XALAOĞLU TƏRXANIN SÖZÜ OLMASIN...

FAİQ QİSMƏTOĞLU
71066 | 2015-11-21 01:09
... Çox duzlu və çox da məzəli olub xalaoğlu Tərxan. Birdən elə bilərsiniz xaloğlu Tərxan mənim xalam oğludur. Düzdür, onun bizə uzaqdan qohumluğu da çatır, amma xalaoğlu deyilik. O, hər şeyi şişirdib, bəzəyib-düzəyib danışardı. Camaat da hər hansı hadisəni başqasına nağıl edəndə deyərdi ki, xalaoğlu Tərxanın sözü olmasın. Bəhmənlidə hamı onu "xaloğlu Tərxan" deyə çağırardı. Və xalaoğlu Tərxan da əlini gözünün üstə qoyub onu çağıranın kim olduğunu biləndən sonra o tərəfə addımlayardı...
Xalaoğlu Tərxan bizim kənddəki məktəbdə qarovulçu işləyərdi. O məktəbdə də qarovulçu işləmək o qədər də asan deyildi. Ən azından məktəbin direktoru Əvəz müəllimin zəhmli baxışlarını hər səhər görməli idin və bəzən də əsəbiləşəndə dişinin dibindən çıxan sözləri qəbul eləməliydin. Ancaq xalaoğlu Tərxan Əvəz müəllimin dilini tapmışdı. Məktəbin direktoru kimə təpinsə də, kimə hirslənsə də xalaoğlu Tərxana çox nadir hallarda əsəbiləşərdi. Biz orta məktəbdə oxuduğumuz illərdə Əvəz müəllimin xalaoğlu Tərxana bir dəfə əsəbiləşdiyini görmüşdük...
Görmüşdük ki, səhər tezdən məktəbə gələndə Əvəz müəllim sinifləri gəzərkən pəncərələrdən birinin sındığını bilib. Özü də pəncərəni axşam saatlarında sındırmışdılar. Onda da məktəbdə xalaoğlu Tərxandan başqa bir kimsə olmamışdı. Elə Əvəz müəllim də əl atıb yapışmışdı xalaoğlu Tərxanın yaxasından. Tərxan da demişdi ki, ay rəhmətliyin oğlu nə məni yuyub-sərirsən, pəncərəni sındıranı bilirəm, Təvəkkülün oğlu Şiraslan gecə vaxtı daş atdı, elə bildi ki, mən məktəbdə yoxam, daş da gəlib dəydi pəncərəyə. Ha dalınca düşdüm tuta bilmədim. Ayağım ağacın kəsilmiş kötüyünə nə təhər ilişdisə, üzüstə yerə yıxıldım. Hələ də ağrı canımdan çıxmayıb...
Həqiqətən də Təvəkkülün oğlu Şiraslan birinci dəfə deyil, bir neçə dəfə məktəbin pəncərəsini qırmışdı. Hətta bir dəfə bizim sinifdə qışın oğlan çağında odun sobasının turbasına əski basmışdı, turbadan da çıxan tüstu bayıra keçə bilmirdi. Və həmin tüstü də sinif otağına dolmuşdu. Onda da Əvəz müəllim yapışmışdı Təvəkkülün oğlu Şiraslanın qulağından, aparmışdı müəllimlər otağına. Orda o qədər döymüşdülər ki, Şiraslan muma dönmüşdü və bir də cürət eləyib belə-belə işlər görə bilmirdi.
Xalaoğlu Tərxan tək məktəbi qorumurdu, məktəbin həyətindəki gülləri, çiçəkləri, yekə-yekə ərik ağaclarını da biz dəcəl uşaqlarının əlindən mühafizə edirdi. Deyirdi ki, ay bala, yazığınız mənə gəlsin, o gülləri, ağacları qırmayın, insafınız olsun. Yoxsa Əvəz müəllim məni yaman günə qoyacaq. Bizim də ürəyimiz yumşalırdı, nə güllərə yaxın dururduq, nə də ağaclara...
...1978-ci ilin may ayı idi. Səhv etmirəmsə, mayın 25-i idi. Tarix müəllimimiz Məhər müəllim bizdən bir sinif yuxarıda oxuyan onunculara dedi ki, hazırlaşın, bir-iki gündən sonra aparacam sizi Şuşaya. Bizdən yuxarıda da oxuyanlar Vaqif Bəhmənli idi, Şükür Şənol idi, İlqar idi... Biz də sabahdan hazırlığa başladıq. Amma Məhər müəllim şərt kəsdi ki, səhər saat 5-də məktəbdən çıxacağıq, ona görə də axşamdan kim gedəcəksə gəlsin məktəbə, otaqların birinə yığışaq və burdan da səhər saat 5-də Şuşaya yola düşək...
