Tofiq Abdinlə

ƏBÜLFƏT MƏDƏTOĞLU
57689 | 2015-11-13 09:35
İş otağımda bir kitab rəfi var. Mənə bağışlanan kitabları öncə orda yerləşdirirəm. Sonra da ikibir, üçbir daşıyıb aparıram gecəqonduma. Açığını deyim ki, az qala hər gün təzə kitablarla gedirəm evimə. Son vaxtlar açıq-aşkar hiss edirəm ki, evdə bu hərəkətim çox da məmnunluqla qarşılanmır. Onları da qınamıram. Çünki üç kitab rəfimdə artıq yer yoxdu. Axtardığım kitabı tapmaq üçün bəzən nə qədər kitabları ələk-vələk etməliyəm. Kitab rəfimdən əlavə yazı stolumun üstündə, çarpayının altında, bir sözlə ağla gələn hər yerdə kitablar, jurnallar qalaq-qalaq yığılıb. Hərdən evdəkilər mənə eşitdirirlər ki, sənin kitablarının ucbatından bu otağa süpürgə çəkmək olmur... Mən onları anlayıram. Adətən evin xanımları, qızları səliqəni xoşlayır. Mən isə...

Mən kitabsevənlər cəmiyyətinin üzvü olmasam da, kitaba bağlı adamam. Bax, belə bir durumda hər gün evə kitab aparmağın nə demək olduğunu yəqin ki, siz artıq anladınız. Elə bu anlayışınıza sayğı ilə əlimdəki bir kitabdan danışmaq istəyirəm. Bu kitabın müəllifi bizi tərk edib, Tanrı dərgahındadı. Amma sözü, xatirələri özünəməxsus həyat tərzi, bir də onun sözün bütöv mənasında qeyri-adi canıyananlığı heç yadımdan çıxmır, unuda bilmirəm. Demək olar ki, "Ədalət"in redaksiyasında ən çox xatırlanan söz adamlarının sırasında Tofiq Abdin ön cərgədə dayanır. Məncə bunun özü də bir xoşbəxtlikdi - özün köç edəsən, sözün və ruhun göz önündə ola, dost yaddaşında yaşaya!.."
Bəli, son günlər onun barəsində özüm də bilmirəm nədənsə daha çox düşünürəm. Və kitab rəfimin qarşısında dayananda qeyri-adi bir formada əlim onun kitablarına tərəf uzanır. Götürürəm, yazdığı avtoqrafı oxuyuram, sonra şeirlərindən biri və yaxud da ikisini içimdə, özüm eşidəcəyim bir səslə oxuyub kitabı qaytarıb yenidən öz yerinə qoyuram. Görünür, bu hansısa bir hissin, duyğunun ismarıcıdı. Mən onu bu gün qəbul etdim və o ismarıcı gecə gördüyüm yuxunun ovqatı ilə birləşdirib anladım ki, Tofiq Abdin oxuyub yerinə qoyduğum kitabının vərəqlənən səhifələrinin səsini eşidib diksinib. Bax, mən də bu ismarıcı alan kimi o kitabı bir daha vərəqləyə-vərəqləyə istədim ki, bu dəfə təkcə kitabının vərəqlərinin səsi deyil, elə mənim də səsim onun ruhunun qapısını döysün...

Sönəndə göylərin son ulduzları
bəlkə də,
bəlkə də
qayıtdın yenə,
Mən sənə düşmənəm,
ona görə ki,
lap elə sənin tək neçə tanışı
yenidən, yenidən tanıtdın mənə.

Mən buna yanıram,
buna yanıram,
Bir daha mən səni bağışlamıram!
Bağışlamıram!

Nədənsə Tofiq Abdinin "Səni bağışlamıram" şeiri kitabını açan kimi gözümə ilk sataşan nümunə oldu. Mən şeirin yalnız son bəndini sizə təqdim etdim. Çünki bu şeirdə Tofiq Abdin qəhrəmanının bütün hallarını bağışladığını böyük ürəklə ifadə etdiyi halda, sonda bağışlamadığı məqamı da qabartmağı unutmur. Yəni vurğulayır ki, hər bir halını bağışladığı ona sən demə hamını yenidən tanıdıb, yenidən kimin kim olduğunu ona xatırladım. Şair də məhz bu xatırlatmaya, bu tanıtmaya görə qəhrəmanını bağışladı. Düşünə bilərsiniz ki, burda faciəvi nə var ki? Amma yox. Bir anlıq düşünsəniz görərsiniz ki, illərlə tanıdığını yenidən tanımaq, yəni onun dərinlikdə, arxa planda olan qatlarını görmək, göründüyü kimi olmadığını anlamaq və buna sakit bir tərzdə baxmaq mümkün deyil. Tofiq Abdin də məhz olduğu kimi görünməyənləri yenidən görmək istəmədiyi üçün qəhrəmanını bağışlamır və üstəlik bu həm də qəhrəmanını özünün də olduğu kimi görünmədiyini vurğulamaq, ifadə etmək deməkdi.

