adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ƏTA TƏRZİBAŞI VƏ AZƏRBAYCAN-İRAQ-TÜRKMAN ƏDƏBİ-ELMİ ƏLAQƏLƏRİ

QƏZƏNFƏR PAŞAYEV
284935 | 2015-11-14 09:53
Bu gün İraq-türkmanlarının görkəmli simalarından biri Əta Tərzibaşının 91 yaşı tamam olur. Əta Tərzibaşı ədəbi-elmi əlaqələrimiz yolunda müstəsna xidmətlər göstərən tədqiqatçı alimdir. İraq-türkman elm adamları arasında eyni dilə, eyni folklora, eyni xalq musiqisinə, eyni adət-ənənəyə malik bir xalq olduğumuzu gündəmə gətirən ilk araşdırıcıdır.
Onlarla elmi məqalənin müəllifi Əta Tərzibaşı "Yazı dili, qonuşma dili" adlı məqaləsində ədəbi dilin mütləq xalq dilinə yaxınlığı məsələsini qoyur. O, haqlı olaraq göstərir ki, ədəbi dil xalq dili əsasında formalaşmalı, yerli şivələrə öz təsirini göstərməlidir. Bu münasibətlə yazır: "Bir millətin yazı dili qonuşma dilinə nə qədər bağlı, nə qədər yaxın isə o dəgin qiymət ifadə edər. Yazı dilinin xalq dilindən uzaq qalması isə o dil üçün bir talesizlik olur... Bizim türkman ləhcəsi türk şivəsindən və yazı dilindən azacıq uzaq qalmışdır. Türkman ləhcəsi azəri ləhcəsinə türk ləhcəsindən daha yaxın və bəlkə əkiz qardaşlar olmaqla bərabər, bütün bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsirilə bir-birindən xəbərsiz olaraq gəlişdikləri halda aralarında görkəmli fərqlər bilinməmişdir" ("Qardaşlıq" dərgisi, N4, Bağdad, 1962, s.26-27).
Əta Tərzibaşı musiqi baxımından da ta qədim zamanlardan qırılmaz tellərlə bağlı olduğumuzu göstərmişdir: "Əskidən bəri azərilərlə dolu olan Təbriz, Marağa, Qarabağ və daha başqa şəhər və səmtlərdə musiqi həyatı yüksək bir səviyyəyə alınmışdır. O zaman İraq türkləri ilə bu ölkələrdə yaşayan türklər arasında dil, ədəbiyyat və musiqi baxımından bulunan yaxın bağlılıq qolaylıqla düşünülə bilər. Bu bağlılıq azərilərlə İraqda yaşayan türkmanlar arasında bir dərəcəyə dəgin qüvvətli bir qaynaşma hasilə gətirmişdi. Bununla bərabər, türkmanlar kəndi şivə və musiqilərini az-çox olduğu kimi qoruya bilmişlərdir. Bununla bərabər, bir qisim havaların dəyişikliklə bir-birindən alındığını, böyləcə saysız türkülərin meydana gəldigini düşünmək qabildir" (Əta Tərzibaşı. Kərkük havaları. Bağdad, 1961, s.8-9).
Həqiqətən də əksər xalq mahnıları eynidir: "Yar bizə qonaq gələcək", "Ay qız, heyranın ollam", "Qalanın dibində bir daş olaydım", "Kətan köynək dizdən yar", "Bu xal nə xaldı", "Samavar almışam silənim yoxdur", "Ay qız, mənə bax, bax" və bir çox başqa mahnılar bu sahədə də müştərək olduğumuza dəlalət edir.
Əta Tərzibaşı "Qarabağı" muğamının Qarabağla əlaqəsini xüsusi qeyd edir: "Yerli havalarımız arasında "Qarabağı" deyilən bir çeşid uzun havanın azəri mənşəli olduğunu və sırf azəri ağzı ilə söyləndiyini bilməkdəyiz".
Xoyrat, mani və bayatılardan danışarkən burada da şərik olduğumuzdan söz açır: "Bizim xoyrat və manilərimizin ilgisi, ən yaxın olanı mühəqqəq ki, azəri olanlardır" (Kərkük xoyratları və maniləri. I cild, 1955, s. 140).
