ROMA PAPASINDAN DA XOŞBƏXT

ƏBÜLFƏT MƏDƏTOĞLU
56244 | 2015-11-21 01:14
İndi hər bir insanın, daha doğrusu, hər bir oxucunun qarşılaşdığı konkret bir mövzu var. Bu, elə bir mövzudur ki, onu avtobusda da, çayxanada da, toyxanada da, bir sözlə, iki adamın bir-biri ilə qarşılaşdığı hər yerdə müzakirə edirlər və hər kəs də məsələyə öz prizmasından baxır, öz arşını ilə qiymət verir. Necə deyərlər, gündəm əməlli-başlı bu mövzuyla ağzına qədər dolubdu. Amma mənim bu mövzuyla heç bir işim yoxdu. Mən öz mövzumu, öz düşüncəmi, öz fikirlərimi dəyərli oxucularımla bölüşmək istəyirəm. Və elə bilirəm ki, məni oxuyanlar, mənimlə həmsöhbət olanlar məndən doymayıblar, mənim sözüm, mənim yazım onları məndən uzaqlaşdırmayıb. Buna görə hər bir oxucumun qarşısında ayrı-arylıqda baş əyib təşəkkürümü bildirirəm. Sağ olsunlar, səbrlərinə, dözümlərinə və ayırdıqları vaxtlarına görə.
Bəli, bu gün də özümdən yazacam, öz duyğularımı, öz düşüncələrimi dilə gətirəcəm. Elə bilirəm ki, bu yazıda da oxucularımın müəyyən bir qismini içindən gələn istəkləri ifadə edə biləcəm. Çünki bu mövzu da hal əhli üçün münasib, uyğun, bir növü boya biçilmiş fikirlərdən ibarətdir. Yəni yazacaqlarımı kimlərsə artıq öz içində yazıb da, oxuyub da. Amma mən onun kağız variantını da qəzet formasında ortaya qoyuram...
Deməli, Bakı həm də küləklər şəhəridi. Belə deyiblər mən də eşitmişəm. Və çox az-az hallarda Bakının küləksiz olduğunu müşahidə etmişəm. Doğrudur, Bakıya külək yaraşır, amma küçələri süpürülmüş olanda... yol-izləri zir-zibildən təmizlənəndə. Əks halda, külək Bakıda adamı tamam hövsələdən çıxarır. İllah da ki, sellofanlar küləyin çaldığı havaya oynayanda aləm bir-birinə dəyir. Bir də görürsən ki, bir topa sellofan havada oynaya-oynaya ya hansısa ağacın budağına "qonur", ya kiminsə üzünə çırpılır, ya da hansısa maşının ön şüşəsini elə qapayır ki, sürücü təcili əyləci basmalı olur... Doğrudur, bəziləri bunu Bakının yaraşığı adlandırır. Amma bu "yaraşıq" qonaq-qara yanında adama utanc gətirir. Zarafat deyil, küləklər şəhərində adam hövsələdən çıxır və "oynayan sellofanlar"ın günahkarlarını, sifarişçilərini neçə mərtəbəli sözlərdən keçirir. Düzdü, bu nə küləyə təsir edir, nə də oynayan sellofanlara. Amma insan bəzən özünü nə iləsə sakitləşdirmək istəyir. Bax, belə məqamda bir qism Allah bəndəsinin köməyinə məhz həmin on yeddi mərtəbəli sözlər çatır. Nə isə...
Hə, neçə gündür ki, Bakıda güclü külək əsirdi. İndi bir az səbbi alınsa da, amma bu külək də xətasız ötüşmədi. Bir neçə ağac ya kökündən qopdu, ya da qol-qanadı qırılıb düşdü səkilərə, küçələrə. Yaşadığım ərazidə də belə bir hadisəni seyr etmək mənə "nəsib oldu" çox şükür ki, yıxılan ağacın xatası heç kimi, tutmadı. Necə deyərlər, anamız namaz üstündə idi, salamat ötüşdük...
Hə, belə bir məqamda, yəni külək adamın qanını qaraldanda xəyallar da alt-üst olur. Xəyala qapılıb yol gedəndə, xüsusilə parkda, bulvarda dolaşanda həm küləyin əcaib səsi, həm də qaldırdığı toz-torpaq, oynatdığı sellofanlar adama fikrini bir yerə toplamağa, qurduğu xəyalın sonuna gedib çıxmağa imkan vermir. Qalırsan sadəcə küləklə xəyalın arasında. Və belə bir məqamda sənə elə gəlir ki, bu külək səninlə düşmənçilik edir. Bu külək səni bir növü ağrıyan yerindən vurmağa çalışır. İstəyir ki, özündən sözündən çıxasan, istəyir ki, sən də dilini hasısa yeddi mərtəbəli bir ifadə gətirəsən. Amma...
Bəli, amma burda bir gerçək də var. O da küləyin oynatdığı tellərdi, saçlardı. Onu seyr etmək, ona diqqət kəsilmək bəzən insanın içində müəyyən məqamların közərməsinə, müəyyən işartıların alışmasına səbəb olur. Hətta bir qısqanclıq da yaradır adamda. Sənin toxuna bilmədiyin teli, saçı külək darayır, külək oxşayır. Bax, elə yeri gəlmişkən deyim ki, məhz həmin anda mən də səni küləyə qısqanıram və nə vaxtsa yazdığım misralar yadıma düşür.

