BİR ÖLÜM, BİR AYRILIQ HAVASI...

VAQİF YUSİFLİ
45157 | 2015-11-07 09:38
("Dünya, səndən kimlər keçdi" silsiləsindən)

Oynamaq istəsən hava tapılar,
Bu qoca dünyanın yüz havası var.
Amma hər havaya oynamır adam,
Hər kəsin dünyada öz havası var.

Alim Məhərrəmli bu dünyaya öz havasını oynamağamı gəlmişdi? O havanın adı nə idi? İsmayıllının Müdri kəndindən Bakıya, ali təhsil almağa yollananda bir gənclik havasıydı başında. Orta məktəb illərində şeir yazmağa başlamışdı, amma o şeirləri bir kimsəyə göstərməyə cürət eləmirdi. Bir gün cəsarətə gəlib rayon qəzeti redaksiyasına gəldi, bir neçə şeirini təqdim elədi və utana-utana redaksiyanı tərk elədi. Elə bil xəcalət çəkirdi. Amma bir neçə gündən sonra şeirini "Zəhmətkeş" qəzetində görəndə sevincindən uçmağa qanadı yox idi. O zaman Musa Yaqub o qəzetə baş redaktor təyin olunmuşdu və Alimin içindəki şeir havasını duymuşdu.
ADU-nun filologiya fakültəsində oxuyanda şeir yazmaqdan çox mütaliəyə, ədəbiyyat dərnəklərində iştirak edib şeir havasına uyuşmağa diqqət yetirirdi. Təhsilini başa çatdırdı və bundan sonra ömrü boyu onu tərk etməyən evsizlik, kirayədə yaşamaq, necə deyərlər, sərgərdanlıq havasına oynadı. Rayon uşaqlarının bir çoxunun taleyinə düşən bu yükü o da arıq, zəif çiyinlərində daşımağa məcbur oldu. Yaxşı bilirdi ki:

Çiçəklər, otlar da sakit dayanmır,
Qol açıb süzürlər yaz havasına.
Məsələn, evlilər oğul-uşağın
Subaylar oynayır qız havasına.

Elə qız havasına da oynadı, amma xasiyyətindəki qəribəliklər, o sərgərdanlıq, bir az da laübalülük onu sonacan bir xoş ailə havasına oynamağa qoymadı. Yaşadığı həyatın bütün təzadları sanki onun içindən keçirdi:

Yetimi ağladır gəl-gəl havası,
Boş yerə gözünün yaşından olur.
Yaman xatalıdır şahın havası,
Kimsə oynamasa başından olur.

Mağarda Yer üzü səf-səf dayanıb,
Hamı bir-birinə qarşı oynayır.
Qonşunun saçını ağardan dərdə
Qol açıb beləcə qonşu oynayır.

Alim Məhərrəmli hər cür çətinliyə, həyatın ona bəxş elədiyi maddi və mənəvi sarsıntılara tab gətirirdi. Müxtəlif qəzetlərdə işləyə-işləyə özünü bir curnalist kimi təsdiq etməyə çalışırdı . İçində nikbin idi, çünki onu hər jür məşəqqətə tab gətirməyə məcbur edən bir qüvvə vardı. O da şeir, poeziya, yazıb-yaratmaq havasıydı. Doxsanıncı illərin sonunda onun "Səni də öyrətdim ayrılıqlara" adlı şeir kitabı da çap olundu. Ara-sıra, xəsisliklə də olsa, onun bir şair kimi istedadlı olduğu etiraf edildi. Poeziyamızın "dağ qartalı" Musa Yaqub hər şeiri çıxanda Alimi tərifləyir, "bax, beləcə yaz" deyirdi.
Onunla dostluq edənlərin ya onu tanıyanların çoxu deyirdi ki, bu adam qapalıdır, öz içinə çəkilib, elə bil, dünya vecinə deyil. Amma belə deyildi, o, sözün əsil mənasında zamanla yaşayırdı. Məmləkətimizdə baş verən olaylar hamımız kimi onun da qəlbini sıxır, ruhunu incidirdi.