Görkəmli folklorşünas alim eyni zamanda xoyrat və manilərin yayılma arealından bəhs edərkən bir xalq olduğumuzu xüsusi vurğulayır və yazır ki, xoyratın kökləri İraqda türkmanların yaşadığı bölgələrdə meydana çıxmış, Ağqoyunlu və Qaraqoyunlu Türkman dövlətləri zamanı inkişaf edərək sonralar İraqdan Türkiyəyə, İranın quzeyinə, xüsusən də əhalisi türkman olan Təbrizə və eləcə də Azəri və ya Azərbaycan deyə adlandırılan və türkmanlardan ibarət Azərbaycan torpaqlarına yayılmışdır ("Qardaşlıq" dərgisi, N5, Bağdad, 1962, s.8).
Burada diqqəti çəkən bir məsələni xüsusi vurğulamaq istərdim. İraq-türkman folkloru, ədəbiyyatı və musiqisinin sonrakı nəsil tədqiqatçılarının heç biri Əta bəyin qənaətlərinə qarşı çıxmamış, əksinə onun fikirlərindən bəhrələnərək onu daha da gücləndirmişlər:
"Kərkükdə qarşımıza çıxan çox rəngli folklor və xalq ədəbiyyatı məlzəmələrinin bir qismini bu kitabda topladıq... Verdiyimiz örnəklər incələnərsə, Kərkük ağzının, Azəri türkcəsinin motivlərini daşıdığı qolayılıqla anlaşılır. İstər Quzey Azərbaycan, istər Güney Azərbaycan olsun, bu bölgələrdəki azərilərin kültür veriləri incələnərsə, Kərkükdəki sözlü ədəbiyyat örnəklərinin də eyni qaynaqdan bəslənmiş olduqları kəndilərindən anlaşılır. Laylalardan tutub ta tapmaca və matallara qədər bu birlik və bərabərliyi görmək mümkündür" (Süphi Saatçı. Kərkük cocuq folkloru. İstanbul, 1984, s.11, 13-14).
Prof. Dr. Mahir Naqib də Əta Tərzibaşı kimi musiqi baxımından birliyimizi göstərir: "Sinirlərin (sərhəd) bir-birindən uzaqlığı Kərkük türk xalq musiqisi ilə Azərbaycan türk musiqisi arasındakı kök bərabərliyini yox edəməmişdir" ("Kərkük xalq musiqisinin təsnif və təhlili". Ankara, 1991, s.11).
Mahir Naqibin "İraq-türkman mədəniyyətinin gerçəkdən bir ümdəsi və təməl daşı" adlandırdığı Əta Tərzibaşı 14 noyabr 1924-cü ildə İraq-türkmanlarının baş şəhəri Kərkükdə anadan olmuşdur. Uşaqlıqdan doğma ana dili ilə bərabər, ərəb və ingilis dillərini də mükəmməl öyrənir. Orta məktəbi başa vuran kimi Bağdad Universitetinin Hüquq fakültəsinə daxil olur (1946) və 1950-ci ildə universiteti bitirən kimi Kərkükə dönərək avqatlıqla (vəkilliklə) məşğul olur. O, eyni zamanda orta məktəbdən başlayan yaradıcılığını da davam etdirir. Kərkükdə "Afaq" və "Kərkük" qəzetlərin yazarlarından olan Əta Tərzibaşı, türkcə "Bəşir" və ərəbcə "Əl-səqafe əlhadise" adlı həftəlik ədəbi qəzetlərin təsisçisi olmuşdur.
1959-cu ilin martında İraqın Hilla şəhərinə (Bağdadın 105 km. cənubundadır. Çoxları Füzulinin bu şəhərdə anadan olduğunu yazırlar) sürgün edilir. Kərkükə qayıtdıqdan sonra da yaradıcılığını davam etdirir. Əta Tərzibaşı ailə həyatı qurmadan ömrünü Kərkük folklorunun, dialektinin (ləhcəsinin) və ədəbiyyatının toplanması, tədqiqi və nəşrinə həsr etmişdir.
İraq-Türkman tarixində iz qoyan Əta Tərzibaşının gördüyü işlərin, xalqına göstərdiyi xidmətlərin miqyası barədə tam təsəvvür yaransın deyə əsərlərinin bir qisminin siyahısını burada verməyi münasib bildik:
1.Şərqi və türkülər", Bağdad, 1953.
