adalet.az header logo
  • Bakı 20°C

ƏDƏBİ HƏYAT

VAQİF YUSİFLİ
49985 | 2015-11-14 09:38
Bu gün klassik şeir forması olan, həm keçmişdə, həm də indi populyarlığını itirməyən qəzələ meyl getdikcə artır. "Keçmişdə" ona görə deyirəm ki, qəzəl klassik poeziyada hökmran bir şeir forması idi. Şairlərin hünəri, istedadının dərəcəsi onların qəzəldə necə məharət göstərməsiylə ölçülürdü. Və Azərbaycan poeziyasında qəzəlin ən böyük ustadı Füzulidir-qeydsiz-şərtsiz bunu hamı təsdiq edir. Əlbəttə, Nizaminin, Nəsiminin, Xətainin, Həbibinin, Saib Təbrizinin, Qövsi Təbrizinin, Seyid Əzim Şirvaninin, Natəvanın, Nəbatinin də gözəl qəzəlləri olmuşdur. XX əsrdə isə Vahid qəzələ ikinci bir nəfəs verdi. Azərbaycan qəzəlinin Füzulidən sonrakı inkişafının sonuncu poetik hadisəsi Vahid qəzəlidir-bu fikri bütün ədəbiyyatşünaslar təsdiq edə bilər.
XX əsrdə Süleyman Rüstəm, Mirmehdi Seyidzadə, Əliağa Bakir, Ələkbər Şahid, Seyidağa, Hacı Mail, Ənvər Nəzərli, Şahin Fazil, Həkim Qəni, Rəhim Saraylı, Mirhaşım Talışlı kimi şairlər də bu şeir formasını qürub etməyə qoymadılar, Füzuli ruhu yaşadı. Keçən əsrin doxsanıncı illərində Hacı Ələmdar Mahir (Allah rəhmət eləsin!), Müzəffər Şükür, Gülarə Munis, Arif Buzovnalı, İlqar Fəhmi, Səxavət Talıblı, Əli Aslanoğlu, Xatirə Xatun kimi müəlliflər qəzəldə hünər göstərməyə can atırlar.
Əlbəttə, indiki çağda nə ikinci Füzuli, nə ikinci Seyid Əzim, nə də ikinci Vahid gözə dəymir ki, ona "ustadi-qəzəlxan" deyək, bunu son illərin qəzəlxanlarının özləri də etiraf edə bilərlər. Amma çağdaş qəzəlxanlar bu klassik şeir formasına XX əsrin poetik təfəkkürü işığında yanaşırlar, onlar Vahiddən gələn bir ənənəni-qəzəldə sadəliyə, mümkün qədər ərəb və fars sözlərindən qaçmaqla dilimizin öz imkanlarından istifadə etməyə, yeni bədii təsvir vasitələrinə üz tutmağa cəhd edirlər. Bunun özü yaxşı əlamətdir. Gəlin, etiraf edək ki, Füzulini, Nəsimini, bir çox klassik şairlərimizi heç də hamısı başa düşmür.
Təbii ki, qəzəlin klassik forması, poetik strukturu dəyişməyib. Və qəzəl yazan hər hansı müəllif əruzu bilməlidir, ya da mükəmməl bilmirsə, o şairdə "əruz damarı" olmalıdır. Məsələn, rəhmətlik Hacı Mail əruzu yaxşı bilirdi və onun qəzəllərinə də əruz elmi baxımından qiymət verdikdə elə bir qüsur tapa bilmirdin. Bu sözləri bugünkü qəzəlxanlarımızın bir çoxu haqqında da söyləmək olar. Odur ki, qəzəl yazan müəllifin əruzu bilməsi ən vacib şərtdir.
Dahi Füzuli neçə əsr bundan əqdəm qəzələ belə tərif vermişdi:

Qəzəldir səfabəşxi-əhli nəzər,
Qəzəldir güli-busitani hünər
Qəzəl bildirir şairin qüdrətin,
Qəzəl artırır nazimin şöhrətin.
Qəzəl de ki, məşhuri-dövran ola,
Oxumaq da, yazmaq da asan ola.

