adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Noyabr 2015 18:20
8712
GÜNDƏM
A- A+

İllərin həsrəti sona yetəcəkmi? - Ağır atletika üzrə 82-ci dünya çempionatı start götürür - TƏHLİL

Noyabrın 19-dan 28-dək ABŞ-ın Hyuston şəhərində ağır atletika üzrə dünya çempionatı keçiriləcək. Sayca 82-ci olan mundialda 115 ölkədən 737 idmançının iştirakı gözlənilir ki, bu da rekord göstəricidir.

Rio De Janeyro yay Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya qazanmaq baxımından böyük əhəmiyyət daşıyan mötəbər turnirə yığmamız Miroslav Çoros və Hafiz Süleymanovun rəhbərliyi altında Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq), Əfqan Bayramov, Elxan Əliquluzadə (hər ikisi - 77 kq), İntiqam Zairov, Nailxan Nəbiyev, Rövşən Fətullayev (hər üçün – 94 kq), Dadaş Dadaşbəyli və Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Anastasiya İbrahimlidən (69 kq) (105 kq) ibarət 11 nəfərlik heyətlə qatılacaq.


***

Ayrı-ayrılıqda təmsilçilərimizin nəticə perspektivlərini xarakterizə edək.


Qadınlar

Silviya Angelovanın uğurlu çıxış sərgiləyəcəyi qətiyyən inandırıcı görünmür. Formadan tam uzaq olan idmançının bu çəkinin aşkar favoritləri hesab edilən Çin atletləri, eləcə də Türkiyə təmsilçiləri Sibel Özkan və Nurcan Taylan, ikiqat Avropa çempionu Cenni Paqliaro və son dünya çempionatının bürünc mükafatçısı tailandlı Panida Kamsri kimi rəqiblərlə mübarizədə çətin ki, mükafatçılar sırasına düşə bilsin.
Xatırladaq ki, Angelova keçən ilin martında dopinqdə "ilişərək" qitə çempionatlarının birində qazandığı medalı itirmişdi. 33 yaşlı bolqarıstanlı idmançı hazırda karyerasının eniş dövrünü yaşayır.

***

Kostova qadın seçməmizin əsas medal ümidi hesab olunur. Belə ki, 22 yaşlı atletimiz turnirə son qitə çempionu kimi qatılır. Tiflisdə keçirilən Avropa çempionatında hər iki hərəkət və toplam nəticədə Avropa rekordunu yeniləyərək, yüksək göstəriciyə imza atan Boyankanın çempionluq şansları da az deyil. Ona bu yolda ən ciddi rəqib kimi son iki dünya çempionatının qalibləri olan Taypey təmsilçisi Kuo Hsing-çun və çinli Denq Menqronqu göstərmək olar.

Bir maraqlı məqamı qeyd edək ki, təmsilçimizin yuxarıda bəhs etdiyimiz göstəricisi son iki dünya çempionatında göstərilən bütün nəticələrdən daha yüksəkdir.


***

Anastasiya İbrahimli(Şvabauer) bu il böyüklər arasında ikinci ciddi mücadiləsinə çıxacaq. Qazaxıstan yığmasının heyətində gənclər arasında dünya birinciliyinin qalibi olan idmançı bu il Avropa çempionatının bürünc, gənclər arasında qitə birinciliyinin isə qızıl medalını qazanıb. Böyük perspektiv vəd edən 22 yaşlı atletimizə əsas rəqib olaraq şimali koreyalı son dünya çempionu Ryö An Xi ilə yanaşı çinli Xianq Yanmey, həmyerlisi Zazira Zapparkul və son Avropa çempionatında fəxri kürsüdə birgə dayandığı - qızıl medalçı belaruslu Sazanavetsi xarakterizə etmək olar. 
Anastasiya reytinqdə 17-ci pillədədir.


***

Kişilər

Yığmamızın əsas qızıl medal ümidi şübhəsiz ki, Valentin Xristovdur. Formasının istənilən səviyyədən uzaq olduğu vurğulansa da, təcrübəli atletimizin ən azından mükafatçılar sırasında qərarlaşacağını proqnozlaşdırmaq olar. 
Həmyerlisi Kostova kimi turnirə son Avropa çempionu kimi qatılacaq Valentin üçün bu dünya çempionatı sayca üçüncüdür. İlk dəfə iştirak etdiyi Paris mundialında 56 kiloqram çəki dərəcəsində bürünc medal qazanmış təmsilçimiz iki il sonra Vroslavda dördüncü olmuşdu. Xristova təhlükə yaratmaq iqtidarında olan rəqib kimi Çin, Kolumbiya və Şimali Koreya idmançılarının, o cümlədən indoneziyalı Eko Yulinin adını çəkmək olar. 
Valentin reytinqə görə 8-cidir.


***

İki il öncə dünya çempionatında üçüncü olan, lakin sonradan disvalifikasiya olunduğu üçün medalı əlindən alınan Firudin Quliyev iki illik məcburi istirahətdən sonra ilk ciddi sınağına çıxacaq. Formada olmadığı deyilsə də, bəhs etdiyimiz müddət ərzində boş oturmayan, üzərində səylə çalışan Nizami Paşayevin yetirməsindən bu turnirdə yüksək nəticə gözləməyə dəyər. 
Reytinqdə 9-cu olan Firudinin əsas rəqibləri Çin atletləri, Şimali Koreya, Albaniya, Tunis və Belarus təmsilçiləridir.