2.Kərkük xoyrat və maniləri. III cilddə, 1-ci cild, Bağdad, 1955, 2-ci cild, Kərkük, 1956, 3-cü cild, Kərkük, 1957, Bakı, 1968.
3.Kərkük xoyrat və maniləri (Düzəliş və əlavələrlə) Bağdad, 1970, 340 səh., İstanbul, 1975, 595 səh., Bakı, 1984, 348 səh., Ərbil, 1999, 230 səhifə.
4.Kərkük havaları. Bağdad, 1961, Bakı, 1973, İstanbul, 1980.
5.Kərkük əskilər sözü. Bağdad, 1962, Bakı, 1978.
6.Kərkük şairləri. II cilddə. 1-ci cild, Bağdad, 1963, 2-ci cild, Kərkük, 1968.
7."Arzu-Qəmbər" dastanı, Bağdad, 1964, Tehran, 1967, Bakı, 1971, 1987, 1990, 1999, 2009, İstanbul, 1971, Ərbil, 1999.
8.Ərbil şairləri. III cilddə. Kərkük, 2004, 2005, 2007, İstanbul 2007.
9.Kərkük mətbuat tarixi (1879-1985). Kərkük, 2001.
10.Kərkük şairləri. XIII cilddə
Bundan başqa onun çoxlu sayda elmi məqaləsi çıxmışdır. Onlardan bəzisinin adını çəkməklə kifayətlənirik: "Yazı dili, qonuşma dili", "Heca vəzni və gənc şairlərimiz". "Füzulidə qapalı anlamlar", "İraqda türk musiqi tarixinə toplu bir baxış", "Füzulinin doğum yeri haqqında yeni bilgilər", "Şimali Azərbaycanda Türkmanoloji araşdırmalar", "Bizdə (Kərkük) və başqa türk ölkələrində xoyrat və mani" və s.
Göstərilənlər kifayət edir ki, tədqiqatçı haqqında şair Əli Maarufoğlunun dediklərinə tam haqq qazandırasan: "XX əsrin birinci yarısında ölümə məhkum olan ədəbiyyatımız (ingilislər İraqı tutduqdan sonra), XX əsrin ikinci yarısında Əta Tərzibaşının sayəsində yenidən dirçəldi".
Bu böyük alimin yazdığı möhtəşəm əsərlər və şəxsi nümunəsi sayəsində İraq-türkman ellərində neçə-neçə folklorşünas və ədəbiyyatşünaslar nəsli yetişmişdir. Çəkinmədən deyə bilərik ki, Əta Tərzibaşı folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsində məktəb yaratmışdır. Onun gördüyü möhtəşəm işləri kərküklü tədqiqatçı Ərşad Hürmüzlü layiqincə qiymətləndirmişdir:
"Əta Tərzibaşının "Kərkük xoyratları və maniləri", "Kərkük şairləri", "Kərkük havaları" və neçə-neçə başqa əsəri yeni bir cığır açmış və bu gün bir çox yazarımıza folklor və milli dəyərlərə (mədəniyyətə) uğraşma yolunu göstərmiş və buna yönəltmişdir. Əta Tərzibaşının lider olmaq səlahiyyəti (öndərliyi) və rəhbərliyi, tarixi bir missiyanı çox bacarıqla yerinə yetirdiyinin göstəricisidir" ("Qardaşlıq" dərgisi, № 23, 2004, s.18).
