adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ÜMİD KÖRPÜSÜ

FƏRİDƏ RƏHİMLİ
55687 | 2015-11-14 09:20
Azərbaycan-Türkiyə sərhədində salınan, rəmzi adı "Ümid körpüsü" olan həyati bir layihə var. 1992-ci il may ayının 28-də Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu KİV nümayəndələri ilə birgə Araz çayı üzərində "Ümid körpüsu"nün açılışını gerçəkləşdirmək üçün Naxçıvana gəldi. Dəmirəl Naxçıvan Hava Limanında bütün dünyanın diqqətini Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına yönəldərək dedi: "Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqətləri bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək istəyirəm ki, Türkiyə həmişə Azərbaycanla birlikdə olub və olacaq. Biz kədəri və sevinci birlikdə bölüşəcəyik".
Beləliklə, iki qardaş xalq və ölkə arasında "Ümid körpüsü" adlı daha bir tarixi dastan yazıldı.
Dövlətlər var ki, bir-birinə yaxın, dost, qardaş ölkələr kimi düşüblər. Bu ölkələrin bəzilərini bir-birinə din, bəzilərini dil, bəzilərini isə mədəni köklər bağlayır. Lakin onların heç birinin dostluğu ümumilikdə dünya birliyinə örnək olacaq Türkiyə-Azərbaycan qardaşlığı qədər dərin köklərə malik deyillər. Bunun başlıca səbəbi isə həmin əlaqələrin mərkəzində dayanan xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olması, eyni kökə, eyni dilə, eyni dinə malik olmamızdır. Xalqlarımızın dostluğu, qardaşlığı böyük sınaqlardan çıxaraq tarixi yol keçib. Məhz buna görə də Türkiyə və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı bütün siyasi hakimiyyətlərin fövqündə dayanıb.
Türkiyə ilə Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin inkişaf mərhələsi ötən əsrin əvvəllərindəndir. Daha doğrusu, Birinci Dünya Müharibəsinin başlanması, çar Rusiyasının parçalanması nəticəsində ortaya çıxan yeni şərait Türkiyə və Azərbaycan xalqlarının bir-birinə yaxından dəstək olması zərurətini yaratdı. Tarixdən məlum olduğu kimi, Çanaqqala savaşının əsası 1914-cü ilin yayında baş verən Birinci Dünya Müharibəsində qoyulub. Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macarıstan tərəfində Antantaya (İngiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilib. Bu da Çanaqqala boğazını ələ keçirərək Almaniyanı Osmanlının dəstəyindən məhrum etmək, eyni zamanda, dünyanın qoca bir imperiyasını yer üzündən silmək üçün müttəfiq qüvvələrin əlinə bəhanə verib. Lakin əvvəl Çanaqqalanı, sonra isə bütövlükdə Türkiyəni ələ keçirmək ümidi ilə yaşayan düşmənin arzusu ürəyində qaldı. 250 mindən çox şəhid verən Türkiyə Çanaqqala döyüşü ilə dünya tarixinə yeni bir türk zəfərinın adını yazdı. Çanaqqala döyüşlərində türklərlə yanaşı azərbaycanlılar da işğalçı güclərə qarşı döyüşərək şəhid olublar. Həmçinin yüzlərlə azərbaycanlı Balkan savaşlarında, Çanaqqala savaşlarında, daha sonra Türkiyənin İstiqlal savaşında döyüşüb, şəhid olublar. Çar Rusiyasının əsarətinə baxmayaraq, Azərbaycan xalqı düşmənin hücumuna məruz qalan Türkiyəyə öz qardaşlıq əlini uzadıb. Və türk qardaşlarımız bu yaxşılığı heç zaman unutmayıblar. Belə ki, qısa müddətdən sonra Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn türk əsgərləri burada bir qəhrəmanlıq tarixinin yazılmasına