***

77 kq-da ölkəmiz iki atletlə təmsil olunur ki, onlardan biri kifayət qədər təcrübəli Əfqan Bayramov, digəri isə 20 yaşını təzə tamam edən Elxan Əliquluzadədir.
 Bayramovu Azərbaycan idman azarkeşləri yaxşı tanıyır. 2012-ci ildə Avropa çempionu olan 32 yaşlı atletimiz həmin il Olimpiya Oyunlarında da iştirak etmiş və uğursuzluqla üzləşmişdi. 
Bu il Avropa çempionatında yeni çəkidə - 77 kq-da debüt edən atletimiz təkanla qaldırmada 192 kiloqramı başı üzərinə qaldıraraq "kiçik qızıl"a sevinib. 
Elxan isə indiyədək yalnız gənclər arasında qazandığı nəticələrlə yadda qalıb. Belə ki, o iki dəfə - 2011 və 2012-ci illərdə qitə birincliyinin bürünc mükafatını boynundan asıb. Bundan başqa, atletin 2013-cü ildə keçirilən analoji yarışda qazandığı qızıl medal disvalifasiya olunduğu üçün əlindən alınıb.
Son iki dünya çempionatının qalibi olan Çin idmançıları, gümüş medalını qazanan Şimalı Koreya təmsilçisi və son Avropa çempionu olan erməni Tiqran Martirosyanın reytinq favorit kimi göstərildiyi çəkidə təmsilçilərimizin hansı nəticəni göstərəcəyi maraq doğurur. 
Bildirək ki, Əliquluzadə reytinqdə 8-ci, Bayramov isə 35-cidir. 
Maraq üçün qeyd edək ki, yeniyetmərin I yay Olimpiya Oyunlarında ölkəmizə qızıl medal qazandırmış Nicat Rəhimov bu çəkidə Qazaxıstanın idman şərəfini qoruyacaq. 22 yaşlı həmyerlimiz təmsilçilərimizdən daha yüksək reytinqə malikdir. O, sıralamada 7-ci pillədə qərarlaşır.

***

94 kiloqram çəki dərəcəsində üç təmsilçimiz körpücük üzərinə çıxacaq. Reytinq siyahısında sıx mövqelərdə qərarlaşan idmançılarımız arasında ən yüksək göstəriciyə malik İntiqam Zairovdur ki, o da sıralamada 15-cidir. Rövşən 19, Nailxan isə 20-cidir. 
Açığı, kifayət qədər gərgin rəqabət mövcud olan bu çəkidə hər üç təmsilçimizin ciddi nailiyyətlə yadda qalacağı inandırıcı görünmür. Çox güman bu çəkidə medallar Qazaxıstan, Rusiya, Belarus və yaxud da Şimali Koreya təmsilçiləri arasında bölünəcək. Son iki mundialda ilk iki ölkə təmsilçilərinin ciddi fərqlə mükafatçılar sırasında qərarlaşması belə düşünməyə əsas verir. 
Hərçənd, Zairov əvvəlki formada olsaydı, onlara başağrısı yarada bilərdi. Ancaq iki il müddətinə disvalifikasiya olunan 30 yaşlı idmançımızın ötən aylarda ciddi zədə də aldığını nəzərə alsaq, ondan mükafat gözləmək sadəlövhlük olardı.
 Nəbiyev indiyədək yalnız yeniyetmə və gənclər arasında keçirilən turnirlərdə adından söz etdirə bilib.
Təcrübəli Fətullayev isə beş illik fasilədən sonra ilk ciddi sınağını verəcək.


***

Dadaşbəyli üçün isə bu yarış böyüklər arasında ilkdir. İdmançımız bunadək yeniyetmə və gənclər arasında keçirilən turnirlərdə özünü ən yaxşı tərəfdən göstərə bilib. O, 94 kq-da yeniyetmə və gənclər arasında Avropa birinciliyinin gümüş mükafatını, 105 kq-da isə 382 kiloqram göstərici ilə bu il Avropa birinciliyinin qızıl medalını əldə edib. 
19 yaşlı atletimiz bu turnirdə yalnız ilk onluqda qərarlaşmaq üçün mübarizə apara bilər. Nəzərə alsaq ki, bu çəki üçün onun son göstəricisi xeyli aşağıdır, bu proqnoz təbii hesab olunmalıdır.
Maraq üçün bildirək ki, 105 kiloqram çəki dərəcəsində son iki mundialın bürünc mükafatçıları müvafiq olaraq, 404 və 427 kiloqramlıq nəticə göstəriblər.

***

Qeyd edək ki, Azərbaycan yığma komandası son iki dünya çempionatında heç bir nəticə ilə yadda qalmayıb. Ağırlıqqaldıranlarımızın son nəticəsi 2011-ci ilə təsadüf edir. Bu, yuxarıda haqqında bəhs etdiyimiz Valentin Xristovun adı ilə bağlıdır. Hər iki uğursuzluğu yığmamızın bu turnirlərdə optimal heyətlə çıxış etməməsi ilə əlaqələndirmək olar.
Son mundial qızılımız isə 2005-ci ildə qazanılıb. Bu da Nizami Paşayevin adı ilə bağlıdır.
Ümid edək ki, kifayət qədər gərgin mübarizə vəd edən bu dünya çempionatında hər iki tilsim qırılacaq və Hyuston mundialı ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılacaq.

Sahib ƏSƏDBƏYLİ