Buna görədir ki, indi qocaman tədqiqatçının evi ziyalılar və tədqiqatçıların ziyarətgahına çevrilmişdir. Ustadı dəfələrlə ziyarət etmək mənə də qismət olub. 1994-cü ilin sentyabr ayında Füzulinin 500 illik yubileyi ilə bağlı 128 nəfərdən ibarət nümayəndə heyətinin üzvlərindən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, İnformasiya naziri Sabir Rüstəmxanlı, Ədəbiyyat İnstitutunun direktoru Yaşar Qarayev, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı ilə birlikdə Kərkükdə Əta bəyi ziyarət etdik. Anar müəllim onun Azərbaycan Yazıçılar Biriyinə qəbulu barədə vəsiqəni təqdim etdi. Adətən çox ciddi və qaraqabaq olan Əta bəyin üzündə bir təbəssüm gördüm və onun sevincinə qoşuldum. Sonralar Mövlud Taha Qayaçı, Şəmsəddin Küzəçi və başqaları tez-tez Əta bəylə telefonda bizi görüşdürərdi. Bir dəfə telefonda dedi ki, ürəyim səni istəyir. İraqda vəziyyət çox ağır və qorxulu idi. Bununla belə, Ərbil vasitəsi ilə xocamın görüşünə getdim. Kərküklü ziyalılar Altun Köprüdə məni üç maşınla qarşıladılar. Bunu deyərkən heç bir mübaliğəyə yol vermirəm. Əta bəylə ilk tanışlığım 1964-cü il sentyabr ayının 26-da Bağdadda İraq Türkman nadısində (mədəniyyət klubu) olub. Hər il ali məktəblərə daxil olan türkman gənclərinin şəninə bu mədəniyyət ocağında şənlik düzəldər, şənliyə ölkənin hər yanından ziyalılar dəvət edərdilər. Əta Tərzibaşı da gəlmişdi. Qırx yaşı olmasına baxmayaraq neçə-neçə kitabı, elmi məqalələri çıxmışdı. Hamı ona böyük ehtiram göstərirdi. Dostum Rza Dəmirçi bizi tanış etdi. Biləndə ki, mən Kərkük dialekti ilə məşğul oluram, dedi ki, ləhcəni folklor olmadan öyrənmək, tədqiq etmək mümkün deyil. Sonralar da məktublaşarkən həmişə dəyərli məsləhətləri ilə məni istiqamətləndirərdi. Ustadın əsərlərinin folklorşünas və ədəbiyyatşünas kimi yetişməyimdə rolu az olmayıb. Xocamın əsərlərindən bol-bol bəhrələnmişəm.
Aşağıdakı fakt deyilənlərə dayaq olur. Neçə-neçə kitab müəllifi Ərşad Hürmüzlü Əta Tərzibaşının 80 illik yubileyi münasibəti ilə yazdığı məqaləsində təqribən 50-55 il bundan əvvəl baş vermiş, ibrət götürüləcək bir hadisədən söz açır. Yazır ki, bir kitabımın əlyazmasını ərəbcəsi mükəmməl olan ustada təqdim etdim və xahiş etdim ki, həm ərəbcəsinə baxsın, həm də ümumiyyətlə iradlarını bildirsin. Əta Tərzibaşı yazılı şəkildə bir çox iradlar göstərdi. Onların arasında məxəzlərə münasibət məsələsi də vardı. Əta bəy yazmışdı: "Çalışmanın ciddi olmasını istəyirsənsə, qaynaqları çoxaltmaq üçün hər önünə gələni qaynaq kimi göstərməkdən çəkinməlisən. Elmi dəyəri olmayan kitabı qaynaq göstərməyin kitabının sanbalına xələl gətirə bilər" (Bax: "Qardaşlıq" dərgisi (Kərkük vəqfi), N 23, İstanbul, 2004, s. 16).


İraq-türkman folkloru və ədəbiyyatının ən müqtədir tədqiqatçısı Əta Tərzibaşı indi İraq, Türkiyə və Azərbaycanda nüfuzlu alim kimi tanınır. O, Azərbaycanda ilk olaraq "Kərkük xoyratları və maniləri" əsərinə xalq şairi Rəsul Rzanın yazdığı "Uzaq ellərin yaxın töhfələri" məqaləsi ilə tanındı. Məqalə "Azərbaycan" jurnalında (1961 N9) və Rəsul Rza ilə birgə hazırladığımız "Kərkük" bayatıları" (Azərnəşr, 1968) kitabına ön söz kimi verdiyi həmin məqalə ilə və mənim kitaba yazdığım son sözümlə təqdim edildi.
Az sonra görkəmli dilçi alim, dil tarixi üzrə əvəzsiz mütəxəssis Hadi Mirzəzadənin onun "Kərkük xoyratları və maniləri" əsərinə əsasən "İraq ərazisində yaşayan azərbaycanlıların dili haqqında bəzi mülahizələr" məqaləsi ADU-nun elmi əsərlərində (N4, 1961) çap olundu. Eləcə də mənim Əta Tərzibaşının dil, folklor, musiqi birliyimizdən bəhs edən fikirlərinə əsasən "Kərkük azəriləri" məqaləm işıq üzü gördü ("Elm və həyat", N4, 1967).