Əsrlər boyu şeirimizin şah forması olan qəzələ öncə qeyd etdiyimiz kimi bu gün də maraq azalmır və qəzəl XX və XXI əsrlərin müxtəlif poetik cərəyanlarının, şeir üslublarının, yeni-modernist təmayüllərinin axınında öz havasını saxlayır. Ən maraqlısı budur ki, qadın yazarlarımız arasında da qəzəl yazmağa, bu janrda hünər göstərməyə meyl edənlər az deyil. Şirvan şəhərində yaşayıb-yaradan Naibə Yusif də könlünü, ilham bulağını qəzələ bağlayıb.

Açılıb qönçə, qızılgül yenə cövlan eləmiş,
Süzülüb bülbülümün göz yaşı, tüğyan eləmiş.

Bürüyüb güllərin ətri, bağ özü bihuş olub,
Bağbanın köksü dəlinmiş, necə əfqan eləmiş.

Jalədən gölməçə salmış yanağın haləsinə,
Bu susuz bülbülə bax, gör necə fəğan eləmiş.

Bu, necə mehri-məhəbbət, bu necə cövrü-cəfa?
Bu da mövladımı, gül canını qurban eləmiş?

Soruram Naibədən: "Söylə, bunun sirri nədir?"
Dedi: "Bu, sirri-Xudadır, məni heyran eləmiş".

Naibə xanımın bu qəzəli klassik formanın bütün komponentlərini hifz edir. Qəzəldə forma ilə məzmun vəhdəti başlıca şərtlərdən biridir və göründüyü kimi bu əsas şərtə əməl olunmuşdur. Bir bağda gördüyü mənzərə, bu mənzərədən alınan təəssürat gözlərimiz qarşısında gül-bülbül əfsanəsini xəyalımızda canlandırır. Əsrlərdən bəri onların bir-birinə sevgi izhar eləməsi, bir-birinin eşqiylə yaşaması qəzəllərdə, digər klassik şeir formalarında öz əksini tapmışdır. Məcazi aşiqlər əslində real aşiqliyin təcəssümünə çevrilmişlər. Bu isə sirri-Xudanın möcüzəsidir.

Hicridə canımı min dərdlərə yaxdım, yandım,
Eşqimi şişə edib daşlara çaxdım, yandım.

Mən sənin atəşinə, çərxi-fələk, yanmazdım,
Elə ki, şəm ilə pərvanəyə baxdım, yandım.

Kirpiyim mum ilə atəşlərə qalxan oldu,
Gözümə qor ələdi, göz kimi axdım, yandım.

Sidq ilə canımı eşqimə qurban elədim,
Dünyanı fani bilib göylərə qalxdım, yandım.

Naibə, can evi hər dərdə giriftar olmuş,
Mən də bir dərd yuvası, yatsa bu baxtım, yandım.

Bu qəzəl haqqında da eyni fikri söyləmək olar. Bitkin bir fikirlə qarşılaşırıq - həyatın, sevginin mənasını yanmaqda görən insan bütün bu cəfalara, dərdlərə, ələmlərə sinə gərir. Füzulinin misraları yada düşür: "Şəmin ki, həyatı oldu atəş, Halı onun atəşilədir xoş". Yanmaq, Səməndər quşu kimi alovlanmaq, amma sönməmək eşqin əbədiliyini təsdiq edir. Divan ədəbiyyatında Pərvanə aşiqin, şəm isə sevgilinin timsalıdır. Pərvanənin eşqdə yanıb-yaxılması aşiqlərə örnək kimi göstərilir. Pərvanənin həyatı şama işığına sadiq qalmasıdır. Aşiq də eşqdə özünü yox edər, yandırıb yaxar. Naibə xanımın bu qəzəli də əslində, şam ilə pərvanənin əfsanəsini xatırladır.
Qəzəl ədəbiyyatında Eşq anlayışı bir neçə mənada diqqəti cəlb edir. Eşq bütün varlığı ilə vurulmaqdır, qəlbini, cismini, ruhunu fəda etməkdir. Klassik ədəbiyyatda Tanrıya və sevgiliyə bəslənən eşq daha alidir, müqəddəsdir. "Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam, Meydə təşviri-hərarət, neydə təsiri səda"- Füzulinin eşq haqqında söylədiyi bu fikri bütün şairlərimiz təsdiq və tərənnüm etmişlər. "Yarəb, bəlayi-eşq ilə qıl aşina məni, Bir dəm bəlayi-eşqdən etmə cüda məni" - eşq konsepsiyası mükəmməl ifadə olunan Füzuli təlimi əsrlərdən-əsrlərə, şairlərdən-şairlərə, şeirlərdən-şeirlərə yaşanılıb. Naibə xanım da öz qəzəllərində eşq haqqında bu təlimə sadiq qalmışdır.

