EŞŞƏK SÜDÜ

FAİQ QİSMƏTOĞLU
77409 | 2015-11-14 09:10
Uşaq vaxtı tez-tez göy öskürəyə tutulurduq. O həkim qalmırdı ki, bizi gəzdirməsinlər və yanına aparmasınlar. Həkimlər də müayinə edirdi, resept yazırdı və dərman alıb atırdıq, sağalmaq bilmirdik ki, bilmirdik. Axırda öskürəyimizin kəsmədiyini görən rəhmətlik Telli nənəm dedi:
- Belə getsə, göy öskürək uşaqların axırına çıxacaq. Bunun bircə əlacı var; o da eşşək südüdür. Hər uşağa bir qaşıq eşşək südü içirdə bilsək canları xəstəlikdən qurtaracaq.
Rəhmətlik nənəmin məsləhətindən sonra anam Yüsür əmimgilə getdi. Dedi ki, uşaq pis gündədi, sənin də qapında bir neçə eşşək var, onların südü dərman buyrulub.
Yüsür əmimi gözlərini qıyıb dillənir:
- Hidayət həkim deyib?
Anam:
- Yox, ay rəhmətliyin oğlu, qayınanam məsləhət bilib.
Sonra da Yüsür kişi rəhmətlik arvadı Səriyyəni çağırıb bildirib:
- O boz eşşəyin südünü sağ, ver Mirvari arvada, aparsın uşaqlarına içizdirsin.
Səriyyə arvad çox çətinliklə eşşəkdən cəmi-cümlətani 50 qram süd sağır və verir rəhmətlik anama. Aydındır ki, biz də heç nə başa düşmədən o südü içdik və bir müddətdən sonra göy öskürək bizdən əl çəkdi.
Kənddə kim xəstələnirdisə o dəqiqə deyirdilər ki, gedin Yüsür kişigilə onun eşşəyini sağsınlar və südünü için, o dəqiqə kəsəcək. Düzdür, o südü içənlər heç vaxt bilmirdi ki, içdikləri inək südüdür, yoxsa eşşək.
Yüsür kişi də çox sakit adamıydı. Camaat onun qapısını döysə də, tez-tez kömək istəsə də bundan inciməzdi. Yavaşca qımıldanardı:
- Ay başınıza dönüm, bu yekəlikdə kənddə təkcə mənim eşşəklərimi görmüsünüz? Ayrı-ayrı həyətlərdə o qədər eşşək var ki, bir dəfə də gedin onun yiyəsindən eşşək südü istəyin.
Adamlar başqasından eşşək südü istəyəndə tənbəllikdənmi, ya da bilərəkdənmi vermək istəmirdi. Yeganə Yüsür kişi idi ki, heç kimə pis sifət göstərməzdi.
Ancaq onun da qapısında olan eşşəkləri çoxları incidərdi. Kimisi ot daşıyanda, kimisi su aparanda, kimisi də başqa yükü daşımaq istəyəndə Yüsür əminin eşşəyi yadına düşürdü. Bu eşşəklər də çox üzüyola eşşəklər idi. Hətta kəndin dəcəl uşaqları o eşşəkləri Yüsür əmimdən xəlvət minib gedərdilər Selbasana, Quruçayın qırağına. Eşşəkləri o qədər ora-bura sürərdilər ki, yazıq eşşəklər əldən düşərdi. Yüsür kişi də görəndə ki, axşam eşşəklər evə çox yorğun qaytarılır, bax onda bərk dilxor olardı və dişinin dibindən çıxanı eşşəyi aparıb incidənlərə deyərdi.
- Allah sizin insafınızı kəssin. Dili-ağzı yoxdur deyin vurub öldürəcəksiniz? Bütün günü işlətmisiniz nə ot vermisiniz, nə də su. Çünki eşşəyin qabağına bir topa küləş atdım elə yedilər ki, elə bil kişmiş yeyirdilər. Hələ suyu demirəm. Suyu da gözlərinə təpirdilər. Sanki bir həftədir su içmirdilər.