Yaza bilmirəm məhəbbətimdən.
Niyə?
Qəşəng qız, niyə?
Olmaya min cür
Qayğı öldürdü məhəbbətimi?
Yoxsa anam
Məhəbbətsiz doğdu məni?
Yaman kimsəsizlik çökdü məhəbbətə.
Bəlkə öldürmüşük
məhəbbət hissini?
Kim nə deyir desin
bizə çatdıra bilmədilər
məhəbbətin səsini.
Susuzluqdan çatlamış
dodaqlara bənzəyir gözlərimiz
məhəbbətsiz.
Məhəbbəti yaşayır ancaq nəğmələrimiz.

Bu qəribə şeirdə bir neçə məqam var. Bu məqamın mənim üçün ən birincisi şairin sərt bir şəkildə vurğuladığı məhəbbətin yalnız nəğmələrdə yaşamasıdı. Yəni sevginin, hisslərin, duyğuların gerçəklikdən sözə, nəğməyə köçməsidi. Əslində bu, o böyük hissin adiləşməsi, dəyərdən düşməsi anlamını ortaya qoyur. Və hətta böyük Nizaminin böyük Bülbülün ifasında hər birimizin qəlbinə yol açan "Sənsiz"i belə bugünün gerçək məhəbbətini bir növü kölgələyir, onu arxa plana atır. Çünki o gerçək məhəbbət "Sənsiz"də olan yanğını əks etdirmir, göstərmir. Bax, şair də buna toxunur, buna istinad edir və vurğulayır ki, "yaza bilmirəm məhəbbətimdən". Təbii ki, şeir özü isə bütövlükdə şairin oyuncağa çevrilən, aşağılanan, yalnız sözdə, nəğmədə yaşayan məhəbbətə acımasıdı, onu diriltmək istədiyidi.

Bəli, Tofiq Abdin əlimdə olan kitabındakı bir qoşmasında yazır:

Çox Tofiqlər qoşmaları düz yazıb,
Səksən yazıb, doxsan yazıb, yüz yazıb.
Tofiq Abdin qoşmaları az yazıb
Bağışla gəl, gül, toxunma könlümə!

Bu qoşmanın da məramı, mahiyyəti əslində yenə hisslərdi, duyğulardı və bir də bu hisslərin, bu duyğuların yuvası olan ürəyə, könülə edilən həmlələrdi. Mən Tofiq Abdinin poeziya dünyasında ən çox bir detalla qarşılaşıram. O da şairin gördüyü ilə yaşadığının qovuşma nöqtəsidi. Elə bil Tofiq Abdin şeiri yazmır. Sadəcə gördüyü, qarşılaşdığı məqamla yaşadığı məqamı bir-biriylə qarşı gətirir, üzləşdirir. Sonra onları ürəyinin süzgəcindən keçirir. Və o süzgəcdən keçən hər nədisə, sonda şeirə çevrilir və Tofiq Abdin də onu oxucuya çatdırır. Məsələn:

Unuduram bircə-bircə
olanları.
Heç özüm də bilməyirəm
niyə belə tez öyrəndim unutmağı?
Bağışlaya bilməyirəm
Öz-özümə
bu yadlığı.
Dünya yarı dünyaydı
mən səni tanıdığım gün.
Bu dağından tez qırılan
bir yarpaqdın
adamların tapdağında
yoxa çıxdın.

Və yaxud:

Dünən belə deyildim,
dünən səadət dolu bir adamdım
barlı ağac kimiydim!
Qorxdum toxunarlar mənə
Bu gün
kim qaytara bilər məni dünənə?

Və yaxud:

Deyirsən ayrılaq,
bəsdir yaşadıq.
Ayrılaq,
Nə qədər gec deyil hələ.
Bəsdir, gözümüzdə həsrət daşıdıq
yoldan ötənlərə biz bilə-bilə.
... Sevsəm də mən səni ayrılmalıyıq
Niyə gizlədirik həsədimizi.
Unuda-unuda yaşayırıq biz,
Məgər görmürsənmi bir-birimizi.

Hə, mən Tofiq Abdinlə elə kitab rəfimin önündə bir xeyli söhbət etdim. Şeirlərinin qanadında ona doğru gedib əlini sıxmaq istədim. Əlim boşluqda qaldı. Çünki o, öz şeirlərinin dünyasında, öz sözünün işığında oturmuşdu Tanrı dərgahında. Orda nə isə yazırdı. Deyəsən bu dəfə yazdığını bizə oxumayacaq...

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV