adalet.az header logo
  • Bakı 17°C
20 Noyabr 2015 16:13
4635
İDMAN
A- A+

İki cüdoçumuz Qran-pri-nin qızıl medalını qazandı

Azərbaycan cüdoçuları Çində təşkil olunan Qran-pri turnirinə uğurlu start verib.

Adalet.az-ın məlumatına görə, ilk gündə tatami üzərinə çıxan 3 təmsilçimizdən ikisi turniri qalibiyyətlə başa vurub.

60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyev 1/16 finalda bolqarıstanlı Gerçev, daha sonra rusiyalı Kulikov, 1/4 finalda isə komanda yoldaşı - özündən daha yüksək reytinqə malik Orxan Səfərovu üstələyərək, yarımfinala vəsiqə əldə edib. Bu mərhələdə Qazaxıstan təmsilçisini də məğlub edən 24 yaşlı cüdoçumuz finalda hollandiyalı Mureni "ippon" fəndinə salıb.

Orxan Səfərov isə təsəlliverici görüşdə Fransa cüdoçusuna uduzaraq 7-ci yerlə kifayətlənib.

66 kq çəkili Nicat Şıxəlizadə monqolustanlı Batgerel Battsetseq, almaniyalı Rene Şneyder və yaponiyalı Kenqo Takaçini üstələdikdən sonra finala vəsiqə qazanıb. 28 yaşlı təcrübəli cüdoçumuz finalda Battsetseqin həmyerlisi, Asiya Oyunlarının qalibi Tumurxuleq Davadorju "ippon"la məğlub etməklə, yığmamızın aktivinə ikinci qızıl medalı yazdırıb.

Qeyd edək ki, noyabrın 22-i başa çatacaq turnirdə daha 8 cüdoçumuz - Rüstəm Orucov (73 kq), Abdulhaqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və gürcüstanlı legioner Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq.

Sahib Əsədbəyli