Düşdüm yenidən sirli səsin sehrinə, Allah,
Lütf et, yürüsün səs ürəyim şəhrinə, Allah.

Səndən diləyim, alma bu hiss-duyğunu məndən,
Salma sevəni dərdü-bəla bəhrinə, Allah.

Dünyam budu, səndən alıram mehri-məhəbbət,
Sanmam ki, düşəm bir yeni eşq mehrinə, Allah.

Cəzbin o qədər dadlı, şirindir mənə, hətta
Cənnət deyərəm eşqi-bəla qəhrinə, Allah.

Dərgah qapısından keçirib lütf elə ehsan,
Al Naibəni nur üzünün nəhrinə, Allah.

Tanrıya, ulu Allaha ünvanlanan bu misralarda xilqətin Xaliqə -yaradana böyük məhəbbəti ifadə olunur. Əslində, Xaliqlə məxluqat mütləq bir vəhdət, bölünməz bir bütövlük təşkil edirlər. Füzulişünas Sabir Əliyev bunu çox doğru izah edir: "Allahın məxluqatı yaratmasından məqsəd öz gücünün bəyanıdır, məxluqun yaranmasından niyyət öz idrakının sınağıdır". Məxluqun-xilqətin Xaliqə üz tutması təbii bəyandır, çünki sufi təliminə görə insan bir zərrədir və sonda öz küllünə qovuşmalıdır. Müvəqqəti dünyada isə insanın Tanrıdan başqa köməyi yoxdur. Allaha üz tutmaq düşdüyü bütün çıxılmazlıqdan xilas yolu aramaqdır. İnsan bütün ömrü boyu anlamaq, o bir sirri-Xudanın qüdrətini fəhm etmək arzusundadır. Anlamaq isə dünyanı, ilahini və onun yaratdığı möcüzələri dərk etmək üçün ağlın cəhdləri, çırpıntılarıdır.

Qədərim sirri-Xuda, qüdrətini anlaya bilsəm,
Məni xəlq eyləməyin hikmətini anlaya bilsəm.

Zəhəri allam əlindən içərəm mey kimi, bir gün,
Eşqimin məlhəmi, gər qiymətini anlaya bilsəm.

Yalvarıb Xaliqə milyon kərə şükr eyləyərəm mən,
Mənə min tənə vuran, xislətini anlaya bilsəm.

Naibə xanımın qəzəllərində sevgiyə, sevən aşiqlərə hisslərin və ağlın vəhdətindən, onların çevrəsindən yanaşma var. Yəni sevgi nədir, insan xoşbəxtliyi sevgidə görürsə, onun fəzilətini anlaya bilirmi? - bu suallara vavab axtarır onun lirik qəhrəmanı.

Can demə hər cana, hər canda o canan nə gəzir?
Can alan kəs bax o canandı ki, divanə gəzir.

Canıma qəsd eləmə, çünki o canan yeridir
Alaraq əqlimi başdan yenə məstanə gəzir.
Qovuşub Leylisinə, ahu fəğan eyləyərək
Yanaraq şəm oduna, eşqidə pərvanə gəzir.

