QƏLƏMİN İLK NÜBARI

ƏBÜLFƏT MƏDƏTOĞLU
57553 | 2015-11-11 09:18
Yaxın günlərin söhbətidi. Telefonuma zəng edib mənimlə görüşmək istədiyini bildirdi. Doğrusu, tanımadım, amma səsində son dərəcə ziyalılıq və xüsusi olaraq səmimiyyət hiss etdiyim bu cavan oğlanın niyyətinin nədən ibarət olduğunu soruşmadan "istədiyiniz vaxt buyurub gəlin" - dedim. İki gün sonra iş otağımın qapısı döyüldü və içəri yaraşıqlı və həm də səliqəli geyimi ilə diqqəti çəkən bir cavan oğlan daxil oldu. Özünü təqdim etdi. Dərhal telefon söhbətimizi xatırladım. Mənə doğru uzanmış əlini sıxaraq, "buyurun, əyləşin!" - dedim.

Ümumi hal-əhval tutmaq mərasimindən sonra özünü təqdim etdi. Onu dinlədikcə ilk təəssüratdan yanılmadığıma daxilən sevindim. Bir neçə xarici dili bilən bu eloğlum öz peşəsi ilə yanaşı, içindən gələn bir sevdanın sorağında olub. Bu sevda isə doğulduğu bölgənin tarixinə, adamlarına, bir sözlə, qan yaddaşımıza olan böyük sevgisidi. O danışdıqca mən bu cavan oğlanın Azərbaycanı, onun bir parçası olan Qarabağı necə ürəkdən sevdiyini aydınca hiss edir, hətta görürdüm. Bu oğlan sözüylə, fikirləriylə məni əməlli-başlı özünə tərəf çəkə bilmişdi. Mən onu məmnunluqla dinləyirdim. Söhbətimizin sonunda özü ilə birlikdə gətirdiyi qovluğu mənə verdi və vurğuladı ki, burada eşitdiklərimi, tarixi mənbələrdən oxuduqlarımı toplayıb bütöv bir şəkildə ifadə etməyə çalışmışam. Vaxtınız, imkanınız olsa baxarsınız.
Mən böyük məmnuniyyətlə qəbul etdim qovluğu. Amma onu da bildirdim ki, bir az səbrli olsun, məni tələsdirməsin. O da razılaşdı. Və beləcə bir telefon zəngi və bir qısa görüş stolumun üstündə qalan qovluğumun sahibi ilə mənim aramda bir söz körpüsü, bir torpaq həsrətinin zaman-zaman göyərən cığırını saldı. Mən o körpüdən, o cığırdan keçib o qovluğa tərəf getməyə başladım.

Bəri başdan deyim ki, əlimdə olan bu kitab-qovluğun maraqlı bir tərtibatı var. Yəni mövzuya aid tarixi fotolar bu kitabda öz əksini tapıbdı. Barəsində oxuduğum hər bir şəxsin fikirlərini, sözlərini görməklə yanaşı, onun fotosurətini də görmək mümkündü. Bax bu mənada bu kitabda özünəməxsusluq var. İkinci bir tərəfdən oxuyub başa çıxdığım bu dünyaya gələcək kitabda bir zaman ardıcıllığı və bir də bu ardıcıllığın özünün şaxələri kifayət qədər geniş dairəni əhatə edir. Yəni mövzunun aid olduğu Qarabağın, daha doğrusu, Ağdamın Qiyaslı kəndi həm də böyük coğrafi məkandan, Avropadan, Asiyadan da bir tarix bağlılığı yaşayır. Bir az da dəqiq ifadə etsəm, yəni Qiyaslıda baş verən hadisənin əslində Peterburqdan tutmuş Parisə qədər, Praqaya qədər və daha neçə-neçə böyük şəhərlərə səsi-sorağı gedib çatır və yaxud da həmin yerlərdə baş verən hadisələrin dalğası Qiyaslıya da gəlib çatır. Bax, bu kontekstdə yanaşanda, onda müəllifin kitab üzərində işlədiyi vaxt ərzində arxiv sənədlərinə, tarixi mənbələrə çox diqqətlə, canıyananlıqla yanaşdığı üzə çıxır. Üstəlik, həm də müəllifin yaşlı həmvətənlərindən eşitdiyi, el-oba ağzından götürdüyü faktları cilalaması, onu bədiiləşdirməsi də uğurla həyata keçirilib.