təəssüf doğurur
həm də
acı və
içdən gələn
bir təəssüf...
artıq
duyuram,
anlayıram
əlimi
əlindən
ürəyimi
ürəyindən
nəfəsimi
telindən
soymaq
və soyutmaq
gerçəyin özüdü
deyil təsadüf...
gör
nə edirsən
seçdiyin
üsulla sən
bilirsənmi ki,
hər gün
bir iynə boyda
məndən
çıxıb gedirsən!..

***
Mən bütün həyatım boyu xəyal qurmağa üstünlük vermişəm. Xəyallar həmişə məni ovudub. Ən ağır günümdə də, ən kədərli anımda da, ən çıxılmaz durumda olanda belə xəyal qurmağa, o xəyalın qanadlarında ağrıdan, acıdan, çətinlikdən çıxıb getmək mənim xilasım olubdu. Düzdü, buna görə yaxınlarım tərəfindən bəzən qınanmışam da. Hətta soyuq baxışların da nişangahı olmuşam. Amma adətimə xilaf çıxmamışam. Üstəlik, onu da deyim ki, çox qəribə olsa da, mən sevincli anlarımda da xəyal qoynunda olmuşam, xəyaldan ayrılmamışam. O sevincin özü belə mənə xəyal kimi gəlib, xəyal kimi görünübdü. Ona görə də xəyallarla bağlı yazdıqlarım, düşündüklərim, dediklərim çox vaxt özümə yönəlib, özüm onun acısını təkrar yaşamalı olmuşam. Hətta...
Bir qəribə məqamı dilə gətirmək istəyirəm. Adətən özümə son dərəcə simsar olan, son dərəcə yaxın bildiyim adamlarla hansısa bir məclisdə oturub söhbət edəndə və yaxud yeyib-içəndə söz sözü çəkib, dostlar, doğmalar problemlərlə maraqlanıb, həyatımı, yaşamımı soruşublar, qayğılarımdan xəbər tutmaq istəyiblər. Və mən də böyük ürəklə onlara verdikləri sualın cavabını şərh etmişəm, iç dünyamı, xəyallarımı açıb göstərmişəm. Və inanın ki, həmin məclislərdə mənə dağdan ağır, dağdan böyük görünən problemlərim bir andaca həll olunub... dostlardan kimsə kitabımın çapını boynuna götürüb...bir başqası gecəqondumun sınmış dam örtüyünü elə yerindəcə dəyişmək məsələsini həll edib... Bir başqası övladımın qayğısını çözməyi boynuna götürüb... Tamam gözləmədiym bir məqamda hətta mənə hardansa ev, torpaq sahəsi alıb verəcəyini də, Nuhdan qalan maşınımı da təmir edəcəyini söyləyənlər olub... Və mən də bütün bunların hamısının xoşbəxtliyini yaşamışam. Üstəlik o qədər xoşbəxt olmuşam ki, bu eşitdiklərimə özüm inandığım kimi, ailəmi də inandırmağa çalışmışam. Onlara da ümid vermişəm ki, sabah usta gəlib damın örtüyünü dəyişəcək. Günün ikinci yarısında kitabı nəşriyyata təqdim edəcəm. Ertəsi gün filan problem, o birisi gün uşağın problemi və sairə və ilaxır elə rahatlıqla həllini tapır ki, nə özüm inciyirəm, nə də evdəkilər. Amma günlər keçir, usta da gəlmir, damda yenə su, yağış öz işini görür, kitab kompüterin yaddaşında qalır, o biri problemlər də toxunulmaz fond kimi öz yerində...
Hə, mən əvvəllər yuxarıda qeyd etdiyim xoşbəxtliyi hər məclisdən sonra evdə bölüşürdüm. Amma son vaxtlar bu adətimdən əl çəkmişəm. Çünki o xoşbəxt anların bircə kəlməsini dilə gətirən kimi ailə üzvlərimin qəribə bir təbəssümü ilə qarşılaşıram. O təbəssüm mənə çox yumuşaq bir şəkildə nələrsə deyir. Yəqin ki, anlıyırsınız da nələr dediyini. Ona görə də həmin xoşbəxtliyi təkcə özümə saxlamışam, özüm yaşayıram o xoşbəxtliyi. Lakin etiraf edim ki, məclislərdə qanadlanan o xoşbəxtliyin ömrünün uzun olmasını elə arzulayıram. Allaha əl açıb təvəqqe edirəm ki, dostlarımın, doğmalarımın mənə məclislərdə bağışladığı xoşbəxtlik uzunömürlü olsun, yaşayım o xoşbəxtliyi gen-bol!..
İndi bax elə bu dəqiqə sizə söylədiklərimi, daha doğrusu, sizin oxuduqlarınızı bir də içimdə yaşayıram, bir də götür-qoy edirəm. Vəd olunmuş dəstəkləri, köməkləri bir-birinin ardınca muncuq kimi sapa düzürəm və baxıb görürəm ki, bütün bu xəyallar gerçəyə çevrilsə, onda mən ən azı Roma papası qədər (zarafat da olsa- Ə.M.) xoşbəxt olaram. Çünki problemlərim çözülür, bircə işim qalır. O da sənə şeir yazmaq. Yeri gəlmişkən, o xoşbəxtliyin qanadlarının kölgəsində sənə bir şeir deyim.