Yüsür kişini belə-belə işlər çox əsəbiləşdirərdi. Və bir dəfə də Tubunun oğlu Dilavər Yüsür kişinin boz eşşəyini götürüb getmişdi "Çalağaya". Hələ ordan da deyilənlərə görə yazıq eşşəyi döyə-döyə aparıb Qızılbaşlar bağına. Orda eşşəyin başına yüz oyun açmışdı. Eşşək də axırda tab gətirməyib köpük qusmuşdu. Həmin gündən sonra Yüsür kişinin Tubunun oğlu Dilavəri görməyə gözü yox idi:
- Qancığın balası, mənim eşşəyimi abırdan salıb. Elə eşşək sakitdir deyin ona olmazın əzabın verəcəksən? Vallah, qabağımı qohum-əqrəba kəsir, yoxsa gedib uçastkovıya deyərəm gədənin şalvarını çıxarar.
Yüsür kişini tay-tuşları və qonşuları sakitləşdirərdilər. Kənd uşaqları da həmişə kənddən qırağa qoyun otarmağa gedəndə ya özüylə bir eşşək aparardılar, ya da at minərdilər. Amma atı bir o qədər ora-bura çapa bilmirdilər. Çünki at fınxırırdı, dırnaqları ilə yeri eşirdi və sonra da qaldırıb belindəkini yerə çırpırdı.
Bir dəfə Tubunun oğlu Dilavəri at nə təhər yerə çırpmışdısa, qabırğasının beşi sınmışdı. Yüsür kişi də bu xəbəri eşitmişdi və ona ləzzət eləmişdi. Dedi:
- Gördüz, köpəyoğlunu, axır ki mənim qarğışım tutdu. Bəs bilmirsən boz eşşəyin də Allahı var.
Eşşək qədər üzüyola və yumşaq heyvan yoxdur. Böyük şair Ramiz Rövşənin gözəl bir şeiri var: "Gözüyaşlı yorğun eşşək". Bütün eşşəklər kimi, Ramiz Rövşənin də təsvir etdiyi o eşşək çox zəhmətkeş, çox işgüzar bir heyvandı. Axırda bütün eşşəklər kimi o eşşək də insanlar tərəfindən incidilir və əldən salınır. Bax, o eşşək, o incidilən dilsiz-ağızsız heyvan nə vaxtsa sahibinə üsyan edir və öz haqqını istəyir.
Bir neçə gün bundan qabaq hansısa televiziya kanalında göstərilən süjetdə xəstələnmiş uşağa eşşək südü buyurublar. O südü də çox çətinliklə, 50 qramını 10 manata tapa biliblər. Görürsünüzmü, bu dilsiz-ağızsız, zəhmətkeş heyvanın nə qədər xeyirli tərəfləri var. Amma bizsə onun üzüyolalığından, avamlığından istifadə edib o ki var incidirik. Qabağına bir çəngə küləş atmaq istəmirik, səhərdən-axşama qədər işlədirik, lakin haqqını vermək istəmirik. Yazıq eşşəklər heç vaxt halal haqqını almayan heyvanlardandır. Bizim kənddə indi az-az adamın qapısında eşşək tapılar. Çünki yük daşımaq üçün başqa minik vasitələrindən istifadə edilir, amma kənd uşaqları üçün eşşəyin yerini heç nə verə bilməz.
Çünki o kənd uşaqları o eşşəklərə əzab-əziyyət versələr də üzüyolalığını da görüblər. Ən çətin gündə arabaya qoşub ot daşıyıblar, daş aparıblar. Eşşəyin vasitəsilə taya qurublar, ev tikiblər. Bəs belə isə niyə o eşşəklər yada düşməsin? İndi də Tubunun oğlu Dilavər Yüsür kişinin eşşəyini xatırlayanda özünü bağışlaya bilmir və deyir ki, mən o eşşəyə çox əziyyət vermişəm, Allah keçsin günahlarımdan...


TƏQVİM / ARXİV