Burda söhbət Qarabağ camaatının, xüsusilə Ağdam bölgəsinin bildiyi, yaddaşında yaşatdığı hadisələri, tarixi şəraiti və şəxsiyyətləri təqdim etməkdən, onları yeni nəslə çatdırmaqan gedir. Gənc oxucu ötən əsrin 20-ci illərinə qayıdanda kimin kim olduğunu, kimin hansı proseslərdə hansı xidmətləri göstərdiyini aydın şəkildə qavramaq imkanı qazanır. Bax, zənnimcə, bu kitabda müəllifin uğuru elə burdan başlayır, burdan gəlib keçirg

Bəli, böyük maraqla oxuyub başa çıxdığım bu kitabda, etiraf edim ki, bilmədiyim bəzi gerçəklərdən də xəbərdar oldum. Bu mənada oxucu qarşısına çıxmaq haqqı qazanmış kitabın və onun müəllifinin missiyasını təqdir edirəm. Üsitəlik, onu da düşünürəm ki, Azərbaycanın, xüsusilə Qarabağın tarixində özünəməxsus yerləri olmuş aydınlarımızın, bəylərimizin, xanımlarımızın haqqını etiraf etmək, onu tirajlamaq çox vacib bir xidmətdi. Bu həm də bu gün üçün bir növü mesajdı. Yəni kiçik bir kəndin sahibi olan, müəyyən ölçüdə ərazisi, malı-mülkü qazanıb idarə edən Hüseynalı bəyin həyatı, onun el adamı olması, öz kəndinin daşından tutmuş suyuna qədər, suyundan tutmuş ağacına qədər və uşağından tutmuş ahılına qədər mövcud olan hər şeyə və hər kəsə təkcə sahib gözü ilə yox, həm də vətəndaş yanğısı ilə yanaşması öz-özlüyündə sovet təbliğat maşınının yalançı və yanlış tarixini, faktlarını alt-üst edir. Bu kitabı oxuduqca Hüseynalı bəyin, ali təhsilli bir ziyalının kəndi, el-obanı idarə etmək məharəti, kəndin sahibi olmasına baxmayaraq, həm də öz təbəələrinin savadlanması üçün məktəb açması, özünün müəllim kimi fəaliyyət göstərməsi, kəndinin kəhrizindən tutmuş əkin-biçininin çəyirtkədən qorunmasına qədər hər bir məsələsində ona xidmət edən insanların xeyir-şərində başda olmaq, ağsaqqallıq etmək haqqına qədər - belə bir yükü çiynində daşıyan Hüseynalı bəy əslində sovet təfəkkürü ilə yanaşsaq, ideal cəmiyyət yaratmaq arzusunda olan bir inqilabçı təsirini bağışlayır. Təsəvvür edin ki, bir kənd bəyinin həm imperiya ilə, onun məmurları ilə dil tapması, həm öz kəndinin adət-ənənələrə uyğun inkişafını təmin etmək, qorumaq, abadlaşdırmaq yolunu seçməsi, üstəlik də bir kənddə oturub bütün dünyanda baş verən olaylardan məlumat əldə edib baş verə biləcək hadisələrə özünü və kəndini, təbəələrini hazırlamaq ancaq böyük ürəyin, müdrikliyin sahibi olan insanlara məxsus keyfiyyətdi. Məhz bu əsərin qəhrəmanı Hüseynalı bəy də həmin müdrik şəxslərdən biridi.
Kitabı oxuduqca Hüseynalı bəyin də zamanının işıqlı simaları ilə təması, aydınları ilə əlaqəsi ortaya çıxır, məlum olur. İstər Firudin bəy Köçərli, istər Zeynalabdin Tağıyev, istər Abbas Səhhət, istər Əbdürrəhim bəy Haqverdiyev və digərləri ilə, eləcə də dövrü mətbuatla bağlılığı, Qori seminariyası ilə əlaqəsi, özünün Azərbaycan tarixinin qaynaqlarına yanaşması, yəni Nizamidən tutmuş Füzuliyə, Seyid Əzimə qədər, hətta tibbi biliklərə özəl münasibəti, ondan yararlanması, bir sözlə, hər mənada bilgi sahibi olması adi bir kənd bəyinin nə qədər böyük düşüncəyə malik olduğunu sərgiləməklə yanaşı, həm də bugünün insanına bir növü hazırlıqlı olmaq ismarıcı kimi çox önəmlidi.