Onun lirik qəhrəmanı həmişə qəm içindədir. Təbiidir bu. Qəm sevən adamı bütün ömrü boyu təqib edir. Qəmin gətirdiyi sıxıntılar xoşdur, bundan şikayətlənməyə dəyməz. "Hicrinə dözmür ürək, eşqinə düçar, gəl apar, Bələnib dərdü-qəmə sinədə naçar, gəl apargYanıb hicran oduna qəmləri mehman elədim, Ümidim qəmlər əlindən yenə tarmar, gəl apar". Yaxud: "Gəl mənə zülm eləmə, ömrümə şəmim, di danış, Ürəyimdə kədərim, sinədə qəmim, di danış".
Azərbaycan poeziyasında qadın şairlərimiz öz sevgi hisslərini açıqlayarkən, zəmanədən, dövrandan şikayətlənmiş, həmişə əlacsız qaldığı vəziyyətləri qələmə almışlar. Dövran, zalım zəmanə onların sevgi yollarında maniələr, aşfırımlar yaratmışdır. "Yoxdu bir kimsə mənim dərdimi bilsin, ya rəb, Ki, mən öz qanım ilə dərdimə dərman etdim"- Xan qızı Natəvandan gələn bu fəryad Qəm əlində naçar qalan Azərbaycan qadınının qəlbindən qopurdu. Heyran xanımın, Fatma xanım Kəminənin qəzəllərində də bu fəryad əksilmirdi. Ümumiyyətlə, qadın yazarlarımızın poeziyasında bir-birinin davamı olan ənənəvi çalarlar çox güclüdür. Naibə Yusifin qəzəllərində də sələflərinin ənənəsi davam edir. Ancaq fərq burasındadır ki, onun qəzəllərində Qəm mövcud zəmanəyə qarşı üsyan deyil, sadəcə, qəlbin harayıdır:

Yenə dərddən çəkib zillət, hey oydu qəlbimi möhnət,
Məni dərdə salan həsrət, özü dərdə düçar oldu.

Bu nalədən tutar dəstə, sızıldar neytək ahəstə,
Oxurkən qəmli bir bəstə, qəmi dərddən naçar oldu.

Qalıbdır göylərə güman, ara, tap dərdinə dərman,
Verilmiş bir yeni fərman, qəmim dərdə açar oldu.

Bu qəzəlin bir məziyyəti də ondadır ki, burada daxili qafiyələr sıralanır.
Qəzəl yazmaq əruzu anlamaqdan başlayır. Əgər içində əruz damarı varsa və az-çox əruzun bəhrlərinə vaqifsənsə, bu, problemə çevrilməyəcək. Naibə xanımda hər halda, əruza bələdlik hiss olunur. Bəzi qəzəllərində sınıqlar nəzərə çarpsa da, əksəriyyəti vəznin tələblərinə cavab verir. Dilində də kələ-kötürlük, anlaşılmazlıq nəzərə çarpmır.
Onun qəzəlləri təkcə Tanrıya və sevgiyə həsr olunmayıb. Xalqın, millətin ən ağır günlərini görən şair necə yazmaya bilər?

Nə zaman kök salacaq yurdumuza güllü bahar?
Açacaq qol-qanadın xan çinarım, şad olacaq?

Dönəcək bağlarının qoynuna bir gün Vətənim,
Ətəyi laləli dağlarda Şuşa yad olacaq.

Heç şübhəsiz, oxucular üçün poeziya aləmində yeni bir ad-Naibə Yusif gmaraq doğuracaq. Bir Azərbaycan xanımının ürək çırpıntıları Allaha və Eşqə sonsuz məhəbbəti onların da duyğularına ilıq bahar havası gətirəcək.
Mən buna inanıram! Amma Naibə xanıma arzum budur ki, yoluna davam etsin, şeirlərində daha da kamilləşsin!


TƏQVİM / ARXİV