vaxtacan cəlb eləməmişdi. Bəlkə də sonralar az sözlə ən incə mətləbləri çox sadə, təsirli ifadə etmək məharəti Vahidin həmin bilgisindən su içmişdi.
...Və bir də göz açıb gördük ki, çoxumuzun ədəbi ata kimi qiymətləndirdiyimiz Xalq şairi Rəsul Rzanın Vahid Əzizin onda olan şeirləri barədə son dərəcə səmimi, isti bir resenziyası "Ədəbiyyat" qəzetində işıq üzünə çıxıb. "Tanışlıq" adlı o yazıda, necə deyərlər, "dünənin uşağı" haqqında böyük şairimiz elə ürəkdən, ehtizazla söhbət açmışdı ki, buna o dövrün adlı-sanlı, böyük şairləri belə qibtə hissiylə yanaşırdılar. Onun şeirlərinə həssaslıqla yanaşan Rəsul Rza "Tütək" adlı şerdəki incəlikləri, müşahidə qabiliyyətini vurğulayır, gənc şairin 6 bəndlik bu əsərindəki poetik tapıntılara diqqəti yönəldirdi. Ən çox da bir və üçüncü bəndlər onu yerindən oynatmışdı. Hər dəfə oxuyarkən elə mən özüm də o bəndlərdən məxsusi bədii zövq duyur, həzin, pozitiv informasiya ilə yüklənirəm:

Dərə dodaqlarda dağılar sükut
Palıd barmaqlarda səs düyün düşər
Hardasa dağılar bir ovuc bulud
Hardasa yadıma gileyin düşər.

Sınıb zirvələrdə şah vüqarı da
Dağları nəğmənin ahı tutubdur
Tütək neyləyibsə canavarı da
Sürüdən aralı yuxu tutubdur.