Kitabın ən maraqlı məqamlarından biri də, təbii ki, burada Azərbaycan oğullarının mərdliyi, şücaəti, onların bir əsgər, bir zabit kimi şərəfli döyüş yolu keçmək qabiliyyəti, imperiya ordusunda fərqlənməsi, üstəlik, Qızıl Ordunun Azərbaycan torpaqlarına yeridilməsi, Gəncədən Ağdam istiqamətində hərəkət edərkən etdikləri vəhşiliklər və nəhayət, Qiyaslı kəndinin məhz Hüseynalı bəyin müdrik qərarı ilə yerlə-yeksan olmaqdan xilas edilməsi kimi məqamlar faktlarla da yaddaqalandır. Həmin faktları ayıyla, günüylə, yəni tarixin diliylə bədii formada həzm etmək, onu birbaşa oxucu yaddaşına yazmaqdı. Və nəhayət, mənə elə gəlir ki, bu gün işğal altında olan ərazilərimizin sakinləri, bütövlükdə Azərbaycan insanı ermənilərin və onların havadarlarının əməllərindən kifayət qədər xəbərdardır və həmin əməllərin yaralarını bu gün də canımızda daşıyırıq. Amma bu kitabda məhz həmin fitnələrin çox-çox uzun illər bundan öncəyə gedib çıxan izlərini görmək, XVIII əsrin sonlarından üzü bu günə gələn o fitnələrin ayrı-ayrı detallarını izləmək oxucuda düşmənə olan nifrəti bir az da artırır. Biz kim olduğumuzu və kimlərlə qonşu yaşadığımızı bir daha görüb, daha doğrusu, oxuyub bugünün faciələrinin kökündən xəbər tuturuq. Anlayırıq ki, düşmən və onun havadarları kimdi və düşmən öz əməllərindən XX əsrin sonlarında da əl çəkmir. Eyni üsulla eyni məqsəd üçün hər bir cinayətkar addımları davam etdirib. Bu, təkrar olunan tarixin gerçək üzüdü.

Bəli, kitabda Qarabağın, eləcə də Azərbaycanın musiqisi, mədəniyyəti, dağları, bulaqları, yaşayış məskənləri, adət-ənənələri, ayrı-ayrı ştrixlərlə önə çıxarılır. Oxucu diqqətinə təqdim olunur. Bax, bütün bunlar gənc müəllifin ilk təcrübəsinin uğurlu detallarıdı. Düşünürəm ki, kitabın belə oxunaqlı alınmasında əvvəldə qeyd etdiyim həmin o doğma torpağa böyük sevgi öz sözünü deyibdi. Elə həmin o sevginin ilk töhfəsi olan bu kitabın da geniş oxucu kütləsinə, Qarabağ tarixi ilə maraqlananlara ərməğan olacağına şübhə etmirəm.

P.S. Yazıda söhbət Rövşən Asifoğlunun "Qarabağlı Hüseynalı bəy" kitabından gedir.

TƏQVİM / ARXİV