Bilirəm durmusan başımın üstdə
Nəfəsin qarsıyır boynumun ardın.
Özümü duyuram bir dar qəfəsdə
Göyərir içimdə sənə bir andım -
Bir az da sevməyə imkan ver mənə!..

Onda şıltaq idin - tərdin bilmədim
Vaxtı boş ötürdüm qədrin bilmədim
Nəyi harda, necə dərdim bilmədim
İndi anlayıram sənədi andım -
Bir az da sevməyə imkan ver mənə!..

Günah daşımışam belədən belə
Günah daşımışam şələdən belə
Günah daşıymışam axdığım selə
Özün də bilirsən mən nədə yandım-
Bir az da sevməyə imkan ver mənə!..
Qayıdış gedişdən çətindi doğru
Qayıdan gedəndən mətindi, doğru
Bu vaxtsız əkindi, səpindi, doğru
Elə et ortada qalmasın andın -
Bir az da sevməyə imkan ver mənə!..

***
Bəli, bu yazıya, daha doğrusu, sizinlə söhbətə Bakı küləyindən başladım. Sonra söz sözü çəkdi, sonra gəldim xəyallarımın üstünə. Xəyallarımın qapısını döydüm, bir az sandıqdan, boxçadan tökdüm ortaya. İnanın ki, bunu qəsdən etmədim. Sadəcə, bu da Bakı küləyinin bir fəsadı idi. Əsdi və xəyallarını da pərən-pərən saldı. Mən də yuvasından perikmiş xəyallarımı toplamaq, geri qaytarmaq üçün bir çarə tapa bilmədim və məcbur olub onları elə bu vəziyyətdə, yəni adda-budda şəkildə sıraladım və bir qismindən də sizə söz açdım. Axı elə xəyalların şirinliyi də ondadı ki, o sənə bir an ölçüsündə olsa da ümid verir, xoşbəxtlik bağışlayır. Mən də dostlarımdan ona görə yerdən göyə qədər razıyam ki, onlar bütün məclsilərdə mənə həmişə təptəzə xəyallar bağışlayırlar, qanadlandırırlar məni o xəyallarla, mən dünyanı gəzirəm, qayğılardan qurtuluram. Hətta böyük Üzeyirin Məşədi İbadın dili ilə dediyi 50 yaşın qocalıq olmadığını belə rahatca düşünürəm. İndi görürsünüzmü xəyallaran insanın sağlamlığı üçün nə boyda faydası var.
Doğrudur, yaşıma və mövzuya uyğun gəlməsə də, burda bir atalar sözünü xatırlatmalıyam. Yəqin bildiniz ki, söhbət yuxuda darı görməkdən gedir. İndi bu atalar sözünün lətifəsi bütün oxucularımızdan uzaq olsun. Amma bəzən xəyal adamı həmin duruma da salır. Və elə bilirsən ki, sən əstəxfürullah, sən Allahın bacısı oğlusan və hər kəs də ancaq sənin nazınla oynamalı, sənə xidmət etməlidi. Bu isə heç filmlərdə də olmur. Xəyallarda isə...
Bəli, mən bütün hallarda nə Bakının küləyinin qarşısını kəsənəm, nə də bütün problemləri çözə bilərəm. Sadəcə, mən həm küləyə, həm şəhərin özünə, həm də problemlərə ömür payım müddətinə bir növü yoldaşam. Yanaşı addımlayırıq və külək öz işini görür, şəhər öz işindədi, problemlər də öz ağırlığında. Mən isə bütün bunları yaşaya-yaşaya elə xəyalların qoynundaca öz-özümə pıçıldayıram:

Kiprik yaşın altında
Barmaq daşın altında
Oyan başın altında-
Dərddi, yatıb göynətmə.

Gəl qəmi bəsrət elə
Üzümə həsrət elə
Sığınıb hər sətrimə -
Dərddi, yatıb göynətmə.

Aç pərdəni günəşə
Batım nura, gülüşə
Xəbərsiz bu gəlişə
Əbülfəti öyrətmə!..

Hə, bu da belə. Mən xəyallara öyrənmişəm. Ona bir növü bağrı-badaş olmuşam. Onunla ömrü yola verirəm. O da istədiyi vaxtı gəlib gedir. Siz buna dözə bilməyəcəksiniz. Ona görə də özünüzü xəyallara öyrətməyin.


TƏQVİM / ARXİV