Möcüzənin də təqdimata ehtiyacı var

ETİBAR CƏBRAYILOĞLU
63255 | 2015-11-14 09:56
Ölkənin müxtəlif bölgələrinə infoturlar təşkil edən Mədəniyyət və Turizm Nazirliyi ötən həftə media nümayəndələrini yenidən bir araya topladı. Bu dəfə yolumuz kurort şəhəri kimi tanınan Naftalana idi.

Gəl sevək Vətənim Azərbaycanı

Səfərə çıxan jurnalistlər üçün maraqlı proqram hazırlanmışdı. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, həmçinin "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin təşkilatçılığı ilə Naftalan şəhərinə təşkil olunan infotur çərçivəsində ölkəmizin sağlamlıq turizmi ilə bağlı "Dəyirmi Masa"nın keçirilməsi nəzərdə tutulmuşdu. "Dəyirmi Masa" iştirakçıları Azərbaycanda sağlamlıq turizminin hazırkı vəziyyəti və problemləri ətrafında fikir mübadiləsi aparacaq, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat veriləcəkdi. Media nümayəndələri "Naftalan Hotel by Rixos"un fəaliyyəti ilə yaxından tanış olmaq, kurort şəhərini gəzmək imkanı da əldə edəcəkdilər.
Yola çıxdığımız elə ilk dəqiqələrdən təşkilatçıların işlərinə peşəkar yanaşması diqqətdən yayınmadı. Turizm sahəsində tanınmış mütəxəssislərdən sayılan Ruslan Qurbanov rəhbərlik etdiyi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin fəaliyyəti haqqında, infoturun məqsədi barədə ətraflı məlumat verdi.
Daha bir maraqlı detalı qeyd etmək yerinə düşər, gənc olmasına baxmayaraq, bu sahədə xeyli təcrübə qazanmış bələdçimiz Ramin isə yolboyu keçdiyimiz şəhər və qəsəbələr haqqında dolğun bilgilər verirdi. Elə bələdçimizin sayəsində rahat avtobusumuzun arxada qoyduğu Ələt, Qobustan qəsəbələri, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax rayonları barədə yeni məlumatlar öyrəndik. 360 kilometrlik məsafəni qət edib gəlib yetişdik adı dillər əzbəri olan Naftalan şəhərinə.

Tanrı möcüzəsi...

Bizi burada "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin gülərüz, mehriban personalı qarşıladı. Zövqlə inşa edilmiş hotelin ən müasir standartlara cavab verən otaqlarında qısa istirahətdən sonra infoturun ilk tədbirinə start verildi.
Media nümayəndələri "Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzi ilə yaxından tanış oldular. Məlum oldu ki, təməli 2008-ci ildə qoyulan bu gözəl məkan 2011-ci ildə ölkə başçısı İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb. 8 hektar ərazisi olan hoteldə eyni vaxtda 200 turist istirahət edə bilir. Yerli və əcnəbi qonaqlara Naftalan terapiyası ilə yanaşı fizoterapiya, poliklinika şöbəsi, reabilitasiya, SPA mərkəzləri, sauna, qapalı hovuz xidmət göstərir. İlin bütün fəsillərində burada dincələn turistlərə zəngin Azərbaycan və dünya mətbəxinin çeşidli nümunələri təqdim edilir.
Məşhur "Rixos" şəbəkəsinə daxil olan bu hoteldə çalışanların əksəriyyəti yerli kadrlardır və onlar Türkiyədə, eləcə də digər xarici ölkələrdə təcrübə keçiblər.
İnfotur iştirakçıları ilə elə ilk dəqiqələrdən səmimi ünsiyyət quran Sağlamlıq və İstirahət Mərkəzinin baş həkimi Şahin Babayev burada Naftalan nefti ilə həyata keçirilən müalicə üsulları barədə ətraflı məlumat verdi. Naftalan neftini Tanrı möcüzəsi adlandıran baş həkim bildirdi ki, müalicə üçün müraciət edən yerli və əcnəbilərə kompleks müalicə kursu təklif edilir. Mərkəz ən müasir tələblərə cavab verən tibbi texnika və avadanlıqlarla təchiz edilib.
Baş həkim söhbət zamanı tarixə də ekskurs etməyi unutmadı: "XII əsrə aid mənbələrlə tanışlıq sübut edir ki, bu möcüzəli məhlulla müalicənin tarixi çox qədimdir. 1892-ci ildə alman mütəxəssisi Y. Eger Naftalanda neft çıxarmaq üçün müəyyən işlərə başlayıb, hətta Naftalan neftindən tibdə işlədilən maz istehsal edən mini-zavod da tikdirib. 1904-1905-ci illərdə baş verən rus-yapon müharibəsi zamanı vuruşan yapon əsgərlərinin tibbi çantalarında Naftalan mazı var imiş. Mazla dolu həmin bankaların üzərindəki yazı daha çox maraq doğururmuş - "Kimin əlində bu məlhəmdən varsa, heç bir yaradan qorxmasın".
Azərbaycan sovetləşəndən sonra Naftalanda kurort salınması üçün addımlar atılıb, 1933-cü ildə burada ilk kurort fəaliyyətə başlayıb. Ötən əsrin 70-80-ci illərində Naftalan təkcə SSRİ-də deyil, xarici ölkələrdə də kurort şəhəri kimi tanınıb".
Şahin Babayevin fikrincə Naftalan şəhəri yenidən bütün dünyada turizm mərkəzlərindən biri kimi məşhurlaşa bilər və indi bunun üçün hər cür şərait var.