səbəb olublar. Məhz Nuru Paşanın rəhbərlik etdiyi ordunun 1918-ci ildə gəlişi ilə erməni-rus birləşmələrinin günahsız azərbaycanlıları qətlə yetirməsinin qarşısı alınıb. Həmin vaxt Azərbaycanı erməni daşnakları və rus bolşeviklərinin işğalından qurtarmaq, insanlarımızın kütləvi şəkildə soyqırımının qarşısını almaq üçün xeyli sayda türk əsgəri şəhid olub. SSRİ-nin yaranmasından sonra bu tarixi bizlərə unutdurmaq üçün çox çalışdılar. Lakin qədirbilən Azərbaycan xalqı türk şəhidlərinin yatdıqları məzarları müqəddəs ocaqlar adı altında qoruyub saxladılar. Və hazırda həmin məzarlıqların hər birinin üzərində xatirə abidələri ucalıb. 1918-ci ildə Bakını işğaldan azad edən türk əsgərinə qoyulan abidənin də məhz Azərbaycanın qürur yeri olan Şəhidlər Xiyabanında ucaldılması Türkiyə və Azərbaycan xalqlarının hər zaman birlikdə olduqlarının növbəti təsdiqidir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamından güc alan rəsmi Ankara Azərbaycan Respublikasının tanınmasına dair qərar verdi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra Türkiyə - Azərbaycan arasında "Bir millət iki dövlət" mərhələsinin əsasını qoyuldu.
Taleyin qismətindən Türkiyə ilə Azərbaycanın kökləri, maraqları bir olduğu kimi, düşməni də birdir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən, Dağlıq Qarabağı işğal altında saxlayan Ermənistan Türkiyəyə qarşı da torpaq iddiası ilə çıxış edir, hələ bu azmış kimi, qondarma "erməni soyqırımı" iddiasından əl çəkmək istəmir. Zaman-zaman türk dünyasına qarşı xain və cinayətkar əməlləri ilə ad çıxarmış ermənilər bizləri zəif salmaq üçün hər addıma əl atıblar. Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanda və Türkiyədə kütləvi soyqırımlar həyata keçirən erməni cəlladları xaricdəki havadarlarının köməyindən istifadə edərək, hər zaman "sudan quru çıxmağı" bacarıblar. Bu azmış kimi, özlərini "əzilmiş", "məzlum" xalq kimi qələmə verərək, müasir Türkiyəyə qarşı "soyqırımı" davasına başlayıblar. Bu gün okeanın o tayından da dəstək alan ermənilərin həmin davasındakı yeni mərhələ isə, təbii olaraq, Azərbaycan və Türkiyə xalqlarını narahat etməkdədir. Çünki erməni planının növbəti mərhələsində qardaş və əbədi müttəfiq olan Azərbaycanla Türkiyəni bir-birindən incik salmaq, onların münasibətlərinə xələl gətirmək, bu ölkələr arasında şübhə toxumu əkmək kimi məkrli niyyətlər dayanır. Bunun üçün isə "Türkiyə-Ermənistan sərhədləri açılacaq" informasiyası dövriyyəyə buraxılıb.
"Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açıla bilməz" şəklindəki etirazlara Ankaradan, İstanbuldan, İzmirdən, ümumiyyətlə, Türkiyənin hər yerindən dəstək xarakterli bəyanatlarla cavab verilir.
Xalqlarımızın bu dostluğu qandan, içdən gəldiyindən hakimiyyət dəyişiklikəri bu dostluqda heç bir dəyişikliyə səbəb ola bilmir, çünki 1914-1915-ci ildə azərbaycanlıları Çanaqqala savaşında iştirak etməyə, 1918-ci ilə türkləri Azərbaycanın işğaldan azad olunmasında iştirak etməyə və digər vaxtlardakı addımların atılmasına hansısa siyasi hakimiyyət qərar verməmişdi. Deməli, son qərar bütün həlledici məqamlarda öz sözünü deməyi bacaran bir millətindi.

Fəridə RƏHİMLİ

TƏQVİM / ARXİV