Görəsən bütün yaradıcı ömrü boyu yenilik tərəfdarı olmuş, qapısı istedad üzünə açıq olan, fərqli poetik təfəkkürə sahib gənclərə hamilik eləyən Rəsul Rzanı Vahid haqqında söz deməyə nə vadar eləmişdi, riqqətə gətirən nə olmuşdu ki, o vaxtacan bəd hücumlardan qoruduğu, daim qayğı göstərdiyi Əli Kərim, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə, Ramiz Rövşən, Çingiz Əli oğlu qafiləsinə Vahid Əzizi də qoşmuşdu? Əbdətdə gənc şairin "Tütək" şeiri kimi digər poetik nümunələrindəki milli-mənəvi dəyərlərə sadiqlik, xalqının mədəni sərvətlərinə, ali xüsusiyyətlərinə olan məhəbbət, klassik poeziyamızdan müdrükcəsinə bəhrələnməsi. Bütün bunlar Rəsul müəllimdə Vahidin şairliyinə, gələcək uğurlarına inam yaratmışdı. Həmin şeirlər qovluğunun Rəsul Rzaya yetişməsinin də maraqlı tarixçəsi var. Sən demə o illərdə şeirləri qoltuğunda neçə qapını döyüb "otkaz" alan Vahid o vaxt "Azərbaycan gəncləri" qəzetində işləyən Fikrət Qocaya pənah gətirir. O da 21 yaşlı gəncin şeirlərini oxuyub necə təsirlənirsə, onları bir yerə çıxarmağın yeganə çarəsini Rəsul Rzada görür, Vahiddən xəbərsiz Rəsul müəllimə çatdırır. Beləcə müəllifinin üzünü görmədən Rəsul Rzanın o şeirlər barədə yazdığı "Tanışlıq" yazısı Vahid Əzizə Xalq şairinin uğurlu yol arzusu olur.
Vahid Əziz acılı-şirinli həyat yaşayıb. O zamankı Azərbaycan KP MK-nın aparatında yüksək vəzifə də daşıyıb. Amma ən böyük missiyası şeir, nəğmə, söz yatırı yaratmaq olub. Bu gün sözlərinə bəstələnən mahnılar kimi bir sıra şeirləri də dillər əzbəridir. Dostluğuna, etibarına da ki, söz ola bilməz. Zarafatlarının, fürsət tapan kimi məclislərdə üyütdüyü lətifələrin sayı-hesabı yoxdur. Hətta vaxt olub ki, Vahidin bu lətifələri barədə Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevə də bir növ şikayət ediblərmiş. Ulu öndər gülümsəyib deyibmiş, işiniz olmasın, aparata belə bir abu-hava da lazımdır.
Vahidin demək olar bütün kitabları məndə var. Hamısının da ilk səhifəsinə ürək sözlərini yazıb bağışlayıb mənə. O kitablarda onlarla şeir var ki, ruhuma daha yaxın olduğu üçün səhifələrini qatlamışam, ovqatımın uca məqamlarında onları açıb oxuyur, axır vaxtlar səngiyən üzbəsurət görüşlərimizin bir növ əvəzini çıxır, sanki qardaşımla rastlaşır, şirin zarafatlarını, lətifələrini dinləyirəm. "Qara qız", "Bir qız gəlin köçdü", "İlk sevgi", "Payıza döndüyüm anlar", "Qəriblik", "Telefonun yaddaş kitabı", "Çirkin qadın", "Qaraçı qız", "Bay-bay", "Leylisini yarı yolda qoyanlar", "Şükür", "Bəhanədir kasıb qızın qaçmağı", "Şairiksə Məmməd Araz, şimşəklərik", "Tanrının saldığı yol yerindədir" kimi poetik tapıntılarla dolu, tale yüklü şeirləri gündəlik həmsöhbətlərimdi.
Əzizim Vahid, sən də mənim kimi 70-ə vardın. Bu o yaşdır ki, ustad şairimiz Rəsul Rza təxminən sinninin həmin çağında dünyasını dəyişmişdi. Amma əsrlərə dəyərli töhvə olacaq, gündən-günə yeni mənalar kəsb edəcək poeziyası yaşayır. Ömür Allahın əlindədir. Arzu edirəm 70-dən oyanakı ömründə ustaddan aldığın dərsin işığında, onun hələ ötən əsrin 60-cı illərində sənə arzuladığı uğurlu yollarda yıxılmayasan, büdrəməyəsən, inamla addımlayasan. VAHİDİMİZİ-ƏZİZİMİZİ qoruyasan! Bu bir. İkincisi də o "Qara qız" şeirin var ha, binayi-qədimdən məni o qədər cəzb eləyib ki, az qala yuxularımda da onu höccələyirəm. İstərdim bu yazımı təkrar da olsa o şeirlə tamamlayıb, sonra da axı... yox, axarıncı arzumu bildirəm:

Bir qız vardı kəndimizdə, qara qız
Anasına göz dağıydı, kədərdi
Subaylıqda qarımışdı qara qız
Qapıları elçi üzü görmədi.

Gecə vaxtı qaranlığa qarışıb
Xısın-xısın ağlayardı qara qız
Gün doğanda taleyiylə barışıb
Tarlalarda od olardı qara qız.

İsmətliydi yerişində, sözündə
Danladılar, dedi belə yaxşıdı
O qara qız oğlanların gözündə
Gözəllərin kölgəsinə oxşadı.

Saçlarını təkhörüklü hörərdi
Ürəyini aynalara açardı
Neçə ildi bircə yuxu görərdi
Bir atlıya qoşulardı, qaçardı.

Bilə-bilə bəndlərinin yerini dəyişdiyim şeirinin (bu da mənim yaradıcılığımdı) sonuncu bəndinnən doğan arzumsa budur ki, gün o gün olsun "Şükür" adlı bir başqa şeirində şövqlə adlarını çəkdiyin nəvələrindən biri, ya Elgün, ya da ki, Ergün o qara qızı atının tərkinə qoyub qaçırsın, sənlə mən də onların toyunda qol götürüb oynayaq!

TƏQVİM / ARXİV