Təbliğatdan
çox şey asılıdır

Günün sonunda isə infotur iştirakçıları ölkəmizdə sağlamlıq turizminin durumu və inkişafı ilə bağlı keçirilən "Dəyirmi masa"ya qatıldılar.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun baş məsləhətçisi Türkan Rüstəmova təşkil olunan tədbirin məqsədi haqqında geniş məlumat verdi.
"Dəyirmi masa"nın moderatoru, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev bildirdi ki, infoturun keçirilməsində əsas məqsəd Naftalan şəhərinin və eyni zamanda ölkəmizin sağlamlıq turizmi potensialının daha geniş auditoriyada tanıtmaq, bu sahəyə marağı artırmaqdır. O qeyd etdi ki, Azərbaycanda sağlamlıq turizminin daha geniş şəkildə istifadə etmək, Naftalan şəhərini sağlamlıq turizmi sahəsində brendə çevirmək və ilin bütün fəsillərində bu turizmi aktual etmək qarşımızda duran əsas hədəflərdən biridir. Ruslan Quliyev Mədəniyyət və Turizm Nazirliyinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirdi, Prezident İlham Əliyevin son vaxtlar iş adamları, sahibkarlara yaratdığı imkanları xüsusi qeyd etdi.
"Naftalan Hotel by Rixos" Sağlamlıq və İstirahət Mərkəzinin baş həkimi Şahin Babayev ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısından və turizmin inkişaf meyillərindən danışdı. Baş həkim bildirdi ki, Tanrı möcüzəsini mətbuatda, televiziyada doğru-düzgün təbliğ edə bilsək, ölkəmiz bundan çox xeyir görər.
Naftalan Şəhər Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Tahirə Aslanova turizmin inkişafı ilə bağlı son illərdə şəhərdə görülən işlər barədə danışdı.
Turizm və Menecment Universitetinin əməkdaşları İlkin Əhmədov "Azərbaycanda turizmin tarixi, inkişafı və perspektivləri" və İlhamə Zeynalova "Müalicəvi və sağlamlaşdırma turizmi" adlı təqdimatlarla çıxış etdilər.
İnfoturda iştirak edən media nümayəndələri və turizm şirkətlərinin nümayəndələrinə ölkəmizin turizm potensialının tanıdılmasında fəal iştiraka görə sertifikatlar təqdim edildi.
Növbəti gün infotur iştirakçılarının Naftalan şəhərinin turizm potensialı, mədəni həyatı, mövcud infrastrukturu ilə tanış oldular. Tanışlıq çərçivəsində media nümayəndələri Heydər Əliyev Mərkəzinə, şəhərin istirahət parkları və digər mədəniyyət ocaqlarına baş çəkdilər.


 

TƏQVİM / ARXİV