Harayım adlayıb min bənddən keçib,
Təbrizdən, Göyçədən, Dərbənddən keçib,
Gedirəm səbrimin daşdığı günə.

Hər gün ürəyini yeyib doyunca,
Hər gün öz qanını içən adamam.
Torpaq ağrısının iynə gözündən,
Üzülə-üzülə keçən adamam.

Alıb-satanların tövbəsi daşdı,
Günahı üstünə yazıldı Vətən.
"Mənəm" deyənləri-mənim demədi,
Hər gün boyum boyda azaldı Vətən.

Babək, Koroğludan nağıl danışma,
Saxla Misri qılınc, nərə nağlını.
Vətənçün böyümür oğullar daha,
Özüyçün böyüdür hərə oğlunu.

Ömürlük qaçqınam Təbriz gedəndən,
Dikmişəm gözümü Göyçəyə indi.
Allahsız bəndəyəm. Bəndəsiz Allah,
Gəzirəm Dərbənddə özümü indi.

Yurda bax, elə bax, bölük-bölükdü,
Bir yerdə yanacaq bu od haçansa.
Yetəcək axır ki, son döyüş günü,
And yerim olacaq bir ad haçansa.

Alimin şeirləri haqqında ciddi bir söhbət də getmədi. O, bəzi yaşıdlarından fərqli olaraq özünü, şeirlərini təbliğ eləməkdən çəkinirdi. Məclislərdə, "Natəvan" klubundakı tədbirlərdə nadir hallarda şeir oxuyurdu. Xatırlayıram 2009-cu ildə, həmin o klubda İsmayıllı rayonunun yetirdiyi yazarların seçmə yazılarından ibarət "Dağ çiçəkləri" toplusunun təqdimat mərasimini. Alim də ordaydı, amma şeir oxumadı, halbuki, Alimin də o kitabda bir neçə şeiri verilmişdi. Atasının xatirəsinə həsr etdiyi bir şeiri daha təsirli idi:

Belə solmayaydı gərək ümidlər,
Göyərməz sinəmdə tək-tək ümidlər,
Gözümdən tökülər çiçək ümidlər.
Bu göyçək qəbrinə düzüb gedirəm...
Lay-lay, atam, lay-lay!

Bir də təkliyimi duyub yanında,
Sərib öz içimə, yuyub yanında,
Bu ölü ruhumu qoyub yanında,
Böyründə qəbrimi qazıb gedirəm,
Lay-lay, atam, lay-lay!

Ümumiyyətlə, onun şeirlərində bir elegiya havası vardı. İnsan kədərini, qəmini, əzabını poeziyada sızıltıya, iniltiyə, hıçqırığa da çevirənlər az deyil, amma Alim Məhərrəmli çalışırdı ki, kədərin poeziyasını yaratsın. O, filosof deyildi, heç fəlsəfə kitabları da oxumamışdı bəlkə, amma şeirlərində kədərin fəlsəfi çalarlarını görmək olurdu. Deyirdi: "Bu dünyada, qadan alım, Kim qalıb ki, mən də qalım? Qoy bir azja nəfəs alım, İndicə durub gedəcəm. Son ümidlə sarı məni, Dərd tapmasın barı məni. Mən Tanrını, Tanrı məni, Çoxdandı, yorub, gedəcəm". Bu misralara diqqət edin:

Gəlib yaxına baxıram,
Təzə çarxına baxıram.
Yaşın qırxına baxıram,
Ürəyimdə yaş yellənir.

Gəldin deyir-gəl deyənə,
Öldüm deyir-öl deyənə.
Ürək dönür dil deyənə,
Çiynimdəki baş yellənir.