Biz Şuşanı görməmişdik, amma çox sevinirdik ki, Şuşanı görəcəyik. Ona görə də qırxa yaxın 9 və 10-cu sinif şagirdi axşamdan məktəbə gəldik. Ərik ağaclarının başı pıtraq kimi əriklə doluydu. Özü də ərik elə-belə ərik deyildi ha, ağ ərikiydi və bal kimi də şiriniydi. Hələ yetişməmişdi beləydi, yetişəndə onun şirinliyindən doymaq olmurdu. Haçan ki ərik yetişdi, Məhər müəllim ərikləri yığırdı və Bakıya aparırdı. Bir yerdən yaxşı qiymətə verirdi və bir ətək də pul qazanırdı. Halal xoşu olsun, çünki Məhər müəllim zəhmətkeş ziyalı idi. Tək əriklə deyil, həyət-bacada əkdiyi göy-göyərtidən də pul çıxarmağı bacarırdı...
Axşam bir neçə sinif yoldaşımızla şərtləşdik ki, çıxaq ərik ağacına və ərik yığaq. Hansı ki Məhər müəllim tapşırmışdı ki, ərik ağacına dəyməyin, Əvəz müəllim bilsə mənim dədəmi dalıma şəlləyər. Lakin biz buna məhəl qoymadıq və hərəmiz bir ağaca dırmaşdıq. Ərik yeməyimiz və yığmamız bir yana, ağacın budaqlarını da sındırırdıq. Şaqqıltı səsinə məktəbin qarovulçusu xalaoğlu Tərxan gəlib çıxdı. Gördü ki, meymun kimi hər ağaca bir uşaq dırmaşıb. Bilmədi kimə daş atsın, kimə səlbə tullasın.
Yerdən bir yekə daş götürüb ərik ağacına tərəf atdı. O daş də gəlib dəydi bizim sinif yoldaşımız Firqətin təpəsinə. Daşın dəyməyiylə Firqətin başından qan fışqırmağı bir oldu. Xalaoğlu Tərxan hər ağaca bir daş atdı. Oradan özümüzü necə tulladıqsa, hətta ayağımız burxuldu və qaçıb girdik sinif otaqlarına. Və xalaoğlu Tərxan da bir-bir sinif otaqlarına baxa-baxa bizim yeddi arxa dönəmizi söyürdü. Söydü-söydü, axırda da ürəyi soyuyub çıxıb getdi.
Səhər saat 5-də "PAZ" avtobusu məktəbə gəldi. Hamımız onun içinə doluşub səfərə çıxdıq. Şuşanın dolaylarına qalxanda gözümüz bərəli qaldı. Hələ Şuşaya çatmamışdıq belə idi. Şuşanı görəndə isə elə bil Amerikanı görürdük. Çünki biz kənd uşaqları uzaqbaşı rayon mərkəzinə getmişdik. İndi isə Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsinin yanında idik. Hərəmiz əlimizdə bir daş Cıdır düzündən aşağı atırdıq ki, gedib çaya düşəcək. Sonra Məhər müəllim dilləndi ki, day bəsdir, durun gedəyin hərənizə bir borş alacam için. O borşun dadı bu gün də damağımızdan getməyib...
Şuşadan qayıdanda xalaoğlu Tərxanın otağında oturub dərin fikrə daldığını gördük. Xalaoğlu Tərxan Qədir Rüstəmovun "Sona bülbülləri"nə qulaq asırdı. "Sona bülbülləri" onu götürüb aparmışdı gəncliyinə. Xalaoğlu Tərxanı bu muğam qaldırmışdı göyün yeddinci qatına. Və göyün yeddinci qatında olan xalaoğlu Tərxanın yadına nə bizim ərik ağacının budaqlarını sındırmağımız, nə də Əvəz müəllimin hərbə-zorbası düşürdü. İndi xalaoğlu Tərxan öz dünyasındaydı. Hər səhər bax beləcə "Sona bülbülləri"nə qulaq asar, axırda da dəsmalını çıxarıb göz yaşlarını silərdi. Bu dəfə göz yaşlarını silmədi. Bizi gördü və sakitcə dilləndi:
- Qurban olasınız "Sona bülbülləri"nə. Şuşada yeyib-içdiklərinizi burnunuzdan tökən deyiləm, heç Əvəz müəllimə də bir söz deməyəcəm. Amma bir də belə qələt etməyin.
Bu sözləri deyəndən sonra xalaoğlu Tərxan Təvəkkülün oğlu Şiraslana baxdı, Tubunun oğlu Dilavərə baxdı, Firqətə baxdı, Yusifə baxdı və bir söz demədən otağın qapısını örtdü...

FAİQ QİSMƏTOĞLU

TƏQVİM / ARXİV