1971-ci ildə mən Əta bəyin 1964-cü ildə Bağdadda çap etdirdiyi "Arzu-Qəmbər" dastanını "Bir ömürdən səhifələr" adlı geniş ön sözlə çap etdirəndə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Məmməd Arif məni çağırıb dedi ki, Əta Tərzibaşı haqqında çox yazın, onun kitablarını çap etdirin. Özünə də xəbər verin ki, onu Akademiyamıza fəxri üzv seçmək niyyətindəyik. Mən Rəsul Rzanın redaktorluğu ilə onun "Kərkük havaları" kitabından seçmələri "Kərkük mahnıları" (Gənclik, 1973) və "Atalar sözləri" kitablarını Ön sözlə çap etdirdim.
Məmməd Hüseyn Təhmasib, Ayaz Vəfalı və başqaları Əta bəy haqqında məqalələr yazdılar. Lakin Əta Tərzibaşı İraqda vəziyyətin qeyri-sabitliyini, böyük təhlükə ilə üzləşəcəyini nəzərə alaraq təklifdən imtina etdi. Bunun səbəbini professor Süphi Saatçı tam çılpaqlığı ilə açıb göstərmişdir: "Toplumuna Əta Tərzibaşı kimi xidmət edən insanları mənsub olduğu toplumlar əl üstündə tutarlar. Onlar üçün yubileylər düzənləyərək mükafatlandırarlar, təltif edərlər. İraqda uzun illər sürən diktator rejimi üzündən, həyatına bir zərər dəyməsin deyə, türkman toplumunun bu önəmli kültür adamına gərəkən qədirşünaslıq göstərilməmişdir. Tərzibaşıya hər hansı bir xidmətdə bulunmaq təhlükəli görülmüşdür" ("Qardaşlıq" dərgisi (Kərkük vəqfi), N23, İstanbul, 2004, s.10).
Göründüyü kimi, Əta Tərzibaşının Azərbaycan Elmlər Akademiyasının fəxri üzvü olmaqdan imtina etməsi səbəbsiz deyilmiş.
Aradan illər keçib. Bu gün Əta Tərzibaşı 92 yaşına qədəm qoyur, mən isə ömrümün səksəninə yaxınlaşıram. Keçən illər ərzində bütün ömrünü xalqının folklor adlanan mənəvi dəyərlərinə, sərvətinə həsr edən bu böyük insan və görkəmli alim haqqında monoqrafiya yazmaq fikri mənə rahatlıq vermirdi. Şükürlər olsun ki, bu arzum da yerinə yetdi.
Arzu-arzudan doğur deyirlər. Arzu edirəm ki, mətbəədə yığılmaqda olan əsər tezliklə qocalıqla mübarizə aparan Əta bəyin əlinə çatsın, kiçik qardaşından qədirşünaslıq payı olsun. Əta bəyi ehtiramla xatırlayır və öz-özümə düşünürəm, məni İraq-türkman folkloruna, ədəbiyyatına, musiqisinə, onu yaradıb-yaşadanlara,

Eyşim qərib;
Eyşim yoldaşım qərib.
Bilmirəm haralıyam,
Torpağım daşım qərib -

deyən Türkman ellərinə belə dərindən bağlayan nədir? Göz önünə ilk olaraq Azərbaycanda İraq-türkman folkloruna, ədəbiyyatına, musiqisinə xalqın məhəbbəti və doğmalıq hissi gəlir. Özüm üçün bir daha "kəşf" edirəm ki, doğmasını sevməmək mümkün olmadığı kimi, onu unutmaq, ona yad münasibət bəsləmək də mümkün deyildir.
Başqa bir tərəfdən də düşünürəm ki, parçalanmağa məruz qalmış xalqın ellikcə yaratdığı sərvət üçün bağlı qapılar, keçilməz yollar yoxdur. Əta Tərzibaşı kimi bu əvəzsiz işə ömür həsr edən insanların sayəsində nə kəsilən yollar, nə illər mənəvi ayrılığa gətirib çıxara bilməmiş, qismətimizə düşən cismani ayrılıq olmuşdur. Bu, gün kimi aydın həqiqət böyük şəxsiyyət və görkəmli alim Əta Tərzibaşıya həsr etdiyim əsərin hər səhifəsində özünü aşkar hiss etdirir və əsrlər arxasından haray çəkən bu mənəvi birliyin əbədiyyət nəğməsini oxuyur.

Qəzənfər Paşayev,
professor

TƏQVİM / ARXİV