adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Noyabr 2015 16:22
4128
MƏMLƏKƏT
A- A+

“Xalça günü” qeyd edilib

Qubada Xalça Dünyası Assosiasiyası İctimai Birliyi "Xalça günü”nü qeyd edib. Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə icra etdiyi "Xalçaçı qadınların sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Quba rayonu Mədəniyyət Evində baş tutan tədbirdə xalçaçı qadınlar və bu peşəyə yiyələnmək istəyən gənc qızlar, Mədəniyyət Evinin işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Birliyin sədri Fatimət Ağamirzəyeva layihə çərçivəsində təşkil olunan növbəti tədbirin "Xalça günü”nə təsadüf etdiyini bildirib və bu gün haqqında iştirakçılara məlumat verib.

 F. Ağamirzəyeva bildirib ki, xalça sənəti Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub. Azərbaycan xalçası 2010-cu il noyabrın 16-dan dünya mədəniyyətinin tərkibinə daxil edilib. Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə həmin tarixdə Azərbaycan xalçası YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Ona görə də qərara alınıb ki, hər il noyabrın 16-sı ölkəmizdə Xalça günü kimi qeyd edilsin.

 QHT sədri Quba xalçaçılıq məktəbinin dünyada tanınması, Quba xalça mərkəzinin üç hissəyə -dağlıq, dağətəyi və ovalıq hissələrə bölünməsi, Quba xalçalarının geniş naxış müxtəlifliyi, naxış və bəzəklərin həndəsi naxışlardan ibarət ornamentləri haqqında geniş məlumat verib. Tədbir İştirakçılarını bu sahədə maraqlandıran suallar Birlik sədri tərəfindən ətraflı cavablandırılıb.

 Sonra tibb bacısı Sara Fərzəliyeva xalçaçı qadınlara sağlamlıqlarının qorunması, peşə yönümlü kiçik qəzaların aradan qaldırılması istiqamətində, astma bronxit və digər nəfəs xəstəlikləri, ümumi gigiyena barədə maarifləndirici məlumatlar veriblər.

 Xalçaçı qadınlarla peşə xəstəliklərinə aid müzakirə aparılıb və bu kimi xəstəliklərdən qorunma metodları izah olunub. Onlara işlədikləri otağın təmiz saxlanılması, havasının gündəlik dəyişdirilməsi, otağın işıqlı olması və xalça toxunduqda texnikaya riayət edilməsi tövsiyə olunub.

 QHT sədri tədbir iştirakçılarına tibb işçisinin məsləhəti ilə alınan tibb ləvazimatlarından hazırlanmış tibb paketləri paylayıb. Bundan başqa, xalçaçı qadınlara təyinatı üzrə hazırlanmış təlimati materiallar və metodiki göstərişlər də paylanılıb.