Tanrım, qovan-qaçan sənə,
Nə söyləyir uçan sənə?
Əl açıram haçan sənə,
Göylərində daş yellənir.

Bu, bir insan-bir şair ömrünün çırpıntılarıydı. Yaşamaq əzabından doğan çırpıntılar.
Mən deyə bilmərəm, onun sevgi dünyasında nə təlatümlər baş verdi, nələr oldu, bu haqda onunla yerli-dibli söhbətimiz olmayıb. Amma onun sevgi şeirlərini oxuyanda hiss edirdin ki, bunlar yaşanılmış, ürəyin içində cövlan edən duyğulardır. Bir sözlə, əsil sevgi havasından yaranmışdı bu şeirlər.

Saçının üstündə necə yanıbsa,
Özgə tellərində güldü əllərim.
Üzündə, gözündə, saçında donub,
Darıxa-darıxa öldü əllərim...
Ölən əllərimə bağışla məni.

Hər gecə ruhumla əl-ələ verib,
Yerdə yer tapmayıb, göydə at çapan,
Yeddinci taxtdan da o yana keçib,
Bütün tanrıları üzündə tapan,
Ölən gözlərimə bağışla məni.

Onun yazımın əvvəlində misal gətirdiyim "Oyun havası" şeirinə mən heç bir mətbuat orqanında rast gəlməmişəm. Günlərin bir günü -hansı bir tədbirdəsə Əməkdar artist, Azərbaycan şeirinin ən mahir ifaçılarından biri-Ağalar Bayramovun ifasında eşitdim onu. O şeir Ağaların əlinə necə keçib, heç soruşmadım da. Amma Ağalar dedi ki, mən bu şeirin müəllifini tanımıram, heç üzünü görməmişəm. "Oyun havası" şeiri məncə, Alimin ən gözəl şeiridir və bu şeir həm məzmununa, ifadə etmək istədiyi fikrə, həm də bədiiliyinə görə lap ifrata varıb deyirəm ki, 100 müasir Azərbayjan şeiri sırasına qatıla bilər. Həmin o dörd bənd ümumi məzmunu ifadə edir, İnsanı oyun havası metaforasına - anlayışına çəkib aparır. Sonrakı dörd bənddə isə şeir ümumi anlayışlardan konkretliyə varır, yaxşı mənada ictimailəşir:

Vətən havası var, qaldır ruhumu,
Yellənsin Dərbəndin baş küçələri.
Oyna ayrılığın Göyçə havasın,
Səslənsin Təbrizin daş küçələri.

Qoja Şərq qol açır, Qərb nə çalırsa,
Uzağı-yaxını qalxıb oynayır.
Niyə qınayırsan bizdən sonranı,
Onlar da bizlərə baxıb oynayır.

Hava var, oynadı köhnə kişilər,
Hava var, paslanıb qan yaddaşında.
Dünyanın ən gözəl adamı sənsən,
Azadlıq havası başında varsa.

Canım sənə desin, ən zülümlüsü,
Şairlər oynayan söz havası var.
Oynamaq istəsən, hava tapılar,
Xülasə, hər kəsin öz havası var.

Alim Məhərrəmlinin ömrünün son illəri qalmaqalda keçdi. Nə isə bir işi düyünə düşmüşdü, hər gün Sumqayıt-Bakı marşrutunun sərnişiniydi, çox narahat idi. Və 2011-ci ilin bir oktyabr günü evində gözlərini əbədi yummuş halda tapdılar onu. Əlli yaşının tamamına (15 dekabr 2011) lap az qalmışdı. AZTV-də bir veriliş də hazırlanmışdı, amma ona qismət olmadı o verilişi görmək.
İndi İsmayıllının Müdri kənd qəbiristanlığında əbədi uyuyur.
Ömrünün son günləri Ölüm havasına oynayırmış Alim Məhərrəmli.


Vaqif YUSİFLİ,
filologiya
elmləri doktoru

TƏQVİM / ARXİV